Lətif Həsənovsuz üç gün...

 

Əvvəldən necə tanıyırdımsa, elə o cürdünyadan köçdü - əyilməz insan, aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov kimi...Onun qəfil ölüm xəbərindən bərk sarsıldım. Srağagün aşıq Məhərrəm Hüseynli zəng edib onun vəfat etdiyini dedi. Səsinin titrəyişindən bu itkidən çox üzüldüyünü hiss etdim. Dedi ki, dekabrın 24-də oğlu Taleh səhər-səhər ona zəng edib atasının vəfat etdiyini söyləyəndə bir anlıq yerində donub qalıb...

Mən də eşitdiyim bu qəfil ölümə inana bilmədim. Məhərrəm müəllim dedi ki, əziz dostumuzu Məhəmmədli qəbiristanlığında göz yaşlarımızla dəfn edib, təzəcə qayıtmışıq. Sonra da xahiş etdi ki, bu itki ilə bağlı kədərimi yazıb göndərəcəm, dərc edərsiniz...

Aşıq sənətinin regionlardakı fərqli inkişafı, eləcə də bu sahədə mövcud problemlərlə bağlı cəsarətli tənqidi fikirləri ilə seçilən professional aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov oxucularımıza yaxşı tanışdır. Onunla görüşlərimizin birində söhbətimizin mövzusu aşıq sənətindəki saz-balaban müştərəkliyindən olmuşdu. Bu müştərəkliyin qeyri-ənənəvi xarakter daşıdığını iddia edən L.Həsənovun nə dərəcədə haqlı olub-olmadığını sənət bilicilərinin və oxucuların ixtiyarına buraxmışdıq... Sonrakı müsahibəsində isə L.Həsənov mətbuatda ona qarşı yönələn haqsız tənqidlərdən danışdı. Belə demək mümkünsə, tədqiqatçı L.Həsənovun müsahibəsindəki bəzi fikirlər sənətşünasların və sənətşünaslıq üzrə fəlsəfə doktorlarının səbr kasasını daşdırmışdı. Və qarşı tərəf ona tənqidi məqalələrlə cavab vermişdi. Ancaq L.Həsənov qarşı tərəfin mövqeyi ilə razılaşmırdı. Görünür, bu da onun düzlüyündən irəli gəlirdi. Çünki o, həqiqəti üzə deyirdi, heç nədən və heç kimdən çəkinmədən. Yaltaq, ikiüzlü ola bilmirdi. Bu da çoxlarının xoşuna gəlmirdi. Amma həmin sərt sözü çəkinmədən birbaşa üzə deyən Lətif Həsənovun daxilində çoxlarının görə bilmədiyi başqa biri gizlənirdi - səmimi, ürəyiyumşaq, haqq tərəfdarı. Haqsızlığı, ədalətsizliyi qətiyyən qəbul etmirdi. Qəribəsi bu idi ki, qeyd etdiyim kimi, bəzən haqsızlığa düçar olurdu. Ancaq heçonu dəyişə bilmədi, sınmadı, əqidəsindən dönmədi, əvvəldən necə tanıyırdımsa, elə o cürdünyadan köçdü - əyilməz insan, aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov kimi... Bəli, Lətif müəllim xasiyyətcə sakit təbiətli, prinsipcə dəli-dolu adam idi, amma ölümü səssiz oldu. Onu son mənzilə yola salanlar arasında ailə üzvləri, yaxınları və dostları oldu...

Aşıq M.Hüseynlinin axşamtərəfi göndərdiyi yazıda Lətif müəllimin evinin telefon nömrəsini görəndə bir anda duruxub qaldım yerimdə. Bu telefon nömrəsi mənə tanış gəldi. Bir gün əvvəl telefonunun yaddışında görmüşdüm. Sən demə, Lətif müəllim ölümündən bir gün əvvəl məni arayıb-axtarıbmış... Doğrusu, mən Lətif müəllimin ev telefonunu bilmirdim. Çünki həmişə mənimlə mobil telefonla əlaqə saxlayırdı. Hətta evdə olanda da mobil telefonuma zəng edirdi. Deyirdi ki, birdən otaqda olmazsan, kimisə narahat etmək istəmirəm. Lətif müəllim belə insan idi. Qəzetlə bağlı işi olmasa da, arabir zəng edib, hal-əhval tutardı. İlk kəlməsidə bu idi: “Ə, qağa, nə var, nə yox?..” Bu dəfə məni ev telefonunu ilə axtarmasına təəccüb və təəssüf etdim. Nədən axı mobil telefona zəng etməyib? Görəsən, mənə nə deyəcəkdi? - deyə çox düşündüm. Amma məni yandırıb-yaxan bu suallara cavab tapa bilmədim...

Saz sənətindəki problemlərin, əyər-əskiklərin həllinə çalışan Lətif müəllimin ürəyi saz deyildi. Son illər ürək ağrılarından əziyyət çəkirdi. Bir dəfə də bu ağrılar onu “Azərbaycan” nəşriyyatında yaxaladı. Yanıma gəlmişdi. Uzun müddət evdə müalicə aldığından darıxdığını dedi: “Həkimlər qadağa qoyub ki, evdən bayıra çıxmayım. Axı evdə nə qədər qapalı qalmaq olar? Gəldim ki, görüşüm, həm də görüm neynirsən? Nə vaxtdır görüşmürük”. Sonra da dedi ki, vacib işin yoxdursa, düşək kafedə çay içək, həm də bir az söhbət edək. Dedim, Lətif müəllim, hazır çay var, elə otaqda içək. Razılaşmadı. Kafedə çayımızı içib qalxmaq istəyəndə, dedi, deyəsən, acmışam, nahar da edək, sonra qalxarıq, onsuz da evə gedib çıxmağım uzun çəkəcək... Əslində, çay içmək təklifi Lətif müəllimin bəhanəsi idi. Çünki dəfələrlə belə olurdu. Çayımızı içəndən sonra deyirdim, Lətif müəllim, qalxaq. Deyirdi, yox, nə danışırsan, evdən buracan gəlmişəm ki, səninlə birgə nahar edim... Nə isə... Lətif müəllimlə nahar edib otağa qalxdıq. Bir az ordan-burdan söhbət etdik. Sonra dedi, hə, mən daha gedim. Stuldan qalxmaq istəyəndə ürəyini tutub qaldı. Vəziyyəti olduqca kritik idi. Təcili yardıma zəng etdim. Gələn həkimlər onu müayinə edib, sakitləşdirici iynə vurandan sonra bir az özünə gəldi. Oğlu Talehə zəng edib dedi ki, nəşriyyatdayam, özümü narahat hiss edirəm, gəl məni evə apar. Çox keçmədi ki, oğlu öz dostunun maşını ilə gəlib Lətif müəllimi evə apardı... Bir neçə gündən sonra Lətif müəllimlə telefonla əlaqə saxladım. Vəziyyəti çox əla idi. Amma bir müddətdən sonra Lətif müəllim özü zəng edib ürəyindən əməliyyat olunduğunu bildirdi...

Lətif müəllimin ailə, övlad, qohum-əqrəba, dost sevgisi ilə zəngin bir ürəyi vardı. Təəssüf ki, Lətif müəllimin bu zəngin ürəyi artıq öz fəaliyyətini başa vurdu, amma çox tez, ahıllıq cağına qədəm qoyduğu bir vaxtda vidalaşdı həyatla. Bundan sonra Lətif müəllimdən qalan yeganə təsəlli onun haqqında xoş xatirələr olacaq. Və bu xatirələri isə onu qəlbən sevən dostları, qohumları, övladları və ömür gün yoldaşı yaşadacaq.

Allah rəhmət eləsin!

Lətif Həsənov ömrünə, insanlığına, sənətinə və ailəsinə dərin hörmət hissi ilə:

 

 

 

Elbar Şirinov

Təzadlar.- 2013.- 26 dekabr.- S.11.