"Amerikada
görülən işlər nəticə verməkdədir"
Tomris Azəri: “Tarix boyu Azərbaycana
qarşı edilən qətliamların,
soyqırımların, işğalların bütün Amerika
ictimaiyyətinə çatdırılmasına
çalışırıq”
Amerika Azərbaycanlıları Cəmiyyətinin
prezidenti Tomris Azərinin “Təzadlar”a müsahibəsi
-
Tomris xanım, Nyu-Meksiko ştatının Xocalı qətliamının
21-ci ildönümü ilə bağlı qətnamə qəbul
etməsini necə dəyərləndirirsiniz?
-
Nyu-Meksikoda qəbul edilən qətnamə Amerikada yaşayan
azərbaycanlıları çox məmnun etdi. Bu uğur orada
yaşayan azərbaycanlıların, səfirliyimizin və
baş konsulluğumuzun birgə uğurudur. Birgə
görülən işlər öz effektini verir və verməkdədir.
Bu işi davam etdirməliyik.
-
Qarşıda hansısa tədbirlər gözlənilirmi?
- Bu
il azərbaycanlıların cəmiyyəti, Amerika Azərbaycan
Şurası və Türk-Amerika təşkilatları
Xocalı qətliamının Amerikada tanınması
üçün məktub kampaniyalarına start verib. Və bu
məktub kampaniyası çox gözəl nəticələr
verməkdədir. Bildiyiniz kimi, keçən ilin mart ayında
Nyu-York ştatının senatı tarixdə və Azərbaycandan
xaricdə ilk dəfə olaraq 31 mart azərbaycanlıların
soyqırım gününü rəsmi şəkildə
tanıdı. Keçən il məktub kampaniyalarımız və
öz nümayəndələrimizlə aparılan
danışıqlardan sonra Corciya ştatı nümayəndələr
palatası ilk dəfə Xocalı soyqırımının
baş verməsində Ermənistan rəhbərliyinin rolunu
qeyd edən və cinayətlə bağlı Sarkisyanın
adını hallandıran qətnaməni qəbul etdi.
-
Ortada olan nəticə odur ki, görülən işlər
öz effektini verməkdədir...
- Təbii
ki, elədir. Onu da demək istəyirəm ki, biz bütün
il boyu konqresmenlərimizlə, senatorlarımızla əlaqələrimiz
olur və onlarla hər görüşdüyümüzdə
problemlərimizi danışırıq və onları bilgiləndiririk.
Amerika Azərbaycanlıları Cəmiyyətinin 55 illik təcrübəsinə
böyük kömək olur.
Amerikada
ilk qurulmuş bir cəmiyyət olaraq nümayəndələrimiz
bizlərə inanır və dinləyirlər.
Uğurlarımızın daha da irəli getməsini istəyirəm.
Tarix boyu Azərbaycana qarşı edilən qətliamların,
soyqırımların, işğalların bütün Amerika
ictimaiyyətinə çatdırılmasına
çalışırıq.
Elnur Eltürk
Təzadlar.- 2013.- 5 fevral.- S.11.