Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. G.Fətəliqızı Məmməd Arazla bağlı əzablı və əziyətli həyat həqiqətlərini necə var eləcə, yəni senzurasız, çılpaqlığı ilə qələmə alıb. “Ömürdən yarpaqlar” kitabını oxuduqca dəhşətə gəlirsən ki, Məmməd Araz kimi bir dahinin də sağlığında lazımınca qiyməti verilməyib. O boyda nəhəng şair gah evsizlik problemi yaşayıb, gah da kitablarının çapı üçün sponsor axtarışında olub. Bax, ən böyük dərd budur ki, bu millətin dərdini yazasan, həm də bu dərdi yazıb tarixləşdirmək, millətə, xalqa çatdırmaq üçün dərdə-zülmə düçar olasan, boğazından kəsdiyini bu yolda xərcləyəsən. Məmməd Araz ömrü kimi...

Bildiyiniz kimi, “Təzadlar” qəzeti yarandığı 1993-cü ildən bəri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nurəddin Rzayev, İlham Rəhimov, Yusif Səmədov, Şərahil Hüseynoğlu və digər tanınmışlar Redaksiya Heyətinin üzvü olubar. Bu insanlar, xüsusilə də Bəxtiyar Vahabzadə ilə Məmməd Araz qəzetimizə gələn bütün zərbələrə həmişə sinələrini sipər ediblər. Bütün bu mübarizələri də G.Fətəliqızı kitabında çox dəqiqliyi və çılpaqlığı ilə qələmə alıb. O şeyləri ki, nə bizim, nə də oxucularımızn bunlardan xəbəri olub.

Bütün baş vermişlərdən, həmçinin Məmməd Araz kimi böyük ustadın qədrini bilməyənlərin kimliyini görüb, indi onların əvəzinə çəkdiyimiz xəcalətin qarşısında necə utandığımızdan xəbər tutmaq və nəhayət, özümüzü qınamağımızla necə təsəlli tapmaq üçün “Təzadlar” sizlərə, əziz oxucular, bir  şans yaradır: bu sayımızdan həmin kitabı qəzetdə dərc edir və internetdə yayımlanmasını təmin edirik. Axı biz ötən sayımızda bunu edəcəyimizə söz vermişdik.

Beləliklə, Pülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabını dərs edirik (Xatırladırıq ki, bu günlərdə işıq üzü görmüş kitabın nə vaxtsa təqdimatı da olmalıdır):

 

Məmməd Arazın Həmidə xanımı

 

Nənə bu xatirələri mənə redaktə eləmək üçün vermişdi. Bir neçə dəfə oxudum, amma redaktə edə bilmədim. Əvvəla, xatirələr məni götürüb gedirdi, ikincisi də Nənənin bu əsərinin mənim redaktəmə ehtiyacı yox idi. Və Nənə heç də məndən zəif qələm sahibi deyilmiş. Bu da təbiidi. Şairin bütün yaradıcılığını əzbər bilən, əsərlərinin üzünü dəfələrlə köçürən, Şairin hətta bəzən özününoxuya bilmədiyi xəttini fəhmlə oxuyan onun xatirələrini də elə belə şirin, dolğun, poetik qələmə almalıydı.

Məni ən çox təəccübləndirən Nənənin bu xatirələri haçan vaxt tapıb yaza bilməsidir. Bütün günü Şairin başına pərvanə kimi fırlanan, bir tərəfdən dəcəl nəvələr, bir tərəfdən də işə getmək... gecə də səhərədək əlyazmaları zərrəbinlə az qala hərf-hərf oxuyub dəfələrlə üzünü  köçürən Nənə heç demə hamıdan xəlvət Məmməd Arazın ona danışdıqları xatirələri də yazıb saxlayırmış.

Çox xatirələr oxumuşuq. Adətən bu xatirələri də hər bir kəs özü yazıb, ya da onların özü haqqında övladları.

Amma Nənənin qələmə aldığı xatirələr Şairin bəlkə də yazmaq istədiyi, amma sağlamlığı yol vermədiyindən yaza bilmədiyi xatirələrdi. Və təxminən 50 illik bir zaman kəsiyində Azərbaycan ədəbi aləmini əhatə edir. Və özüŞairin Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı xatirələri yox, həm də həmin şəxsiyyətlərə münasibətidi.

Yarım əsrlik bir dövrdə Azərbaycan ədəbiyyatında baş verən hadisələr, bu hadisələrin fonunda Şair. Şairin gördüyü haqsızlıqlar, onun xəstələnməsinin səbəbləri. Şairi fiziki cəhətdən şikəst edə bilsələr də, ruhən sındıra bilməmələri. Şairi xalqdan nə qədər qoparmaq istəsələr də, əksinə Şairin daha çox xalqın qəlbinə, ruhuna bir parça gün işığı kimi hopması. Şairin ən çətin günlərində ona mənəvi dayaq olanlar.

 

 

 

Görkəmli yazıçılardan biri kinayə ilə demişdi:

- Bu nədi, Məmməd Arazı lap Ətağa eləyiblər.

 

 

 

Həqiqətən də Məmməd Araza poeziyanın Ətağası kimi səcdə edənlər... hamısı bu xatirələrdə...

Amma Nənə Şairə haqsızlıqlar edənlərin üstündən bir qədər yumşaq keçir. Onların çoxu dünyasını dəyişib, övladları var. Həm ölənlərin ruhunu incitməyi günah bilib, həm də övladların nə günahı ki, atalarının əvəzinə əzab çəksinlər. Amma bilmirəm, Nənə bunu düz edib, ya yox. Hər halda Nənə belə yanaşıb.

Orta məktəbdə oxuyanda Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələr”i stolüstü kitabım olub, elə indiMehriban Vəzirin yenidən tam şəkildə nəşr etdirdiyi həmin xatirələr stolüstü kitaba çevrilib. O kitabda Mirzə Cəlil görünür. Hamının görə bilmədiyi Mirzə Cəlil.

Nənənin qələmə aldığı xatirələrdə də Məmməd Araz görünür, hamının görə bilmədiyi Məmməd Araz.

 

Şair yazır:

 

Şairi öldürmək istəsən əgər

Əlindən xalqının alqışını al.

 

 

 

Məmməd Arazı da xəstələnəndən sonra ölməyə qoymayan, əlindən ala bilmədikləri xalqın alqışı idisə, həm də onu bu xatirələri qələmə alan xanımın sevgisi olub.

 

 

 

Aqil Abbas

 

 

 

Kimsə  duymaz, gizlicə ağlar

səssız-sədasız qayb olan yıllar.

(bir türk mahnısından)

 

 

 

Ədəbi şəxsiyyətlərimizlə, ədəbi həyatımızla bağlı dəyərli söhbətlərin cəmləşdiyi bu gündəliyin özü də Məmməd Araz ömrünün ayrılmaz bir hissəsidir. Onun dodağından qopan hər kəlmənin itib batmaması üçün 5 il vaxtımı sərf etmişəm.

Çəkilən adlara, bəzi hadisələrin işıqlandırılmasına etiraz edərək Məmmədin dediyi sözlər:

- Belə hadisələri, adamların adlarını yazmazlar. Bu, gələcəyə düşmən qazanmaqdır. Uşaqlara düşmən qazanmazlar.  Hüseyn Cavidin qizi Turan xanımdan nümunə götürmək lazımdır. O, heç kimin adını tutmur, yazmır...

Pislik zoğdur. Pis adam əqrəbdən də, ilandan da qorxuludur. O, bütün həyatını ev yıxmağa, insanları ləkələməyə həsr edib. Özündən gücsüzlərə qənim, özündən güclülərə isə yazıqdır. Pis elə hamının yanında pisdir, hamı onu tanıyır, yazmaqla tanımırlar ki... “Bir dağa açıq məktub” şeirimdə yazmışam:

 

 

 

Sarmaşıqlar  həmişə

Nəhənglərə sarınar.

Su udar, yem udar,

Sonra toxalar,

Xərçəngləşib çoxalar...

Dolaşdığı,

Yarpağı şirəsinə bulaşdığı

Gövdəni unudar....

 

 

 

ya:

 

 

 

Pislik şeytan əməlidir - deyərdi babam,

Yüz pisliyin darğasıdır bir namərd səsi.

Pis gövdədir; əzəl- axır yıxacaq zaman,

Pislik - zoğdur; o gizlənib, o göyərməsin.

 

 

 

Bu dünyada yamanları dəfn etmək asan,

Yamanlığı dəfn eləmək çətindən-çətin.

Dar da qazsan, gen qazsan, dərin qazsan

Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.

 

(Ölüm yaxşılığı)

 

 

 

1990

 

 

 

Qoşub inadıma həqiqətimi

Zamanla üz-üzə dayanacağam.

20 iyul - Bir həftədən çoxdur ki, kənddəki evimizdə istirahət edirik. Nəvələrimiz yanımızdadır. Qubada havalar sərin keçdiyi üçün istirahətimiz pis keçmir.

Həyətdə oturmuşduq, heç kimin yolunu da gözləmirdik.

Birdən Tofiq Mahmudun səsi eşidildi:

- Əmi, qonaq istəmirsən?

Məmmədin tutqun sifəti açıldı. Tofiq yoldaşı Rəfiqə, qızı Süsənlə  qonaq gəlmiş gəlişləri ilə bizi xeyli sevindirmişdilər. Tofiq sözarası bildirdi ki, onlar da Qubaya istirahətə gəliblər Məmmədi  yada salmağı özlərinə borc biliblər.

Oturub olub-keçənləri yada salırdıq ki, Quba milis şöbəsinin rəisi Zakir Kərimov Quba rayon komsomol komitəsinin katibi gəlib çıxdılar. Söhbət qızışdı hiss olunmadan siyasətə yönəldi.

 Zakir gəlməsinin səbəbini açıqladı:

- Məmməd müəllim, gəlmişəm ki, Sizi vertolyotla Bazar düzünə aparım, oradan Şah dağına baxaq.

Nədənsə Məmməd razı olmadı:

 - Gülxanımsız getmək istəmirəm, nəvələrimi vertolyota mindirmək  olmaz, qorxarlar.

Qonaqlar xudahafizləşib getdilər.

29 iyul - Havalar qarışıb, yağış yağır. Qubanınxasiyyətidir”, yağmağa ki, başladı, günlərlə hava açılmaz. Özümü üçünsə tənha hiss etdim. Amma çevrilib yanımda mışıldayan Toğrula suallarını yağdıran Tuncaya baxıb təsəlli tapıram:

- Tək deyilsən, Gülxanım, beləcə, körpə aslanların var.

Yığışıb Bakıya qayıtdıq.

23 oktyabr - İşdən yaman kədərli gəldi, səbəbini soruşdum, dinmədi, bir az dincəldi və sonra kədərli olmağının səbəbini söylədi:

- Xəlili zaminə buraxıblar, yanına gedək. Ali Sovetə teleqram vurmuşdum. Yazmışdım ki,  Xəlil günahkar deyil, xalqını müdafiə edir, xalqını müdafiə etmək günahdır?  Əgər günahkardırsa,... onun bütün günahlarını öz boynuma götürməyə hazıram. Onun yerinə məni həbs edin.

Xəlilin taleyi üçün yaman narahat idi Məmməd.

- Böyük Tolstoy deyirdi ki, vətənYasnaya Polyanadan başlanır”. Bu nəhəng qoca bir kiçik aləmdən başladığı Vətənin ətəklərini bütün dünyanın sərhəd xətlərinə qədər çəkdi. Bizə isə Vətən sözünü dilinizə gətirmə - deyirlər.

 

Təzadlar.- 2013.- 17 dekabr.- S.8.