Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

 

(Əvvəli ötən saylarda)

(3-cü hissə)

 

 

 

18 noyabr - Moskvada yaşayan Nəsib Nəbi oğlu Məmmədin görüşünə gəldi. Əsli kəlbəcərli olduğu üçün söhbətlərin çoxu da  Kəlbəcərdən oldu.

Füzulu haqqında veriliş gedirdi:

- Axı Füzuli, həm də ərəb və fars dillərində də yazıb. Tərcüməsi ilə orijinalı bir gəlməz, - dedim.

- Düzdür, - təsdiqlədi Məmməd - “Şəbi hicran”ı tərcümə et görək necə edəsən. Mümkün deyil, lap Puşkin də gələ rus dilində bu tərkibi verə bilməz. Çünki hər şair şeiri öz xalqı və öz dili üçün yazıb, Füzuli də həmçinin. Heç bir tərcüməçi Füzulini olduğu kimi başqa xalqa çatdıra bilməz.

Bir də dilin zənginliyini qorumaq təkcə şairin, yazıçının vəzifəsi deyil. Onlar, düzdür, daha çox məsuliyyət daşımalıdır. Amma dilin taleyi xalqın taleyi olduğu üçün onun sərkərdəsi də xalq olmalıdır.

Bunu bir neçə dəfə həm yazmışam, həm də çıxışlarımda işlətmişəm. - İsveçrədə belə bir qanun var. O ölkənin vətəndaşı olmaq istəyirsənsə, hökmən üç il burada yaşayıb bu dili öyrənməlisən. Əgər dildən imtahan verə bilməsən səni vətəndaşlığa qəbul etmirlər. Belə olmasa ölkə öz simasını itirər.

Ədəbiyyat əslən sərhəd bilmir. Sərhəd xətti tanımayan poeziyanı tanıyıram. Amma bir iş də var, şair şeiri öz xalqı, öz dili üçün yazır, etiraf etsək də, etməsək də belədir.

Aşıq Alının “Gözlərəm səni” şeirini götürək: “Sürünərəm dizin-dizin; Yolunca gözlərəm səni; Dəryaya qan yaş tökərəm; Dolunca gözlərəm səni” Eşq həsrətini bundan səmimi, bundan obrazlı, bundan fəryadlı de görüm. Ay dedin ha!

İndi bu misraları başqa dildə orijinal səviyyədə, ona yaxın səviyyədə səsləndir görüm? Çətin, çox çətin...

Doğru deyiblər, poeziya bir dildə danışır...”

Xalqın övladı pasportunu almış sənətkarların yaradıcılığı  hava, su kimi bütün adamlar üçündür.

Şəxsiyyətlər dağlara bənzəyir. Şəxsiyyətlər də örnəkdir. İnsan cavanlığa qayıtmır, dağ çayı da dağa.

Ulduzlu gecədən heyrətlənməyən, dağ çayı ilə bulanlıq arx suyuna fərq qoymayan, bulağa adi su kimi baxanlar azmı?

Sənətkar, sənət ucalığı deyəndə ilk dəfə göz önünə dağlar, zirvələr gəlir. Günəşlə, işıqla ilk görüşən və sonuncu vidalaşan uca nöqtələrdir.

Həmişə uzaqdan görünmək, ağırlıq, təmkinlik rəmzi olmaq - çay oğullarını, bulaq gözəllərini insanlara pay göndərmək, bu, dağların ömür yoludur.Əslən poeziyaya da belə bir ömür gərəkdir.      

 

 

 

24 dekabr - “Məmməd Araz” mükafatının təqdimatına çağrılmışıq. Getmək istəməsək də məcbur idik. Hava yaman soyuq idi. Radiodan Nigar Rəfibəylinin “Ayrılıq” mahnısı oxunurdu. Yaman kövrəldim, bu mahnı məni həmişə kövrəldir. “Ayrılıqdan betər dünyada nə var” . Heç nə, Nigar xanım, indi nə sən varsan, nə də Rəsul. Zamanın qanunu ayırdı sizi. Bir belə gün bizim üçün də var... Çatdıq, göz yaşlarımı silirəm.

Mükafat təyin olunan gündən Məmməd mükafatın ilin ən yaxşı əsərlərinə verilməsinin tərəfdarı idi. Lakin H. Həsənoğlu və İ. Həbibbəyli buna razı olmamışdılar. Bu gün  S. Rüstəmxanlı və ayrı bir çıxışçı həmin bu fikri bir daha vurğuladı.

Mükafat Arif Məlikovun Məmmədin “Dağlar” şeirinə bəstələdiyi musiqiyə görə verildi. Lüzumsuz mükafatlar da çox idi.

Ağamusa Axundov çıxışında vurğuladı ki, Məmmədin şeirləri əsl fəlsəfə olduğu üçün onu təhlil etmək, haqqında fikir söyləmək çox çətindir. Bəlkə də elə buna görə Məmmədin yaradıcılığına aid məqalələr azdır. Bu fikri İ. Həbibbəyli də təsdiqlədi.

Mətin şeir oxuyanda Mikayılın gözləri sevincdən dolmuşdu.

 

 

 

Fikirlər dolanır başımda min-min,

Görən doğrudanmı oxunmur şer?

Görən doğrudanmı insan qəlbinin

İncə hisslərinə toxunmur şer?

Yaxşı şerlər oxunur, yoldaş Məmməd Araz!

 

 

 

1995

 

 

 

18 yanvar - Hansı məktəbdənsə Füzuliyə həsr olunmuş  verilişə baxırdıq:

 

 

 

- Füzuli heç Azərbaycanı görməyib, bu torpaq haqqında təsəvvürü belə olmayıb. Əksinə, Cəlil Məmmədquluzadənin  xidməti daha çox olub, onun yubileyini çox sönük keçirtdilər - deyindim.

 

Məmməd mənimlə razılaşmadı:

 

 

 

- Elə deyil, yoldaş müəllimə, özün də ədəbiyyatçısan. Füzuli bütün türk dünyasının dahi söz ustasıdır, müqayisəyə gəlməz dərəcədə böyük sənətkardır. Füzuli şeiri ürəkdə közərən məhəbbətdir. “Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm”...   Bu misranın yükü, ağırlığı dünyanın bütün dərdli adamlarının yükünü, ağırlığını çəkər. Sən bir sözdən toxunmuş sözə bax!  Bunu yalnız ilahi gücə malik zəka deyə bilərdi...

Hərdən fikirləşirəm, Füzuli haqqında dediklərim zərrənin zərrəsinin milyonda biri olmağa qadirdirmi?

 

 

“Nə yanar kimsə mənə atəşi-dildən özgə,

Nə açar kimsə qapım badi-səbadan başqa”...

 

 

Elə bil bu misralarda dağ boyda Füzuli dərdi sıxılıb bir ovuc qurğuşun olub və bu ovuc dərd nə vaxtsa, hardasa “dünyanın bir küncünə yığılmış namərdlərin başında partlayacaq”.

 

 

 

 Mən də demişəm:

Açın qapıları səba yelinə,

Açın, Füzulinin nəfəsidir o.

 

 

 

Bu, həmin səba yelidir ki, insanları əhatə edən mühitə dünyanın ab-havasını gətirir. Ancaq həmin dünya Füzuli ilə üzləşməkdən qorxur. Qorxur ki, şairin nəfəsindən od alıb yana. Beləliklə, Füzuli təklənir, tənhalaşır, tənhalaşdıqca zirvələşir, ümmanlaşır. Onun böyüklüyü ilə zaman özü görünməz olur.  Füzili ilə bağlı fikirlərimlə razısanmı? Bax, beləcə “Səba yeli” şeirim yarandı.  Füzuli Azərbaycanı görməsə də onun xalqımız üçün söz sənətini uca mərtəbələrə qaldırmaq baxımından rolu misilsizdir.

Yazıçılar müxtəlif üsullarla öz xalqına xidmət edir; onlar xalqın içindən çıxdığı üçün haqq-ədalət, doğru söz, işıqlı əməllər tərəfində olub. Bu da təbii olaraq əks cəbhələr yaradıb...- “Döymək”, “lağa qoyub gülmək”, “tövsiyə etmək” və s. yollarla xalqı qəflət yuxusundan oyatmaq istəyənlər vardır ki, Cəlil, Sabir belələrindəndir. Cavid kimi sənətkarlar isə keçmişi canlandırmaq yoluyla bu işi görüb. O cümlədən, Füzuli. Zaman isə amansız hakimdir, bütün vaxtlarda obyektivdir, dəqiqdir.

Azərbaycan şairi olmaq daha çətindir, daha ağırdır. Çünki bu xalqın klassik ədəbiyyatı heç bir müqayisəyə gəlməyəcək dərəcədə böyükdür, zəngindir.

 

 

 

Allah bizi bu nəhənglərin tənəsindən qorusun!

Allah bizi onların ittihamından saxlasın!

Bir də Allah bizi bizim özümüzdən xilas etsin!

 

 

 

Biz özümüzük sənətə, sənətkara qiymət verən də, onu qiymətsiz eləyib vaxtsız-vədəsiz küləklərə tapşıran da.

Xalqı millətin özündən alıb, öz əli ilə hərraca qoymaq...

 

 

 

Bu millətə nə verdik ki?

Kimsə qapdı ziyasını,

Kimsə pozdu sırasını.

Duzla yuduq yarasını

Xörəyinə duz vermədik

 

 

 

6 fevral - Axşam saat 9-da prezidentin müşaviri Fatma Abdullazadə, Naxçıvan Ali Məclisinin müavini Sevil xanım, Şahbuz rayon icra başçısı Telman Orucov və Fatma xanımın köməkçisi Məhərrəm Əhmədov Məmmədin görüşünə  gəldilər.

Onları Heydər Əliyev göndərmişdi. Məmmədin səhhəti ilə maraqlanırdılar. Məmməd bütün suallara “yaxşıyam” cavabı ilə kifayətlənirdi. Söhbətə mən qarışmalı oldum:

- Fatma xanım, birincisi, yaşadığı mənzilə baxın. Ikincisi, hamı sağlamdır, kitablarını çap etdirir, tərcümə etdirib özlərini xarici ölkələrdə təbliğ edirlər və sair. Məmməd isə bunların birini də görə bilmir və onunla heç bir yerdən maraqlanan da yoxdur. Deyirlər ki, parkinson xəstəliyinin dərmanı Amerikada tapılıb. Qoy  onu müalicəyə göndərsinlər.

Fatma xanım bütün bunları prezidentə çatdıracağına söz verib getdi. 

19 mart - Mart hadisələri sovuşmuşdu.  Axşam Zəlimxan Yaqub və Mikayıl Mirzə Məmmədlə görüşdükdə  dedilər:

- Xalqımızın böyük oğlu bizi bu xatadan da qurtardı.

Oturub olmuş hadisələri təhlil etdilər, dərdləşdilər. Sözarası Mikayıl “Günaybank”ın təşkilatçısı Mahmudağanın tutulduğunu söylədi:

- Gülxanım, əhd elə Mahmudağanı buraxsınlar, o, Məmmədi müalicəyə göndərər.

- Ay Mikayıl, mən Allaha yalvararam, ancaq o eşıdər-eşitməz bilmirəm.

 

 

 

Cavabıma güldülər.

Mikayıl geyinərkən deyindi:

 

- Bütün işıqları söndürürsən, Elza da belədir, mən içəri girən kimi hamısını yandırıram.

 

 

 

- Bəs nə, Mikayılın evi işıqlı olmalıdır, - dedim.

Zəlimxan Yaqub da bu iki misranı söylədi:

Yandır işığını Məmməd Arazın,

Yandır işığını, Gülxanım bacı... 

22 mart - Zəlimxan Yaqub telefon açdı:

 

 

 

- Əvvəla, Gülxanım bacı, ustada mənim salamımı yetir və sonra o iki misra böyük bir şeir oldu. “Günay” qəzetində çap olunub, alın oxuyun. Yaxşı əks-səda verib.

Allah sənə kömək olsun Zəlimxan Yaqub. Bacardıqca həmişə Məmmədi ziyarət edibsən  sevinə-sevinə şeri xatirələrimə  köçürtdüm.

 

 

 

ZƏLİMXAN  YAQUB

 

 

 

MƏMMƏD ARAZ İŞIĞI

 

 

 

Dostum Mikayıl Mirzə ilə birlikdə sevimli xalq şairimiz Məmməd Arazın Novruz bayramını təbrik etmək üçün ustadın evinə ziyarətə getmişdik. Eyvanın işığı yanmırdı. Elə bildik ki evdə yoxdular. Qapını döydük. Bizi şairin ömür-gün yoldaşı Gülxanım bacı qarşıladı. İşıqları yandırdı. İçəridə Məmməd Araz işığı ilə qarşılaşdıq.

 

 

 

Yandır işığını  Məmməd Arazın,

Yandır işığını, Gülxanım bacı!

Ürəyə köçürün, yaddaşa yazın,

Bu haqq aşığını, Gülxanım bacı!

 

 

Çağır köməyinə sən İlahini,

Qoyma bu işıqlar sönsün, sən Allah!

Qoyma göz önündə gəzən dahini

Adi bir insana dönsün, sən Allah!

 

 

 

Əlvan saraylara meydan oxuyar

Evində işığı keçən şairlər.

Sözdən hana qurar, xalı toxuyar,

Xalqın yaddaşına köçən şairlər.

 

 

 

Yandır işığını, Məmməd Arazın,

İlhamın danışan dili susmasın.

Şair ürəyində dil açan sazın

Bəmi seyrəlməsin, zili susmasın.

 

 

 

Çeşməyə, çəmənə, dərəyə, dağa,

Bir gün günəş doğar, bir gün çən gələr.

Zülmət ürəkləri nurlandırmağa

İşıq şairlərin evindən gələr!

 

 

 

Heyif, Xəlil Rza sağ olaydı kaş,

Bugünkü görüşə o da gələrdi.

Yaraşıq verərdi qardaşa qardaş,

Vurardı özünü oda gələrdi.

 

 

 

Ruhlar durulardı, təzələnərdi,

Könüllər meylənər, məzələnərdi,

Fikirlər, duyğular çözələnərdi,

Şirin xatirələr yada gələrdi.

 

 

 

Göydən endirərdik ulduzu, ayı,

Şerin işığında içərdik çayı.

Nur kimi enərdi Tanrının payı,

Yerdən də, göydən də səda gələrdi.

 

 

 

 

 

 

Yandır işığını Məmməd Arazın,

Orda Mikayıl var, Xəlil Rza var.

Sən Allah, o nuru sönməyə qoyma,

Harda  qaranlıq var, orda qəza var.

 

 

 

Qoy dünya düşməsin şair gözündən,

Dəhliz də, eyvan da, otaq da yansın.

Alsın öz odunu şair sözündən,

Masa da, qələm də, varaq da yansın.

 

 

 

Saymaqla tükənməz ağrılar, dərdlər,

Necə göynəməsin ürəklərimiz?

Ehtiyac ucundan, qayğı ucundan.

Nə qədər işıqlar söndürmüşük biz.

 

 

 

İşığı özünsən şair ömrünün,

Cəfakeş bir ömrü yaşıyan qadın.

İyirmi ildir ki, Məmməd Arazın

Alıb daş yükünü daşıyan qadın!

 

 

 

Ürəyi incəldib, ipə döndərib,

Bədəni qurudub, çöpə döndərib.

Qəlin tellərini sapa döndərib.

Bu zəhmət yüküdür, Gülxanım bacı.

 

 

 

“Atamın kitabı” kitabdı, yazdı,

“Üç oğul anası” əzabdı, yazdı,

Bağrı şiş ucunda  kabadı, yazdı,

Bu sənət yüküdür, Gülxanım bacı.

 

 

 

İşıqsan, çıraqsan Məmməd Araza,

Silahsan, yaraqsan Məmməd Araza,

Ən böyük dayaqsan Məmməd Araza,

Bu qeyrət yüküdür, Gülxanım bacı!

 

 

 

Sərt yolları sənintək

“Mərd bir qadınla keçdi.

Bütün keçilməzliyi

Sənin adınla keçdi!”

İşığı sönmədi Məmməd Arazın.

Nə özü, nə sözü,   əqidəsi

Yolundan dönmədi Məmməd Arazın!

O ki bir torpağın yazan qələmi,

O ki bir millətin yazan əlidir.

Zülmət bürüsə də bütün aləmi,

Şairin işığı sönməməlidir!

Bu işıq sayğacla ölçülməz, bacım!

Tanrı işığıdır, kiçilməz, bacım.

Baxma Məmməd Araz xərc içindədir!

Baxma Məmməd Araz borc içindədir!

Allahın əliylə yanan işıqlar

Kəhkəşan qoynunda, bürc içindədir!!!

21 mart 1995-ci il

 

 

Səhiyyə nazirliyindən Umnyaşkin zəng edib bildirdi ki, biz İzrailə, Almaniyaya və Amerikaya sorğu göndərmişik. Təkcə Almaniyadan bizə dəvət gəlib, gəlin, maraqlanın.

23 mart - Mikayılla Zəlimxan Məmmədin görüşünə gəlməli idilər. Qapını açdım, gələn Mikayılla Musa Yaqub idi. Sonradan Zəlimxan da gəldi. Əvvəlcə mənə həsr etdiyi şeirini oxudu, səmimi şeir idi. Məmmədin də xoşuna gəlmişdi. Sonra  Zəlimxan sazını dilləndirdi. Şifahi xalq ədəbiyyatından başlanan söhbət  müasir şeirlə qurtardı.

 

Məmməd də öz fikrini belə izah etdi:

 

- Mən bəzən bu xalqa kənardan baxıram. Deyirəm, görən bu xalqın nəyi var, nəyi yox, nəyi yaxşıdır, nəyi pisdir. Məsələn, Aşıq Alının sözlərinə bax:

 

 

 

Dəryaya qan yaş tökərəm,

Dolunca gözlərəm səni...

Sürünərəm dizin-dizin,

Yolunca gözlərəm səni  s.

 

 

 

Belə mənalı fikirləri, sözləri ancaq və ancaq bizim xalq deyə bilər, başqası yox. Dilin təzyiqə qarşı müqavimətini, təsirə qarşı əks təsirini heç bir şeylə müqayisə etmək olmaz.  Min illərin tufanı, isti-soyuğu ondan cüzi qəlpələr qopara bilər, ancaq dilin əsas kökü qalır. Onu saxlayan müqavimət gücünün çoxu poeziyanın payına düşür. Bu dildə nə qədər şeir formaları mövcuddur. Təkcə folkloruna  fikir verək, xalq ədəbiyyatı ilə üz-üzə oturaq. Atalar sözləri, məsəllər, zərb-məsəllər, bayatılar, holavarlar, və ya adicə sayaçı nəğmələri... Müqayisəyə sığmaz bir xəzinə. Azərbaycan dili imkanı böyük dillərdəndir.

Böyük dilləri də danmaq fikrində deyiləm. Hər dilin öz gücü, öz çaları var. Əslində pis dil yoxdur. Hər xalqa öz dili şirindir... Bu xalqın Nizamisi, Füzulisi var, bu da yaxşıdır. Ancaq fikirləşirəm ki, mənim xalqımın arasında cılızları da çoxdur.

Mikayıl Mirzə Məmmədin bu sətirlərini söylədi:

 

Bu torpaq qədimlər toranlığında,

Nadan sürüsü də kökəldib axı.

Məmməd sözünə davam etdi:

 

 

 

- Təsəvvürə gətirə bilmirəm ki, əsgər ana-bacısını qoyub qaçır. Görəsən, bizləri bu dərəcəyə gətirən nədir?..

Xəyanətkar təbəqədən, ümumi vəziyyətdən gedən söhbət bir xeyli uzandı.

Sonra Musa Yaqub Məmmədi Buynuz kəndinə - əvvəllər gəzdikləri yerləri bir də yad etməyə çağırdı.

Təəssüfləndilər ki, video götürüb çəkiliş etmədilər, bir də belə fürsət ələ düşməzdi.

24 mart - Səhiyyə Nazirliyinə gedib məsələ ilə maraqlandım, iş belə idi. Almaniyada fəaliyyət göstərən bir şirkət var. “Hisaft” adlı şirkət. Həmin şirkət 41 min dollara müalicəni boynuna götürür.

Güldüm:

- Bizim heç 41 dollarımız da yoxdur.

Fatma xanımın köməkçisi Məhərrəmə məsələni çatdırdım. O, sabah məsələni Fatma xanıma söyləyəcəyini dedi.

Televizoru açdım, kimsə çıxış edirdi. Çıxış edən belə bir ifadə işlətdi:

- Mustafa Topçubaşov məndən soruşdu ki, Qəhrəman, insanların beynində “qeyrət nöqtəsi  varmı?

“Qeyrət nöqtəsi” ifadəsi Məmmədin yaman xoşuna gəlmişdi.

3 aprel - Müalicəyə gedəcəyimiz haqqında  hələ ki, dəqiq məlumatımız yoxdur. Mikayıl   Zəlimxan xaricdə müalicəyə sərf oluna biləcək məbləğdən danışırdılar. Mən də danışığa qarışaraq fikrimi onlara çatdırdım ki, hamı o məbləğin şişirdilməsindən danışır. Deyirlər ki, sizə yalan danışırlar, o qədər pul çıxmaz.

Oxucularla Məmmədin görüşü  8 apreldən 16 aprelə keçirilmişdi. Mikayıl dedi ki,  cənab Heydər Əliyev mütləq görüşdə iştirak etmək istəyir. Amma bu saat vaxtı yoxdur. Mikayıl onu da əlavə etdi ki, prezident məktuba imza atıb, sizə 45 min dollar ayrılıb, deməli məsələ həll olunub. Sonra Mikayıl Fatma xanımla danışdı:

-  Fatma xanım, sizin sevinc payınızı mən aldım. Məmmədi səndən əvvəl mən sevindirdim. Sizin payınız flarmoniyaya qalsın.

Mətin Mirzə də gəlib onlara qoşuldu, aralarında kiçik bir ssenari hazırlayıb çəkiliş etdilər ki, yadigar qalsın.

Həmin gün  Türkiyədən bir verilişə baxırdıq. Məmməd:

- Yenə keçmiş hadisələr yenidən canlanır. Vaxtilə də türklər bizə kömək edib, qırğından qurtarıb.

4 aprel - Tofiq Mahmudla  Seçilmiş əsərlər”in ikinci cildinə şəkilləri əlavə edib qaydaya saldıq. Rejissor Vaqif yaradıcılıq gecəsinə aid  ümumi  məlumat verdi.    

-  Mikayıl və Vaqif gecəyə hazırlıqdan danışdılar... lakin fikirlər toqquşdu, mənə daha çox Mikayılın variantı xoş gəldi.

Hamı gecənin yaxşı alınmasına çalışır, çünki gecədə prezident iştirak edəcək. Qərara alındı ki, çıxışlardansa, şeirə çox yer ayırsınlar, çünki danışıqlar camaatı yorur. Məhərrəm Əhmədov xəbərdarlıq etdi ki, sabah Heydər Əliyev sizi qəbul edəcək.

8 aprel - Axşam saat 6-da Prezident aparatından ardımızca maşın gəldi. Yuxarı qalxdıq. Dəhlizdə bizi Fatma xanım qarşıladı. Məhərrəm Əhmədovun müşayəti ilə qəbul otağına  girdik. Otaqda çəkiliş üçün hər şey hazır idi. Heydər Əliyev cənabları öz otağından çıxıb Məmmədlə görüşdü və sözə başladı:   

- Çoxdan səninlə görüşmək istəyirdim. Məlumat verdilər ki, müalicən xaricdə mümkündür. Sərəncam vermişəm səni xaricə müalicəyə göndərsinlər. Elə cavanlığından  bir kənara çəkilib yazı-pozunla məşğul olmusan. Sən xalqımızın milli şüurunun oyanmasında çox böyük xidmətləri olan bir şairsən.  Sənin yaradıcılığın tədqiq olunmalıdır. “Dünya sənin, dünya mənim, dünya heç kimin”,  - bunu ancaq Məmməd Araz deyə bilər... Bunu hamı bilir ki, Mən sovet dövrünə aid olan yazıçıların üstündən xətt çəkmək istəyənlərin qəti əleyhinəyəm...

Söhbət səmimi keçdi.

Prezidenti aprelin 16-da keçirilən yaradıcılıq gecəsinə dəvət edib ayrıldıq.

Almaniyadan birinci çağırışa çatmadığımıza görə ikinci çağırışı gözləyirdik. İsa Məmmədov (Məmmədin dostu, İqtisad institutunun müəllimi) yaradıcılıq gecəsinin hazırlığına nəzarət etdiyini bildirdi:

- Fatma xanım da hər gün gəlir, baş çəkir. Gecənin aparıcısının kim olması üstündə mübahisə gedir.

Məmməd cavab verdi ki, kim olur-olsun, gecəni yaxşı aparsın.

9-16 aprel -  Demək olar ki, hər gün gecənin necə hazırlanmasından xəbər tuturduq. İsaya Məmmədin təzə yazdığı “Sənə inanıram” şeirini verib onu Nurəddin Mehdixanlıya çatdırmağı xahiş etdim.

Vaqif və İsa gecədə şeir deyən uşaqları təriflədilər.

Axşam bizə gələn Zəlimxan və Mikayıldan Türkiyə səfərlərində Məmmədi də təbliğ etdinizmi,  deyə soruşdum.

- Qoşa qanad kimi! - cavabını verdilər.   

Yaradıcılıq gecəsi yaxınlaşdıqca həyəcanımız artır. Görəsən Mehriban xanım Vəzirova gecəni  idarə edə biləcəkmi?

Müalicə ilə əlaqədar Nazirlikdən cavab gözləyirik. Hələ ki, şirkətdən bir xəbər yoxdur. Hamı deyir ki, bir kurs müalicə üçün 45 min dollar çoxdur. Fatma xanım da bunu təsdiq edir.

Artıq dəvətnamələr paylanıb. Bizə çox az dəvətnamə göndəriblər, dəvətnamə istəyənlərə nə cavab verəcəyimizi bilmirəm. Isa ilə Mikayıl gileylənirlər ki, gecənin aparıcısı hələ də bilmir ki, nəyi harada deməlidir. Nə isə...

Axşam saat 6-da  gecə başlandı. Filarmoniya adamla dolu idi. Məmməd maşından düşən kimi içəri daxil ola bilməyən adamlar onu əhatəyə alıb yalvarırdılar ki, ya bizə dəvətnamə verin, ya da içəri buraxdırın. Qalan 5-6 dəvətnaməni çantadan çıxarmağımla əlimdən çalmaları bir oldu. Dəvətnamə çatmayanlar isə Məmmədin qolundan, əlindən, ətəyindən yapışıb içəri keçdilər.

Çox gözəl bir şeir gecəsi alınmışdı. Mikayılın gur səsi, oxunan mahnılar zalı əfsunlamışdı. Gecə lentə alındığı üçün geniş  təsvir etmirəm.

Gecə qurtaran kimi H. Əliyev cənabları tədbirdə iştirak edən ziyalılarla görüşdü. Oradaca elan etdi ki, İstiqlal ordenini ilk dəfə olaraq üç nəfərə - Xəlilə, Məmmədə və Bəxtiyara verməyi qərara alıb və zənn edir ki, düzgün qərar verib.

Məmmədi arada keçmiş Kirov adına xəstəxanaya müalicəyə aparıram ki, yeriməyi az da olsa yaxşılaşsın. Bizə otaq ayrılsa da orada qalmırıq.

İndi bilet və viza dalınca getməliyəm. Türkiyə-Frankfurt  istiqamətində yalnız birinci günlər təyyarə uçur. Vizanı almaq isə yalnız 5-ci günlər mümkündür, bizim isə yalnız bir beşinci günümüz var. Tələsməliyəm, bütün çətinliklər mənim boynumadır..

4 may - Viza üçün böyük növbə olur. Gecədən adımı yazdırmışdılar. Səhər açılmamış səfirliyin qarşısında oldum. Növbədə adam çox idi. Deyəsən, gecə yatmamışdılar. Səhər yeni siyahı tərtib etməyə başladılar. 53-cü adam oldum. Xəbərdar etdilər ki, səfir cəmi 60 nəfər qəbul edəcəkdir. Dalaşanlara, bir-birini itələyənlərə, səs salanlara fağır-fağır baxıram, fikirləşirəm, mən belə vəziyyətdə içəri girə bilərəmmi? Gecə növbə tutanlarla gündüz növbəyə yazılanlar arasında  ölüm-dirim” mübarizəsi gedirdi. Hələ iki arvad saçlaşdı da. Mən itələnə-itələnə lap arxaya keçirildim. Birdən qızım Şəlalənin adını oxudular, tez irəli keçdim ki, mənəm. Qapının ağzında duranlar əllərimdən tutub məni içəri dartır, o biriləri isə geri itələyirdilər. Ayağımdan dartılıb ayaqqabı da düşdü. Bir təhər məni içəri keçirtdilər, ayaqqabımı da tapıb verdilər. İndi  içəridə oturub qəbulu gözləyirəm. Eyni zamanda çöldəki hay-haraydan qurtardığıma sevinirəm.

İndi də alman səfirinin işçisi başladı məni cək-cevirə salmağa. Tərcüməçi qıza dedim ki, bizim vaxtımız çox azdır, müalicəyə geçikirik, ayın 10-da biz mütləq xəstəxanada olmalıyıq. Vizanı versin gedək.

Alman deyinməyə başladı:

- Şeirlərində  rusları alqışlayıb, onları tərənnüm edib, indi də getsin rusiyada müalicə alsın.

Yenidən qıza müraciət etdim:

- Birincisi, o cənaba bildir ki, əgər şeirlərində keçmiş partiyanı tərifləsəydi təzyiqlərə məruz qalıb xəstələnməzdi. Haqsız incidilib ki, xəstələnib. Onu da bildir ki, Moskvada dəfələrlə müalicə olunub. İkincisi, kefinə düşüb ki, Almaniyada müalicə olunsun. Bu cənab niyə istəmir ki, onun dövlətinə xeyir verək?!

Alman güldü, pasportumu götürdü, Məmmədin pasportunu yenidən qaytardı ki, imzası yoxdur. Maşını sürətlə evə sürdürdüm, Məmməd imzasını atdıqdan sonra geri qayıtdıq. İndi də ayrı bir səbəb çıxdı, ki, siz Azərbaycan vətəndaşı olduğunuzu təsdiq edən möhürü vurdurmamısınız. Aman allah, bu nə iş idi mən düşdüm? Bu dəfə maşını sürdürdüm möhür vurulan yerə. Nə yaxşı orada işləyən uşaqlar hər işi on dəqiqəyə qurtardılar. Haydı geriyə, Məhərrəm (Məhərrəm sürücümüzdür).

Nəhayət, o cənab sənədləri qəbul etdi, gəlib ikinci gün götürərsiniz söylədi. Evə çox yorğun qayıtdım, zarafata keçdim: - “Halıma yanan gərək məni belə görəndə” - mahnının sözlərini azca dəyişib oxudum.

Məmməd güldü:

- Onsuz da bəhanə axtarıram ki, getməyəm.    

5-7 may - O başa, bu başa bilet alınmışdı. Mayın 10-na  təyyarə olmadığına görə bileti 8-nə almışdıq.  İki gün tez gedirdik. Nazirlik şirkəti xəbərdar etmişdi.

 Səhər yerimdən qalxa bilmədim, deyəsən, xəstələnmişəm.

- Məmməd, özün-özünə xidmət eləməli olacaqsan, başım ağrayır, dərman içim, görüm keçirmi?Axşama qədər yerimdən qalxa bilmədim. Adi çayı da içə bilmirdim, öskürək məni boğurdu. Bütün günü yatdım. Qəribə xəstəlik idi, taqətimi kəsmişdi. Uşaqları xəbərdar etməyə məcbur oldum. Bilet alınmışdı.

- Səhərisi vəziyyətim bir az da pisləşib. Ac qarına dərmanları qəbul etdiyimə görə mədəm də ağrıdı.

Aqil zarafata başladı:

- Xala, sən allah, bu saat ölmə, bu bir şansdı əlinizə düşüb. Gedin, əmi müalicə olunsun, qayıdıb gələndən sonra ölərsən.Canımın hayında idim, zarafata halım yox idi. Uşaqların və Məmmədin gözü məndə qalmışdı. Sabaha az qalır, Allah kərimdi.

 

 

 

(Ardı var)

“Təzadlar”

Təzadlar.- 2013.- 24 dekabr.- S.12-13.