Məmməd Arazı Gülxanım Fətəliqızının "Ömürdən yarpaqlar"ında axtarın

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox mətləblərin açarıdır...

 

 

 

 ...Gülxanım Fətəliqızı! Bu ad imza sahibi kimi ola bilsin geniş ictimaiyyətə çox da tanış deyil. Amma Məmməd Araz kimi bir dahi şairin həyat yoldaşı olduğunu yəqin ki, bilməyən yoxdur. 47 il 20-ci və 21-ci əsr Azərbaycan ədəbiyyatının azman sənətkarı,  xalq şairi Məmməd Arazla birgə ömür sürən Gülxanım Fətəliqızının Azərbaycan ədəbiyyatına misilsiz xidmətini danmaq mümkün deyil. Çünki 47 illik birgə ömürlərinin 30 ilini xəstə düşmüş Məmməd Araza qulluq etməklə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. G.Fətəliqızı təkcə bir həyat yoldaşı kimi Məmməd Araza qulluq etməyib, o, həm də Azərbaycanın Məmməd Araz kimi milli sərvətini qoruyub bizlərə və gələcək nəsillərə çatdırıb.

G.Fətəliqızının bu yaxınlarda Məmməd Arazla bağlı xatirələrindən bəhs edən "Ömürdən yarpaqlar" kitabını oxuduqca həm böyük ustad Məmməd Arazın, həm də Gülxanım müəllimənin böyüklüyünün bir daha şahidi oluruq. Kitabın elə ilk sətirlərindən görünür ki, bu gündəliyi yazan peşəkar qələm sahibi deyil. Çünki G.Fətəliqızı peşəkar yazıçı olsaydı, yazdıqlarına bərbəzək verərdi, fikirlərini obrazlı dildə təqdim edərdi. Ancaq G.Fətəliqızı Məmməd Arazla bağlı həqiqətləri necə var eləcə, yəni senzurasız, çılpaqlığı ilə bizlərə təqdim edib. Elə bunun özü də deməyə əsas verir ki, G.Fətəliqızı doğrudan da böyük qələm sahibidir. Axı Gülxanım müəllimə həm də bir ədəbiyyatçıdır. Ədəbiyyatçı olan insan şairləri, o cümlədən Məmməd Araz kimi böyük söz sərrafını necə sevməyə bilərdi. Çünki o yaxşı bilirdi ki, Məmməd Arazın xəstəliyi ilə əlaqədar çətinliklə yazdığı şeirləri nizama düzülməli,  Azərbaycan ədəbiyyatına təqdim edilməlidir... Bir sözlə, Gülxanım Fətəli qızı həm də Məmməd Araz yaradıcılığının bir dövrünün ilk oxucusu olub... Yəqin ki, onun bu xidməti nə vaxtsa çox yüksək səviyyədə qiymətləndiriləcək. Nə yazıq ki, bizlər sağlığında insanlara qiymət verməyi bacarmırıq. Elə G.Fətəliqızının "Ömürdən yarpaqlar" kitabını oxuduqca dəhşətə gəlirsən ki, Məmməd Araz kimi bir dahinin də sağlığında lazımınca qiyməti verilmədi. Kitabdan görünür ki, o boyda nəhəng şair gah evsizlik problemi yaşayıb, gah da kitablarının çapı üçün sponsor axtarışında olub.  Buna görə yəqin ki, gələcək nəsillər bizləri lənətlə yad edəcək...

 

 

Keçmişi gələcəyə aparan həyat dərsliyi...

 

 

"Ömürdən yarpaqlar" kitabı nəinki Məmməd Arazla bağlı xatirələrlə, o cümlədən 21-ci əsrin çox məşhur insanları ilə bağlı maraqlı söz-söhbətlərlə doludur. Üzeyir Hacıbəyov, Bülbül, M.S.Ordubadi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Səməd Vurğun, Xudu Məmmədov, Əliağa Vahid, Mircəfər Bağırov və digər görkəmli şəxslərlə bağlı Məmməd Arazın dilindən alınmış maraqlı xatirələr həm də Azərbaycan ədəbiyyatı üçün sanballı töhfələrdir. Maraqlıdır ki, G.Fətəliqızı gündəlik mətbuatı izləməklə də bizləri heyran qoyur. Çünki yazdığı kitabdan görünür ki, Azərbaycanın müasir dövrü mətbuatını gündəlik izləyib, Məmməd Arazla bağlı yazıları, şeirləri şairin özünə oxuyub və onun fikirlərini, reaksiyasını da bizlərə çatdırır.

Bildiyimiz kimi, "Təzadlar" qəzeti yarandığı 1993-cü ildən bəri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nurəddin Rzayev, İlham Rəhimov, Yusif Səmədov, Şərahil Hüseynoğlu və digər tanınmışlar Redaksiya Heyətinin üzvü olubar. Bu insanlar, xüsusilə də Bəxtiyar Vahabzadə ilə Məmməd Araz qəzetimizə gələn hər hansı bir zərbəyə həmişə sinələrini sipər ediblər. Bütün bu mübarizələri də G.Fətəliqızı öz kitabında çox dəqiq və çılpaqlığı ilə ortaya qoyub.

"Ömürdən yarpaqlar" kitabında dəfələrlə "Təzadlar"da vaxtı ilə Məmməd Arazla bağlı dərc olunmuş məqalələrdən, baş redaktor Asif Mərzilinin bu böyük şair haqqında yazdığı fikirlərindən, həmçinin bu sətirlərin müəllifinin (Elçin Məmmədlinin) yazılarından sitatlar gətirib. Kitabın 196-cı səhifəsində 4 iyun 1997-ci il tarixdəki qeyddə  oxuyuruq:

"Rəssam Cabbar Quliyev Məmməd Araza həsr olunmuş bədii gecədə Naxçıvandan çəkilmiş bir tablonu ona təqdim etdi və dedi:

-Sənə təqdim etdiyim bu rəsmi özüm çəkmişəm. Bu, vətən torpağının bir hissəsidir və mənə əziz olduğu kimi, bilirəm ki, sənə də əziz olacaq... Sonralar Asif Mərzili bu gecə haqqında belə yazmışdı: "Bəli, Məmməd Araz ömrünü damla-damla şeirlərinə köçürüb-xalqın, millətin dərdinə bürünə-bürünə və ürəyinə yığa-yığa! Təbii olaraq düşünməyə məcburuq! Məmməd Araz ürəyinin tutumu nə qədərdir ki, o boyda Azərbaycanın dərdi bu boyda şair Məmməd Araz ürəyinə necə köçə bilər? Və bu qədər dərdi ürəyində və sinəsində daşıyan və bu dərddən çərləyən Məmməd Araz niyə də xəstə düşməsin?!

Həm də düşünürük: Səhhəti göz qabağında olan şairin dərdə dözümü millətimizə sirayət eləsə, necə olar?! Həm də, görünür, M.Arazı bu qədər xəstəlikdən və Azərbaycanın Qarabağ dərdindən çəkdiyi sıxıntılara dözdürən xalqın böyük şairinə sonsuz xeyir-duaları, bir də təmannasız sevgisidir..."   

G.Fətəliqızı "Ömürdən yarpaqlar" kitabında müasir dövrün bəzi mətbuatından nümunələr gətirib və Məmməd Arazın onlara reaksiyasını da diqqətimizə çatdırır. Kitabı oxuduqca Məmməd Araz böyüklüyünü, Məmməd Araz dahiliyini bir daha duyuruq, bir daha şeirlərinə qəlbən bağlanırıq.

Kitab bizi sətirbəsətir irəliyə necə aparırsa, adam sanki özünü həmin anda Məmməd Arazın yanında hiss edir. Hətta kitabın bir yerində G.Fətəliqızı yazanda ki, "Məmməd Araz yıxılıb, əzilmişdi...", həmin anda elə bildim ki, şair yıxılanda mən də orda olmuşam və içimdən bir ah keçdi. Şairin yıxılıb əzilməyinə yanıb-yaxıldım...

 

 

 

 

 

 

 

 

 

Məmməd Araz Almaniyada tənha qaldı...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məni ən çox narahat edən bilirsiniz nə oldu? Ümummilli lider Heydər Əliyev böyük şairi müalicə üçün dövlət vəsaiti hesabına Almaniyaya göndərir. Ancaq Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən bu ölkədəki səfirliyimiz bunu, sanki görməzlikdən onun yanına gəlmirlər. Adi vətəndaşları qınamaq da olmaz, bəlkə də şairin burada olmasını bilmirmişlər... Amma hansısa bir müğənninin Avropaya hansısa səfərini anonslayan, sujetlər yayımlayan... TV-lərimiz niyə şairi bu qədər unutmuş oldular?! Kimlər idi şairi unutdurmaq xəstəliyinə tutulanlar?

Bəli, bir ay ərzində yalnız səfir bir dəfə gəlib Məmməd Araza baş çəkməklə işini bitmiş hesab edib. Daha fikirləşmir ki, Məmməd Araz və onun həyat yoldaşı Gülxanım müəllimə alman həkimləri ilə hansı dildə ünsiyyət qururlar. Kitabı oxuduqca görünür ki, dili bilməmək həm Məmməd Araza, həm də G.Fətəliqızına çox böyük problemlər yaradıb. Elə ona görə də şair darıxdığından müalicəsini bitirməmiş vətənə qayıtmasını təkid edir. Görəsən, Azərbaycanın Almaniyadakı səfirliyi bir tərcüməçi tapıb müalicə dövründə Məmməd Arazın yanına göndərə bilməzdimi? Göndərsəydi, bəlkə də müalicə müsbət təsirini göstərəcəkdi və bəlkə də Məmməd Araz bu gün də bizim aramızda idi.

Amma... Amma nə yaxşı ki, bir çox jurnalistlər, o cümlədən mərhum aktyorumuz Mikayıl Mirzə, gözəl sənətkarımız, bədii qiraət ustası Ağalar Bayramov və digər tanınmış şəxslər mütəmadi olaraq Məmməd Araza evində də baş çəkiblər, onun böyüklüyü qarşısında baş əyiblər. G.Fətəliqızı kitabın 217-ci səhifəsində 14-15 oktyabr 1997-ci il tarixində televiziyada Almas İldırıma həsr olunmuş bir gecədən bəhs edərkən yazır: "...Ağalar Məmmədin təzə yazılmış "İt qaya kölgəsində", "Sınma", "Azərbaycan", "Mat-məəttəl qalmışam" şeirlərini oxudu:

-Əmi, "Sınma" şerini aparım, elə Almas İldırımın gecəsi ilə yaxşı səslənər. İndi keçən dəfəki kimi etmərəm, çap etmək istəyən qəzetlərin heç birinə şeiri vermərəm... Heydər Həsənoğlu da gəldi, yaxşı ki, söhbətimizdə iştirak edir, "Müsavat" partiyasının 80 illiyini keçirirdilər, mənə söz verildi. Elə əminin yanından getmişdim gecəyə. "Dilənçi qaçqın" şerini özümlə götürmüşdüm. Zala müraciət etdim:

-Hörmətli dinləyicilər, elə bu saat şairimiz Məmməd Arazın yanından gəlirəm, onun salamını sizə yetirirəm və təzə yazdığı şeiri sizə oxumaq istəyirəm. Şeiri oxumağa başladım, zal elə susmuşdu ki... Şeirin axırıncı misraları qurtarmamış, zalda bir alqış, bir gurultu qopdu ki, hamı ayağa qalxmışdı, arada ağlayanlar da vardı. Yığıncaq qurtarandan sonra qəzetlərin nümayəndələri məni əhatəyə alıb şeiri çapa istədilər. Aqil də məni məcbur etdiyinə görə şeiri "7 gün" qəzetinə verdim...

 

 

Ağalar gedəndən sonra Heydərdən soruşdum:

-Mükafatı kimə verməli oldun?

 

 

-Elə danışdığımız kimi Nizami Xudiyevi nəzərə almışıq, bu saat onun yanından gəlirəm. Ssenarini yazacaqlar, Nizami çalışır ki, gözəl bir gecə olsun, bütün elita-bir sözlə bütün rəhbər işçilər orada olacaq. Təxmini bir 20 günə hər şer qaydasına düşəcək..."  Kitabı həm də maraqlı edən bir çox məşhur insanlar haqqında  Məmməd Arazın dilindən çıxan xatirələrdir. Özü də G.Fətəliqızı Azərbaycan xalqının gələcəkdə böyük sayğı və hömətlə yad edəcəyi dahi Məmməd Arazı qəsdən danışdıraraq o xatirələri ondan alıb. Həm rus, gürcü, özbək, ukrayna, belarus, türk, həm də Avropa və dünya şairlərindən Məmməd Arazın dilindən çıxan xatirələri bizə çatdırmaqla G.Fətəliqızı sözün əsl mənasında fədəkarlıq edib.

 

 

 

 

 

 

 

 

 

Məmməd Araz "Təzadlar" qəzetinin üstündə necə əsirdi?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd etdiyimiz kimi, "Təzadlar"ın Redaksiya Heyətinin üzvü olan Məmməd Araz qəzetin çətin günlərində böyük ustad Bəxtiyar Vahabzadə ilə birlikdə yanında olub. Belə bir məqamı G.Fətəliqızı da kitabında çox çılpaqlığı ilə ortaya qoyub. Kitabın 307-ci səhifəsində 15-16 sentyabr 1999-cu il tarixli qeyddə oxuyuruq:

"...Bəxtiyar müəllim əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim... Bir xeyli keçəndən sonra Prezident Aparatından bir məmur zəng vurdu və Məmmədlə danışmaq istədiklərini bildirdi.

 

 

Dedim:

 

 

-Buyursunlar, gözləyirəm...

Sonra başqa yüksək vəzifəli bir məmur mənimlə  danışır:

 

 

-Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. "Təzadlar" qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu... Onun redaktoru yaman cığallıq edir, bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi şairlərin adı var? Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq. Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.

-Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar... Ona görə də özünüz zəng edərsiniz...

Onun sözlərini olduğu kimi Məmmədə çatdırdım.

Bəxtiyar müəllim təzədən zəng edib telefonla danışdı:

 

 

-Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar, yazırlar... Qəzetdə nə yazılıb ki?! Axı, elə bir şey deyilmir... Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt olmalıdır? Niyə??? Dedim ki, burada pis nə var ki?! Deyir ki, yox, qəzet Murtuzu da söyür... Mənə həmişə hücumlar olanda "Təzadlar" qəzeti məni müdafiə edib...

 

 

Dedim:

 

 

-Sizlərin işi pis olacaq, Bəxtiyar müəllim... Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət...

-Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar... Mənə Prezident Aparatından deyirlər ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən... Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər...

-Yaxşı, Bəxtiyar müəllim, Məmmədlə danışaram.

-Hə, bala, danış görək..." 

Bəs "Təzadlar"ın cəzalandırılması üçün Prezident Aparatından Məmməd Araza zəng edən məmur kim olub?

Kitabda mən deyərdim ki, ən çox sitat gətirilən qəzet "Təzadlar"dır. Bu faktın özü də göstərir ki, Azərbaycan xalqının dahi şairi Məmməd Araz heç vaxt kimsənin diqtəsi ilə nə yazı yazıb, nə də kimsənin sifarişini yerinə yetirib. Necə ki, şerinin birində yazıb:

 

 

"Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdir yazanım."

 Yuxarıda göstərdiyimiz "Təzadlar" qəzeti ilə bağlı bu hadisə bizdə çox maraq doğurdu. Ona görə də, belə demək mümkündürsə, hadisənin qəhrəmanı, baş redaktor Asif Mərzilidən bu barədə geniş məlumat almaq istədik. Olduqca maraqlı olan bu söhbəti növbəti saylarımızda təqdim edəcəyik... Bəs görəsən, "Təzadlar"ın cəzalandırılması üçün Prezident Aparatından Məmməd Araza zəng edən həmin məmur kim olub?

 

 

***

 

 

İndilikdə isə onu demək istəyirəm ki, G.Fətəliqızının Məmməd Arazla bağlı xatirələrlə dolu "Ömürdən yarpaqlar" kitabını oxuduqca, oxumaq istəyirsən. Kitab o qədər maraqlı, zəngin xatirələr və konkret tarixi hadisələrlə doludur ki, onu bir qəzet səhifəsində təqdim etmək mümkün deyil. Ona görə də qərara gəldik ki, G.Fətəliqızının bu maraqlı kitabını həm saytımızda, həm də qəzetimizdə hissə-hissə dərc edərək "Təzadlar"ın oxucularının diqqətinə çatdıraq.

Yazının sonunda Məmməd Araz kimi bir dahinin ömründən, günündən keçən maraqlı xatirləri, tarixləri bizə dəqiqliyi ilə çatdırdığına görə Gülxanım Fətəliqızına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda xahiş edərdik ki, Məmməd Arazla bağlı yaddaşında qalanlardan ibarət daha bir kitabla da bizi sevindirsin.

P.S.Bir vacib dəqiqləşdirmə: qeyd edək ki, "Təzadlar" qəzetinin rəhbərliyi hələ də dahi şəxsiyyətlərin -Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və Nurəddin Rzanın adını qəzetin Redaksiya Heyətində saxlamaqdadır... Bir neçə dəfə tanınmış ziyalılar redaksiyaya zəng edərək deyiblər ki, "Məmməd Araz, Bəxtiyar Vahabzadə və Nurəddin Rza dünyasını dəyişib, onların adının Redaksiya Heyətində qalması doğru deyil... Çıxartsanız yaxşı olar... Amma Asif Mərzilinin onlara cavabı belə olub:

-Niyə onların adını çıxaraq?

-Onlar rəhmətə gedib...

-Bilirsiniz, sizi bilmirəm, amma bizə görə Məmməd Araz da, Bəxtiyar Vahabzadə və Nurəddin Rza da sağdır... Yəni onlar yaşıyıb, yaşayır və yaşayacaqlar...

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2013.-  14 dekabr.- S.12-13.