Məmməd Arazı Gülxanım Fətəliqızının
“Ömürdən yarpaqlar”ında axtarın
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox mətləblərin açarıdır...
“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:
(Əvvəli ötən saylarda)
8 may - Özümü güclə ələ alıb ayaq üstə dayanmağa çalışıram. Elə bil gözə gəlmişəm. Yol üstdə bu nə xəstəlikdi? Yolda birdən əhvalım pisləşər, qorxuram. Dövlət televiziyasından Esmira Çərkəz qızı gəlib çəkiliş etdi. İsa dostu Hacını çağırıb gələcək film üçün çəkdirirdi. Nəvələrim, balalarım, rejissor Vaqif, bir sözlə hamı yığışmışdı. Hava limanında Cəfər qardaş öz adamları ilə dayanmışdı. Səhiyyə nazirliyinin nümayəndəsi də orada idi. Çox təntənəli şəkildə yola salındıq.
Biletimiz ikinci salona idi, amma bizi birinci salonda yerləşdirdilər. Qəribə bir vəziyyətdə idim, nəfəs ala bilmirdim, özüm halsız, Məmməd isə yeriyə, danışa bilməyən bir adam, qərib ölkə... Kərəmi burda ağlamaq tutur...
Məmməd baxışlarını məndən ayırmırdı. Sinəm xışıldayır, öskürürdüm. Məmməd baxanda isə özümü gümrah göstərməyə çalışırdım.
Hələ hava limanında ikən bizi Frankfurtda yaşayan Məhəmməd adlı bir cənublu qardaşla tanış etmişdilər. O, bizə söz vermişdi ki, heç bir çətinlik çəkməyəcəksiniz, hər cür köməklik göstərəcəyəm. Təyyarədə də bir neçə dəfə yanımıza gələrək əhvalımızı xəbər almışdı. Qəriblikdə ona bir arxa kimi baxmağa başlamışdıq.
Frankfurtun səması buludlu, yağışlı idi. Çıxacağa qədər uzun bir yol getməli idik. Bir xeyli yolu Məmmədi və yükü bir təhər bizim təyyarə bələdçilərimizin köməyi ilə aparmışdıq ki, xəstə üçün əl arabasını çatdırdılar və bizi gözləmədiyimiz üçün danladılar. Əl arabasını sürən türk qızı idi. Məhəmməd yenə də bizə bir neçə dəfə yanaşdı və bizi arxayınlaşdırdı.
Çıxacaqda iri hərflərlə yazılmış plakat gördüm:
Qospadin İbraqimov
Qospaja İbraqimova
Yaxınlaşıb özümüzü təqdim etdim. Məhəmməd bizdən arxayın olduqdan sonra özünün telefon kartını verib getdi, yenidən səhrada tək qalmış adamlara bənzədik.
Təbii ki, səfirliyin işçiləri bir xalq şairi kimi Məmmədi qarşılamalı idi, lakin bu, baş vermədi, nə səfiri gördük, nə də işçilərini.
Xeyli keçəndən sonra maşını lap yaxına gətirib bizi mindirdilər. Xəstəxana yerləşən şəhərə 400-500 km-dən çox yol getməli idik. Hətta yolda tıxaca da düşdük. Iki saata yaxın yolun açılmasını gözlədik. Bekarçılıqdan sürücüyə suallar verməyə başladım:
- Almansınız?
- Xeyir,
rusam, iki ildir gəlmişəm, adım Aleksandrdır.
- Ailəliklə gəlmisiniz?
- Tək gəlmişəm. Burada almanla evlənmişəm, həkiməm. Frankfurtda yaşayıram. Şirkətdə vəzifəm keçmiş SSRİ məkanından gələn xəstələri qarşılayıb Almaniyanın müxtəlif xəstəxanalarına aparmaqdır.
- Yəqin yaxşı maaş alırsınız ki, öz maşınınızla xəstələri aparırsınız.
- Pis qazanmıram.
Yol açıldı, sürücü öz işi ilə məşğul oldu, biz də öz aləmimizdəyik. Yol boyu səliqə, yaşıllıq, meşə, təmizlik...
Gecə yarısı pansiona çatdıq. Orada bizi Nelli İvanovna adlı bir qadına təhvil verib Aleksandr getdi. Noyştatda ilk gecəmizin qalan hissəsini rahat yatdıq.
9 may - Nelli İvanovna səhər tezdən otağımıza keçib bizi salamladı. Əhvalımızla maraqlandı və yemək otağına apardı. Mən pansionda qalmalı oldum. Tərcüməçimiz də gəldi və özünü təqdim etdi:
- Mariya Ştab.
Sonra baş həkimə məlumat vermək üçün xəstəliyin tarixi, Məmmədin aldığı müalicələr, içdiyi dərmanlar, hazırki əhvalı barədə maraqlandı. Məmmədin danışığını başa düşməyəndə məndən soruşurdu. Sən demə mən rus dilini ağıllı-başlı “bilirmişəm”.
Pansionda ancaq səhər yeməyi olur. Qalan vaxtı
isə biz ayrı yerdə yeməli idik. Günorta
toyuq gətirdilər. O qədər istiot səpilmişdi
ki, bir toyuqdan ancaq 5-6 tikə yeyə bildik. Axşama
isə “pizza” gətirdilər ki, mən ödümə
görə yeyə bilmədim. Birini yedik,
2-sini isə pansionun sahibi qospadin Maya bağışladıq.
Məmməd elə təyyarədə
hey deyirdi ki, “9 may” qələbə gününə
düşdük, almanlar bizə pis baxacaqlar. Amma elə
bir davranış hiss etmədik.
10 may -
İki gün pansionda qaldıqdan sonra Məmmədi xəstəxanada
yerləşdirmək üçün Mariya əlil arabası
ilə gəldi. Məmmədi əlil
arabasına mindirib lazım olan əşyaları
götürdüm. Yol yoxuş olduğu
üçün nəfəsim təngiyir, öskürəyim
çoxalırdı. Xəstəliyim hələ
də davam edirdi. Mariya dayanır, məni
gözləyir, yenidən yoluna davam edirdi. Piyada
getdikcə ətrafda olan səliqə də gözümdən
qaçmırdı. Bizdəki kimi orta əsrlərə
qayıdış həsrətilə ucaldılan həyətyanı
hasarlar gözümə dəymirdi. Baxçanın ətrafı
ot və gül-çiçək. Heç kimin könlündən baxçaya girmək,
ya da gül dərmək keçmir.
Xəstəxana əsəb xəstəliklərinə
aiddir. Çox qəribə tikilişi var, onlarda birinci mərtəbə
anlayışı yoxdur, ikinci mərtəbə birinci
sayılır. Məmmədi 1-ci, bizim
anlayışımızda 2-ci mərtəbənin 102-ci palatasında yerləşdirdilər.
Qəbul edən bir alban qızı idi. Tək-tək türk sözləri də işlədirdi.
Axşam Məmməd darıxsa da pansiona qayıtmağa məcbur
idim.
11 may - Pəncərəni
açıq qoyub yatmışdım. Çöl qapıları şüşəli, pəncərələri
dəmir barmaqsızdır.
Quşların səsinə yuxudan oyandım. Burda saat 7-dir.
Səhər yeməyi üçün mətbəxə
keçdim. Saat 8-də Məmmədin
yanına getdim. Kefsiz oturmuşdu, gözaltı
baxdım, varağın qırağına yazmışdı:
Axır
ki, təkliyə öyrətdim səni,
Onsuz da, nə vaxtsa öyrədəcəkdim.
Sualla dolu
baxışıma cavab verdi:
- Gecəni
pis yatmışam, səni fikirləşmişəm, tək
qalmısan, qorxarsan. Səhərə yaxın
yatdım.
- Məmməd,
gəlmişik ki, müalicə olunasan. Eybi yox,
mən bütün əzablara dözərəm, təki sən
sağalasan.
Məmmədlə otaqda cavan bir alman yatırdı. Otaqlar qəribə
qurulmuşdu, xəstələr uzananda bir-birini
görmürdülər. Alman təəssüflənirdi
ki, türk və ya rus dilini bilmir, şairlə maraqlı
söhbətlər edərdi. Bütün
bunları bizə Mariya tərcümə edirdi və edəcəkdi.
Həkimlər məsləhət üçün bir yerə
yığışdılar. Qəbul edilən dərmanların
əvəzinə, özlərinin hazırladıqları dərmanları
verdilər. Bir neçə gün
müşahidə edəcəklərini dedilər.
Məmməd
gileyləndi ki,
mənə bir ağ həb verirlər, o məni
halsızlaşdırır, durmağa taqətim qalmır. Çaşıb qalmışdım, bilmirdim ona nə
cavab verim.
Ümumiyyətlə, xəstəxana iflic adamlara aid idi. Niyə
Əli İnsanovun bizə buranı məsləhət
gördüyünü hələ də başa
düşmürəm.
Stepan adlı bir nəfər bizə təhkim
olunmuşdu. Stepan həkimlərlə danışdıqdan sonra həftədə
iki dəfə Məmmədə baş çəkəcəyini
söylədi.
12 may- Səhər
yavaş-yavaş üzüyuxarı xəstəxanaya tərəf
addımlayıram. Yəqin Mariya da gəlmiş
olar, fikirləşirəm. Otaqdakıları onların
dili ilə salamlayıram:
“Quten”.
Məmmədə idmanla müalicə yazıblar. Həkim deyir
ki, xəstələrin çoxunu belə müalicə edirik.
Baxıram, rəngi qaçıb, çox zəifləyib.
Yenə də şikayətləndi ki, sən
yanımda qalmırsan, Stepan sənə də yanımda
çarpayı tələb etsin.
Stepana
dedim, o da söylədi ki, baş həkimə deyərəm,
ancaq çətin ki, onlar qanunlarını pozsunlar.
Bütün xəstələr özləri ilə
çoxlu paltar götürüblər. Xəstəxana
paltar vermirdi, mən də öz qanunumuzla hərəkət
edib çox paltar və pijama götürməmişdim.
Mariya ərinə deyəcək, o, məni
özlərinin yaşadığı Şvaynfurta aparacaq.
Mariya hər gün Şvaynfurtdan Noyştata gəlir.
Yaxşı maşın sürür.
Hayıf, alman
doğulmadım, mən də belə maşın sürərdim,
- ürəyimdən keçirirəm.
Dolları verdim ki, markaya dəyişsin, çünki
burada heç bir yerdə dollar işləmir. Mariya saat 3-də
getdi. Qaldıq dillərini bilmədiyimiz
almanlarla.
Axşam pansiona qayıdıram, Məmməd pəncərədən
boylanıb nəzərləri ilə məni yola salır. Bir-birimizə
əl edirik.
Tez çatmamaq üçün yavaş
addımlayıram, təmiz hava öskürəyimi azaldır. Çatan kimi telefon səslənir:
-
Çatdınmı?
- Hə, əzizim,
şirin yuxular, narahat olma, uzan, rahatlan.
- Səhər
tez gəl, darıxıram.
-
Yaxşı, darıxma.
Televizoru açıb 32 kanalı bir-bir çevirirəm. Başa
düşməsəm də hindulara və heyvanlar aləminə
aid verilişlərə baxıram.
13 may - Səhər yenə
quşların cəh-cəhinə qulaq asa-asa, yemişan
çiçəklərinin ətrini ciyərlərimə
çəkə-çəkə hospitala yollanıram. Ta yolda
dayanıb çox öskürmürəm. Bir az
gecikdiyimə görə Məmməd nigarandır. Mariya yoldaşı Volodiyanı da gətirib.
Mariya dedi:
-
Hazırlaş, Volodiya səni gözləyir.
-
Çox gecikmə - dedi Məmməd.
Mariyanın
yoldaşı çox mehriban bir adam idi.
Şvaynfurta çatanda Volodiya amerkanların
yaşadığı ərazini göstərdi.
Soruşdum:
-
Amerkanlar qoşunlarını hələ də
çıxarmayıblar?
- Yox, əksinə,
çoxaldıblar.
- Yerlilər
sizinlə necə dolanırlar?
- Yerli
almanlarla rusiyadan qayıdan almanlar arasında bir neçə dəfə
toqquşma olub, möhkəm savaşıblar. Indi-indi
uyğunlaşırlar.
Şvaynfurtun küçələrində rus və
türk dilindən başqa dil eşitmədim. Qazaxıstandan
gələn almanları ən çox bu şəhərdə
yerləşdiriblər.
Lazımı şeyləri alıb geri qayıtdım.
Məmmədin titrəyişi çoxaldığı
üçün Mariya onu idmana apara bilməmişdi. Qanımız
yaman qaralmışdı. Həkimlər isə
müşahidələrini davam etdirirdi.
14 may -
Bazar günü olduğu üçün Mariya gəlməyəcək.
Dilbilməzlər arasında lal kimi
qalmışıq. Qoy onda palataların və
hospitalın quruluşunu təsvir edim:
102 saylı palataya içəri girəndə hər iki
tərəf üçün ayrılıqda hamam və tualet
var. Sonra salon, salonun sağ tərəfində iki nəfərlik,
sol tərəfində iki nəfərlik palatadır. Palatalarda hər
xəstə üçün böyük dolab var. Xəstələr
özləri ilə bərabər çoxlu paltar gətirir.
Mən də xeyli paltar aldım. Xəstələrə qiymətli əşya və
pul üçün xüsusi seyf verirlər. Salonda televizor qoyulub, divanda oturub baxa bilərsən.
Məmmədlə bir palatada qalan cavanı
işarə ilə başa salıram ki, mənə Türkiyəni
tutmağı öyrətsin. Türk dilini
bilən Alban qızı da yoxa çıxıb.
Bunların yeməyini yeyə bilmirəm. Bir həftə keçməsinə
baxmayaraq yanımıza heç kim gəlməyib.
Bərk darıxırıq. Nəvələr
üçün burnumuzun ucu göynəyir.
Axşam yenə də pəncərədən boylanan Məmmədin
intizar və narahatlıqla dolu baxışları məni yola
salır.
- Narahat olma, əzizim.
15 may - Həmişəki
kimi yenə quşların nəğməsi, qospaja Mayın səhər
çayı, həmin yol, təmiz hava, yemişan
ağacının ağ çiçəkləri...
Mariya tezdən gəlib. O, Qazaxıstanda
alman dili müəllimi işləyib. Almaniyada
isə müəllim işləmək üçün təzədən
imtahan verməlidir. Bir oğlu, bir
qızı var, deyir evdə rus dilində
danışırıq. Yavaş-yavaş Məmmədin
danışığını başa düşür.
Hələlik həkimlərin dəqiq bir
müalicəsi yoxdur. “Qud”, “qud” edib gedirlər.
Noyştatın qəribə havası var. Bizim Quba kimi
bir gündə bir neçə dəfə yağış
yağır, sonra gün çıxır. Bütün
günü pəncərə qarşısında oturub kilsə
zənglərinə qulaq asır, kollarda yuva qurmağa yer
axtaran bülbüllərə baxıram. Axşam
isə Məmməd pəncərədən, mən həyətdən
əl edib yola buruluram.
Çatan kimi Məmmədin zəngi, mənim isə
narahat olma, çatdım deməyim.
16 may-
“Morqen” - deyə otaqdakıları salamlayıram.
O biri
palatada 2 metr hündürlükdə bir cavandı, ayrı
adı var, ancaq mən onu Hans
çağırıram. Mariya gülür, oğlan da
gülür, ancaq Hans
çağırmağıma etiraz eləmir. Məmməd
əlil arabasında gəzməyində davam edir.
Bu gün
həkimlər parkinson xəstələri
bir yerə yığmışdı. Cəmi 6 parkinson
xəstə var. 2 qadın, 4 kişi. Aralarında
ən ağırı Məmməddir.
Stepan şefi çağırıb Məmmədin
müalicəsi ilə maraqlandı.
Şefin
sözləri:
- Xəstə
gərək özünü ələ alsın, inam
yaratsın. Sən adi adamlardan deyilsən, sən Her İbrahimovsan. Buranın gözəl mənzərəsi
var, özünü ələ ala bilsən,
yaradıcılıqla da məşğul ola
bilərsən və olmalısan da. Sizin beyninizdə
xəstəliklə bağlı heç bir dəyişiklik yoxdur.
Bir az yaxşılaş, mən səni ailəmlə
də tanış edəcəyəm. O ki qaldı Stepanın
xahişinə, bizdə bütün çarpayılar
hesabdadır. Növbəyə duranlar
çoxdur. Əvvəlcədən xəbər
verilsəydi, bəlkə mümkün olardı. Mən istəsəm belə mümkün deyil.
Müalicə üçün günləri
heç olmasa iki həftə artırmaq lazımdır.
Xına rəngində bir dərmanın verildiyini, ancaq
onu içmədiyini söylədi Məmməd,
çünki dərman onu lap taqətdən salır.
Məmmədin nigaran baxışları gecə də məni
narahat edir.
17-19 may - Pansionda ilk
günlər Kalininqraddan gələn bir həkim və bir rus
qadın vardı. Ürəyinə görə ərini
əməliyyata gətirmişdi. Onu
hospitalın yanındakı sanatoriyada yerləşdirmişdilər. Heç olmasa onunla
söhbətləşir, lallıqdan yaxa qurtarırdım.
Vaxtaşırı
almanların bayramları olur. Mariya da bu
bayramların səbəbini bilmir. Maraqlı
bir tibb qardaşı var. Mariya deyir ki, o, alman deyil, ləhcə
ilə danışır. Tez-tez Məmmədin yanına
gəlir, müxtəlif kitablar gətirir, hətta 47-48-ci illərdə
çap olunmuş rus-alman lüğətini də gətirib
Məmmədə verdi. Çay
gətirir, axşam yeməyinə aparır, bir sözlə,
yaxşı xidmət edir. Bizə hamı
rus deyir, biz başa salırıq ki, azərbaycanlıyıq,
faydası yoxdur.
Məmmədi çimdirdim, özüm isə möhkəm
islandım, corablarımı güclə quruduram. Yeməklərini
yeyə bilmədiyimə görə, demək olar ki, acam.
Amma yaxşı salatları olur.
Hələ ki, oralarda yaşayan azərbaycanlıların
ləpirini görmürük. Və səfirimiz də
bizimlə əlaqə saxlamayıb.
Qaldığım otağın pəncərəsindən
bu balaca qəsəbənin yamyaşıl, təmiz
küçələrinə, güllü balkonlarına
baxıram. Hava çox təmizdir. Qəsəbə ikimərtəbəli binalardan ibarətdir.
Binaların üstü qırmızı kirəmitlə
örtülüdür. Yuxudan
quşların səsinə oyanıram. O qədər bülbül
var ki, elə bil bütün dünyanın qaraquşları
da buraya toplaşıb
Hospitala
gedirəm:
- Morqen -
salamlayıram.
- Hə, əzizim,
necəsən?
-
Yaxşı deyiləm.
- Fikir eləmə,
yaxşılaşacaqsan, hələ təzə müalicəyə
başlayıblar - onu dilə tuturam.
20 may -
Narın yağış yağır. Belə
havada gəzməyi xoşlayıram. Amma yad bir ölkədə,
qəriblikdə, xəstəmlə üzbəüzəm...
Beləcə, ürəyimlə
danışa-danışa hospitala çatıram. Məmmədlə
qalan oğlanın ayağı burxulub, o da əl arabasında
gəzir. O biri palatanın sahibi olan kişi bütün
günü divanda oturub mürgü vurur, amma mən kanalı Türkiyəyə
keçirən kimi xəbər tutur, durur, təzədən
alman kanalına keçirib mürgü döyməyini davam
etdirir, bir-birimizlə “yola
getmirik”.
6-cı gün olduğuna görə Mariya gəlməyib.
Almanların
giriş adlandırdıqları mərtəbənin yuxarı
küncündə İsanın çarmıxa çəkilmiş heykəli, yanında da müqəddəs Mariyanın
ikonası var. Hər həftənin (hansı günü
yadımda deyil) bir günü xəstələr keşişlə
birlikdə dua oxuyurlar.
Şənbə, bazar günləri xəstələrin
yanına çoxlu adamlar gəlir. Biz isə “yetimliyimizi” hiss edirik.
Almaniyada yaşayan azərbaycanlılara ümidim çox idi, amma vəziyyət
düşündüyüm kimi olmadı.
Məmmədi yavaş-yavaş gəzdirirəm,
ayaqları açılmağa başlayıb.
21-23 may - Qəriblik...Bazar
günü olduğuna görə tək qalmışıq. Gündə iki dəfə dəhlizdə Məmmədi
gəzdirirəm. Döşənmiş fərş
damalıdır. Məmmədə deyirəm,
bax, hər ayağını damalara qoyaraq addımla. Çalışır, amma çox vaxt
alınmır.
Əzimi
adlı bir türklə tanış
olmuşuq. O da müalicə olunur. Deyir ki, əlim
zəif işləyir. Yaşayışı ilə
maraqlandıq:
-
Eşimlə əl-ələ verib dolanırıq. Vətəndə evim var, ora ilə əlaqəni kəsməmişik.
Övladlarım burada oxuyur, özümüz də
işləyirik.
Əzimi
bizi görəndə ilk sözü bu olur:
-İyimisiz?
Səhər xəstələrə
baxan ayrı bir həkim idi. Bir xeyli müayinədən sonra dərmanların
qəbul qaydasını dəyişdi. Mariya bizə
söylədi ki, “ergoterapiya” müalicə üsulunu
yazıblar, görək bu nə deməkdir, səhər
baxarıq.
Bakıdan Cəfər qardaşın səsini
eşitdik:
-
Bacı, necəsiniz? Mirzə Xəzər sizinlə
əlaqə saxladımı?
- Yox,
qardaş, heç bir Xəzərin ləpirini görməmişik.
Frankfurta,
Məhəmmədə zəng etdik:
- Məhəmməd,
xəstəxanada vaxtımız iyunun 6-da qurtarır, biletimiz
isə 12 iyunadır. Orada - sizin yanınızda qala bilərikmi?
- Məmmədə
bizim canımız qurban, lap bir il də
qala bilərsiniz. Təki bəndələr
şairimizə xidmət etsin.
Məhəmməddən arxayın olduq.
- Səhər
yenə də Məmmədi kefsiz gördüm. Masaya
boylandım. Bir misra vardı:
İlahi,
bu xalqın mən boyda şairi yetim...
Misra məni tutmuşdu.
Almaniyada yaşayan azərbaycanlılar bilirlər ki, Məmməd
burada müalicədədir...
Hətta
səfirimizdən belə bir soraq yox idi...
Nə
olub, Məmməd, həmişə mənə deyirsən ki,
təntimə, özünü itirmə, indi özün belə
pərt oturubsan... Səni belə
pərt görəndə mən də özümə
gələ bilmirəm. Sən ki özün yazmısan:
Hələ
ömrümüzün nə yazı olub,
Hələ bu dünyada nə yaşamışıq.
Bizim payımıza
çatası olub,
Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə
ki, ömrümüz keçdi yarıdan,
Biz yenə
ümidli günlər
yarıyıq.
Biz ki gələcəyə
inam sarıdan
Dünyanın
ən varlı adamlarıyıq!..
Zarafat etsəm
də Məmmədin qaş-qabağı
açılmadı...
Nəhayət ki, səfirimiz Hüseynağa Sadıqov gələcəyini
bildirdi. Həkimlər daha da fəallaşdılar. Məmmədi çimdirdim.
Mariya tez-tez Qazaxıstanı yada salır. Axşam yenə
də bərk yağış yağmağa başladı.
Qaça-qaça pansiona çatdım. Möhkəm islanmışdım.
İlahi, deyirəm, sən mənim əziyyətimi
heç eləmə, hər şey əlindədir.
24 may - Səfirimiz
Hüseynağa Sadıqov köməkçisi ilə gəldi.
Əvvəlcə baş həkimlə
görüşdü, sonra Məmmədin yanına keçdi.
Baş həkim də gəldi.
Azərbaycanca danışırdıq. Şef Zamland Mariyadan
soruşdu:
- Bunlar
hansı dildə danışırlar? Nə gözəl
dildir, elə bil musiqi səslənir, hayıf mən
onların dilini bilmirəm, başa düşmürəm...
Səfir
dilləndi:
- Bizim
dilimiz əsil poeziya dilidir.
Məmməd
əlavə etdi:
- Mən Heynedən tərcümələr
etmişəm.
Sonra
Zamland söhbəti yekunlaşdırdı:
- Hələ
ki, her İbrahimovun
xəstəliyinin dərmanı tapılmayıb,
biz çalışırıq ki, inkişafın
qarşısını alaq, yüngülləşdirək. 4 həftə müalicə üçün
azdır, vaxtı uzatmaq, 7 həftə etmək
lazımdır.
Məmməd
müalicə günlərinin artırılmasına
razılıq vermədi:
- Ölkənin
bu qədər qaçqını olan bir vaxtda dövlətdən
təzədən dollar istəyə bilmərəm, fikrim qətidir.
Səfirə
gileyləndim:
-
Hüseynağa müəllim, mən mətbuatda oxumuşam
ki, erməni şairəsi Silva xaricə gedəndə xaricdə
yaşayan ermənilər onun oturduğu maşını
çiyinlərində aparıblar. Ancaq Məmməd kimi bir şairin
görüşünə gələn azərbaycanlı
görmədik.
- Vallah, mən
neçə kultur cəmiyyətinə xəbər
vermişəm. Siz deyirsiniz ki, heç birini
görməmisiniz. Bəli, görə də
bilməzsiniz. Bunlar bir-birilə didişən
tayfalardır. Erməni diasporuna çatmaq üçün
bizimkilərə bir əsr lazımdır.
- Bəlkə
birliyimizə aid təbliğatımız azdır?
- O da
yoxdur - dedi səfir.
Məmməd
sözə qarışdı:
- Bizimkilərə
pul göstərdin, hər şey yaddan çıxar.
25-26 may -
Səhər yenə hospitala tələsdim. Mariya
Məmmədə bir bloknot gətirmişdi.
Axır
ki, təkliyə öyrətdim səni,
Onsuz da nə
vaxtsa öyrədəcəkdim -
misralarını ora köçürmüş, Mikayıla aid bir misra da
yazmışdı:
Uzaq Alman torpağından Mikayıl Mirzəyə məktub.
Sevindim, bəlkə
işləməyə başlayacaq...
Evdən Şəlalə zəng etmişdi. Dedim ki, səfirimiz gəlmişdi.
Məmmədi artıq hospitalın həyətində gəzdirirəm.
Hava və ətrafdan ləzzət almaq üçün
lap asta addım atsam da hospitala tez çatdım. Məmməd
səhər yeməyindən gəlməmişdi. Palina otağı təmizləyirdi. O da Qazaxıstan almanlarından idi. Mariya gecikmişdi. Məmmədi
nahardan gətirdim. Indi dərmanları hissə-hissə,
iki saatdan bir verirlər ki, titrəməsi azalsın. Axşam üçümüz yenə həyətdə
gəzdik. Otaqda Məmmədə alma
yedirdirdim, şef gəlib xeyli danışdı, gördü
ki, başa düşmürəm, almanı göstərib
“apfel” dedi və çıxıb getdi.
27-may -
Artıq üçüncü həftə bitmək üzrədir.
Məmmədi gəzdirəndə almanlar yaman
maraqla baxırlar.
Qəribə
tikintidir, birinci mərtəbə
adlandırdığımız salonda şaxəli bir ağac
var. Şef dedi ki, həmin ağacı kəsməmək
üçün tikintinin planını yenidən işlədik. Yaşıllıq
içində yaşıllıq. Aşağı
mərtəbələrdə damların üstündə
gül əkiblər. 6-cı mərtəbədə qışda da xəstələr
yaşıllıq içində olsun deyə üstü
örtülü bağ düzəldiblər. Adam
paxıllıq edir, - gör necə xəstənin qeydinə
qalırlar...
Təkcə xəstəninmi? Həm də ağacların! Bizim
düşmən münasibəti göstərdiyimiz ağacların!
Gülürəm, buranı versinlər bizə,
qoymarıq bir həftədən sonra burda bir ağac
qalsın.
Səhər açılanda bərk duman idi. Amma saat 8-dən
sonra duman çəkildi, gün çıxdı. Pəncərədən
gözəl mənzərə açılır. Yenə də yeməkxananın qapısı
ağzında oturub Məmmədin çıxmasını
gözləyirəm. Peşəm axşama qədər qüşların
nəğməsinə qulaq asmaqdır. Bu nəğmələr
məni tək buraxmır. Nə olardı,
Allah, kaş insanlara da belə nəğmə oxudaydın Dillərini
bilsəydim quşlardan nə oxuduqlarını öyrənər,
quş dili mütəxəssisi olardım. Nəsimi necə
deyir:
“Bu quş dilidir, təkcə Süleyman bilir ancaq!”
Süleyman peyğəmbərə
paxıllığım tutur.
Yeməklərini yeyə bilmədiyim üçün
pendir-çörək, bulka və kolbasa ilə dolanıram.
Ərləri hospitalda olan iki alman
qadını da mən olan pansionda qalırlar. Ərləri iflicdir.
Kişilər Məmmədi görən
kimi əl edib öz hörmətlərini bildirirlər. Hərdən Polinanı söhbətə tutub
saxlayıram. Amma tez qaçır ki, oy, məni
danlayacaqlar.
29 may
-Yerimdən qalxmaq istəmirdim, nə isə özümdə
deyildim. Məmmədi tutan xəstəliyə lənət
oxudum. Höspitalda da Məmmədin
narazı sifətini gördüm. Indi dərmanların
dozasını çoxaltmışdılar. Hələ ki, müşahidə ilə məşğuldurlar.
Mariya ilə dərdləşirəm. Sabah yenə bəzi lazımı şeyləri almaq
üçün Mariyanın qardaşı arvadı ilə
Şvaynfurta gedəcəyəm.
Axşam Zamland Məmmədə baxmağa gəldi,
öz dilində danışdı. Məmmədin əllərini
tutdu, kürəyinə vurdu, zarafatlaşdı. Gül
buketini göstərib “blümen” dedi, getdi.
30 may -
Hava yenə də Quba havası idi, dumanlı və
yağışlı. Bufetə keçdim.
Telefon çaldı, çatmadım.
Ikinci dəfə çaldı, telefonu götürdüm:
-
Gülxanım, yağış kəsənə kimi gəlmə,
Mariya burdadır.
Pəncərəni açıb yağışa
baxıram. Elə bilirəm ürəyimə yağır.
Deyəsən, kəsənə oxşamır.
Darıxdım, bilirəm, gəlmə desə də ürəkdən
demir. Qaçmalı idim ki, islanmayım, amma
çatana möhkəm islanmışdım. Çətir gəzdirməyi xoşlamazdım, indi
isə onun cəzasını çəkirəm. Məmməd də yaman əsəbi
görünürdü. Mariyanın
qızı və qardaşı arvadı da gəldilər.
Mariya məni arxayınlaşdırdı ki, bir az çıx gəz, bizim yaşayışımızla tanış ol, bacım səni gözləyəcək. Nə vaxtdır isti xörək yemirsən, heç yadımdan çıxmırsan, elə bunların xörəklərini biz də yeyə bilmirik.
Bu gün hospitaldan müvəqqəti “qaçan” günümdür. Gəlinin adı Tamaradır. Tamara Şvaynfurta qədər gileyləndi:
- Mən təmiz rusam, Qazaxıstanda işlərimiz pis getmirdi, aşpaz işləyirdim. Yaxşı dolanırdıq, mən də bunlara qoşulub gəlmişəm, iş tapılmır, uşağım yoxdur ki, başımı onunla qarışdırım. Düzdür 2500 marok işsiz kimi mənə təminat verirlər, ancaq işləmək istəyirəm.
Mariya və bacısı üçmərtəbəli binanın eyni blokunda, eyni mərtəbəsində yaşayırlar. Bacısı əla borş bişirmişdi, iştahla yedim. Qeyd etmişdim ki, hospitalda mən onların xörəyini yeyə bilmirəm. Xörək gətirən qadın yeməyi qarşıma qoyanda “şvayn”, yəni donuz əti deyib gedirdi. Gəl indi bundan sonra həmin xörəyi ye.
Yeməkdən əziyyəti çəkən tək mən deyildim. Mən onlarda olanda Mariyanın bacısı oğlu da düşərgədən zəng etdi:
- Ana, mən bunların yeməklərini yeyə bilmirəm, iki gündür acam, mənə tezliklə yemək çatdırın.
Mariyanın bacısı gülə-gülə dedi:
- Gülya xanım, sən tək deyilsən, gördün, oğlum da bunların xörəklərini bəyənmir.
Yaxşıca gəzib geri qayıtdım. Məmməd nigaran qalmışdı. Onlar getdilər, Məmmədlə baş-başa qaldım.
(Ardı var)
Təzadlar.- 2013.- 26 dekabr.- S.12-13.