Akif Əlinin Babək haqqında “Azman” əsəri çap olunub

 

 

 

Tanınmış yazıçı mübarizlik rəmzini özündə əks etdirən kitabı ilə yenidən oxucuların görüşünə gəlmişdir...

Tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Akif Əlinin “Azman” və ya “Sən mənim dözümümü görəcəksən...” adlı yeni kitabı çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, yazıçının yeni kitabı eramızın IX əsrində Azərbaycan torpaqlarına işğalçılıq yürüşlərinə çıxan ərəb xilafəti ilə mübarizədə xalqı səfərbər etmişgüclü müstəqil Azərbaycan Xürrəmi dövləti yaradaraq 22 il yadelli işğalçılara müqavimət göstərmiş bacarıqlı dövlət xadimi, böyük sərkərdə Babəkə həsr edilmişdir.

Tarixi sənədlər üzərində araşdırma aparan müəllif uzaq dövrün hadisələrini yaradıcı təxəyyülünün süzgəcindən keçirərək olayların gedişinə öz prizmasından yanaşmışdır. Babəkin mübarizəsinə bugünkü azad, müstəqil Azərbaycan Respublikasında bərqərar olan demokratik dünyagörüşü prizmasından baxaraq, uzaq dövr haqqında həqiqətlərin bir daha ucadan deyilməsinə çalışmışdır.

Renessans” nəşriyyatı tərəfindən çap olunmuş bu patetik fantaziyada yazıçı Babək dövründə baş verən hadisələrin gedişinə dair öz versiyasını irəli sürmüşdür.

Yeni ədəbi üslubdan və zəngin bədii ifadə vasitələrindən istifadə edən müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutduğu əsərini müstəqil Azərbaycan Respublikasına ithaf etmişdir.

Akif Əli kitaba yazdığı “Müəllifdən” başlıqlı qısa, lakin olduqca poetik dildə qələmə alınmış girişdə söz, onun qüdrəti, Yaradan, Odlar yurdu Azərbaycan və bu torpaqda boy verən, dünyanın ilk tarixini yaradan Oğuz elinin igid oğlu Babək Xürrəmi ilə bağlı fikirlərini bölüşmüşdür. Müəllif yazır: “Böyük Azərbaycan sərkərdəsi ulu Babək. Bu cəsarətə ithaf yazısında sözümüzün əvvəli də, axırı da onun bənzərsiz və təkrarsız şücaəti haqqındadır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canını fəda etmiş xalq qəhrəmanının amalı hələ bu gün də işğalçı ilə üz-üzə duran Azərbaycan insanı üçün ən dəyərli mübarizlik rəmzidir”.

Şübhə yoxdur ki, tanınmış yazıçı-publisistin yeni kitabı əsrlərin o üzündə qalmış, lakin bu gün də insanları düşündürən bir çox suallara tutarlı cavabı ilə hər bir oxucunun marağına səbəb olacaqdır.

“Təzadlar” qeyd edir ki, kitabı Bakının Fəvvarələr bağındakı Kitab Evindən, “Əli və Nino  kitab mağazaları şəbəkəsindən, həmçinin “Kitab Klubundan əldə etmək olar.

 

 

 

Xaliq 

Təzadlar.- 2013.- 10 dekabr.- S.9.