Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

 

(Əvvəli ötən sayda)

2-ci hissə

 

 

 

26 mart - Məmməd  Aslan  bildirdi ki, Məmməd haqqında yazdığı məqaləni  o qədər “yonublar”  ki, gülməli bir yazı qalıb, ona görə də məqaləsini “Ədəbiyyat” qəzetindən geri götürüb.

Məmməd bu sözlərə elə bir reaksiya vermədi:

- Canın sağ olsun, yazı, məqalə, söz, şeir atılmış güllə kimi bir şeydir, nə vaxtsa, hədəfinə deyəcək. - Yəni çap olunacaq.

16 iyun - Məşğuliyyətimiz televerilişlərə baxmaq idi. Adil Əfəndiyev haqqında veriliş gedirdi. Məmmədin   “Yaxşı adamlar silsiləsində” Adil müəllimin xüsusi yeri var. Məmməd həmişə bu adam haqqında hörmətlə danışardı:

- Adil müəllimlə işləyəndə həmişə mənə İnfiloğlu deyərdi, təqdim etdiyim sənədlərə qol çəkərkən,  qoy məni öldürsünlər bir alagöz qız üstə”  deyib imza atardı. Bütün işlərdə mənə azadlıq verərdi. Çox humanist adam idi və Mehdi Hüseynlə də yaxın idilər.

24 iyun - Arada Məmməd Fransadakı mühacirlər haqqında xatirələrini təzələyirdi:

- Təyyarədə pəncərə şüşəsindən buludlara baxırdım, elə bil gözümə bir misra göründü:

 

 

 

“Ürək deyir: Salamat qal, ana torpaq, ana yer!”

 

 

Hər bir turist getdiyi ölkəni daha çox xaricdən görür. Səfər tarixi abidələrədən başlayır, tarixsiz mehmanxanalarda bitir. Təbiət hər yerdə gözəldir, Fransanın təbiəti də çox gözəldir. Təbiət heç nəyini təbliğ etmir, ancaq göstərir. Necə görürsən gör, öz işindir. Fransanın yollarına söz ola bilməz... Yolun yaxşıdırsa, deməli, hər işin yaxşıdır...

Başçımız mühacirlərlə  görüşməyə bizə imkan vermirdi. Abbas Zamanov əsəbiləşib rus konsolluğuna zəng vurdu. Rus konsolluğundan  mədəniyyət işlərinə baxan şöbə müdiri gəldi və görüşə razılıq verdi, baxmayaraq ki, o, erməni idi.

Ələkbər Topçubaşovla görüşdük, cibində vətən torpağını gəzdirirdi.  Onun vətən torpağını cibində gəzdirməsi, tez-tez gözlərinə sürtməsi beynimdə bu misraları “yazdı”.

 

 

 

Bir əbədi yırtıcılar, bir də - dedi-

Mütilərdir tarix boyu yurdsuz qalan.

...Tarix, qanla yazanda da kövrək olmur,

Min il ağla, ağlayana torpaq vermir.   

 

 

 

Böyük bir kitabxanası vardı, ancaq vərəsəsi yox idi. Məndən kitab istədi. “Anamdan yadigar nəğmələr” kitabını verdim. Boş səhifəyə bədahətən  bir şeir də  yazdım:

 

 

 

Qohum da soyuyur, dost da soyuyur,

Gedən unudulur, gedən unutmur...

Qərib ürəyində bir səs uyuyur,

Vətən unudulmur, Vətən unutmur.

Ələkbər Topçubaşov səhəri yanımıza gəldi: 

 

 

 

- Şair, sən mənim yaralı yerimə toxundun. Biz həqiqətən də Vətəni unutmamışıq. - Sonra üzünü Abbas müəllimə tutdu:

- Mənim çox böyük kitabxanam var, onu Vətənə bağışlayıram. Ancaq Moskvadan aparmayın onu dağıdarlar, - dedi.

Sonralar onun və kitabxanasının  aqibəti necə oldu, bilmirəm. Deyirdilər ki, müharibə dövründə Ələkbərin azərbaycanlı əsirlərin xilasında böyük rolu olub, onlardan ötrü gedib Göbbelslə görüşüb.

 

 

1992

 

 

5 noyabr - Çoxdan Neftçalaya getməyə hazırlaşırdıq, lakin imkan düşmürdü. Neftçaladan bildirdilər ki, qoy pambıq planımız dolsun, sonra şairlə görüş keçirərik; hər iki bayramımız bir yerdə olar. Bizi isə Salyanda gözləyirdilər. Getməyi qərara aldıq, çünki Məmməd kimisə gözlətməyi xoşlamazdı. Yola əlavə benzin lazım oldu. Həmin vaxtlar ölkədə benzin qıtlığıydı. Neft ölkəsində benzin tapılmırdı. Əvvəl vermədilər, sonra Məmmədi görüb:

 - Məmməd Araza hər şey qurbandır, - dedilər.

Salyanda bizi Xəlil Rzanın qardaşı gözləyirdi. Söhbətlər, sağlıqlar, təriflər...

Axşam İmamverdi Əbilovun qonağı olduq. Heç demə İmamverdi müəllim Məmmədin cavanlıqda oxuduğu şeirləri maqnitofona yazıbmış, üzünü köçürüb, bizə də verdi, ancaq sonralar kaset qarışıq düşüb itdi.

Bizi gəmi ilə  Kürün Xəzərlə qovuşduğu yerə apardılar. Dedilər:

 - Şair, Səməd Vurğunun arzusu olmuşdu ki, Kürün Xəzərlə qovuşduğu yeri görsün, lakin arzusuna çata bilmədi. Indi onun timsalında sizi belə mənzərəli yerə gətirdik ki, özünüzün də, Səməd Vurğunun da hissini yaşaya biləsiniz...

 

 

Məmmədin isə ayrı dərdi vardı:

 

 

-  Hər şeyi gördük, amma Vaqifin şeirlərindəki Tuqay meşələrini görmədik, - sonra əlavə etdi: - Uzanıb gedən bu çaya ana Kür deyirik. Amma anamız Kürə üzü Tiflisdən bəri tökülən böyük şəhərin kanalizasiyalarından, zəhərli maddələrdən söhbət açan yoxdur. Yol boyu bu şoranlaşan torpaqlar məni yaman düşündürür... Muğanın hələ nə qədər oxunmamış səhifələri var; muğan romanı,  torpaq romanı... Tələm-tələsik kolxozları dağıtdılar, sahibkarlar peyda oldu. Yəqin ki, bir müddət sonra səliqəsiz, pinti münasibət münbit torpaqlarımızı da məhv edəcək. Buna dövlətin ciddi nəzarəti lazımdır. Torpaq romanı əbədi yazılan, yazıldıqca bitməyən, oxunduqca oxunan romandır.

 

 

Məmməd çox danışdı...

 

 

 

Torpağa israfçı münasibət! Kəndlər, rayon mərkəzləri, bir sıra yaşayış məntəqələri əkin yerlərinə doğru “eninə-uzununa” necə də səxavətlə genişlənir.

Dədə-babalarımız kəndlərin çoxunu dərə boğazında, daşlı-qayalı yamaclarda salırdılar. Düzənlik, münbit torpaqlar isə əkin-biçin üçün, otlaq-biçənək üçün  saxlanırdı.

Elə Bakının böyründəcə Xırdalan qəsəbəsinin yuxarı duzlu yal-yamaca doğru deyil, bərəkətli düzənliyə - qiymətli torpağı olan əkinəcəyə doğru genişlənməsinə hansı ağılla imkan verilmişdir? Bu, ən azı elmi korluq, ən azı gələcək nəslin payına şərik olmaq deməkdir. Çox təəssüf ki, torpağa bu cür münasibət faktları bir deyil, beş deyil, on deyil...

Torpağa israfçı münasibəti məhdudlaşdıran birinci şərt daxili vətəndaşlıq vicdanı olmalıdır.

Əgər bir rayonun dağ yamaclarında meşələr ətəyini qatlaya-qatlaya  qeybə çəkilirsə, digər rayonda su, birində quş nəğməsi, bir başqasında ceyran çəhlimi  yoxa çıxacaq...

 

 

 

1993

 

 

 

28 sentyabr - Naxçıvan Universitetinin təşkil etdiyi Məmmədin 60 illik yubileyinə çatmalı idik. Saat 11-də uçmalı təyyarə gecikdi. Bizi sonrakı təyyarə ilə yola saldılar. Hava limanında bizi gül-cicəklə qarşıladılar. Hər şey lentə alınırdı. Qonaq evində yerləşdik. Bizimlə Bakıdan akademik Budaq Budaqov, Söhrab Tahir, Mikayıl Mirzə və Vaqif Yusifli gəlmişdi. Cəfər həkim isə artıq Naxçıvanda idi.  Akif Mədətov bizi qonaq evində qalmağa qoymadı, öz evinə apardı. Axşam Məmməd və qonaqlar televiziyada çıxış etdilər.

 

 

Məmmədin çıxışından:

 

 

- Bu gün çox  işıqlı idi. Mənə elə gəldi ki, nə vaxtsa bu işığı  Naxçıvandan borc almışdım, indi isə geri gətirmişəm. Mən həmişə Naxçıvana gələndə Araz boyu şütüyən qatar Nehrəm dərəsindən burulub Araz dəryaçasının sahilindən  düzənliyə çıxanda qəribə hisslər keçirirdim. Bu işıq dənizini heç yerin mənzərəsi ilə müqyisə edə bilmərəm. Mənə elə gəlirdi ki, bu məqamda burda hər şeydə işıq var: - daşda da, torpaqda da, sularda da.

Babalardan bizə yadigar qalan əyilməzliyi, dönməzliyi, lazım gələndə Vətənin bir parçasına dönməyi alqışlayıram.

Bütün döngə-dönüş, bütün gədik və aşırımlarda hamının bir adam olmağı hünər işdir, hünərsiz qələbə, qələbəsiz hünər yoxdur. Bu hünərə bələdçi olan oğulları alqışlayıram...   Əgər gücüm çatsa, bu torpağı çiynimə qaldırıb bütün dünya sərgilərinə çıxardım və bu torpağın rənglərilə dünyanı sarsıdardım...

...Və Məmməd o torpağı çiyninə  qaldırdı, şeirləri ilə, dünyanı deyə bilmərəm, milyonlarla ürəyi sarsıtdı.

29 sentyabr - Saat 12-də H. Cavid adına dram teatrında təntənəli görüş oldu.  Irandan Cavad Həyət, Türkiyədən İbrahim Bozyel də gəlmişdi. Bozyel iki dəfə sərhəddə gəlib buraxılmadığı üçün geri qayıtdığını söylədi. Iranın Naxçıvandakı konsulu da gəlmişdi. Gecədə bir nəfər H.Əliyevə həsr etdiyi poemasını oxudu.

İclasdan sonra qonaq evində banket verildi. Masabəyi Akif Mədətov idi. Məmmədin şeirləri oxunduqca Cavad Heyət ağlayırdı. Deyirdi ki, mən bu vaxta qədər Məmmədi niyə tanımamışam. Ürəyimdə deyinirdim, çünki Məmmədi tanıtmalı olanlar ancaq özləri ilə məşğul olublar. Məmməd isə həmişə sədlərlə üzləşib. Bir də ki, bu şeirləri yazan şeirdən nə qazanıb ki, sən də nə isə qazanasan.

Akifə dedim ki, Təbrizi görmək istəyirəm.

30 sentyabr - Səhər yeməyindən sonra Naxçıvan Universitetinin binasında  Məmmədin yaradıcılığına aid sərgiyə baxdıq.  “Məmməd Araz - 60” yazılmış bu sərgidə şəkilləri və kitabları qoyulmuşdu. Rektor Qasım müəllim çıxış etdi. O biri zalda isə Məmmədin yaradıcılığına aid elmi konfrans keçirilirdi. Sonra Şahbuza getdik. Yolda Məmməd  Üç qardaş dağını göstərərək Toğrula dedi:

- Balam, qarşıdakı üç zirvəni görürsənmi? Onlar üç qardaşdır. Ona görə də Üç qardaş dağı adlanır. O zirvələrdən biri mənəm, biri də sən.

- Dədə, bəs Tuncay hansıdır? - narahatlıqla soruşdu Toğrul.

Bu sual Məmmədə yaman ləzzət verdi. Bütün yol boyu güldü. Toğrulu  Naxçıvana özümüzlə ona görə aparmışdıq ki, dədə yurdunu görsün, naxçıvanlılar Toğrulu, o da naxçıvanlıları tanısın. Dədə yurdunu unutmasın, naxçıvanlılar da bilsinlər ki, Məmmədin varisləri var. Gələcəkdə onlarla əlaqə saxlaya bilərlər.

 

Təzadlar.- 2013.- 19 dekabr.- S.6.