Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:
(Əvvəli ötən saylarda)
(5-ci hissə)
31 may - Səhər yenə də Məmmədi kefsiz gördüm.
-Əzizim, səninlə birlikdə mən də əzab çəkirəm, eybi yox, təki sağal, hər şey yaddan çıxacaq. Özün demisən:
Biz ki, gələcəyə ümid sarıdan
Dünyanın ən varlı adamlarıyıq...
Gəl, allahdan ümidimizi kəsməyək.
Həkimlər yenə də dərmanları bölüb iki saat ərzində verməyi davam etdirirlər.
Mariyaya apardığım video lentləri vermişəm. Mariya təəssüfləndi:
- Kinoya
baxıb dili bilmədiyimizə çox təəssüfləndik.
Uşaqların yaman xoşuna gəlib. Gələn qonaqlara da göstərirlər ki, Azərbaycandan
şair gəlib, anamız onun tərcüməçisidir.
Stepan vaxtlı-vaxtında bizə baş çəkirdi. Hospitalda
vaxtımız mayın 8-də qurtarmalı idi. Stepan dedi
ki, siz iki gün tez gəldiyiniz üçün 6-da
vaxtınız qurtarır. Pulunuz ancaq bu çərçivədə
hesablanıb. Bəlkə sizi 5-də yola
salım, gedəsiniz.
- Fikirləşərik
- cavabını verdik.
Stepan
davam etdi:
- Şefimiz istirahətə gedir. Mən onu əvəz
edəcəyəm. Sabahdan sizi ayrı bir
yoldaşımız yoxlayacaq, nə işiniz olarsa ona deyərsiniz.
Getmək haqqında fikrinizi də ona bildirin.
Mariya yaman pərt olmuşdu ki, biz gedəcəyik. Gülməyim
gəlirdi. Bizə bilet alanda Şəlaləyə
acıqlanmışdım ki, niyə 12-sinə alıb, bəlkə
orada yaşayan azərbaycanlılar bizi bir neçə
günlüyə saxlayıb Almaniyanı gəzdirərlər.
Uşaqların cavabı bu olmuşdu:
- Təki
sizi yaxşı qarşılayıb saxlasınlar, bileti
üç ay müddətinə dəyişmək
mümkündür.
- Azərbaycanlılar?... amma çətin ki, belə bir şairin qədrini
bilib ona xidmət etsinlər.
Bu söhbətlər Bakıda olmuşdu. Indi
Noyştatda belə bir həqiqətlə üzbəüz
idik. Fikirli oturmuşduq, Məmmədə
həmişə hörmət edən tibb qardaşı əlindəki
xaçı mənə uzatdı. Əvvəl onun nə
olduğunu bilmədim, sonra başa düşdüm
xaçdır və bu kişi bizim
hansı dinə mənsub olduğumuzu bilmək istəyir. Mən
xaça əl vurmadım, Məhəmməd - dedim, kişi üzr istəyib getdi və əvvəlki
kimi qulluq da göstərmədi.
1 iyun - O biri qeydlərimdə yazmışdım ki, azərbaycanlı
adında bəni insan görmədik. Hərdən türk
Əzimlə danışırdıq. O da məlumat verdi ki, “yarın evimə gedirəm”.
Polinanın
söhbətlərindən:
-
Almanlarda bizdəki kimi qonaq getmək yoxdur. Qohum da desə ki,
sizə gəlmək istəyirik, ev sahibi
ya çaya, ya da yeməyə saatın vaxtını söyləməklə
razılıq verməlidir. Deyilən vaxtdan təsadüfən
tez və ya gec getsə evə dəvət olunmaz. Biz alışmışıq bir-birimizə qonaq gedək.
Burdakılar bizə, biz də onlara vəhşi
kimi baxırıq. Əgər pulun
qurtarıbsa, sənə borc verməzlər. Belə bir məfhum onlarda yoxdur. Çarəmiz
özümüzə qalır,Qazaxıstandan
gələnlər bir-birimizi
möhkəm tuturuq.
Palatada olan kişilər Polinaya “gözəl” deyə
müraciət edirdilər.
Mariya da deyir ki, mən burada bir nəfər də olsun qəşəng
qadına rast gəlməmişəm. Rusiyadan gələn
bütün qadınlarımız qəşəngdir. Mariyanın qızı da çox qəşəngdir.
Qızı üçün yaman qorxur, deyir ki,
buranın qanunları tamam başqadır.
Saat 7-30- a qədər hospitalda qalmaq olar, sonra isə
mütləq getməlisən. Yenə də şiddətli
yağış başlayıb. Məmmədə
əl edib yola buruluram. Həmişəki
kimi islanmışam. Qospaja Mayın
qoyduğu çaydan içib yerimə girdim, pultu əlimə
götürüb, heyvanlar aləminə və hindulara aid
kinolara gecə saat birə kimi baxıram.
2 iyun - Səhər
yeməyində pansionda qalan qadınlara işarə ilə
başa saldım ki, 4 gündən sonra Frankfurta gedəcəyik,
ordan da Vətənə. Hündür nemka 2
barmağını göstərdi, yəni onlar da iki gündən
sonra gedirlər. Onlarla
yaxşı lal dili danışıram. Vaxt
yaxınlaşdıqca yaman darıxırıq. Bir parkinson xəstənin
arvadı məni başa salır ki, əri çox yatır,
yeriyə bilmir. Lal dilini bilmək yaxşı
olardı, onda bütün millətlər işarə ilə
bir-birini başa salardı.
Axşama
yaxın yeni nəzarətçimiz Stanislav gəldi.
Özünü təqdimatından:
- Təmiz
ukrayınam, millətçiyəm, öz xalqımın
oğluyam. Lukaşenko düzgün siyasət
yeritmir. Mən siyasətlə çox məşğul
oluram. Yəhudilərdən əgər bir nəfər
işdə olsa,
bir aydan görəcəksən işdə hamı
yəhudidir. Və sair...
Arabir Məmməd də öz mövqeyini bildirirdi.
Axşam - səhərə qədər, əzizim, - deyib
pansiona qaçıram.
3-4 iyun - Məmmədi
çimdirib paltarını yığdım. Mariyaya
tapşırıq verib Stanislavla Şvaynfurta çamadan
almağa getdim.
Qayıdanda Stanislav yolu səhv saldığı
üçün gecikmişdim. Mariya mən gələnə
kimi gözləmişdi.
Pansionda yemək otağına keçdim. Qonşularımdan
arıq nemka məni yanına çağırdı, əlimə
nəsə basdı. Baxdım, 100 marka idi.
Təəccüblə ona baxdım, işarə
ilə başa saldı ki, pulu mənə
bağışlayır. Bu yazıqlar
fikirləşiblər ki, mən yeməkxanada yemək yemirəmsə,
deməli, pulum yoxdur. Hardan bilsinlər ki,
özlərinin iştahla yediklərini mən dilimə vura
bilmirəm. Pulu geri qaytardım və təşəkkür
elədim, sonra da cibimdən dollarları çıxarıb
onlara göstərdim ki, mənim pulum var. Hadisəni Mariyaya
danışıram. Mariya təəssüfləndi
ki, pulu nahaq qaytarmısan. Qəribsən
deyə onlar pulu sənə hədiyyə ediblər. 100
marka 100 dollardır, az pul deyildi.
-Yox, əzizim
Mariya, mən o pulu götürə bilmərəm. Buna qürurum yol verməz.
İyunun
6-da gedəcəyimizi eşidən şef bizimlə dəhlizdə
görüşdü:
-Siz iki həftə
əlavə qalmalı idiniz. Çünki həkimlər
indi-indi müalicəyə başlayıblar. Hər halda qalsanız yaxşı olar, siz yenə də
yazmağınızı davam etdirə bilərsiniz. Sizin çox gözəl və qayğıkəş
xanımınız var. Altı aydan sonra yenə də gəlməlisiniz.
Mən iki günlük seminara gedirəm. Ona görə də sizinlə indi
görüşüb ayrılıram. Ayrılmaq
da istəmirəm, siz mənə çox şirin gəldiniz.
Sənədlərinizi verəcəklər.
Sonra hər ikimizi qucaqlayıb öpdü.
Qaranlıq çökdükcə ürəyim
sıxılır.
5 iyun - Noyştatda
axırıncı gecəmizdir. Səhər
Frankfurta yola düşəcəyik. Fikirləşirəm:
Taleyin dünyadan asılı deyilsə, demək o yoxdur. Məhəmmədi
allah bizim yolumuza çıxarıb. Cənublu
Məhəmməd
otelin ünvanını dedi və bizə
otağın da ayrıldığını söylədi.
Kövrəlirəm,
qaldığım otaq bu qərib yerdə bir az
mənə doğmalaşıb, elə Mariya da, süpürgəçi
Polina da. Onlara isnişmişik.
Qaldığım
otağın quruluşu belədir - otağın ayaq hissəsindən
kəsilib təmizlik
işlərinə ayrılıb. Otağa
kavralit döşənib. Pəncərədən
yaxşı mənzərə açılır,
quşların səsini hərdən bir keçən
maşınların səsi batırır. Bu təmizlik də, gözəllik də bizə
yaddır. O tozlu-küləkli Bakımız
üçün yaman darıxmışıq.
Artıq yır-yığış etmişəm. Hospitaldan
pansiona qayıdanda, demək olar ki, hər gün islanıram,
amma hava o qədər təmizdir ki, xəstəliyimi
sağaldıb və heç xəstələndirməyib də.
Yenə bərk yağış yağır,
gözlədim ki, kəssin. Artıq
hospitalda qalmaq olmaz, vaxtdır. Məcburən
üzüaşağı qaçıram, islanmışam.
Həmişəki kimi Məmmədin zəngi:
-
Gülxanım, təbiəti qarğamışam, sən gedəndə
bərk yağış idi. Görürsən,
indi kəsib, islanmısan yəqin?
-Öyrəncəliyəm,
kişi, mənə görə darıxma,
sağlıq olsun, sabah gedirik.
Her və
frau Mayların bu kiçik və səliqəli
otaqlarında axırıncı dəfə yatıram, qəsəbənin
təmiz və saf havasını ciyərlərimə çəkirəm.
Məmməd
demişkən:
- Bu da belə
bir ömürdü yaşadım...
6 iyun - Çamadanları və çantaları bir yerə
yığıb otağa bir də göz gəzdirirəm. Hospitala gedirəm.
Məmməd dərmanları qəbul edıb,
ehtiyat üçün də dərman verəcəklər.
Bizi Frankfurta Marat Bulatoviç aparacaq. Marat nədənsə gecikir, Məmmədi geyindirib
gözləyirik. Deyəsən, günorta
yeməyini hospitalda etməli olacaq və elə də oldu.
Mariya da narahatdır, Nelli İvanovna Maratın
çoxdan çıxdığını, indi gəlib
çatacağını söylədi. Nəhayət
ki, Marat gəldi. Gedib pansiondan əşyaları
götürdük. Mariyaya ünvan verdim.
Doğmalar kimi Mariya ilə qucaqlaşıb
ayrıldıq...
...Ağlayırdı
Mariya.
Bu balaca, gözəl şəhərdən
ayrılırıq. Başqa ünvanda bizi nə gözləyir
bilmirik. Məhəmməd “Turist” otelində
yer ayırıb. Onu da bildirdi ki, bu adda otel
Frankfurtda yeganə oteldir, azmazsınız.
Yol uzun və
yorucu olduğu üçün Marata suallar
yağdırmağa başladım:
- Adın
Maratdır, tatarsan?
- Yox,
ukraynalıyam, atamın Marat adlı dostu olub, ona görə
Marat qoyublar.
- Atan,
anan varmı?
- Var,
onlar Kiyevdədir, hərdən onlara da kömək edirəm.
Özüm burada ev tutmuşam,
yoldaşımı da gətirəcəyəm, hələ ki,
anamın yanındadır, oxuyur.
- Necə
fikirləşirsən, şirkət sizi təmin edə biləcəkmi?
- Yol uzunu
fikir verirsiniz? Bunların torpaqları
qırmızı torpaqdır. Bu
qırmızı torpaqdan aldığı məhsulla həm
özlərini, həm də başqalarını
saxlayırlar. Bizim isə ucsuz-bucaqsız
qara torpaqlarımız var, özümüz isə acıq, hər
yerə səpələnmişik. Şirkətə
gəlincə, hələ ki, mövcuddur və bizi təmin edə
bilir. Bundan sonra necə olacaq bilmirəm.
Mariyadan razı qaldınızmı?
- Mariya
çox yaxşı insandır, - dedi Məmməd.
Mən də əlavə etdim ki, ondan çox razı
qalmışıq.
- Almanlar
sizin fəaliyyətinizə necə baxır? - davam
etdim.
- Biz siyasətə
qarışmırıq və bizim şirkətimiz ölkəyə
valyuta gətirir. Hələlik dəyib
dolaşmırlar.
Uzun yoldan sonra Frankfurta çatdıq. Şəhərin
bir neçə “giriş qapısı” var. Bizə hansı
yolla şəhərə girəcəyimizi başa
salmışdılar.
2-ci mərtəbədə otaq ayrılmışdı,
yaman yorulmuşduq. Bir az dincəldik. Məhəmməd
də gəlib bizimlə görüşdü, sonra yenidən
tək qaldıq.
7-8 iyun - Səhər yeməyi üçün
aşağı düşdük, bufetə Kola baxır, deyəsən
hindlidir. Səid
bizdən soruşdu:
- Ağa
özünü necə hiss edir?
Səid Məhəmmədin qaynıdır. Bir neçə
cənublu burda işləyir. Günorta yeməyini
otağa gətirdilər. Sonra dil bilən
uşaqlar getdilər. Axşam necə
olacaq bilmirəm.
Məmməd lap zəifləyib. Axşam Məhəmməd dedi ki, səfirə
zəng edib Frankfurtda olduğunuzu demişəm.
Məhəmmədin
söhbəti:
- Mənim
burada 12 mehmanxanam var. Cənubluları bu sizin
qaldığınız mehmanxanaya işə
götürmüşəm. Peşəm ticarətlə
məşğul olmaqdır. Atam, anam Təbrizdədir.
Siyasətlə məşğul deyiləm,
burada çoxlu xəbərçi var, o saat İrana xəbər
aparırlar. Bütün familim Təbrizdədir, niyə
mənə görə əziyyət çəksinlər...
Məhəmməd gedəndən sonra hay-küylü
şəhərə pəncərədən baxırıq. 5-i
qayıtmadığımıza peşman olmuşuq.
Səhər Səidgil yox idi. Məhəmməd bizi
axşam yeməyinə evinə dəvət etdi. Bizə
hotelin yanındakı İran yeməkxanasından yemək gətirirlər,
uşaqlarla söhbət edirəm, cavabları:
- Pis
dolanmırıq, hamımızın maşınımız
var.
Bizim millət belədir də, maşını varsa
xoşbəxtdir.
Axşam Məhəmmədin evinə qonaq getdik, o, yol
boyu binaları göstərir, məlumat verirdi. Binaların neçə mərtəbəli
olduğu yadımda deyil (yəqin 20 mərtəbə
olardı), bütün mərtəbələr ancaq
şüşədən ibarət idi, yəqin ki, görünməyən
material olardı. Mayn çayı boyunca tikilən
hündür binalar təmiz küçələrə
xüsusi gözəllik verirdi. Çöldə
zibil deyilən şey görmədik. Almanlar
öz torpaqlarına çox bağlıdır. Məqsədsiz tikinti, boş və istifadəsiz bir
qarış torpaq yoxdur. Onu da deyim ki, şəhərlilərin
90 faizi şəhərin kənarındakı bağ evlərində
yaşayırlar. Məhəmməd məlumat verdi ki, şəhərin meri də mənim evimin
yanında özünə ev alıb. (Məhəmməd
şəhərin kənarında yaşayır). Hava yenə də
yağışlı və sərin idi. Evin
xanımı Həmidə, Məhəmmədin anası
Hacıxanım və iki nəfər tanımadığım
adam bizi qarşıladı. Apardığım
kasetləri “baxarsınız” deyib Məhəmmədə
verdim.
9 iyun - Həmidə və Məhəmmədin anası
ilə şəhəri gəzməyə
çıxmışdıq. Başlarının kənarları
qırxılmış, ortada qalan saçları yaşıl
rəngə boyanmış bir dəstə gənc oğlan və
qız geniş küçənin ortasında asfaltın
üstünə sərələnmişdi. Həmidə
xanım dedi ki, onlar faşist partiyasının üzvləridir.
Qayıdanda mənə hoteldəki uşaqlar xəbər
verdilər ki, ağanın yanına səfirlikdən bir nəfər
gəlmişdi.
Qaldığımız otağa qalxdım, güldanda
qızılgül buketi gördüm, ətri otağı
bürümüşdü.
- Məmməd,
kim idi səfirlikdən gələn?
- Mirzə
İbrahimovun qardaşı olduğunu söylədi.
- Axı Mirzənin bioqrafiyasında oxumuşuq ki, onun
heç kimi qalmayıb.
- Mən
də elə bilirdim, ancaq qəti bildirdi ki,
qardaşıdır, çox baxdım görüm Mirzəyə
oxşayırmı, həm oxşatdım, həm
oxşatmadım.
Axşam
Məhəmməd gecikdiyinə görə bizdən üzr
istədi:
- Vallah, xəcalətliyəm,
işim çoxdur, tez-tez sizə baş çəkə
bilmirəm. Vaxt tapan kimi qaçıram
yanınıza.
Mən gələn
adam haqqında ondan soruşdum.
- Hə,
xəbərim var, Şaiqandır, heç bilmirəm sizin gəlişinizi
hardan bilib. İranda atamın dostu idi, atam məndən
xahiş etdi ki, onu yanımda işə götürüm.
Işlədiyi vaxtda bütün işçilərimi
bir-birinə düşmən etdi, onları vuruşdurdu.
Yaman yalançıdır. Deyir
ki, Naxçıvan SES-ni mən tikmişəm. Hələ bu harasıdır, deyər ki, Assisoan bəndini
də mən tikmişəm. Gördüm düz adam deyil, pensiyaya çıxartdım. Bütün vaxtını İran və Rus səfirliklərində
keçirir, bir-birindən xəbər aparır.
Bütün bu sözləri onun özünə də dedim
ki, bir də təkrar məndən iş tələb etməsin.
Onunla ehtiyatlı olun, bilinmir hansı səfirliyin
xəbərçisidir, hər ikisinə xidmət edir.
Elə bu vaxt Kölndə yaşayan azərbaycanlıların
“Kultur cəmiyyətinin” nümayəndələri - doktor
İbrahim və onun müavini Səbahəddin
görüşümüzə gəldilər. Heç bir dəqiqə
çəkmədi ki, Şaiqan hazır oldu. Hardan bildi, yoxsa bizə göz qoyur? Lap mat qalmışdıq. Gələnlər
Məmməddən hal-əhval soruşdular.
Ibrahim
sözə başladı:
- Novruz
bayramına Bəxtiyar müəllimi
çağırmışdıq, nədənsə gəlmədi,
bizim sizin kimi adamlarla görüşə böyük
ehtiyacımız var.
Şaiqan onların yanında mənimlə rusca
danışırdı. Çoxdan KQB sıralarında olduğundan, ruslara xidmətindən
və ona görə də qohum-qardaşla arası
olmadığından və s. söhbət açdı. Mirzə
də mənim adımı çəkə bilməzdi axı
- dedi.
Gələn qonaqlar xudahafizləşib getdilər. Şaiqan da
onlara qoşuldu.
Frankfurtda
yaşayan azərbaycanlılarla görüş keçirmək
istəyimizə Məhəmməd
ilk gündən razılıq vermişdi. Biz ilk
qaranquş sayılırdıq ki, şəhərdə və
onun ətrafında olan azərbaycanlıları bir yerə
yığırdıq. Məhəmməd məlumat verdi ki, sabah axşam yığıncaq baş
tutacaq.
10 iyun - Yığıncağı axşama saldılar. Məhəmməd
yenə böyük xərc çəkmişdi.
Şirin stol açmışdı. Məhəmməd
yenidən bizdən xahiş etdi ki, siyasətdən
danışmayaq və əlavə etdi:
- Mən
də deyəcəyəm ki, ədəbiyyatçıdır,
şairdir, ona görə də burda olan azərbaycanlılarla
görüş keçirmişik. Ümumiyyətlə,
biz cənublular siyasətə çox
qarışmırıq. Bizim ata-anamız, qohumlarımız
hamısı orada qalıb. Mollalar əvvəl
adamı öldürür, sonra deyirlər ki, aparın
mühakimə edin, haqq-ədalət yoxdur.
Əslində onları qınamaq da olmaz. Çünki
Şimal onların güvənc yerinə çevrilməyib.
Elə Məhəmmədin də qorxusu cənubda
qalan qohumlarındandır.
Axşam
Məhəmməd bizdən bir də üzr istəyib yenidən
xəbərdarlıq etdi:
- Siz allah, bir də sizdən xahiş edirəm,
Şimalla Cənubun birləşməsindən
danışmayın. Ümumiyyətlə, fars
məsələsini ortaya atmaq lazım deyil.
Bu gün Şaiqan hamıdan əvvəl gəlib
yanımızda oturmuşdu. Sualları:
-
Türklərdən razısınızmı, sizə çox
köməklik edirlər?
-
Türklər dar ayaqda həmişə bizə kömək
edib, qırğından qurtarıb, biz onlardan çox
razıyıq.
Mənim qəti cavabımı eşidəndən sonra
daha yanımızda türk adını tutmadı.
- Mirzəni
barı yaxşı
basdırdılarmı? Iştirak edə bilmədim.
Şaiqan həqiqətən ağlamağa
başladı.
Bu qərib yerdə yaman yazığım gəldi
ona.
- Şaiqan, Mirzə müəllim sənin
qardaşındırsa, Azərbaycan xalqının da
böyük oğludur. O, bizim yazıçımızdır. Onu
layiqincə götürdülər.
Sağlığında da xətrini hamımız istəmişik,
dərd çəkib ağlama, - dedim.
Qonaqlar yığışmağa başladılar. Məhəmməd
ancaq tanıdığı ticarət işçilərini
çağırmışdı. Aralarında
“Kultur cəmiyyəti”ndən gələnlər də
vardı. Hotelin bufetində məclis
başlanmalı idi. Səfir
Hüseynağa Sadıqov və köməkçisi Yılmaz
bəy gəlib çıxdılar.
Səfir
sözə başladı:
-
Bütün qonaqları salamlayıram, belə
görüşləri tez-tez keçirmək lazımdır. Görüşlər vasitəsilə qərib yerdə
insanlar bir-birindən xəbər tuta bilirlər. Azərbaycan xalqının böyük oğlu bu
gün bizim qonağımızdır. Eyni
zamanda, Məmməd müəllim, biz sizə bir də minnətdar
olmalıyıq ki, Almaniyada yaşayan azərbaycanlıların
nümayəndələrini bir-birilə
görüşdürən ilk pioner siz olmusunuz. Bu, burada yaşayan azərbaycanlılara ilk və
böyük bəxşiş oldu.
Qonaqlar da Məmmədi tanıdıqlarını, sevdiklərini,
lakin kitablarını tapıb oxuya bilmədiklərini söylədilər. Mən
özümlə “Qayalara yazılan səs” kitabından bir
neçə nüsxə aparmışdım. Qonaqlara payladım. Yeganə nüsxə olan
“Aylarım, illərim” kitabını isə İbrahim bəyə
verib əlavə etdim:
- İbrahim bəy, əgər siz verdiyim kitablardakı
şeirləri oxusanız, yaysanız heç bir təbliğat
lazım olmadan birləşəcəksiniz. Sizə Vətən
naminə bir-birinizi qorumağı və birləşmənizi
arzulayır Məmməd.
Qonaqlar məndən Məmməd haqqında məlumat
istədilər. Mən özümlə iki kaset - H.
Əliyevlə görüş və Operada keçirilən
gecənin kasetlərini götürmüşdüm.
Qonaqlar hər iki
gecəyə heyrətlə baxdılar. Sonra görüşüb ayrıldılar.
11-12 iyun - Növbədə hindlidir, o da dil bilmir. Dərman atan
vaxtıdır. Iki gün bundan əvvəl
bizdən “Mirzə qasimi” yeyərsinizmi, deyə soruşmuşdular.
Onun necə xörək olduğunu bilmirdik.
Sən demə irandakılar pamidor
çığırtmasına “Mirzə qasimi” deyirmişlər. Hə, Kola dil bilmir,
saatı göstərib “Mirzə qasimi” adını söylədim.
Pamidor çığırtması
dadımıza çatdı.
Şaiqan
yenə də qonağımızdır:
- Burada
bir almanla evlənmişəm, çox bədbəxt adamam. Rusiyanın kəşfiyyatında işləyirdim.
Adımı da dəyişdirdilər. Heç bir qohumla əlaqə saxlaya bilmədim.
Uzun müddət İranda yaşayırdım...
Bu yazıq bəlkə indi-indi vətənin nə
olduğunu başa düşüb. Bizə hədiyyə
də gətirmişdi. Qəribədir.
Sən indi kimsən, Şaiqan?
Axşam Məhəmmədin gəlişi bizi sevindirdi. Xeyli lətifə
danışıb bizi güldürdü. Səhərin
tez açılmasını istəyirik.
Səhər açılmamış ayıldıq. Yenə də
yır-yığış... Biletləri bir də
yoxladıq, artıq maşın gəlmiş, qəribliyin
daşını atmağa ümid artmışdı.
Dostlar - Məhəmməd, Şaiqan və bir neçə
başqa adam bizi yola salmağa gəlmişdilər.
Aeroporta yollandıq. Səfirin
oğlu da əmanətlərini çatdırmağa gətirmişdi.
Almanlar xəstəyə xüsusi qayğı göstərirlər,
yüklərimizi mini maşına yükləyib bizi də
mindirdilər.
Gömrükdən özləri keçirdilər.
Beş dəqiqədən
sonra ayrı bir işçi gəlib soruşdu: - “İbrahimov
kimdir?”. Familiya bizə aid idi. O, təyyarənin
qapısını açdırıb bizi içəri
saldı və birinci salonda oturtdu.
Bu, alman qayğısı idi.
Stüardessalardan
biri bizi birinci salondan çıxartdı:
- Siz
ikinci salona keçin, birinci salonda hökumət adamları,
deputatlar və biznesmenlər oturur. Sonra onlar bizi tənqid
edərlər...
Səssizcə keçib ikinci salonda oturduq, azərbaycanlı
xasiyyətinə bir də bələd olduq. Hələ sərnişinlər
içəri buraxılmamışdı. Bələdçi
qız bizdən birinci salona qayıtmağı xahiş etdi.
- Axı
birinci salon böyüklərindir, - kinayə ilə cavab
verdim, - bura bizə rahatdır, oturmuşuq.
Qız ikinci dəfə xahiş edəndən sonra Məmməd
qayıtmağa razı oldu. Salona sərişinlər
buraxıldı, hər kəs özünə yer tapıb
oturdu. Salondakılar Məmmədlə
görüşüb müalicənin təsirini soruşdu.
Təyyarə İstanbulda yerə endi, boş yerlər
tutuldu, xeyli yük vuruldu.
Təyyarənin pəncərəsindən
aşağı baxmağı xoşlaram. Qəribə təzad
vardı - buludlardan yuxarı bədrlənmiş ay, lap
yanındaca ulduz. Aşağıda - buludlarda isə
çaxnaşma. Dağların
başında şimşəklər at oynadırdı, bu mənzərəni
sözlə təsvir etmək çətindi. Buludlardan yuxarı ayın işığı
nağıl idi. Bu sevinc payıma Məmmədi də
qatmaq istədim, o isə:
-
Şimşəklər yaman qorxuludu, təyyarəyə də
xətər toxuna bilər, - dedi.
Bələdçi
qız qalın odyal gətirib Məmmədin üstünü
örtdü və yatın dedi.
Mən “böyük aclıqdan” sonra təyyarədə
verilən düşbərəni elə acgözlüklə
yemişdim ki, ödümdən bərk ağrı
qopmuşdu.
Səhər tezdən Binə hava limanında yerə
endik. Içəri
adam buraxmadıqlarına görə
“qıl körpüsündən” Məmmədi və
çamadanları tək keçirməli idim. Düzdür,
təyyarəçilər kömək etdilər. Məmməd onlarla ayaqlaşa bilməyəndə
sürütləyib aparırdılar. Mən: - yavaş,
sürütləməyin, - qışqırsam da eşidən
yox idi.
“Yazıq
Məmməd”, ağlamağım gəlirdi.
Bu,
bizimkilərin köməyi...
Nəhayət, evə çatdıq. Almaniya sərgüzəşti
beləcə bitdi.
13-18 iyun - Artıq evimizdəyik,
bütün əziyyətlər arxada qaldı, ancaq ikimiz də
ümidsizliyə qapılmışıq. Ümidlə uzaqlara
getmişdik...
Müalicə
ilə əlaqədar soruşan jurnalistlərə Məmmədin
cavabı bu olurdu:
-
Müalicə çox yaxşı keçdi, qos-qoca xəstəlikdir,
birdən-birə sağala bilməz.
Axşamüstü
bizə gələn Heydər Həsənoğlu və Zəlimxan
Yaqub necə Həccə getdiklərindən söhbət
açdılar:
- Əmi, çox vaxt söhbətimiz səndən
olurdu. Kaseti gətirərəm,
baxarsınız, - dedi Zəlimxan.
Qonşularımız üstümüzə həmişə
su tökdüklərindən tavan çökmək üzrədi. Məmmədi
dilə tuturam ki, kəndə gedək.
-
Kişi, ağcaqanadlardan qaçaq.
Məmmədsə:
- Mən
onları yaxşı tanıyıram, bizi kəndə də
dinc qoymazlar - zarafatla cavab verdi.
19-21 iyun - Poliklinikadan həkim gəldi. Dedilər ki,
bizim müşahidəmiz altında müalicə davam etdirilməlidir.
Həkim dedi ki, Almaniyada ona verilən ağ
dərman (adı “Arten”) bizdə çoxdan müalicədən
çıxarılıb, çünki onun çox pis təsiri
vardır, xəstəni çox halsızlaşdırır.
Yadıma Məmmədin vəziyyəti düşdü. Yazıq kişi
deyirdi ki, ağ dərmandan sonra yaman halsızlaşıram, əlimi
belə qaldıra bilmirəm. Əlavə edirdi
ki, bunlar dovşan kimi üstümdə təcrübə
aparır.
Zəlimxanla
Heydər Həsənoğluna qonaqlıq vəd etmişdim. Axşam gəldilər, Zəlimxan sazını da gətirmişdi.
Gecikdiyinə görə Mikayılı cərimə
etmişdilər. Almaniya və almanlar, Azərbaycan
və azərbaycanlılar müqayisə olundu.
Yaxşı bir gecə keçdi, hayıf lentə alan olmadı.
3-5
sentyabr - Evimizi tamam su basdı, qonşuya dedim ki, insaf elə,
otağın tavanı çökmək üzrədir,
cavabı:
- Get kimə
istəyirsən de, hara istəyirsən şikayət et, pulum yoxdur, təmir etdirim.
Məmməd
dedi ki, onlar bilirlər bu saat qanun yoxdur, onlara baş qoşma.
Ayın 5-də rəssam Adil Rüstəmov
qonağımız oldu:
- Mənim
sənə həsr etdiyim tabloları Almaniyaya sərgiyə
aparıblar. Sonra məni də
çağıracaqlar. Sən mənim fikrimcə ən
yaxşı şairsən, bəzi şairlər cildini dəyişə
bilir, sən isə əyilmirsən...
Adil bir xeyli söhbət etdikdən sonra getdi.
Səhər bütün qabları tavandan tökülən suyun altına düzmüşdüm. Evlə bağlı idarədən adamlar gəlir, baxır, başlarını bulayıb gedirdilər. Elə bil, tədbir görməli adamlar bunlar deyil, başqalarıdır.
Axşam Məmmədin tələbəlik illərindən yaxın dostu olmuş İlyas Tapdıq bizə gəldi. Oturub Məmmədlə xeyli dərdləşdilər.
İlyas:
- 1-ci sinfin kitablarına baxıram, hamının şeirləri salınıb, Məmməddən və məndən başqa. Istəyirəm Səməd Vurğun haqqında məqalə yazam. Onun şeirlərini mənim kimi təhlil edib açan bəlkə də yoxdur.
Söhbətə qarışdım:
- Səməd Vurğunun Lenini, Stalini, partiyanı vəsf etdiyi şeirləri heç oldu Elə yazmasaydı istedadı daha yaxşı üzə çıxardı.
Ilyas mənimlə razılaşmadı:
- Düz demirsən.
Anamın
dilbər gəlini
Yadlara
açma əlini...
Bunu o vaxt ayrı necə deyə bilərdi, belə çox misralar deyə bilərəm (və dedi də) hanı o misralar başqa şairlərdə varmı? Bəzi şairlər onları tərifləyənləri himayə edirdi. Ancaq həmin bəzi şairlər Məmmədin ədəbiyyatdakı yerini dana bilmədilər, böyüklüyünü qəbul etməyə məcbur oldular.
(Ardı var)
Təzadlar.- 2013.- 28 dekabr.- S.12-13.