Quranda qadın necə dəyərləndirilir?

 

Bəzi xurafatçı kütlələr qadına dəyər verməməyi təlqin etməyə çalışsalar da, Quranda Rəbbimiz qadınları qoruyan və dəyər verən bir çox ayə nazil etmişdir

 

İnsanlara həyatı boyu ehtiyacı olan hər məsələdə bütün məlumatları Allah Quranda açıqlamışdır. Dünya həyatının gerçək üzünü, insanların yaradılış məqsədini, gözəl yaşamağın sirlərini, insan fitrətinə ən uyğun əxlaq anlayışını insanlara bildirmişdir. Quranda Allahın əmr etdiyi hökmlər qadın və kişilərə aiddir. Bəzi xurafatçı kütlələr qadın düşmənçiliyini və qadına dəyər verməməyi təlqin etməyə çalışsalar da, bu anlayışa Quranda yer yoxdur. Əksinə, Quranda Rəbbimiz qadınları qoruyan və dəyər verən bir çox ayə nazil etmişdir.

Xurafatçılıq Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığı İslamdan çox fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. İslam dini sevgini, dostluğu, qardaşlığı, sevinci, estetika, incəsənət və elmə əhəmiyyət verməyi, qadına layiq olduğu dəyəri verməyi, mərhəməti, qısaca desək, gözəl olan hər şeyi əmr edir. Xurafatçılıq isə xurafat və bidətlərlə dolu tamamilə başqa dini ortaya qoyur. Sevginin olmadığı, nifrətin və qəzəbin hakim olduğu, təmizliyə, incəsənət və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan olunduğu, qadınlara və uşaqlara amansız qəzəb duyulan sistem şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bəladır. Xurafatçılar insana və heç bir canlıya dəyər vermirlər. Ruhlarında incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçı qadına da nifrət edir. Xurafatçıların başlıca cəhətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına üçüncü sinif varlıq münasibəti göstərmək xurafatçılığın əsas xüsusiyyətidir. Xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Qadınları ancaq təmizlik edən, xidmətçi varlıq kimi görürlər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar. Məsələn, cəmiyyətdə kişi işi və ya qadın işi deyə ayırd edilən məsələlər var. Əlbəttə, fiziki gücləri və quruluşları baxımından qadınların görə biləcəyi işlərlə kişilərinki fərqlənir. Ancaq bu fərq qadının ağıl və bacarıq yönündən daha gücsüz olması demək deyil. Dövrümüzdə qadınlar bir çox sahədəki bilik və bacarıqları ilə bu ön mühakimənin əsassızlığını ortaya qoyurlar.

 

Quranda qadınla kişi bərabərdir

 

Qadının cəmiyyətdəki yeri haqqında dünyanın hər ölkəsində əsrlərdən bəri müzakirələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, iş həyatında yer tutub-tutmaması kimi bir sıra sosial məsələlər illər boyu dünya gündəmindədir. Halbuki bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox vacibdir və həqiqi İslam əxlaqının mənimsəndiyi cəmiyyətdə bu cür müzakirələr olmaz. Çünki İslamda qadınla kişi bərabərdir. Əlbəttə, fiziki cəhətdən qadınla kişi bir-birindən fərqlidir. Ancaq qadının fiziki baxımdan kişidən gücsüz olması ona cəmiyyətdə kişidən az dəyər verilməsi üçün əsaslı səbəb deyil. İslam əxlaqına görə, bir insanın qadın və ya kişi olması deyil, Allaha dərin iman və Allah qorxusu ilə bağlanması önəmlidir. Allahın əmr və qadağalarına dəqiqliklə tabe olması, Quran əxlaqına uyğun yaşamağa çalışmasıdır. Allah qatında insanın bu xüsusiyyətlərinə dəyər verilir. Allah Quranda qadın və ya kişi olmasından asılı olmayaraq iman gətirən şəxsin lazımi xüsusiyyətlərini çox ətraflı açıqlamışdır.

 

Quranda qadın və kişiyə eyni cür xitab edilir

 

Quran ayələrinə baxdıqda Allahın qadınla kişiyə ortaq xitab etdiyini görürük. Allah Quranda bir insanın gənc, yaşlı, qadın və ya kişi olmasının deyil, səmimi qəlbdən iman gətirməsinin vacib olduğunu bildirir. Buna görə Allah Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin öhdəliklərinin eyni olduğunu xatırladır. Quranda bu cür bir çox ayə var.

Allah Quranda “Mömin olaraq yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)” ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını bildirmiş, iman gətirənlərin heç bir haqsızlıq edilmədən mütləq Allahın rəhməti və cənnəti ilə mükafatlandırılacağını xəbər vermişdir. Qadınlar haqqında on illərlə davam edən mübahisələrin kökündə xurafatçıların yanlış düşüncə tərzi durur. Dövrümüzdə dünyanın bir çox ölkəsində zorakılığa və pis rəftara məruz qalan, işsiz, qayğıya möhtac, yaşlılar evinə tərk edilmiş çox sayda qadının olması sözügedən yanlış düşüncə tərzinin nəticəsidir. Bu ictimai problemin həqiqi həlli Quran əxlaqına uyğun yaşamaqdır. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın hüquqlarını qorumağa çalışmış, cəmiyyətdə qadınlara qarşı yanlış baxışı aradan qaldırmış, qadına cəmiyyətdə dəyərli yer qazandırmışdır. Rəbbimiz Quranda insanlara öz qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bidirmişdir.

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır”. (Hucurat surəsi, 13)

 

İnsanlar arasındakı yeganə üstünlük ölçüsü təqvadır

 

Xurafatçılar Quranda olmayanları İslam dininə daxil etməyə çalışır, öz xurafatlarına uyğun olmayan hökm və əmrləri inkar edirlər. Quranın sevgi, şəfqət, qardaşlıq və sülhü nəsihət etməsi, bütün gözəlliklərin təriflənməsi, incəsənətə və elmə təşviq edilməsi, qadınlara üstünlük verilməsi, qorunması onların qəzəbinə səbəb olur. Xurafatçı düşüncə tərzində kişinin üstün olduğu düşünülür. Ancaq Allahın Quranda bildirdiyi kimi, üstünlüyü qadın və ya kişi olmaqda, fiziki gücdə və ya başqa meyarda axtarmaq böyük aldanışdır. Allah bir ayədə: “...Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun! (Bəqərə surəsi, 197)” - şəklində buyuraraq insanlara dünyada əldə edəcəkləri ən xeyirli tədarükün təqva olduğunu xəbər vermişdir, yəni Qurana əsasən, insanlar arasındakı yeganə üstünlük ölçüsü təqvadır. 

 

Peyğəmbərimiz (s.ə.v) xanımları dünyanın bəzəyi kimi görmüş və onlara çox dəyər vermişdir

 

Peyğəmbərimiz (s.ə.v) Allahın Quranda bildirdiyi kimi, qadınların cəmiyyətdə qorunması, layiq olduqları hörmət və sevgi görməsi üçün ictimai sahədə görülməli tədbirləri Quran ayələrilə və şəxsən özü tətbiq edərək bütün insanlara bildirmişdir. Peyğəmbərimizin (s.ə.v) Quran ayələrinə uyğun bütün davranışları qadınların lehinədir və qadınların zərər çəkməsinin, əzilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Peyğəmbərimizin (s.ə.v) xanımlarına və əshabındakı xanımlara göstərdiyi gözəl rəftar bütün müsəlmanların qadınlara qarşı düşüncə tərzini müəyyən edən ən gözəl nümunədir. Peyğəmbərimizin (s.ə.v) ilk xanımlarından hz. Xədicə (r.ə) və hz. Sudə (r.ə), hz. Aişə (r.ə), hz. Həfsə (r.ə), hz. Zeynəb (r.ə), hz. Ümmi Sələmə (r.ə), hz. Cüveyriyyə (r.ə), hz. Ümmi Həbibə (r.ə), hz. Safiyə (r.ə), hz. Meymunə (r.ə) kimi adları çəkilən digər xanımları da Peyğəmbərimizin (s.ə.v) bu nümunəvi davranışlarından müxtəlif rəvayətlərdə bəhs edirlər.

Rəvayətlərdə Peyğəmbərimizin (s.ə.v) xanımları ilə oyun oynadığı, qaçışda yarışdığı da bildirilir. Səhabələr “PEYĞƏMBƏR (S.Ə.V) XANIMLARI İLƏ ƏN ÇOX ZARAFAT EDƏN İNSAN İDİ. (Hasan B. Süfyan Müsnedi'nde aktarılmıştır; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2-ci cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105)” sözləri ilə Peyğəmbərimizin (s.ə.v) xanımlarına diqqətini və sevgisini bildirmişlər.

Bundan əlavə, hz. Aişə (r.ə) “Peyğəmbərimiz (s.ə.v) “XANIMLARINA QARŞI İNSANLARIN ƏN MÜLAYİMİ, ƏN SƏXAVƏTLİSİ, ƏN GÜLƏRÜZLÜSÜ İDİ. (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 531/7)” sözü ilə müsəlmanların xanımlarına və bütün qadınlara necə davranmalı olduğunu bildirmişdir.

Quranda qadına verilən dəyəri bildirən bəzi ayələr  Anaya verilən dəyər: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman surəsi, 14)

Ailə həyatında qadına verilən dəyər: “Sizin üçün ünsiyyətdə rahatlıq tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, 21)

Qadınların könlünü alaraq və razı salaraq boşamaq: “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri ilə oynamayın. Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, hər şeyi biləndir!” (Bəqərə surəsi, 231)

Qadınların boşandıqdan sonra maddi cəhətdən təmin edilməsi: “Boşanmış qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir”. (Bəqərə surəsi, 241)

Qadına verilən malların boşandıqdan sonra geri alınmaması: “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! Siz onu necə geri ala bilərsiniz ki, bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar”. (Nisa surəsi, 20-21)

Boşandıqdan sonra qadınlar üçün sığınacaq yeri təmin edilməsi: “Onları imkanınız çatdığı qədər öz yaşadığınız yerin yanında sakin edin. Sıxışdırmaq məqsədilə onlara zərər verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər çətinliyə düşsəniz, onu başqa bir qadın əmizdirə bilər”. (Talaq surəsi, 6)

Qadına zorla varis çıxmamaq: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, onlara verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin...” (Nisa surəsi, 19)

Yetim qadınların hüquqlarının qorunması: “Səndən qadınlar barəsində fətva istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah verir. Onlar verilməsi vacib olanı verməyərək evlənmək istədiyiniz yetim qızlar və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!” (Nisa surəsi, 127)

Qadınlar Allahın yaratdığı çox mübarək və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır. Şeytan isə qadının düşmənidir və qadına nifrət edir. Darvinistlər, kommunistlər, faşistlər və xurafatçılar da qadına nifrət edirlər. Qadını üçüncü sinif varlıq kimi görürlər. Halbuki qadınlar çox zəkalı, ağıllı, incədüşüncəli, incəsənətə meylli gözəl varlıqlardır. Quranda xurafatçılar, münafiqlər, müşrik və saxtakarlarla bağlı çoxlu ayə var. Ancaq istər Quranda, istərsə də Peyğəmbərimizin (s.ə.v) hədislərində xurafatçıların Quran və hədislərə əsaslandırdığı qadınları alçaldan sözlərə və xurafata yer yoxdur. Unutmaq olmaz ki, hər xalqın arasında pislər var, qadınların da pisi Quranda münafiq adlandırılır və axirətdə eynilə münafiq kişilər kimi cəza çəkəcəkləri bildirilir. Ancaq xurafatçıların qadınların hamısını pisləyən, böyük qisminin cəhənnəmə gedəcəyini bildirən sözləri tamamilə xurafatdır və bu şəxslər Allahın adından yalan danışırlar.

 

 

Adnan OKTAR

 

Təzadlar.- 2013.- 5 fevral.- S.12.