Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

 (Əvvəli ötən saylarda)

 

Şahbuzun icra başçısı yığıncağı açdı, çıxışlar, təbriklər, şeirlər, ithaflar oxundu. Təriflər və vədlər baş alıb getdi. Şahbuzun “Mədəniyyət evi”nə Məmməd Araz adı “verildi”. Sonralar yolum Naxçıvana düşəndə maraqlandım ki, görək sözə əməl olundumu. Yox, bu, vəd olaraq qalmışdı.

İclasdan sonra çay kənarında “Mustafa meşəsi” deyilən yerdə banket verildi. Çoxlu şəkil çəkilsə də mənə çatmadı.

1 oktyabr -  Akifin fəallığı nəticəsində Təbrizə getmək məsələsi reallaşdı. Dəstəmiz böyüdü. Söhrab, Qorxmaz və biz üçümüz. O taydan maşın gəlməli idi. Maşınlar körpünün üstündə görüşdü, çünki Məmməd piyada gedə bilmirdi.

Sərhəddi keçdik. Elə bilirdim ki, Məmməd indicə yerə sərilib torpağı öpəcək, yox, belə bir iş olmadı. Amma əlim qolunda olduğundan bədənindən möhkəm bir gizilti keçdiyini hiss etdim. O tay Culfasının təmiz küçələrini bizim Culfa ilə müqayisə etdim, xalq eyni xalq olsa da küçələr eyni təmizlikdə deyil. Yol boyu ətrafa baxıram. Eyni torpaq, eyni mənzərə, eyni insanlar. Təbrizə çatdıq, bizi “Dərya” otelində yerləşdirdilər. Elə birinci gündən hiss edirdim ki, ətrafımızda çoxlu “xüsusi adamlar” var və bizi kənardan izləyirlər. Bizi gətirən bələdçi də çıxıb getmişdi. Öz-özümə fikirləşirdim: “- nə olacaq, biz buraları tanımırıq, kimə güvənib belə bir iş tutmuşam. Tanımadığım adamlara, yoxsa əfsanə danışıqlara?..”

Heydər Həsənoğlu bizə telefon nömrəsi vermişdi. Həmin nömrəni yığdıq, bir qadın cavab verdi. Eyvaz Bəxşimənlini soruşduq, özümüzü nişan verdik.

Dedilər ki, evdə yoxdur, ünvanınızı qoyun, gələr, sizi tapar.

Bir az  keçəndən sonra bizə iki nəfər yaxınlaşdı. Eyvaz və Kazım idi. Eyvaz bütün işlərimizi Kazıma tapşırdı və bir xeyli də rial verərək getdi.

Indi rahat nəfəs ala bilərdim, artıq bələdçimiz vardı.

2 oktyabr - Kazım öz maşınında gəldi, əvvəlcə Məmmədin istədiyi kimi bizi Şəhriyarın məqbərəsinə apardı. Dediklərinə görə çəkiliş də olmalı idi. Lakin heç kim gözə görünmədi. Şəhriyarın evinə də getdik. Orada bir nəfər bizim şəkillərimizi çəkdi, aydın məsələ idi ki, şəkillər yenə bizə çatmadı. Şəhriyarın evi iki gözdən ibarət idi, bir kiçik baxçası vardı. Sağlığında  darısqal mənzildə yaşayan şairin məqbərəsi isə, əksinə, çox əzəmətli idi. Fikir verin, millət Arazın o tayında da, bu tayında da  sənətkarlarını  diri vaxtında saymadıqlarını ört-basdır etməkdən ötrü öləndən sonra məqbərələrini göylərə ucaltmağa çalışırlar. Şahidi olduğumu dilə  gətirdim. Həmin məqbərədə bir çox şairlərin də qəbirləri var.

 

 

Bəzən də belədi, belədi dünya,

Onu uçurana heykəl ucaldır,

Onu ucaldana yaxşıca zindan.

 

 

 

 

 

Sonra bizi Təbrizdə nəşr olunan bir dini qəzetin redaktoru qəbul etdi (adı yadımda deyil).  Söz verdi ki, bizi Məşhədə göndərəcək, biləndə getmək istəyirik, tez sözündən qaçdı və bu da Məmmədin ürəyindən oldu. Söhrab Tahir  həmin gün geri qayıtdı. Mən isə Təbrizdə Ordubadinin “Dumanlı Təbriz” romanında təsvir etdiyi yerlərə baxmaq istəyirdim.

3 oktyabr - Kazımdan xahiş etdim ki, məni Bəzz qalasına apar. Cavabı:

- Bəzz qalasının bir tərəfini söküb namaz qılmağa yer düzəldiblər. Qəsdən tarixi yerləri sökürlər.

 

 

- Bəs Qaraçı məhəlləsi necə?

- Qaraçı məhəlləsi də çox uzaqdır.

 

 

Təbrizə ayaq basanda Dəlidağda aşıq Hüseyn Cavanla görüşümüzü xatırladım. O vaxtlar əlçatmaz hesab etdiyimiz cənub torpaqlarımızı onun sazının mizrablarında gəzirdik. Bizə elə gəlirdi ki,Babəkin Bəzz qalası, uzaqdan boylanan Eynəli dağı, qədim qalacıqlar da bizi salamlayır.

 

 

Beləliklə, arzuladığım yerlərin birini də görmədim.

Məmmədin bu sözləri yadıma düşdü:

 

 

“Hər bir xalq öz tarixi abidələrindən tanınır. Onun yazılı, tikili abidəsi yoxsa, onun dünənki yaşayış tərzi, ictimai həyatı, fəlsəfi əxlaqi görüşü bu abidələrlə pillə-pillə qalxıb bizim zamana gəlməyibsə, nədən biləsən ki, bu xalq həqiqətən yaşayıb.  Onlar dünəni bu günə gətirib. Bu günü sabaha aparan abidələr isə bu gün yaranır, doğulur, tikilir. Bu günün bəzi “ictimai dumanı” hələ onların çoxunu gizlədib. Balaca bir küləkdən o duman dağıla bilər.

X11 əsr  Naxçıvan  memarlıq abidələrinin  ənənəsi neçə yaşda olar? Özü-özünün sualına cavab verir. Hər hansı bir sənətin 500-800 yaşı olmalıdır. Bəzən adi saxsı qab qədim bir mədəniyyətin, qədim bir şəhərin müəyyən edilməsi üçün yeganə səbəb olur və arxeoloq bundan yapışır.

 

 

Deyirsən ki, Təbrizin küçələri tıxanmış mağazalardır.

Bir xalqı məhv etməyin yollarından biri də xalqın başını xırda alverə qarışdırmaqdır.”

 

 

...Əgər şah düzündən boylansaq aya,

Xətainin qılıncı pilləkan  olsa,

O şahlı dünyadan şahsız dünyaya,

Şahlıq ləyaqəti yollayan olsa...

Hə, Məmməd Araz, çox gözəl demisən...

 

 

Təbrizlilərdən biri də bizə yaxınlaşmadı. Bəlkə də qorxularından.   

Təbrizdən Naxçıvana, oradan da Bakıya qayıtdıq.                                                 

 

 

6-7 oktyabr - Axşam xəbərlərində Heydər Əliyevin  Məmmədin 60 illiyini təbrik edən teleqramı oxundu. Teleqramda Məmmədin Azərbaycan ədəbiyyatındakı xidmətləri qeyd olunmuşdu.

 

 

Elçin Əfəndiyev telefonla Məmməddən soruşdu:

- Yazıçılar İttifaqı sənin 60 yaşın olduğu barədə heç bir məktub və ya məlumat verməyib. Nazirlər Soveti qərar çıxarıb ki, ayın 25-də  dövlət səviyyəsində yubileyinizi harada istəyirsinizsə, orada keçirək.

Məmmədin cavabı: - Heç bir yubiley, filan lazım deyil.

16 oktyabr -  Nərimanov rayonu maarif işçilərinin iştirakı ilə görüş keçirildi. Balaca bir uşaq “Ayağa dur, Azərbaycan” şerini elə məharətlə ifa etdi ki, bütün zal ayağa qalxıb uşağı alqışladı. Mikayıl da onu qucaqladı və əlavə etdi ki, Məmmədin  yerinə də səni öpürəm.

23 oktyabr - Bakı Dövlət Universiteti də Məmmədin 60 illiyini qeyd edirdi. Axşam saat dörddə Universitetin akt zalı ağzına kimi dolu idi. Arxa tərəfdə və boş aralarda da tələbələr ayaq üstündə durmuşdular. Hamı intizarla Məmmədi gözləyirdi. Rektor Murtuz Ələsgərov  görüşü açıq elan etdi. Həmişəki kimi çıxışlar, tələbələrin şeir oxumaları və s. Qara Namazov isə Məmmədə qoşulmuş bir əfsanə danışdı. Gecədə Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə və Zəlimxan Yaqub da iştirak edirdilər. Zəlimxan çıxışını belə yekunlaşdırdı:

- Məmməd Araz kimi nadir insanlara diri ikən heykəl qoyulmalıdır.

Nəriman və Nüsrət də çıxışlarında bu fikirlə razılaşdılar.

“Günay” şirkəti ilin ən yaxşı şeirinə mükafat təyin etmişdi.  Məmmədə də mükafat verilmişdi,  Mikayıl Məmmədi ora apardı.

Beləliklə, 93-cü ili başa vurduq.

1994

16 aprel - Söhbət Tofiq Bayramdan düşdü. Məmməd xatırladı:

-Tofiq  Bayramın cavanlıqda bir “moskviçi” vardı. Əli Kərim o maşına “səyyar tabut” deyərdi.

- Məmməd, bu saat ona-buna ləkə yaxmaq dəb düşüb, bəzi ağzıgöyçəklər danışırlar ki, güya Tofiq şair deyil. 

-Yox, elə deyil, özün bilirsən ki, bizimkilərin  adətidir, çalışırlar  həmişə məşhur adamlara nə isə bir damğa yapışdırsınlar. Tofiqin şair kimi öz dəsti-xətti var, çox gözəl lirik şairdir. Onun şairliyinə şübhə ola bilməz.

Böyük bir axınla  ədəbiyyata gələn bir nəslin seçilməsi üçün xeyli vaxt keçməlidir. Bizdən asılı olmayaraq zaman öz işini görür, əvvəl bütün adları eyni soyuqqanlılıqla arxivə tullayır, sonra tozunu silib hər kəsi yerində oturdur.

17 aprel - Yaxşı havalarda hərdən binanın ətrafında  gəzişərdik. Həvəsi gələndə Məmməd keçmişə qayıdardı:

- Cavanlıqda işdən sonra və bazar günləri səni qoyub qaçardım. Həmin vaxtlarda dostlar dəniz kənarına çıxar, ədəbi mübahisələr edərdik. Bir dəfə Oruc Qoşqarlı da bizə qoşuldu və itindən söhbət saldı. Dedi ki, itimə həmişə təzə ət yedirdirəm, çimdirirəm, havaya çıxarıram və s.

 

 

Bunu eşidən Tofiq birdən əllərini göyə qaldıraraq dedi:

“-Allah, sən məni Oruc Qoşqarlının iti elə.”

Məmməd söhbətinə davam etdi:

 

 

- “Səba yeli” şeirində axırdakı bir misranı ürəyim istəyən kimi tapa bilməmişdim. “Açın, Füzulinin nəfəsidir o” misrası Tofiqin misrasıdır. O, mənə kömək elədi.

Tofiqin də “Günəşlə oynayan uşaq” şeirimdəki fikirlərlə səsləşən fikirləri varmış. Tofiq mənə bu barədə sonradan dedi. Mən ədəbiyyatın qanunlarına əməl edən şairəm və şeiri Tofiqə həsr etdim. Mirzə Ələkbər Sabirə yazdığım “Mən də insan oldum” poemamda Sabiri Şamaxı zəlzələsi adlandırmışdım. Bu fikri sonralar Tofiq öz şeirində işlətdi. Həmin deyimin birinci mənə məxsus olduğunu bildirib zarafatla dedim:

 

 

- Tofiq, səninlə heç-heçə olduq.                   

 

 

2 noyabr - Bir neçə gün bundan əvvəl Abdulla Qurbani Murovdağa döyüşçülərlə görüşə getmək söhbətini salmışdı, amma inanmırdım ki, Məmməd bu vəziyyətində  razılıq versin. Çünki həmişə vəd versə də gedə bilməzdi. Ona görə də bu söhbətə bir o qədər əhəmiyyət verməmişdim. Işdən gələn kimi dedi:

 

 

- Hazırlaş, Gəncəyə gedirik.

- Bəs demədin bazar günü gedərik?

- Yox, hava dəyişə bilər, günlər yaxşı keçir.

- Mikayıla da de, o da gəlsin, sən şeir oxuya bilmirsən, lal görüşlər olar.

 

 

Mikayılla danışdı, lakin o işi olduğu üçün gələ bilmədi və bizə də getməyi məsləhət görmədi:  - Qarışıqlıqdır, atırlar, - dedi.

Lakin Məmmədi yoldan saxlamaq mümkün olmadı. Saat 11-də yola düşdük. Dəstəmiz kiçik idi - Abdulla Qurbani, Əlirza, Məmməd, mən və sürücü Məhərrəm.

Gəncəyə çatanda Nizaminin məqbərəsini ziyarət etmək istədik, ancaq hasara alınmış, qapısı da bağlı idi.  Gəncənin icra başçısı ilə görüşdük. Gecəni  qonaq evində qaldıq. Bizə məlumat verdilər ki, bura bir vaxtlar Surət Hüseynovun quldurlarının məskəni olub.

3 noyabr - Səhər tezdən Abdulla Qurbaninin tərtib etdiyi planla əvvəl xəstəxanaya, yaralıların yanına getdik. Yaralı əsgərlərin valideynləri həyətə toplaşmışdılar. Məmməd  onlara ürək-dirək verirdi:

- Əziz balalar, mənə baxın, vəziyyətimi görürsünüz, amma sizinlə görüşə özümdə güc tapdım. Məndən nümunə götürün. Heç nəyə əyilmək olmaz, nə qədər ki, torpaqlarımız tapdaq altında, körpələrimiz gözü yaşlı, insanlarımız intiqam həsrətindədir, arxada yerimiz yoxdur...

Bilmədim, onlar Məmmədin nitqini başa düşdülər, yoxsa yox, amma maraqla qulaq asırdılar.   

Sonra Xanlara getdik. Xanların icra başçısı bizi qarşıladı. Mədəniyyət evində rayon camaatı ilə görüş keçirildi. Aparıcı Abdulla idi. Sonra Göygölə, əsgərlərin görüşünə yollandıq. Parol “Məmməd Araz” idi. Hacıkənddən bir az yuxarı qalxanda qəribə bir mənzərə gördüm. Keşikdə olan uşaqlardan biri köynəksiz oturmuş, o biri yoldaşı isə onu masaj edirdi. Görünür soyuqlamışdı. Ana qoynundan yenicə aralanmış bu uşaq dediklərim təbii ki, döyüşçülərimizdir.

Keçmiş MK-nın işçilərinin istirahət etdikləri binada indi əsgərlərlə Məmmədin  görüşü  keçirilirdi...

 

Abdulla Qurbani çıxışında söylədi:

 

- Bu istirahət evinin təşəkkür kitabı əlimə keçdi. Orada bizim “gözəl rəhbər işçilərimizin” Siranuşa çoxlu təşəkkürlərini gördüm...

Bir az kənarda əsgərlər özlərinə yemək hazırlayırdı.

Yenə də şəkillər çəkildi, yenə də Abdulla bizə onlardan birini də vermədi. Görüş başlandı, hərəsi öz şeirini oxudu. Məmməd özü oxuya bilmədiyi üçün başqaları da onun şeirlərindən oxumadı. 

 

 

Axşam Gəncəyə qonaq evinə qayıtdıq.

 

 

Səhər Murovdağa qalxdıq. Yolboyu balacaboy, arıq, cılız əsgərləri gördükcə heyrətlənirdim, yəni cavanlarımız hamısı belədir?!

Abdulla Qurbani fikrimi oxudu:

- Yox, siz düşünən kimi deyil, qamətli oğlanlarımızın əksəriyyəti vəzifəli və pullu şəxslərin cangüdənləridir.

- Vətəni qorumaq, deməli, bu cılız, balaca körpə balaların borcudur, eləmi? - soruşdum.

Maşınımız dağa dırmaşdıqca postlarda dayanır, əsgərlərlə görüşür, hal-əhval tutur, onlara can sağlığı arzulayırdıq.

Uca dağlar insanı mərdliyə, qürura, əyilməzliyə çağırır. Uçurumlar, yarğanlar isə, əksinə, vahimə yaradır. İnsan həmişə təbiətlə təmasda olmuş, gözəl mənzərələr onun qəlbini isitmişdir, Təbiət insanın ilk və son yuvasıdır. Ancaq cavanlarımız bu gözəlliklərdən zövq ala bilirmi? Zirvələr bu saat düşmənin əlindədir. Bizimkilərin əlindəki zirvədən boylanıb bizə baxan əsgərlərimizə əl edib ürəyimizdə onlara can sağlığı arzulayırıq.  Və Qurbaninin ürək ağrısı ilə təsvir etdiyi Murov faciəsini törədənləri lənətləyirik.

Dedilər ki, indi bizim dayandığımız yerdə neçə gün əvvəl  əsgər və zabitlərimizdən bir neçəsi düşmən gülləsinin qurbanı olub. Onlar hər an atəş açmağa hazırdır, ona görə də burda çox dayanmaq olmaz.  Bu görüşdə Məmmədi “Fəxri döyüşçü  adlandırdılar və bir bulağa da “Məmməd Araz” bulağı adını verdilər. Geri qayıdanda yolun kənarındakı boymadərəni qoparıb mənə verən Abdulla Qurbani:

-Gülxanım bacı, gəlişinizin yadigarı kimi bu gülü sizə bəxşiş edirəm - dedi.

Sonra da Gəncədə məskunlaşan Kəlbəcər qaçqınları ilə də görüşdük. Bir hadisə məni yaman tutdu.  Cavanlar qaçıb otaqlarından Məmmədin müxtəlif dövrlərdə çap olunmuş  kitablarını avtoqraf  yazdırmaq üçün gətirmişdilər.

Əhsən - qaçqın köçünün üstündə kitabları da yaddan çıxarmayıblar. Min əhsən.

Onlarla görüşüb geri qayıdırıq.

 

(Ardı var)

 

 

 Təzadlar .- 2013.- 21 dekabr.- S.6.