Biz bir millət olaraq tarix boyu xəyanətlərə düçar olmuşuq"

 

Vüqar Zifəroğlu: "Kiyev rus dövlətinin tarixinin özü elə qıpçaq türklərinin tarixidir"

 

Tədqiqatçı-yazar, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun “Təzadlar”a müsahibəsi

 

- Vüqar bəy, öncə sizi yeni kitabınızin çapdan çıxması münasibəti ilə təbrik edirəm. “Sirr” romanında nədən bəhs olunur?

- Təşəkkür edirəm və inanıram ki, əsər marağınıza səbəb olacaq. Kitabda qələmə alınan hadisələr 10-cu əsrdə, daha dəqiq desək, həmin əsrin 70-ci illərinin əvvəllərində baş verir. Bildiyiniz kimi, həmin dövrdə əsas güc mərkəzlərindən biri olan Xəzər Xaqanlığı süquta uğrayır və bu zaman tarixdə ilk dəfə olaraq mərkəzləşmiş Kiyev rus dövlətinin tarix səhnəsinə çıxması prosesi baş verir. Kitabda məhz slavyan rus tayfalarının daxili çəkişmələri fonunda pərdəarxası gedən proseslər və bu münaqişələrə oğuz türklərinin təsadüfən cəlb edilməsi bədii şəkildə qələmə alınır. Bütün bu qarışıqlıqlar içində iki müxtəlif mədəniyyəti və dünyaları təmsil edən gənclərin bir-birilərinə olan ülvi hissləri və başlarına gələn macəralar iki əsas süjet xəttindən biridir. 

- Bəs digər süjet xətti?

- Bildiyiniz kimi, 4 min ildən artıqdır ki, dünyaya ağalıq etmək iddiasında olan gizli təşkilatar bir-birilərini zəncirvari şəkildə əvəz etməkdədirlər. Təbii ki, bu təşkilatlara qarşı duran və bir növ İlahi ədaləti təmsil edən qüvvələr də mövcud olub. Bu, eramızdan əvvəl 2-ci minillikdə də belə olub, eramızın 2-ci minilliyində də. Bu gizli savaş həmişə gedib, gedir və ümumiyyətlə, dünya var olduqca gedəcək. Kitabın ikinci süjet xətti məhz bu gizli mübarizədir.

- Gizli təşkilatlar mövzusuna qayıdacağıq. Niyə məhz 10-cu əsr və slavyanlar?

- Bilirsiniz, slavyan tarixi əslində başdan-başa təhriflərə uğramış və nəticədə bugünkü şəklini almış türk-qıpçaq tarixidir. Rusların böyük mütəfəkkiri və yazıçısı Dostoyevskinin gözəl bir sözü var: “Hər bir rusun içində bir tatar oturub”. Kiyev rus dövlətinin tarixinin özü elə qıpçaq türklərinin tarixidir. Bu, eyni zamanda həm də o dönəmdir ki, türk oğuzlar toplu halda İslama, slavyan ruslar isə xristianlığa keçirlər. Və nəticədə, hər iki millət din, inanc və sahib olduğu dəyərlər baxımından indiki şəklini almağa başlayır. Digər tərəfdən, mən həm də sətiraltı olsa da, Xəzər Xaqanlığı kimi 400 ilə yaxın böyük bir qüdrətə və düzənə malik siyasi güc mərkəzinin faciəli sonluğuna diqqət çəkmək istəmişəm. Biz bir millət olaraq tarix boyu xəyanətlərə düçar olmuşuq. Amma bu, mənim subyektiv fikrimdir və razılaşmayanlar ola bilər təbii ki. Midiya və Xəzər dövlətlərinin süqutuna gətirib çıxaran gizli xəyanət və indiyədək hələ də üstü açılmayan qorxulu və təhlükəli oyunlar qədər faciəlisi və müəmmalısı olmayıb. Ümumiyyətlə isə, orta əsrləri çox sevirəm. Əsasən də 9-13-cü əsrlər mənim ən çox sevdiyim tarixi zamandır. O dövrlər başdan-başa qəhrəmanlıqlar və sirlər pərdəsi ilə örtülmüş, üzərinə qaranlıq tül pərdə çəkilmiş gizlinlərlə doludur.

- Əsər bədii olsa da, tarixi paralellər mövcuddur...

- Təbii ki. Bəli, burada təxəyyül olmadan keçinmək olmaz, çünki bədii əsərdir. Amma mən maksimum dərəcədə çalışmışam ki, o dövrdə baş verən siyasi hadisələri bu kitabda canlandıra bilim. Qəhrəmanlar, sadəcə, həmin dövr üçün xarakterik olan tipajlardi. Bununla belə, orada Kiyev rus dövlətinin knyazı Svyatoslav, onun oğlu Vladimir kimi tarixi şəxsiyyətlərin də obrazları yaradılıb. Knyaz Vsevolodun qızı Olqa isə rus knyazı Svyatoslavın anası knyaginya Olqanın üz və xarakter cizgiləri ilə təsvir olunub. Onun təsviri orta əsr rus mənbələrində var. Ümumiyyətlə, mən bu kitabı yaza-yaza o dövrə aid bir çox slavyan-rus mənbələri ilə tanış oldum və onlardan çox bəhrələndim. Əsərdəki obrazların adlarını da həmin dövrə uyğun adlardan seçməyə çalışmışam.

- Xəzər türklərinin milli mənşəyi haqqında ziddiyyətli fikirlər bildirilir. Xəzər türkləri türk dünyasının tarixində hansı rolu oynayıblar?

- Xəzər Xaqanlığı türk dünyasının dünya tarixində özünəməxsus yer tutmuş və öz damğasını vurmuş nəhəng 17 türk imperiyasından biridir. Onların türk olduğu dünya tarixşünaslığında birmənalı olaraq qəbul edilib və bu səbəbdən də bununla bağlı ən kiçik fərqli fikir belə söyləmək savadsızlıqdan başqa bir şey deyil. Bu suala mən 10-cu əsrdə yaşamış Xəzər xaqanı Yusifin yəhudi seferotunun rəhbəri Xasday ibn Şafruta yazdığı məktubdan bir cümlə ilə cavab vermək istəyirəm: “Sən öz məktubunda soruşursan ki, biz hansı xalqdan və nəsildənik. Bil ki, biz Yafəsin övladlarının, onun oğlu Toqormanın nəslindənik!.. Biz hamımız hökmdar oğlu hökmdarıq!” Bir daha təkrar edirəm, bu sətirlər 10-cu əsrdə yaşamış Türk-Xəzər xaqanının öz əli ilə yazdığı əlyazmadandır. Bundan böyük sübut ola bilməz. 

- Əsərdə, gizli təşkilatdan bəhs olunur. Oxucularımız üçün də maraqlı olardı: türk millətinin həyatında gizli təşkilat deyilən məsələ nə qədər reallığı əks etdirir?

- Tam şəkildə əks etdirir. İlk gizli təşkilatların yaradılışı eramızdan əvvəl 3-cü minilliyin sonlarına təsadüf edir. Qədim Yaxın Şərq tarixi bu təşkilatların fəaliyyəti ilə zəngindir. Əsərdə adını çəkdiyim Babil Qardaşlığı təşkilatı da mövcud olub və hazırda dünya hegemonluğuna can atan gizli təşkilatların bir növ ata babası hesab edilə bilər. Türk tarixində həmişə bu təşkilatlara qarşı gələn gizli quruluşlar mövcud olub ki, kitabda onların təsvirinə də yer vermişəm. Bunlardan ən məşhuru Midiya dönəmində mövcud olub, bu barədə romanda yazılıb. Qeyd etmək istərdim ki, gizli təşkilatlar, ritualları və duaları ilə bağlı əsərdə yazılanlar da mövzu ilə bağlı yazılmış kifayət qədər ciddi mənbələrə əsaslanaraq qələmə alınıb və tarixi reallığı əks etdirir.

- Romanı Milli Kitab Mükafatına təqdim etmisiniz. Qalib gələcəyinizə inanırsınız?

- Hər halda, inanıram ki, bu kitab maraqla qarşılanacaq. Qalib gəlmək məsələsini isə, zaman göstərər. Allah bilən məsləhətdir.

 

 

Elnur Eltürk 

 

Təzadlar.- 2013.- 14 fevral.- S.11.