Elat mədəniyyəti bizə nələri deyir?

 

 

 

Mədəniyyətlərin təmas nöqtəsi - Armudlu yaylağı!

(Əvvəli ötən saylarda)

Borçalıcəmiyyəti həm bir institutdur

Avqustun 8-də Dmanisidə dostlarla vidalaşıb Marneuliyə yollandıq. Marneulidə Mülki Məşğulluq Mərkəzində (USAİD) gənclər, tələbələr, ziyalılar və media nümayəndələri ilə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin görüşü təşkil olundu. “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramov tədbiri açıq elan edərək iştirakçıları salamladıqdan sonra sözü Zəlimxan Məmmədliyə verdi. Zəlimxan bəy Ramazan bayramı münasibətilə iştirakçıları təbrik etdi. O, çıxışını Sovet imperiyasının tariximizə və milli kimliyimizə vurduğu zərbəylə başladı və onun dağılması səbəbləri barədə analitik fikir söylədi. Türk xalqlarının üstün keyfiyyətləri və onun bizlərə verdiyi məsuliyyət natiqin sözlərini bir az da rövnəqləndirdi. O, davam etdi: “Türkün müqəddəs ruhu bizi böyük olmağa səslədi və bu çağırış bizə “Gürcüstan dövlətinə dayaq ol!” söylədi. “Borçalı” cəmiyyəti mənim sədr olduğum vaxta qədər siyasətə cəlb olundu, ayrı-ayrı oyunlara təşviq edildi. 2009-cu ildən sonra isə, biz “Borçalı” cəmiyyətini siyasi proseslərdən xilas edə bildik. Camal Mustafayevin məsləhəti və təklifləri mənə kifayət qədər kömək etdi. Hamı bilməlidir ki, qeybət Borçalının problemlərini həll etməyəcək. Ona görə də, doğru düşüncəni önə verməliyik. İlk olaraq problemləri çeşidləməliyik. Məsələn: siyasi mahiyyət daşıyan problemlər. Burada toponimlərin dəyişdirilməsini misal göstərmək olar, belə ki, bu hal anayasaya ziddir. Bu cür səhvə yol verilibsə, bərpa olunmalıdır. İnsanların mənəvi dünyasını zədələmək olmaz. Bolnisdəki toponimlər bərpa olunarsa, Marneulidən dövlətə dəstək yürüşü baş qaldırar. İkincicisi, aqrar mahiyyət daşıyan problemlərdir. Torpaqların kiminsə tərəfindən zəbt olunması hüquqi diskriminasiyadır. Üçüncüsü isə, sosial mahiyyət daşıyan problemlərdir ki, bunu zaman həll edəcək. Belə ki, bu problemin öhdəsindən icmalaşma və maariflənmə gələcək. Nəsillərarası varislik, loyallıq sistemini bərpa etməliyik, ağsaqqallıq ənənəsini qaytarmalıyıq. Dediyimizə sədaqət borcumuz olaraq ilk öncə Camal Mustafayevin əsərlərindən ibarət “Fəlsəfi-tarixi araşdırmalar” kitabını nəşr etdirdik. “Borçalı” cəmiyyəti həm də bir institutdur. Onunla hörgütlənməyə, icmalaşmağa, ruhani dünyamızı, mənəvi varlığımızı inkişaf etdirməyə adət edirik. Biz ruhani dünyamızla maddi gücümüzün vəhdətini Borçalıya yönəldirik. Elat ruhundan mənəvi dünyamızın tərəqqisinə qədəm qoyuruq. Elat bayramı Gürcüstan dövlətinin təqviminə düşəcək. Geci-tezi ölkə başçılarının zirvə toplantısı Elat bayramında keçiriləcək. Çünki bu el bayramıdır. Elin gücü selin gücüdür. Amma təəssüflər olsun ki, bəzilərinin ovqatpozan addımlarına da rast gəlirik. Dmanisinin girəcəyindəki lövhədə “Dmanisi” göstəricisinin altına “Başkeçidsözünü yazanlar doğru yoldan sapmışlardır, aravuranlardır. Bu, pravakatorların, ürəkbulandıranların işidir, yanlış düşüncədir”.

Zəlimxan bəyin bu odlu-alovlu çıxışı bütün iştirakçıları, xüsusilə də gəncləri sanki ovsunlamışdı. İndi o, gənclərlə bağlı fikrini söyləyirdi: “Sosial şəbəkədə sizinlə əlaqə saxlamağımın səbəbi Borçalı gəncliyini tanımaq və onları doğru yolda yürüməyə təşviq etməkdir. Məntiqimizin dostlaşmasına ehtiyac var. Borçalı gəncliyi böyük işlərə imza atmağa qadirdir. Siyasi dartışmalar millət və dövlət məsələlərində unudulmalıdır. İndi biz “Borçalı” cəmiyyətinin ağırlığını Borçalıya ötürürük. İsrafil Bayramov cəmiyyətin Gürcüstan təmsilçisidir. Biz gürcü cəmiyyəyinin bizə güvəncini təmin etməliyik, eyni zamanda Borçalı türkləri olaraq gürcü cəmiyyətinə güvənməliyik. İntellektual bazamız bu dediklərimizə cavab verir. Milli azlıqlarla əməkdaşlığı intensivləşdirməliyik”.

Bundan sonra, Osman Əhmədoğlu söz aldı: “Zəlimxan bəyin ideyasını dəstəkləyirəm və qeyd etmək istəyirəm ki, Elat təşəbbüsünü artıq Gürcüstan hökuməti də dəstəkləyir. İsrafil Bayramova gəldikdə isə, o, gənclərimizi birləşdirməyə qadirdir”. Bu il Elat bayramında “El adamı” mükafatına layiq görülmüş, “Vətəndaş” cəmiyyətinin sədri Səbinə Talıbova gəncləri diqqətli olmağa çağırdı: “Gənclərimizin Gürcüstan hökumətinin verdiyi qanunlardan da yararlanmasını istəyirik. Maliyyə çətinliyinə baxmayaraq, addım-addım irəliləməyi bacarmalıyıq”. Daha sonra, “Gənclər” təşkilatının sədri Leyla Məmmədova, Azərbaycanlıların Mədəniyyət Mərkəzi elm şöbəsinin sədri Etiram Əmirxanlı, eləcə də gənclərdən Emin Yadigarov, Vüsal Namazov, Amil Məmmədov, Gülcahan Acalova, Aqil Məmmədov, Gülbahar Kərəmova, Adil Xasməmmədov, Elvira Bədəlova və başqaları Zəlimxan bəyə və “Borçalı” cəmiyyətinə təşəkkür edərək, çıxışa münasibət bildirdilər.

Həmin günün ikinci yarısı görüş Azərbaycanlıların Mədəniyyət Mərkəzində davam etdirildi. Görüşdə bir sıra ziyalılar və fəallar iştirak etdilər. Görüşü giriş sözü ilə açan mərkəzin sədri Fazil Həsənov Borçalıdakı problemləri göz önünə gətirdi: “Məktəblərdə şagird azlığı mövcuddur, bu, məktəblərin bağlanmasına gətirib çıxara bilər. Bundan başqa, Gürcüstan əsilli adamlarının diqqətini Borçalıya yönəltmək vacibdir. Bu, işsizliyin və kasıblığın aradan qaldırılmasına səbəb ola bilər”. Fazil Həsənov çıxışında İsrafil Bayramovun “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi seçilməsini alqışlayaraq, “Borçalı” cəmiyyətinin gördüyü işləri də dəstəklədiyini bildirdi. Bundan sonra söz “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verildi. O, iştirakçıları Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra çıxışa başladı: “Bu gün Gürcüstanın ali məktəblərində 1500-ə qədər tələbimiz təhsil alırsa, bu, bizim uğurumuzdur. Demək, potensiallı, intellektual gəncliyimiz gəlişməkdədir. Bizim Gürcüstanda yaşayaraq Azərbaycanın siyasi hökumətini dəstəkləməyimiz gülünc görünür. Ona görə də, nicat yolumuzu Gürcüstanın siyasi mühitində axtarmalıyıq. Yönümüzü Tiflisə çevirməliyik. Azərbaycan Borçalı gənclərinin maariflənməsi və gürcü cəmiyyətininə inteqrasiyası, eləcə də Gürcüstanın ictimai-siyasi platformasında təmsil olunması üçün cəfakeşlik etməli, investisiya qoymalıdır. Borçalıya investisiyanın cəlb olunması vacib şərtdir. Mən siyasi meydandan çəkilsəm də siyasi düşüncəmi tərk etməmişəm. Bu da “Borçalı” cəmiyyətinin düzgün mövqe tutmasında bizə yardımçı olur. Borçalı projesi ümumgürcüstan projesinə çevriləcək. Çünki burada insana sayğı, gürcü mədəniyyətinə və dövlətçilik ənənəsinə sevgi, Gürcüstanın bütövlüyü uğrunda mübarizə var. Təhsil və digər məsələlərlə bağlı bir sıra layihələrimiz var. Onları həyata keçirməyə çalışacağıq. Mənəvi borc mənəvi məsuliyyətə, mənəvi məsuliyyət isə böyük dəyərlərə çevrilir. Gürcüstanı qorumaq həm də Azərbaycanı qorumaq deməkdir. Azərbaycan, Gürcüstan və Türkiyənin dostluğu regionda sülh və təhlükəsizliyin qarantıdır. Ona görə də bu dostluğu inkişaf etdirməli, ən yüksək səviyyəyə çatdırmalıyıq”.

Tədbirdə yenidən söz alan Fazil Həsənov, - gənclərə xidmət və dəstək borcumuzdur, - deyərək vurğuladı ki, bəzi səhiyyə və digər obyektlərin müdiriyyətindən xahiş etmək lazımdır ki, Borçalının savadlı gənclərinə də yer versinlər. Bunu Fərman Ceyranovun da nəzərinə çatdırmağı vacib hesab edən çıxışçı sonda, kadr çatışmazlığı ucbatından məktəblərdə 80-90 yaşlı müəllimlərin çalışdığını da diqqətə çatdırdı.

Sonra söz “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramova verildi. O, gənclərə tərbiyə və təliminin, eynizamanda madiyyatın yox, mənaviyyatın üstün tutulmasının təlqinini çox vacib hesab edərək əlavə etdi ki, icmalaşmaq, yaxud partiyalaşmaq lazımdır, belə olsa seçkilərdə sözümüzü asanlıqla deyə bilərik. Parakəndə şəkildə bunu etmək mümkünsüzdür.

Tədbirdə eləcə də, Osman Əhmədoğlu, Mikayıl Mustafayev, Nizami Məmmədzadə, Qurban Əzizli, Aslan Görarxılı, Hidayət Hüseynov, Ehtiram Əmirxanlı və bir sıra gənclər iştirak etdilər.

Tədbirdən sonra qocaman aşıq Məhəmmədi ziyarət etmək üçün Sadaxlı kəndinə yollandıq. 85 yaşlı ustad çay süfrəsində həmişəki kimi baməzə söhbətlərindən qalmadı. Sözarası Osman Əhmədoğlu ondan zarafatyana, - arvad səni döymür ki, - deyə soruşdu. Aşıq Məhəmməd gülümsünərək, yox, atasına rəhmət, üzümü danlayır, amma döymür, - deyə cavab verdi. Beləcə bu zarafatlardan sonra, günümüzü Dəmirçihasannı bölgəsinin İlməzli kəndində Aşıq Cəlalla görüşməklə sona çatdırdıq.

 

Keyfiyyətlər məcmusu - Məhərrəm Həsənov

 

Avqustun 9-da Qarayazının Birlik kəndinə yollandıq. Amma bu dəfə səfər yoldaşlarım Osman Əhmədoğlu və Süddərxan Kazımov oldu. Süddərxan müəllimin idarə etdiyi avtomobil Birlik kəndində bir imarətin qabağında dayandı. Doğrusu, şah sarayına bənzəyən bu evdə 1999-cu il yanvarın 12-ə (rəhmətə getdiyi gün) qədər adı bütün Borçalılara bəlli olan, zamanında Gürcüstanın və Azərbaycanın hökumət dairəsinə yaxşı tanış olmuş Məhərrəm Rəsul oğlu Həsənov yaşayıb. Məhərrəm müəllim bölgədə o nüfuzun sahibi idi ki, rəhmətə gedəndə ailəsinə ilk rəsmi başsağlığı verən Heydər Əliyev və Eduard Şevardnadze olmuşdur. İndi isə həmin imarətdə onun övladları yaşayır. Bizi Məhərrəm müəllimin qızı Növrəstə xanım qarşıladı. Çay süfrəsinə dəvət etdi, lakin mənə Məhərrəm müəllimlə bağlı məlumatlar daha maraqlı olduğundan Növrəstə xanımı sorğu-suala tutmağa başladım. Hərdən şair Osman Əhmədoğlunun müdaxiləsi də xeyli işimə yaradı.

Əvvəlcə qeyd edim ki, Qardabani (Qarayazı) inzibati ərazisinə daxil olan Birlik kəndi Rustavi şəhərinin 2 kilometrliyində yerləşir. Mənbələrə görə bu kənd 1928-ci ilə qədər Təhlə elatının qışlaq yeri olub. Həmin kəndi özünə daimi yaşayış məskəni edənlər də elə bir qrup təhləlilər olub. Adı bəlli Məhərrəm Həsənovun həyat və fəaliyyəti elə bu kənddən - Birlikdən başlayıb. Növrəstə xanım atasının doğumu ilə bağlı maraqlı əhvalat danışdı. Belə ki, Rəsul kişi ilə ömür yoldaşı Laləzar xanım 7 il uşaq üzünə həsrət qalıblar. Sonda - Elatın Təhlədən Birliyə köçməsindən bir il qabaq Allah onlara birincisonuncu övlad bağışlayıb. O da necə? Laləzar xanım hamilə olduğu uşağını doğmaqdan əziyyət çəkirmiş. Yüz əvənçi yığılsa da, güc doğana düşər, - deyərlər. Belə də olur, əvənçilər çox çək-çevir etsələr də, uşağı dünyaya gətirə bilmirlər. Nəhayət, bir nurani qarının məsləhəti ilə Laləzar xanımı arabaya qoyub indi Təhlə qəbristanlığının yerləşdiyi Sarı təpənin yuxarısına doğru qaldırıb-endirməyə başlayıblar. Anasının bətnində iki gün çalxanan körpə nəhayət ki 1927-ci il noyabrın 18-də dünyaya gəlib. Adını Məhərrəm qoyublar.

 

 

(Davamı var)

Elbəyi Cəlaloğlu

Təzadlar.- 2013.- 27 avqust.- S.6.