"Kaspi" qəzetinin Məmməd Araz müsabiqəsinə yekun vuruldu

 

Mükafatçılar sırasında "Təzadlar"ın əməkdaşı Elçin Məmmədli də var...

 

 "Kaspi" qəzetinin təşkilatçılığı ilə ustad şair Məmməd Arazın 80 ililk yubileyinə həsr olunmuş jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri dünən elan olundu. Beynəlxalq Mətbuat mərkəzində təşkil olunan geniş tədbirə çoxsaylı Məmməd Arazsevərlər toplaşmışdı.

Məlum olduğu kimi müsabiqə 2013-cü ilin aprelin 1-dən sentyabrın 30-na qədər davam etmişdi. Qaliblər və xüsusi fərqlənənlər üçün mükafatların olacağı əvvəlcədən də elan olunmuşdu. Ancaq "Təzadlar"ın əməkdaşı olaraq (özünün bildirdiyinə görə) Məmməd Araz haqqında yazıdan heç bir mükafat gözləmirdi. Sadəcə olaraq ən çox sevdiyi şair olaraq Məmməd  Arazın adı olan yerdə iştirak etməyi özünün mənəvi borcu bilirdi. Ona görə də böyük həvəslə bu müsabiqəyə Məmməd Araz yaradıcılığını özünəməxsus şəkildə səciyyələndirən "Nişançı özümüz, hədəf özümüz" adlı yazısını təqdim etmişdi. Həmin yazı "Kaspi" qəzetinin 6 sentyabr 2013-cü il tarixli sayında dərc olunaraq geniş ictimaiyətin diqqətinə çatdırılmışdı...

Bu böyük tədbiri "Kaspi" qəzetinin təsisçisi, şairə və publisist Sona xanım Vəliyeva açdı. Sona xanım  çıxışında Məmməd Araz yaradıcılığını konkret nümunələrlə, şeirlərindən gətirdiyi sitatlarla elə mükəmməl səciyyələndirdi ki, hər hansı tənqidçi bunu bacarmazdı. Biz həmişə qeyd edirik ki, Məmməd Araz yaradıcılığının tənqidçisi və tədqiqatçısı hələ də yoxdur. Çünki bizə görə, böyük şairin fəlsəfi dünyasını, ictimai-siyasi əhəmiyyət kəsb edən, vətəni sonsuz məhəbbətlə tərənnüm etmiş şeirlərinin qayəsini hələ də açıb ortaya qoyan yoxdur. Sona xanım Vəliyeva Məmməd Arazın yaradıcılığına həsr etdiyi çıxışı ilə bütün zala toplaşanları təəccübləndirdi və göstərdi ki, Məmməd Araz yaradıcılığına dərin sevgi olarsa, onda onun şeirlərinin fəlsəfi yükünü də incələmək mümkündür.

S.Vəliyevanın çıxışından aydın oldu ki, müsabiqəyə 80-dən çox yazı təqdim olunub. Əvvəldən də bildirilmişdi ki, ən yaxşı yazılar Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş kitaba salınacaq. Sona xanım onu da qeyd etdi ki, "Haqqın var yaşamağa" kitabına müsabiqəyə təqdim olunan yazılardan yalnız 60-ı salınıb. O da məlum oldu ki, münsiflər heyəti bütün yazıları çox diqqətlə analiz edərək, Məmməd Araz haqqında hazırlanan kitaba salınmasını layiq biliblər.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli isə çıxışında bildirdi ki, mükafatçılar sırasında cəmi 3 yer nəzərdə tutulmuşdu: "Ancaq Sona xanımın təşəbbüsü və təşkilatçılığı ilə həm qaliblərin, həm də xüsusi fərqlənən yazarların da mükafatlandırılması təmin olundu. Beləliklə, 1 nəfər birinci yerə (1000 manat), 2 nəfər ikinci yerə (hər biri 700 manat), 3 nəfər isə üçüncü yerə (hər biri 500 manat) layiq görülüb. Kitabda yazısı dərc olunan və Məmməd Araz yaradıcılığına sevgi ilə dolu daha 24 nəfər isə xüsusi mükafata layiq görülərək 200 manat məbləğində pulla mükafatlandırılmışdır. Biz bütün bu müsabiqənin keçilməsində əməyi olaniştirak edən bütün yazarlara təşəkkürümüzü bildiririk".

Sonra söz tənqidçi Vaqif Yusifliyə verildi. V.Yusifli  çıxışında Məmməd Arazın şeirlərinin fəlsəfi dəyərləri olduğunu xüsusi vurğuladı və şairin yaradıcılığına konkret nümunələrlə ekskursiya etdibildirdi ki, vaxtilə Rəsul Rza Məmməd Arazın "Atamın kitabı" poemasını Azərbaycan təbiətinin ensiklopediyası adlandırıb.

V.Yusifli onu da qeyd etdi ki, "Atamın kitabı" əsəri C.Məmmədquluzadənin "Anamın kitabı"ndan sonra Azərbaycan ədəbiyyatında ən dəyərli əsər sayılır.

Yazıçı-publisist, millət vəkili Aqil Abbas çıxışında Məmməd Araz yaradıcılığına həsr olunmuş bu müsabiqənin təşkilatçılarına təşəkkür etdi. Onu da vurğuladı ki, indiyə qədər Məmməd Arazın yubileyi ilə bağlı keçirilən çoxsaylı tədbirlərdə, çoxsaylı çıxışlar eşidib. Lakin Sona Vəliyevanın şairin yaradıcılığına həsr olunmuş çıxışı onda olduqca böyük maraq doğurdu və indiyə qədər eşitdiyi çıxışlardan öz geniş əhatəliliyinə görə seçildi. A.Abbas müsabiqədə iştirak edənlərinin hər birinə öz təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Məmməd Arazın qızı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay qeyd etdi ki, o,  Məmməd Arazın yox, Məmməd İnfil oğlu İbrahimovun qızıdır. Məmməd Arazı isə bir şair olaraq sevir və dəyərləndirir: "Sona xanım öz çıxışında bildirdi ki, biz hamımız Məmməd Arazın övladlarıyıq. Onların sırasında milyonlar kimi, mən də varam. Ancaq başqalarından fərqli olaraq mən Məmməd Arazla bir yerdə yaşamışam, onun yaradıcılığına və ağrı-acılarına daha yaxın olmuşam. Ancaq Məmməd Araz mənim üçün heç kəsə ağız açmayıb, həç bir düzəltməyib və xüsusi bir imtiyaz sahibi etməyib. O, kimsəyə, nədən ötrüsə, ağız açmağı xoşlayan insan deyildi. Deməli, sizlər kimi mən də  Məmməd Arazın övladlarından biriyəm. Məmməd Araz yaradıcılığına önəm verən, yubileyini təşkil edən və bu yubiley tədbirləridə iştirak edən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm".

Daha sonra Azərbaycan Respublikasının  Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli  də Məmməd Araz yaradıcılığının böyüklüyündən və onun şeirlərinin ictimai-siyasi əhəmiyyət kəsb edən mahiyyətindən söz açdı.

Sonda müsabiqəyə təqdim olunmuş yazılardan hazırlanmış "Haqqın var yaşamağa" kitabına daxil edilmiş yazıların mükafatlandırılması keçirildi:

 

 

1-ci yerə- yazıçı publisist Akif Əli

2-ci yerə- Flora Xəllizadə Nizami Muradoğlu

3-cü yerə-Telli Pənahqızı, Samir Vəzirov Qan Turalı layiq görüldü.

 

 

Qan Turalıya mükafatı təqdim edən İradə Tuncayın bir atmacası hamıya ləzzət elədi: "Görürsən, öz keçmişini danan da... Məmməd Araz haqqında yazı yazıb, mükafat da alır".

Sevindirici haldır ki, xüsusi mükafat (200 manat) alanlar arasında "Təzadlar"ın əməkdaşı Elçin Məmmədli də var idi. E.Məmmədlinin Məmməd Araza həsr etdiyi "Nişançı özümüz, hədəf özümüz" yazısının mükafatçılar sırasında olması, yazının kitaba salınması qürurvericidir və bizləri də sevindirir.  Əməkdaşımızı bu münasibətlə ürəkdən təbrik edirik. Həmin yazını isə növbəti sayımızda oxucuların diqqətinə təqdim edəcəyik.

Tədbirin sonunda S.Vəliyeva bildirdi ki, bu gün (dünən-red.) M.Arazın həyat yoldaşı G.Fətəliqızının 80 yaşı tamam olur. Bu münasibətlə Gülxanım müəlliməni ürəkdən təbrik edərək ona xüsusi mükafatı təqdim etdi.

 

 

E.ŞİRİNOV

Təzadlar.- 2013.- 14 dekabr.- S.5.