Zirvəsi
qartallı Murov dağıydı
Vaxt, zaman yel qanadında uçub gedir. Dünən
üz-üzə, göz-gözə söhbət etdiyin
doğma insanlar nəhəng şəxsiyyətlər gəlimli,
gedimli dünyamızı tərk edir, onlardan kövrək,
unudulmaz xatirələr qalır. Ustad sənətkarımız,
qüdrətli saz-söz nəhəngi Dədə Şəmşir
də belə unudulmaz sənətkarlardan biridir. Dədə Şəmşir sorağıyla gəzib
dolana-dolana, axtarıb-soraqlayıb, ustadın yeganə
qardaşı Sadıq Qurban oğlu Məmmədovun
yerini-ünvanını öyrənib, onunla
görüşdük. Üzündən-gözündən
nur yağan bu pirani ağsaqqal söhbətimizin Dədə
Şəmşirlə bağlı olacağını duyub
yamanca kövrəlmişdi. Bahar buludu kimi dolan qəlbinin
odunu-atəşini sədəfli sazın pərdələri
üstündə boşaltmaq üçün sanki elə bir
himə bəndmiş... “Ruhani”si, “Baş
sarıtel”i, “Dilqəmi”si, “Yanıq Kərəmi”si
könlümüzü tel-tel edib, ruhumuzu kövrək notlara
köklədi.
Əziz
qardaşı ustad Dədə Şəmşiri Sadıq
müəllim belə xatırlayır:
- Nə
deyim, ay qızım, Şəmşiri bütün xalq, el
tanıyır. Amma onu hamıdan yaxşı mən
tanıyırdım. “Şəmşir”
qılınc deməkdir. O, qılınc kimi gəldi,
qılınc kimi də getdi. Bir sözü yerə
düşmədi. Ömrü boyu adına,
oduna, ocağına layiq yaşadı.
1934-cü ildə atam Ağdabanlı şair Qurban vəfat
edəndə mənim cəmi iki yaşım olub. Anamın himayəsində
qalsam da, xoşbəxtlikdən qardaşım Şəmşir
artıq orta yaşlı bir kişi idi. Eldə-obada sayılıb-seçilir, respublika səviyyəsində
qəbul olunub, sevilirdi. Onun köməyi,
qayğısı sayəsində anam məni böyütməkdə
bir o qədər də çətinlik çəkmədi.
Qardaşım hər əzaba, çətinliyə
qatlaşdı, bizi sıxıntı çəkməyə
qoymadı.
Atamı son mənzilə yola salanda anam onun
yastığının altından bir məktub tapıb oxumaq
üçün Şəmşirə verir. Şəmşir
məktubu oxuyur. Məlum olur ki, atam
ömrünün son günlərini
yaşadığını hiss eləyirmiş. Şəmşir deyirdi ki, atam dağlarla
vidalaşdığını şeirdə
açıq-aydın göstərir. Babası
Miskin Abdal kimi, atam da ən qəribsəyən, nisgilli, qəmli-kədərli
anlarında ətəyindən gül üzdüyü,
yamaclarında köhlən at minib gəzdiyi doğma
dağlarına üz tutub onlarla dərdləşər,
dağları könlünə vəfalı həmdəm
sayardı. Odur ki, ömrünün son günlərində
də dağlara üz tutub, bu vida nəğməsini
yazmışdı:
Əzəl
xilqətimiz torpaqdan, sudan,
Sən bizə atasan, anasan, dağlar.
Pərvəriş
verirsən mədh-zəmində,
Gah da məhv edirsən, fənasan, dağlar.
Çətindi
sağalam - çoxdu azarım,
Mətahım dürr mətah - yoxdu bazarım.
Düşə,
ya düşməyə bir də güzarım,
Səfərdi, salamat qalasan, dağlar.
İnsaf,
mürvət qalıb ixtiyarına,
İman, ilqar bağla etibarına.
Həsrət
gözüm baxar bürcü-barına,
Qüdrətdən yapılmış qalasan, dağlar.
Mən
gedirəm, səndə qaldı nişanam,
Qarışıb əhvalım, çox pərişanam.
Bir kəsə
söyləyib, nə danışanam,
Sən bilib əhvalım qanasan, dağlar.
Baxıb
seyrəngaha qan ağlar gözüm,
Bu qədər fərağa mən necə dözüm?
Budur
iltimasım, müxtəsər sözüm:
Qurbanı gah yada salasan, dağlar.
Şəmşirlə biz yeddi qardaş olmuşuq. Qardaşlarımızdan
beşi dünyalarını vaxtsız dəyişiblər.
Axıra Şəmşirlə ikimiz
qalmışdıq. Yaşca məndən
çox böyük olduğundan o, mənə, demək olar
ki, atalıq edib. Ağlım kəsəndən həmişə
onun diqqət və qayğısını üzərimdə
hiss etmişəm. Daim əli üstümüzdə
olub.
Qardaşım oğlu Qənbər müəllim məndən
cəmi bir yaş kiçik idi. Şəmşir bizi
heç vaxt bir-birimizdən ayırmazdı. Ona pal-paltar, ayaqqabı alanda, mənə də
alardı. Hər hansı bir işi
görmək üçün mütləq Şəmşirdən
məsləhət alardıq. Yol göstərərdi,
öyüd verərdi, heç vaxt da
peşmançılıq çəkməzdik.
Daim el-obanın xeyrində-şərində başa
çəkilən Şəmşirə görə
müharibənin o ağır illərində belə bizim
dolanışığımız nisbətən yaxşı
idi.
Şəmşir, sözün həqiqi mənasında,
olduqca xeyirxah, nəcib, əliaçıq, səxavətli bir
insan idi. Bir adamı ac gördümü son tikəsini ona verməyə
hazır idi. İstəyirdi ki, kənddə,
eldə-obada hamı yaxşı yaşasın. Hər kəsin övladı sağlam, firavan,
gözü-könlü tox böyüsün. Kasıblara, kimsəsizlərə, yetim-yesirə həmişə
pul verirdi. İmkanı olmayanda sözü
ötürdü, imkanlı adamlardan xahiş eləyib,
özünün iştirakı ilə imkansızlara kömək
elətdirirdi. Anbarda işlədiyi vaxtlarda nə qədər
kasıb insanlara un, taxıl, çörək
verirdi.
1941-ci ildə camaatın müraciətini yuxarı dairələrə
çatdırıb, onlarla bərabər Daşarasının
suyunu Murovdağdan yeddi kilometrlik su kanalı ilə Ağdabana
çəkdirdi. Camaat su sarıdan daha korluq çəkmədi.
Lobya, kartof, qarğıdalı əkdik.
Şəmşirin rəhbərliyi və məsləhəti
ilə o ağır illərdə camaatımız ehtiyac
üzündən köçüb heç bir yana
getmədi. Onu sevirdilər, eşidirdilər,
qapısı elin üzünə açıq idi, ziyarət
yeri idi. Məsləhətlərini, təkliflərini
qəbul eləyirdilər. O, camaatla məsləhətləşib
kəndə yol çəkmək üçün öz
düşüncələrini ortaya qoydu. Başqa
təkliflər də var idi. Lakin Şəmşirin
təklifi bəyənildi. Çayqırağı
yol çəkilməsi qərara alındı. Bu yolun çəkilişi zamanı qarşıya
iri daşlar çıxırdı ki, onları tərpətməyə
buldozerin gücü çatmırdı. Şəmşir
səhərlər alaqaranlıqdan durub, gedib həmin
böyük daşların üstündə ocaq qalayırdı.
Daş möhkəm qızırdı. O,
sonra qızmış daşın üstünə soyuq su
tökürdü. Daş partlayıb,
parça-parça olurdu. Nəhayət, həmin
yol çəkilib başa gəldi və Çayqovuşanla
Ağdaban arasında rahat gediş-gəliş təmin edildi.
Başağrısı olmasın, bir xatirə də
danışım. Bir gün Göyçədən rəhmətlik
Musa, Zal Cabbar Şəmşirgilə gəldilər,
çalıb-oxudular. Birdən Rüstəm kişi oynamaq istədi. Musa dedi: “Ay lələ,
onun havasını mən yaxşı çalıram. Sazı ver, çalım, oynasın”. Şəmşir
“Baş üstə” deyib, sazı Musaya verdi.
Musa çaldı, Rüstəm durub oynadı.
Sonra Musa dedi: “A Şəmşir, gecə siz yatışan vaxt
mən sənə 12 bəndlik bir şeir yazmışam, icazə
ver, deyim”. Şəmşir dedi: “Buyur, söz sənindi”. Musa
şeirini dedi. Hər ikisi kövrəldi.
Həmin şeirdən aşağıdakı bəndləri
diqqətinizə çatdırmaq istəyirəm:
Hər
bahar fəslində, əziz bəradər,
Açılmaz qönçədə gülüm, a
qardaş.
Fələyin
zülmündən sinəm dağlıdı,
Kəsilib köməyim, elim a qardaş.
Eşidirəm,
sən yatırsan hər zaman,
Gəlmək istəyəndə bağrım olur qan.
Doğrudur
sözlərim, yəqin, bil, inan,
Həsrətli dərdini alım, a qardaş.
Musanın
ömrünün axır çağıdı,
Sinəmdəki itki Məcnun dağıdı.
Toy evimiz
indi qəm yığnağıdı,
Mən də qəm sazını çalım, a
qardaş.
Allah Musaya rəhmət eləsin. Sonra bir
gün Gəncəyə gələrkən maşın qəzasında
dünyasını dəyişdi.
Şəmşir o qədər böyük, ustad sənətkar
idi ki, respublikamızın hər yerindən, eləcə də
Dağıstandan belə onun yanına şagirdlik etməyə,
saz çalmağı, məclis aparmağı, ədəb-ərkan
qaydalarını öyrənməyə gələnlər
olurdu. Bizsə ona olan böyük, sonsuz hörmətimizdən,
məhəbbətimizdən heç vaxt Şəmşirin
yanında saz çalmazdıq, utanardıq.
Bir dəfə Şəmşir şeir deyir, Qənbərlə
mən yazırdıq. Şeirdə deyilirdi: “şəri, şeytanı”, mənsə,
çaşıb yazmışam: “şəri
şır-şır”. Sən demə, hiss elətdirməsə
də, biz yazdıqca baxırmış. Son
dərəcə həssas və diqqətli idi. Birdən
dedi: “Ə, bir yazdığını oxu görüm”. Oxudum. Xeyli
gülüşdük. Sonra dedi: “Durun, bir az hava alın,
gəzişin, sonra yazarsınız”.
Qənbərlə mən əmi-qardaşoğlu yox,
qardaşdan da yaxın olmuşuq. O, elə bil mənim ürəyimin
içindədi. Şəmşirlə də
heç vaxt aramızda söz-söhbət, umu-küsü
olmayıb. Niyə də olmalıydı?
İpək kimi adam idi. Deyirdim
ki, ay qağa, niyə hirslənmirsən? Deyirdi
ki, mənim ürəyim bu çiçəklər, səbrim
isə dağlar kimidi. Onun sağ gözü zədəli
idi. Uşaq vaxtı meşədə odun
doğrayanda gözünə qamqalaq batmışdı. Başqa kənddən olan bir qadın dava-dərmanla
müalicə edib sağaltmışdı.
Sonra bir dəfə mən qış vaxtı dəhlizdə
qartopu düzəldib görməzə-bilməzə evin
üstə sarı atdım. Sən demə, o, evin
üstündə imiş. Qartopu gedib tərslikdən
düz həmin gözünə dəymişdi. Şəmşirin
sağ gözü yenidən bir az da zədələndi.
Lakin o mənə heç bir söz demədi.
Bildirdi ki, onsuz da mən neçə gün əvvəl
yuxusunu görmüşdüm. Bu,
olmalı idi.
Mən çox pis oldum. Depressiyaya
düşmüşdüm az qala. İstəyirdim qardaşıma nə qədər
çox peşman olduğumu, onu nə qədər çox
istədiyimi sübut etmək üçün öz gözlərimi
tökəm. Anam bildi və dedi ki, bunun onsuz da heç
bir faydası olmayacaq.
Amma mən bunun ömrü boyu əzabınl çəkdim.
Böyüyəndən sonra dəmirçilik, dərzilik,
dülgərlik və digər əksər təsərrüfat
sahələrindəki işlərlə məşğul olub
özümü, ailəmi dolandırmışam. Öz əlimin
zəhməti ilə tikib, qurub, yaratmışam. 5 oğul, 3 qız atasıyam. 20
nəvəm var. Şəmşirin yanında əlimə saz
almasam da, gözəl saz da çalıram. Özüm şair olmasam da, aşağıdakı
şeiri əziz qardaşımın unudulmaz xatirəsinə
ithaf eləmişəm.
Bu mənim
Şəmşirli həsrətim, ağrım, göynərtim
və bəlkə də vidamdı:
Ayrılalı
gör nə zaman olubdu,
Qəlbi dönüb daha məndən,
barışmır.
Könlümüzün
qönçə gülü solubdu,
Təzdən açıb çiçəklərə
qarışmır.
Ellər
köçdü, tərpənmədi yerindən,
Ahlar etdi, fikir çəkdi sərindən.
Dərya
kimi dalğalandı dərindən,
Dalğasından nələr keçir,
danışmır.
Dağlarında
nalə çəkir lalası,
Şırşır bulaqları, yaşıl talası.
Sinəsində
Əkbər, Çimnaz yarası,
Ağrıları təkcə çəkir,
danışmır.
O,
elin-obanın yaraşığıydı,
Sevimli, istəkli el aşığıydı.
Zirvəsi qartallı Murov dağıydı,
Yad əllərdə boyun bükür, danışmır.
Cəmilə
Çiçək
Təzadlar.-
2013.- 29 avqust.- S.15.