Bakısız Azərbaycan...
Yaxud,
sönmüş ümidlərin çırağı- Nuru
Paşa...
Hər il 15 sentyabr günü Bakının qurtuluş günü kimi qeyd edilir. Lakin nədənsə bu günün təntənəsi nisbətən zəif hiss edilir. Əslində bugünkü müstəqil dövlətimizin təməli Bakının işğaldan azad olunması günündən başlayır. Qərbdən Ermənistan, şimaldan Rusiya, cənubdan İranla sərhəd olan ölkəmizə bu səmtlərdən daim təhlükəli küləklər əsib. Həmin təhlükə anlarında bütün məsələlər şərqdən - Bakıdan idarə olunub. Gəlin bir anlıq Bakını ən yaxşı halda anklav bir ərazi kimi təsəvvürümüzdə canlandıraq. Yox, canlandıra bilmədik. Çünki Bakı Azərbaycanın və türk dünyasının şah tacıdır. Demək ki, Bakı Azərbaycan üçün olduqca önəmlidir. Təkcə neftə görə deyil, elə bütün parametrlərinə görə. Bəs elə isə, Gəncədən Bakıya üç ay şərəfli döyüş yolu keçərək Bakını düşmən işğalından azad edən Qafqaz-İslam Ordusu haqqında düşüncələrimiz nədən az olsun?
Nədən, 3000 kilometr məsafədən qardaş harayına gələn türk qazi və şəhidlərinə hörmət olaraq bir anıt belə ucaltmamışıq? Yoxsa düşünürük ki, burada Osmanlı dövlətinin imperialist maraqları vardı? Yanılırıq!
“Türk ordusu işğal altında olan Azərbaycanı, Bakını işğaldan azad edərək tarix yazdı. Bəs, biz bu tarixi heç olmasa yaza bildikmi?”
Osmanlı dövləti hərtərəfli ənənəsi olan böyük imperiya olduğundan, Qafqazda söz sahibi olmaq onun siyasətinin tərkib hissəsi ola bilərdi. Amma gəlin hadisələrin mahiyyətinə obyektiv qiymət verək. Osmanlının dövlət marağının nə olmasından asılı olmayaraq, türk ordusu işğal altında olan Azərbaycanı, Bakını işğaldan azad edərək tarix yazdı. Bəs, biz bu tarixi heç olmasa yaza bildikmi?
1918-ci ildə nələr baş verirdi? Bizim
üçün Nuru paşa kimdir? Tək
Bakı fatehi, yoxsa?
Yazdığım məqalədə bu suallara qısa da
olsa cavab verməyə çalışmışam.
28 MAY
1918-ci il... Zaqafqaziya Seyminin
dağılması ilə Seymin Azərbaycan türklərindən
ibarət üzvləri “Azərbaycan Milli Şurası”nı
yaradaraq 6 bənddən ibarət bəyanatla dünyaya Azərbaycan
Cümhuriyyətinin müstəqilliyini bəyan etdilər. Lakin imperialist güclərin yeni müstəmləkələr
uğrunda qanlı müharibələr apardığı bir
zamanda həssas coğrafi məkanda, zəngin neft səltənətində
yeni müstəqil dövlətin yaranması heç bir tərəfin
marağında deyildi. Qığılcıma
bənd Qafqazın ən təhlükəli və
acınacaqlı durumda olan bölgəsi Azərbaycan idi.
Trabzon konfransında Brest-Litovsk müqaviləsinin qərarları
rədd edildiyindən Osmanlı dövləti Batum
konfransına tam gücü ilə girişdi. Konfransda türk heyətinin
istəyi bu cür ifadə olunmuşdu: “İngiltərə ilə
müharibə davam edəcəyi müddətcə Cənubi
Qafqazdakı bütün dəmir yollarından Osmanlı
dövləti maneəsiz istifadə edərək Cənubi Azərbaycana
sərbəst daşınmasını təmin etmək
üçün Qars-Gümrü-Eçmiədzin-Naxçıvan-Culfa
dəmir yol xəttinini nəzarətə götürür”.
Avropa, Asiya və Afrikadakı ərazilərini itirən
Osmanlının Qafqazda güclənməsinə qarşı
müxtəlif istiqamətlərdən təzyiqlər
başlamışdı. Çiçerin Batum konfransı
iştirakçılarına nota göndərərək,
Rusiyanın qəbul ediləcək qərarları
tanımayacağını bildirdi. Müttəfiq
Almaniya da türklərin Qafqaza nəzarət etməsinin əleyhinə
idi. Gürcüstan hökuməti isə ərazisindəki
dəmir yollarına nəzarəti himayəsinə
sığındığı Almaniyaya həvalə
etmişdi. Əlverişli şəraitdən
yararlanmaq istəyən Almaniya Bakı neftinə sahiblənmək
məqsədilə bölgədə hərbi
gücünü artırmağa başlamışdı.
Azərbaycan torpaqlarına iddialı olan gürcü hərbi
qüvvələri Tiflisdəki alman hərbi birləşmələrinin
komandanı general fon Kressin köməkliyi
ilə aprel ayının əvvəllərində
Qırmızı körpü sərhəd məntəqəsindən
Ağstafanın Poylu dəmiryol körpüsünə qədər
əraziləri Gürcüstan əraziləri hesab edərək,
inzibati binalarda gürcü bayraqları asmışdılar.
Hadisələrin şahidi olmuş Muxtar Hacıyevin “Qazaxda
anarxiya və Saniyevin komissar təyin olunması” adlı əsərindən:
“Saniyevin və onun başındakı dələduz
adamların müşayiəti ilə aprelin 30-da Tiflisdən gəlmiş
toplu-tüfəngli gürcü hərbi hissəsi Ağstafa
stansiyasını və Qazax şəhərini tutur. Məmməd Mahmudov və silahlı dəstələri
Aveyə çəkilir. Qazaxda mülki idarələrdə
gürcü bayrağı altında Saniyev və gürcü
məmurlar əyləşirdilər...”.
Bakıda isə Leninin inandığı Şaumyan əliyalın
Azərbaycan türklərinə qarşı kütləvi
qırğınlar həyata keçirirdi. Daşnaqlar
martın 23-dən aprelin 2-dək Bakıda 25 min dinc insan
öldürərək soyqrım həyata keçirmişdilər.
Qırğının miqyası genişlənərək,
Qubaya, Şamaxıya, Kürdəmirə qədər gedib
çıxmışdı. Sözdə
elan olunmuş Cümhuriyyətin düşmən
qarşısında dura biləcək nizami hərbi birləşmələri
yox idi. Hökumətin və xalqın tək
ümid yeri qardaş Osmanlı idi.
Mövcud şəraiti dərindən anlayan, Milli
Şura üzvləri xilas üçün ömrünün
qürub çağlarını yaşayan qardaş
Osmanlı dövlətinə üz tutdular.
Nuru
paşa - gerçəklər və xatirələr
Azərbaycandakı durum hərbi yardımın tez bir
zamanda göndərilməsini tələb edirdi. Fəqət
göndəriləcək ordunu təşkil etmək çox
çətin idi. Orduya komandanlıq
üçün əsas diqqət Ərzurum cəbhəsində
ermənilərə və ruslara qarşı döyüşən
Kazım Qarabəkir paşaya yönəlmişdi. Lakin paşa apardığı mücadilənin hələ
sona yetmədiyini önə çəkərək, Azərbaycana
göndəriləcək ordunun vaxtının ertələnməsini
istəmişdi. Çarəsiz halda qalan
Ənvər paşa orduya komandanlıq üçün Fərrux
adlı gənc zabit seçmişdi. Azərbaycandan
İstanbula danışıqlar üçün getmiş
Nağı bəy Şeyxzamanlı həmin zabitlə
görüşmüş və müşahidələr əsasında
bu gənc zabitin hər axşam “Pera Palas” otelinin salonunda
içki içib rəqs etməsi ona olan ümidləri
söndürmüşdü. Buna görə
Azərbaycana göndəriləcək orduya sərt, tələbkar,
eyş-işrətdən uzaq, qəhrəman Nuru
paşanın rəhbərlik etməsini Ənvər
paşadan şəxsən xahiş etmişdi. Ənvər paşa bu təklifə tərəddüd
etsə də son anda razılaşmışdır. (4 iyun 1918-ci ildə Batumda Osmanlı və Azərbaycan
nümayəndə heyəti arasında imzalanan müqavilə
ilə bu razılaşma rəsmiləşdirildi. Belə ki, Osmanlı dövləti Azərbaycanda
asayişi qorumaq üçün silahlı hərbi yardım
edilməsinə dair öhdəlik götürdü).
İstanbulda
hərbçi ailəsində doğulmuş, şərəfli
bir zabit bioqrafiyası olan 29 yaşlı Nuru bəyə
yarbaylıqdan birbaşa general-leytenant rütbəsi verilərək
mart ayında Qafqaz İslam Ordusuna komandan təyin olunur və
birbaşa Gəncəyə göndərilir.
...May
ayında ilk olaraq yarbəy Cəmil Cahid bəyin alayı
xalqın coşqun sevgisi ilə Qazağa daxil oldu. Qazax sakini,
şair Abbas ağa Nazirin yazmış olduğu şeirdə
bu sevinc əks olunub:
...Çəkibsən
rəncü zəhmətlər, əziyyətlər, məşəqqətlər,
Bu niyyətlə ki, qövmü-türk sahibi-iqtidar
olsun.
Daha
göstər həmiyyət, ərşə yüksəlt
türk torpağın,
Səninçün izzü şövkətü izzət,
bizimçün iftixar olsun.
Edəməm
şərhi-övsafi-Cəmilin etməyə cürət,
Budur ki, təbi-qasir aciz, şərmsar olsun.
Bu tazə
məsnədin təbrik birlə gözlərim ümmid,
Əhali
içrə asayiş, müəssis bərqərar olsun...
Qazağın
şairi Abbas Qayıbzadə Nazirdən
Səmimi qəlbdən ərzi-salami bişümar olsun.
Cəmil bəy Qazaxda 1890-1899-cu ildə
doğulanların ordu sıralarına cəlb edilməsi
haqqında göstəriş vermişdi. Böyük ruh yüksəkliyi
ilə orduya yazılaraq, Azərbaycan Cümhuriyyətinin ilk
nizamlı hərbi birləşməsini təşkil edən
200 nəfərə yaxın gənc qısa müddətli təlimlərdən
sonra Gəncəyə, ordan isə düşmənə
qarşı savaşa göndərilmişdir.
Cümhuriyyət
ordusunun əsgəri kimi şərəfli döyüş
yolu keçmiş Ağqırax Məmməd oğlunun xatirələrini
qeydə almış tarixçi İmrayıl Aliyevin arxivindən:
“...Yuxarı sərhədlərdə ermənilərlə,
aşağıda isə gürcülərlə hər
gün atışma gedirdi. Yaylağa
çıxmış elmizə silahlı hücumlar olurdu.
Çaşqınlıq içində olan xalq may ayında Cəmil
bəyin başçılığı ilə Qazağa girən
türk ordusunu böyük sevinc hissi ilə
qarşıladı. Qısa bir zamanda ordu
toplamağa başladılar. Bizim kəndə
bir çavuş və 3 əsgər gəlmişdi. 20 nəfərə yaxın gənc
könüllü orduya yazıldıq. “Çoyuş
Əhməd” və əsgərlər bizə 7 gün təlim
keçdilər. “Çoyuş Əhməd”
iri gövdəli, burmabığ bir pəhləvan idi. Üzü gülməyən, çox sərt insan
idi. Təlimdə səhv nəticə
göstərərkən, bizə həmin
tapşırığı 10 dəfə təkrar etdirərdi.
Hər bir hərbi tərifi əzbərlədərdi.
Məsələn, heç yadımdan çıxmayan bir tərif:
“Nişangahla arpacığın bir hizaya gətirilərək
hədəfə düzgün tüşlanmasına “vurdum”
deyilir”. 7 gündən sonra bizi Qazaxdakı qərargaha
gətirdilər. Daş Salahlı, İncə dərəsi,
Şıxlıdan xeyli tanıdığım əsgər
vardı. Bizi türk əsgərlərlə
birgə Gəncəyə gətirərək, oradan birbaşa
səngərə göndərdilər. İsti
yay günlərində ağır döyüşlər
gedirdi. Ərzaq çatsa da içməli
su problemi yaşayırdıq. Sursat
azlığından qəfil hücumlara üstünlük
verilirdi. Hər gün 15-20, bəzən də
30 km irəliləyirdik. Nuru paşanı
ön cəbhədə tez-tez görürdük. Ordu hücuma keçən zaman itkilər
böyük olurdu. Sıra
düzülüşündə gedərkən isə uca səslə
ruhlu əsgər marşları oxuyaraq, qələbəmizlə
qürurlanardıq. Həmin marşları oxuyarkən
indi də gözlərim yaşarır:
Türküz,
yaranmışıq daim iftixar,
Xilqətdən
başlanan tariximiz var,
İləri,
iləri, Türkün əsgəri!
Allahdan
utansın dönənlər geri!
Əldə
sancaq, öndə süngü, qəlbdə Tanrı
Biz dünyanın hakimi olmaq istəriz.
İləri,
iləri, Türkün əsgəri!
Allahdan
utansın dönənlər geri!...
Azad olunmuş kəndlərdə şahid olduğumuz erməni
vəhşiliyi ağlımızı başımızdan
çıxarırdı. Bakı üzərinə
birinci hücmdan sonra, 10 avqustda bizi Qarabağa göndərdilər.
Burada ermənilər dinc əhaliyə divan
tutmuşdu. Elə kəndlər vardı
ki, əhalisi ilə birgə Yer üzündən silmişdilər.
7 gün ərzində Şuşanı, Əsgəranı
erməni daşnaqlarından azad etdik. Sonra
bizi Naxçıvana göndərdilər. Orada da yerli ermənilər qonşu kəndlərin
sakinlərini süngüdən keçirmişdilər.
Naxçıvanın Şahtaxtına kimi
döyüşmüşdük, burada bizə dedilər ki,
ruslar Bakını tutublar, Nuru paşa da həbs edilib. Biz bu xəbərdən sonra dağılışmaq
zorunda qaldıq. Cümhuriyyət zabiti
Gülül ağa və Osman ağa Gülməmmədovlar
Türkiyəyə keçdilər. Mən isə xəstə
eloğlumu da arxama alıb Qarabağa səmt qayıtdım...”.
Bakıya
doğru...
Nuru paşa, Xəlil
paşa və general Alı ağa Şıxlınskinin birlikdə
hazırladıqları uğurlu döyüş əməliyyatları
nəticəsində Qaraməryəm döyüşündə
düşmənə sarsıdıcı zərbələr
endirən türk ordusu qısa zamanda Kürdəmiri,
Ağsunu, Şamaxını, Salyanı düşmən
qüvvələrindən təmizləyərək başkənd
Bakı ətrafına yetişdilər.
Osmanlı dövləti sonuncu şansını əldə
bərk tutmuşdu. Böyük Türküstana gedən yolun
Bütöv Azərbaycandan keçdiyini anlayan Osmanlı
Bakını tez bir zamanda işğaldan azad etməli və Azərbaycanın
sərhəd təhlükəsizliyini təmin etməli idi.
Bu böyük amal uğurunda türk ordusu
Bakı üzərinə hücuma keçdi. Lakin ordunun silah-sursat, ərzaq, su və canlı
qüvvə çatışmazlığı səbəbincə
5 avqust - birinci Bakı hücumu uğurlu alınmadı.
Nuru və Xəlil paşalar tərəfindən
hazırlanan ikinci hücum planı uğurlu oldu. 13 sentyabrda səhərə yaxın Qurd
qapısı, Biləcəri, Xırdalan istiqamətindən
düşmən üzərinə yeriyən türk hərbi
qüvvələri mərmi və sursat qıtlığı
səbəbindən süngü savaşına girərək,
60 min nəfərlik düşmən qüvvələrini pərən-pərən
saldı. Bakı yüzlərcə şəhidin
qanı bahasına 15 sentyabr 1918-ci ildə, müqəddəs
bir gündə - Qurban bayramında düşməndən azad
olunmuşdu.
Həmin gün Fətəli xan Xoyskinin rəhbərlik
etdiyi hökumət paytaxt Bakıya
köçürüldü. Qələbə
sevincini Azərbaycan şairi Salman Mümtaz “Öyün millət!”
şeirilə bölüşmüşdür.
Təfaxür
eylə, ey millət, muradın hasil oldu,
Daha əflakə
yüksəlməz əninü-ahu-əfqanın,
Ziyasız
rus zülmündən o yüksək ruhun
ölmüşdü,
Tuturdu
şüşəyə hər dəm şərabi-nab tək
qanın.
Qızılgültək
aşıl, gül, gör ki, Türkün şanlı ordusu
Rəvvaqi-ərşə
nəsb etmiş böyük Osmanlı ünvanın,
Bütün
mümtaz ellərdən olar türk milləti mümtaz,
Sürər
bundan sonra türklük şərəfli şanlı
dövranın...
Şəhərə
daxil olan türk ordusu qısa müddətdə möhkəm
qayda-qanun yaratdı. Milli zəmində olan
qarşıdurmalara son qoyuldu. Tiflisdəki
alman ordusu Bakıya girmək üçün bəhanə
axtardığından şəhərdə qətliam törətməkdə
şübhəli bilinən ermənilərin nə özlərinə,
nə də əmlaklarına toxunulmadı. Lakin alman ordusunun qərargah rəisi polkovnik Qoltz
türklərin Bakıya girişindən sonra şəhərdəki
xristian əhaliyə divan tutulması barədə şayiələr
yayaraq, Bakıdakı alman əhalinin qorunması
üçün bir batalyon əsgər göndərəcəyini
bildirmişdi. Bu istəyə Nuru paşa və
Azərbaycan hökuməti etiraz edərək, kiçik
nümayəndə heyəti ilə birgə Qoltzu Bakıya dəvət
edirlər.
Bakı zəfərindən sonra türk ordusu
Mahaçqalaya qədər irəliləmişdi. Az sonra hərbi-siyasi
durum dəyişdi. Osmanlı dövləti I
Dünya savaşında məğlub olduğundan
qoşunlarını Şimali və Cənubi Azərbaycan,
Dağıstan və Mosuldan çəkmək məcburiyyətində
qalmışdı. İngilislərin də
Azərbaycan hökuməti qarşısında qoyduğu tələbə
görə, Nuru paşa Azərbaycanı tərk etməli idi.
Nuru paşa Osmanlı ordusundakı vəzifəsindən
istefa verərək Azərbaycan ordusunda xidmətə qəbul
olunmaq üçün müraciət etsə də, ingilis
general Tomson şəxsən Nuru paşadan Bakını tez bir
zamanda tərk etməsini tələb etmişdi. Nuru
paşa: “Mən Azərbaycan hökumətinə tabeyəm. Azərbaycan hökuməti vuruşmağımı
istəsə, vuruşaram, getməyimi istəsə, gedərəm”
cavabını vermişdi.
Siyasi vəziyyəti gərgin olan Azərbaycan hökuməti
Nuru paşanın şərəfinə təşkil etdiyi
vida ziyafətində qəhrəman türk oğluna xoş
sözlər deyərək ondan halallıq almışdı. Nuru paşa
Batum-Ərzurum-Trabzon yolu ilə İstanbula
dönmüşdü.
Acı
sonluq
İngilislər yolboyu paşanı təqib edərək
İstanbula yetişərkən onu həbs edərək Batuma
gətirmişdilər. Nuru paşanı Bakı
yürüşündə “minlərlə erməninin
öldürülməsində” suçlayırdılar.
Heç bir güzəştə gedilmədən
paşanın edamına hökm verilmişdi.
Xəbər
Bakıya çatdıqda Baş nazir Nəsib bəy Yusifbəyli
Nağı bəy Şeyxzamanova: “Nağı, Nurunu Batumda
tutublar”-deməklə, onun qarşısına paşanın həbsdən
azad edilməsini məqsəd qoymuşdu. 1919-cu ilin martında
xüsusi hazırlanmış silahlı dəstə Batumda həbsxanaya
basqın edərək qurbanlar bahasına olsa da paşanı
oradan qaçırmışdı...
***
...Nuru
paşa yenidən Azərbaycana döndü. Azərbaycan
Rusiya tərəfindən işğal olunduqdan sonra ermənilər
sərhəddə baş qaldıraraq qırğınlar
törətmişdilər. Nuru paşa
1920-ci ilin iyununda Qarabağda bolşevik idarəsini
devirmiş, “Qırmızı ordu”ya və ermənilərə
ağır zərbələr endirmişdi. Fəqət
qüvvələr qeyri-bərabər idi və bu cəsur
paşa tabeliyindəki qüvvələrlə Osmanlı sərhədlərinə
doğru geri çəkilməyə məcbur qaldı...
Azərbaycanın işğalından sonra Almaniyada
yaşayan Nuru paşa alman əsirliyindəki 200 min
türküstanlı əsiri məhvolma təhlükəsindən
xilas etmişdi. Müharibədən sonra Türkiyəydə
silah fabriki açan Nuru paşa 1948-ci ildə ərəb-İsrail
savaşı zamanı Misirdən böyük miqdarda
silah-sursat sifarışi alır. Böyük müqavilənin
sevinci ilə fabrikə gələn 60 yaşlı Nuru paşa
2 mart 1949-cu ildə saat 16:30-da fabrikdə baş verən
müəmmalı partlayışın qurbanı olur. Nuru paşa da daxil olmaqla 27 nəfərin cəsədi
parça-parça olaraq əşyalarla birlikdə ətrafa
səpələnmişdi. Azərbaycan
fatehi, Bakı qəhrəmanının dəfn olunmaq
üçün bədəninin bir parçası da ələ
gəlmədi.
Nəticə
Bu gün dünyada hansı tarixçinin Nuru paşaya, Ənvər paşaya nə cür qiymət verməsindən asılı olmayaraq, bu adlar Azərbaycan türkləri üçün doğma və əzizdir.
Birinci Dünya savaşında ərazilərinə düşmən basqını olduğu halda, bir millətin qardaş harayına yetməsi, onu məhvolma təhlükəsindən azad etməsi, dünya xalqlarının qavraya biləcəyi bir davranış və mərdlik forması deyildir. Bunu ancaq türk milləti edə bilər. Çanaqqala savaşında, Türkiyənin İstiqlal mücadiləsində isə Azərbaycandan edilən təmənnasız köməkliklər qardaşlıq bağlarını daha da möhkəmləndirmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sözdə deyil, hər zaman əməldə özünü göstərmişdir, göstərir, göstərəcək də!
Yusif Alı
Afşar, fəlsəfə doktoru
Təzadlar.-
2013.- 27 avqust.- S.8-9.