Dağdan ağır Məmməd Araz daşı

 

 

 

Dekabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məmməd Arazın 80 illik yubileyi adı altında keçirilən tədbir nə şairin adına və nüfuzuna, nə də bu tədbirin keçirilməsi barədə rəsmi dövlət qərarına yaraşan deyildi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın böyükdahi şairi Məmməd Arazın 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün ayrıca sərəncam verib. Buna görə Məmməd Arazsevərlər tərəfindən prezidentə dərin təşəkkürlər var. Bu sərəncama uyğun olaraq artıq neçə müddətdir respublikanın hər yerində Məmməd Arazla bağlı silsilə tədbirlər keçirilir. İstər aliorta məktəblərdə, istər də kitabxana və mədəniyyət evlərində keçirilən tədbirlər Məmməd Araz poeziyasını, Məmməd Araz yaradıcılığını daha dərindən duymuq üçün yeni bir təkandır. Çünki Məmməd Araz elə bir fəlsəfi şairdir ki, onu nəinki yubileydən-yubileyə, hətta ilin bütün günündə oxumaq lazımdır ki, o böyük dəryadan bir damla götürə biləsən.

Məmməd Arazın 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi bizə deməyə əsas verirdi ki, sağlığında lazımınca diqqət və qayğı görməyən şair, heç olmasa, bu günahımızı onun ruhu qarşısında yuyaq. Bu məqsədlə Mədəniyyət Və Turizm Nazirliyinin təşkilatçılı ilə dekabrın 9-da Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında Məmməd Arazın 80 ililk yubileyinə sevinə-sevinə getmişdik. Ancaq ürəyimdə bir narazılıq var idi ki, hansısa bir şou-əhlinin konserti Heydər Əliyev Sarayında keçirilir, amma Məmməd Araz kimi dahi bir şairin yubileyi Azdrama kimi balaca bir zalda. Buna baxmayaraq fikirləşdim ki, zal Məmməd Arazın adına layiq olmasa da, yubiley tədbiri şairin adına layiq keçiriləcək və hamı bu tədbirdən böyük zövq alacaq. Axı bu yubiley  prezident sərəncamına uyğun keçirilən  dövlət tədbiri sayılırdı. Ancaq çox təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı.

Əvvəla, mən belə bir sönük keçirilən tədbiri prezident sərənəcamına hörmətsizlik kimi qiymətləndirirəm. İkincisi isə, bu tədbir Məmməd Araz adına və yaradıcılığına bir qram da olsun, işıq salmadı. Bir sözlə, tədbir fiaskoya uğradı. Görünür, təşkilatçılardan olan Mədəniyyət və Turizm Nazirliyində hələ də Məmməd Araz böyüklüyünü dərk edə bilməyiblər. Tədbir barədə qeydlərimi aşağıda bir-bir təqdim edəcəyəm. Ancaq əvvəlcə istəyirəm Məmməd Araz şeirindən bir bənd sitat gətirməklə fikrimə körpü salım:

 

 

 

“...Tarix əlifbası daşdan başlanır,

Əl dəydi: yumşalır, əriyir indi

Başdı-daş olubdu, daşdı-baş olub,

Bunların seçmək də hünərdi indi...”

 

Görəsən, adi bir sözdən böyük fəlsəfi bir məna ortaya qoyan şairin bu kimi düşüncələri, fikirləri həmin tədbirdə tamaşaçılara çatdırıldımı? Məmməd Arazın yaradıcılığı ümumiyyətlə başdan-ayağa  belə fəlsəfi şeirlərlə doludur. Elə bir misrası, elə bir bəndi yoxdur ki, insanı düşünməyə, baş sındırmağa vadar eləməsin. Elə sitat gətirdiyimiz bu şeirdəki “Başdı-daş olubdu, daşdı-baş olub” misrası insanı nə qədər düşüncələrə qərq edir və nə qədər insan göz önündən keçir. Şair bu misrada nə demək istəyir? “Başdı-daş olubdu”, yəni bir vaxt düşünən dahi bir başa hörmət və ehtiram əlaməti olaraq bu gün daşdan heykəl qoyublar. İkinci hissədəki “Daşdı-baş olub”, kəlmələri isə hər dövr üçün aktualdır. Yəqin həyatda  hamımız elə bir insanla rastlaşmışıq ki, nə deyirsən, ona söz çatmır. Belə yerdə deyirlər ki, “sən öləsən, elə bil sözü daşa-divara deyirsən, adama demirsən”. Ancaq belə “daşlar bəzən hansısa bir vəzifə də daşıyır, hansısa bir idarəyə rəhbərlik edir, lap elə belə “daşlardan nə qədər həmkarımız da var, belə “daşlardan baş redaktor da var, yəni bütün sahələrdə baş olan belə “daşlar çoxdur. Şair də belə insanları nəzərədə tutaraq deyib ki, “Daşdı-baş olub”.

İndi gələk dekabrın 9-da Azdramada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Məmməd Arazın 80 illik yubileyinə. Əgər buna yubiley tədbiri demək olarsa. Əvvəla, tədbirdə iştirak edən mədəniyyət və turizm naziri hörmətli Əbülfəz Qarayev, ya da ən azından onun müavinləri tədbirin açılışını etməli idilər. Bu, prezident sərəncamına və Məmməd Araz adına olan birinci hörmət olardı. İkincisi isə, tədbirin açılışını edən ədəbiyyatçı, professor Nizami Cəfərov Məmməd Araz yaradıcılığının mahiyyətini aça bilmədi. Sadəcə ümumi sözlərlə kifayətləndi. Belə çıxır ki, ya Nizami Cəfərov Məmməd Araz böyüklüyünü dərk edə bilməyib, ya da şairin yaradıcılığına səthi yanaşdı. Mütləq bu iki variantdan biridir. Mən başa düşə bilmirəm, Məmməd Araz bu insanlara neyləyib? Axı niyə onun böyüklüyünü, fəlsəfi yükünü, Azərbaycanı qanı-canı qədər sevdiyini, o zəif vücudu ilə dağlar-dərələr silkələyən şeirlərinin qayəsini açıb demək istəmirlər? Bəlkə Məmməd Araz elə sağlığında Baş olub milyonların qəlbində daş heykələ döndüyündən çoxları əndişələnir? Ya bəlkə də daş başlar Məmməd Arazı başlarına düşən özü boyda daş bilirlər? Ola bilər Məmməd Araz daşının ağırlığından çabalayıb çıxa bilmirlər. Ona görə də başlarına düşənin hansı daş olduğunu hələ də aydınlaşdırmaq imkanları yoxdur.

Onsuz da Məmməd Araz vətənin bir parçası, vətənin daşı, vətəndaşı olaraq qəlblərdə min illərlə yaşayacaq. Amma o daş başlar, qəlbi boşlar dağdan ağır  Məmməd Araz daşının ağırlığından heç vaxt qurtula bilməyəcəklər. Nə vaxta qədər ki, bu böyük şairin böyüklüyünü duymayacaqlar, o vaxta qədər də Məmməd Araz daşı altında çabalayacaqlar, vurnuxacaqlar. Elə Azdramada keçirilən tədbirdə də bu vurnuxmanın, bu çabalamanın şahidi olduq. Sadəcə prezidentin sərəncamına əməl etmək üçün dəftərə birquşqoymaq lazım idi. Və həmin gün də Məmməd Arazın yubileyi ilə bağlı “quşqoyma kampaniyası “uğurlabaşa çatdı.

 

 

 

Əvvəla, Azdramanın o qədər aktyorları arasından Ağalar Bayramovu çıxmaqla cəmi 3 nəfərin, özü də hələ indiyə qədər heç yerdə tanınmayan “aktyorun ifasında şairin şeirlərinin səsləndirilməsi olduqca geri zəkalılıqdır. Görəsən, gözəl gur səsi olan Nurəddin Mehdixanlı kimi, gözəl şeir demək qabiliyyəti olan İlham Əsgərov kimi sənətkarlar niyə səhnədə görünmədilər? Maraqlı həm də o idi ki, İlham Əsgərov tamaşaçı kimi zalda əyləşmişdi. Səhnəyə çıxan o 3 nəfərin 2 qadının isə mən deyərdim ki, ümumiyyətlə şeirdən xəbərləri yoxdur. Şeirləri düzgün ifa etməmələri bir yana, adamı yandıran o idi ki, şeirləri heç lazımınca əzbərləməmişdilər. Ya da ola bilsin Məmməd Arazın odlu-alovlu misraları onları elə qarsıyıb ki, təntiyib, sətirləri, bəndləri  unudurdular. Bəlkə də qəsdən unudurdular. Və ya unutdururdular.

Hər çıxış zamanı nə aktyorların, nə də müğənnilərin adları elan olunmurdu. Hətta onu da deməyi özlərinə ar bilirdilər ki, sözləri Məmməd Arazın, musiqisi filankəsin, oxuyur filankəs filankəsov. Maraqlı idi ki, hələ indiyə qədər bircə mahnısı belə yadda qalmayan, oxuduğunu özündən başqa heç kəsin başa düşmədiyi Elza Seyidcahanı belə bir tədbirə kim dəvət etmişdi? Heç hənanın yeri idi?  Digər gənc, tannımayan müğənnilər də onun kimi. Çox heyif! Adları elan  edilməyən aktyorlar görəsən kimin şeirlərini söylədiklərinin fərqində idilərmi? Görünür, fərqində olmayıblar. Yoxsa, nisbətən kök xanım aktrisa (neyləyək ki, adlarını elan eləmədilər), şairin “Sən kimə gərəksən, mən kimə gərək” şeirini o qədər sönük və mənasız ifa elədi ki, o cürə dahiyanə yazılmış bir şeir heç oldu. Kök kişi aktyoru isə (dediyimiz kimi adlar elan edilməyib) söylədiyi şeirlə əlinin ifadələri qətiyyən uyğun gəlmirdi. Məmməd Arazın “Yol ayrıcında söhbət” şeirində elə başlanğıcdaca “Odası təptəzə odu köhnəyəm, Əlimdən bu gəlir, gördüyüm budur” misralarını unutdu. Sonrakı bənddə isə... Yaxşı olar ki, o bəndi olduğu kimi diqqətə çatdırıb, sonra fikrimizə davam edək.

 

 

 

“Özümdən danmışam öz günahımı,

Nə qədər xeyrimiz, şərimiz qalıb.

Dərdsiz yox, bölüşüm könül ahımı,

Bircə soyulmayan  dərimiz qalıb.

Soyun dərimizi, soyun yaşayaq,

Beş günlük dünyadı, qoyun yaşayaq.

Qurd ola bilmədik qoyun yaşayaq...

Məni bağışlayan olarmı? -Çətin!”

 

 

Bəli, bizim bu özündən razı aktyorumuz bu bəndin ikinci dördüncü misralarını deməyi lazım bilmədi. Görünür, aktyor doğurdan da, soyulmayan bircə dərimizin qaldığından xəbərsizdir. Axı Məmməd Araz xalqın ağrı-acısı ilə yaşayan, onun dərdini öz dərdi bilən bu dərdləri içindən keçirən bir şairdir. Özü ki, Məmməd Arazbeş günlük dünyadıyazıb həmin aktyorun dediyi kimi, “beş günlük ömürdüyat.

Məmməd Arazın nakam şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr etdiyiBelə dünyanınadlı şeirindən bir bəndi çıxarmaq da deyəsən bu aktyor qardaşımızın xəstəliyidir. Özü görün hansı bəndi çıxardıb:

 

 

Ayağının altına yastıq qoyanlar,

Başının altına qumbara qoydu,

Nadanlar dünyanı qumara qoydu,

Mən belə dünyanın nəyindən küsüm?”

 

Görəsən, həmin aktyor doğurdanmı  Mikayıl Müşfiqin ayağının altına yastıq qoyanların başının altına qumbara qoyduqlarını bilmir? Yoxsa kimlərsə aktyora bu günümüzlə səsləşən şeirdən həmin bəndi çıxartmağı məsləhət görüblər? Dəhşətdir. Söhbət 21-ci əsr Azərbaycan ədəbiyyatının korifeyi olan Məmməd Arazdan gedirdi, hansısa Vüqar Əhməddən yox. Ən azından bu tədbirin təşkilatçıları bunu fikirləşməli idilər. bu yükün altına çiyinlərini verəndə bilməli idilər ki, bu yükü çəkə bilərlər, ya yox? Axı Məmməd Araz daşı çox ağırdır. Bu daşı qaldırmağa hər adamın hünəri çatmaz. Ya gücü çatan bu daşı qaldırıb ən uca bir zirvəyə qoymalı idi, ya da gücü çatmayanda bu daş onun başına düşməli idi.

9 dekabrda Azdramada keçirilən tədbirdə biz ikinci variantı gördük. Çox təəssüf. Bir aktyor kimi ağzından söz tökülənləri tapıb ora yığmaq da görünür təşkilatçıları çox əziyyətə salıb. Nə yaxşı ki, o tədbirdə bizi məhv olmağa qoymayan, Respublikanın Əməkdar artisti, bədii qiraət ustası, özünün ecazkar səsi ilə zaldakıları ovunduran Ağalar Bayramov var idi. Nə yaxşı ki, A.Bayramov orada  Məmməd Arazdan 2 dənə də olsa nümunə şeir söyləyə bildi. Görünür, Məmməd Araz yaradıcılığına vurğun olan, Məmməd Araz şeirləri ilə yatıb-duran, sağlığında “əmi” deyib həmişə şairin təsəllisi olmuş Ağalar Bayramova həmin səhnədə geniş imkanlar vermək istəməyənlər Məmməd Araz daşının altından çıxa bilməyiblər. Yenə də min təəssüf!

Belə sönük tədbirin keçirilməsi nə prezident sərəncamına hörmətimizi, nə də Məmməd Araza olan sevgimizi azaltdı. Belə tədbirin təşkilatçıları və iştirakçıları yalnız özlərini gücə saldılar, lakin Məmməd Araz daşının altından çıxa bilmədilər. Şair necə demişdi:

 

 

Bir qayaya söykənmişəm, deyirəm kaş,

Bax beləcə daşa dönəm yavaş-yavaş.

Taleyimi qayaların taleyinə bağlayam mən,

Bircə insan düşüncəmi saxlayam mən...”

 

 

Bəli, Məmməd Araz vətənin qayasına söykənib, əbədi bir daşa, milyonların qəlbində daş heykələ döndü. Ancaq insan düşüncəsini özündə saxlaya bildi. Çünki o daş heykəllə Məmməd Arazla onu qəlbən sevən hər bir insan canlı insan kimi danışacaq. Verdiyi suallara şair şeirləri ilə cavab verəcək, şeirləri ilə bədxahlarını da vuracaq. Yetər ki, Məmməd Araz böyüklüyünü duyasan, duydun Məmməd Araz canlı olaraq, daş da olsa, səninlə danışacaq. Duymadın, o daş başına düşəcək. Özü də vətənin bir parçasına, vətən daşına dönmüş Məmməd Araz daşı... Bu daş dağdan çox ağırdır və hələ çox daş olan başlara düşəcək...

 

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2013.- 12 dekabr.- S.13.