Qeybdən gələn səs...
Dəyərli muğam
ustası Qədir Rüstəmovun adına layiq
töhfə
Qeybdən gələn səs... Bəli, Tanrı Qədir Rüstəmova heç kəsdə olmayan belə bir təkrarsız səs vermişdi. Bu səbəbdən də Qədir Rüstəmov özündən əvvəlki və özündən sonrakı bütün sənətkarlar arasında öz səsi və sənəti ilə seçilirdi.
Dünya şöhrətli maestro Niyazi Qədir Rüstəmov haqqında demişdi: "Qədir Rüstəmov heç kəsə bənzəməyən bəşəri bir səsə malikdir. Onun yanğısı hamını alışdırıb yandırırdı".
Böyük vətənpərvər şairimiz Bəxtiyar Vahabzadə isə Qədir Rüstəmovun səsindən heyrətlənib demişdi: "Bu, doğrudan da, belədir. Qədirə qulaq asanda bir də görürsən ki, səni ram edib və qaldırıb ayağa. Qədir əvəzolunmazdı. Özü də nə Cabbardı, nə də Keçəçi Məhəmməd. Qədir elə Qədirdi! Bənzərsizdi və əsl xalq müğənnisidi!"
Tanınmış yazar Surxay Əlibəylinin yenicə işıq üzü görmüş "Qeybdən gələn səs" kitabında məhz Qədir Rüstəmov səsinin təkrarsızlığından söz açılır. Sarvan Ağayevin redaktorluğu ilə ərsəyə gəlmiş bu kitabda Qədir Rüstəmovun səsi əsrlər boyu yığılıb qalmış vulkan kimi püskürən bir haraya bənzədilir: "Neyçün gəlməz, neyçün gəlməz" - bu, sual idimi, nida idimi, qət edilmiş bir əmrdimi - bunun fəlsəfəsinə gedib açmaq lazımdır. Bəziləri fıkirləşə bilər ki, başqaları kimi oxuyub gedib. Amma Qədir oxuyub, oxuduğunun da əbədi, əzəli, ölməzlik möhürünü vurub gedib. Nə qədər ki, dünya durur, insanlar bu səsin fəlsəfəsini açmaq üçün fıkirləşəcəklər.
Aqil Abbas yazır: "Türkiyədə Zəki Mürenə Türkiyənin sənət günəşi deyirlər. Azərbaycanın da sənət günəşi Qədir Rüstəmovdur. Təbii ki, bu mənim öz şəxsi fıkrimdir. Və Azərbaycanın, təkcə Azərbaycanın yox, türk dünyasının sənət günəşi Qədir Rüstəmovun 60 yaşı tamam oldu. Amma 30 ildir tanıdığım Qədir Rüstəmovu hələ 30 il bundan əvvəl tanıyan gündən elə bilirdim Qədir qoca kişidi. Heç demə, 30 il bundan əvvəl Qədirin 30 yaşı varmış və mənim indiki yaşımdan 13 yaş cavanmış. Deməli, məni tanıyanlar da elə bilir ki, mən qoca kişiyəm. Və bu, əslində də belədir, mən qoca kişiyəm. Çünki bu 43 ildə 200 ilin qədrini də görmüşəm, əzabını da çəkmişəm və indən belə üç gün, beş gün, əlli gün, beş il, on il nə yaşasam, qənimətdir. Bu qənimət günlərdə, illərdə yüz ilin dərdini də çəkəcəyəm, ağrısını da. Və 30 il bundan əvvəl tanıdığım Qədir də 200 ilin dərdini, 2 min ilin dərdini, 6 min ilin dərdini çəkən bir qoca kişidir. Və türk dünyasının ağrı-acısı da Qədirin sir-sifətinə yazılıb".
"Azərbaycan sənətində iki böyük nümunə var ki, orada zərrə qədər də kompleks yoxdur. Biri Füzulinin "Məni candan usandırdı" qəzəli, biri də Qədir Rüstəmovun ifasında "Sona bülbüllərdir"". Bu fikir də tanınmış şairimiz Ramiz Rövşənə məxsusdur.
Kitabın "Ön söz"ündə oxuyuruq: "Qədir Rüstəmov bütün şüurlu həyatı boyu sənətdə xaltura etməyib. Toyda da, konsertdə də, balıq tutanda da, lap bir körpə uşağın könlünü oxşamaq üçün oxuyanda da səsini saatlarla kökləyib, öz aləmində, öz dünyasında olub. Yana-yana oxuyub. Dərdə oxuya-oxuya, dərdin anasını ağladıb. Yana-yana oxuduğu üçün onu dinləyənləri də oturduqları yerdə yandırıb, təpələrindən tüstü çıxarıb. Hamını məcbur edib ki, dinləmək, dincəlmək xatirinə dinləməsinlər, düşünsünlər, bu dünyaya nəyə gəldiklərini yana-yana, qana-qana düşünsünlər. Budur Qədir fəlsəfəsinin mahiyyəti.
Qədir son dərəcə təvazökar adam idi. Heç vaxt böyük sənətkar sözünü qəbul etməzdi. Həmişə deyərdi: "Nə böyük sənətkar, e, orasından-burasından oxuyuruq dəə. Sənət böyük dəryadı, biz də onun bir damlasında çabalayırıq". Bu, Qədir dünyasının, Qədir dəryasının fəlsəfəsi idi. Bu dünyada bir Qədir erası yaratdısa da, özünü dəryada damla hesab etdi.
İstedadlı yazıçı Seyran Sexavət "Ulduz" jurnalında "Qədir Rüstəmovla atüstü söhbət" edib, Qədir dünyasının bir çox məqamlarını ustalıqla qələmə almışdı. Əgər oturub ədəb-ərkanla bir söhbət eləsəydi, gör nə qədər sənət xırdalıqlarına aydınlıq gətirərdi.
***
Min illərdi dəryada gəmisi qalan da, biçilməmiş zəmisi qalan da, cəfasını çəkdiyi yardan bir ağrılı qəmi qalan da "Sona bülbüllər"i haraylayır. Və Allah insanları eşitmir. Və bir gün Qədir Rüstəmov, Allah bu insanları eşitmirdi deyə, özü üz tutdu Allaha və o bülbülləri, bəşəriyyəti xilas etmək, yerə göndərmək xahişi ilə Allaha dua elədi. Və artıq on illərdi ki, Qədir Rüstəmovun Allaha üz tutub etdiyi duaları eşidən dəryada gəmisi qalan da, sevgilisinin gülü yarpıza dönən də, biçilməmiş zəmisi qalan da onun dualarında bir təsəlli tapır.
"Ön söz"də daha sonra oxuyuruq: "Bir gün Qədir Rüstəmov qəfildən redaksiyamıza gəldi. Xoş beş, on beş. Dedi:
- Yığ işçilərini bura.
- Xeyirdimi, Qədir?
- Məndən hələ şər görən olmayıb. Eşitdim qəzetinizin yubileyidi, gəldim tarsız-kamansız, elə bu yalın səsimlə sizin üçün bir-iki ağız oxuyum.
İşçilər dərhal yığışdı. Və Qədir iki mahnı oxudu, bir az da "Segah"da gəzişdi və sonra da qalxdı ayağa, hamı ilə, mənimlə də xudahafızləşib:
- Hə, getdim, - dedi və getdi...
Və "Sona bülbüllər" də
elə Qədirlə çıxıb getdilər..."
***
Və Azərbaycanın musiqi mədəniyyətinə ağır
itki üz verdi. Milli
musiqi sənətinin görkəmli nümayəndəsi,
xalq artisti, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü Qədir
Çərkəz oğlu
Rüstəmov 2011-ci il
dekabr ayınm 14-də,
ömrünün 77-ci ilində
vəfat etdi.
Qədir
Rüstəmov 1935-ci il noyabrın 20-də
Ağdam rayonunda anadan olmuşdur. Orta məktəbi bitirərək o, əvvəlcə
Asəf Zeynallı adına Bakı
orta ixtisas musiqi məktəbində,
daha sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbində təhsil
almışdır. Ustad sənətkarlarımızdan
muğamın incəliklərini
mənimsəyən Qədir
Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin
sirlərinə yiyələnməyə
müvəffəq olmuşdur.
Gənc
yaşlarından Ağdamda
mahir muğam ifaçıları mühitində
yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov
nadir istedadı, məlahətli
səsi və özünəməxsus ifa
tərzi sayəsində
az vaxt
ərzində tanınaraq
geniş dinləyici auditoriyasının böyük
məhəbbətini qazanmışdır.
O, ömrünün sonuna
kimi xanəndəlik sənətinə sadiq qalmışdır.
Qarabağ xanəndəlik məktəbinin
görkəmli nümayəndəsi
Qədir Rüstəmov
Azərbaycan xalq musiqisinin incəliklərini
bilən sənətkar
olaraq milli musiqi xəzinəmizi çox həzin və yanğı dolu ifaları ilə zənginləşdirmişdir. O, çoxəsrlik
parlaq keçmişə
malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli
mədəniyyətimizin inkişafına
sanballı töhfələr
vermişdir. Muğam ifaçılığı ənənələrinin və
Azərbaycan xalq musiqisinin saflığının
qorunub saxlanması Qədir Rüstəmovun sənət fəaliyyətinin
başlıca qayəsi
idi. Unudulmuş xalq mahnılanmızdan
bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanmışdır. Sənətkarın
son dərəcə məharətlə
oxuduğu "Sona bülbüllər", "Apardı
sellər Saranı",
"Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər
mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.
Ecazkar səs,
təkrarolunmaz ifaçılığı
və dinləyicinin mənəvi aləminə
nüfuz etməklə
onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və
muğam bilicilərini
Qədir Rüstəmov
sənətinin vurğununa
çevirmişdir. Mahir muğam
ustasının ifasında
səslənən bir
sıra muğam dəstgahları, o cümlədən
"Rast" və
"Çahargah" musiqi
mədəniyyətimizin qızıl
fonduna daxil olmuşdıır. O, dahi
Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığı ilə
bağlı filmdə
klassik muğam ifaçısı obrazını
ustalıqla canlandırmışdır.
Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli
üçün əsl
sənət məktəbidir.
Milli musiqi mədəniyyəti
sahəsində nailiyyətlərinə
görə Qədir Rüstəmov Azərbaycan
Respublikasının ali mükafatı olan "Şöhrət"
ordeni ilə təltif edilmişdir.
Görkəmli xanəndə, səmimi və təvazökar insan Qədir Rüstəmovun əziz xatirəsi xalqımızın
qəlbində həmişə
yaşayacaq.
Qeyd edək
ki, kitabda Q.Rüstəmov haqqında
müxtəlif illərdə
yazılmış məqalələr,
esselər, hekayə və şeirlər, tanınmış ziyalılarımızın
və sənət adamlarının qüdrətli
muğam ustası ilə bağlı xatirələri yer alıb. Kitab çoxsaylı Qədirsevərlər,
sənətşünaslar, bir sözlə, geniş oxucu auditoriyası üçün
nəzərdə tutulub.
E.ŞİRİNOV
Təzadlar.- 2013.- 14 dekabr.- S.15.