İkinci ömrünü xatirələrdə
yaşayır
İnsan dünyaya gələndə ovucu - əlləri sıxılmış olur: sanki baxın, yer-göy əlimin içindədir - deyir. Elə ki, alın yazısını, qismət payını başa vurur, onda əlləri açıq qalır. Elə bil deyir: baxın, özümlə heç nə aparmıram. Bu və ya digər cəhətlərə görə insanları da iki duyuma - sevgiyə, etinasızlığa uyğun gətirmək mümkündür. İnsan var, yaşayır. Boylu-buxunlu duruşu, görünüşü ilə sayılıb-seçilir. Amma dəyəri, xidməti, qeyrəti, vicdanı, şərəfi yadda qalmır. İnsan da var, əcəli çatanda, vaxt yetişəndə, haqq dünyasına qovuşanda onun ölməz, unudulmaz xatirələri canlıymış kimi hər zaman göz önündə canlanır.
Onun portreti, məhrəmliyi, sadiqliyi, sədaqəti, milli qeyrəti elə bil indicə danışacaq, sevinc-fərəhini qədirbilənlərlə bölüşəcək. Belə tarixi şəxsiyyətlərdən, sözlə, poetik duyumla doğma el-obasını, millətini zirvələrə ucaldanlardan biri də həmişəyaşarlıq qazanmış xalq şairi Bəxtiyar Vahabzadə olmuşdur. Gərək keçmiş zamanda yazmayaydım. Axı o, çoxları üçün bu gün də yaşayır. Onun ikinci ömrünün davamının yaxın günlərdə işıq üzü görmüş "Bəxtiyar Vahabzadə əbədiyyət yolunda, yaxud şairsiz ötən bir ilimiz" (ADPU-nun nəşriyyatı - Bakı - 2010) rəsmi, bədii, publisistik, sanballı, fundamental xatirələr toplusunda bir daha şahidi olduq.
Bəxtiyar Vahabzadə zamanın, dövrün, quruluşun, cəmiyyətin çətin, amansız, aramsız sınaqlarından məğrurluqla, cəsarətlə, qeyrətlə çıxan yaradıcı şəxsiyyət, pedaqoq olmuşdu. Mühit onu sıxırdı, əzirdi, hətta inildədirdi. Lakin ideyasından, xalqsevərliyindən döndərə, çəkindirə bilmirdi. çünki milli dəyərlərinə, qeyrətinə, sağlam düşüncəsinə, saf əməlinə, əqidəsinə güvənirdi. O, 84 il ömür yaşadı. Bu müddətdə heç vaxt yarınmadı, yaltaqlanmadı, sözünü geri götürmədi. Həmişə başıuca gəzdi. Yaradıcılığında qeyrəti, namusu, azərbaycançılığı, torpağımızı, dağımızı, bağımızı min bir həvəslə təsvir-tərənnüm etdi. Doğrudur, əvəzində zamanın quruluşu, hakimiyyəti tərəfindən zillətlərə, işgəncələrə məruz qaldı. Lakin özü demiş: bir canda bir ürək olar. Onun ürəyi işgəncələrə tab gətirdi. Ancaq əqidəsindən dönmədi. Sağlam düşüncəsi, saf əməli, yaradıcılığı ilə yaşadı. Bu qənaətimin sonunda ümummilli lider Heydər Əliyevin olduqca dəyərli, müdrik kəlamlarını, fikirlərini xatırlayıram: "Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarında belə, güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır".
Sözügedən yeni nəşrdə - yaxın günlərdə işıq üzü görən, oxucular tərəfindən maraqla qarşılanan kitabda mənim də "Hər sözü bir ulduz, bir şəffaf almaz..." xatirə-yazımda Bəxtiyar müəllimi özümə təkcə müəllim yox, həm də mənəvi atak kimi təsvir, tərənnüm etmiş, xatırlamışam. Mən Nizami, Füzuli, Vaqif, S.Vurğun yaradıcılığını da çox sevirəm, həvəslə, iştahla oxuyuram. Ancaq onların üzlərini görməmişəm, səslərini eşitməmişəm. Bəxtiyar Vahabzadənin isə atalıq, dayılıq - müəllimlik qayğısı başımın üstündən əskik olmayıb. 46 il əvvəl onun Hüsü Hacıyev-19 ünvandakı mənzilinə getmişdim. Gəlişimin məqsədini soruşdu, dedim. Telefonun dəstəfini qaldırıb, o zaman populyar olan sovet tarixindən dərs deyən rəhmətlik Xəlil Əlimirzəyevə zəng etdi. "Sabah yanına bir tələbəmiz gələcək, ona yüksək qiymət ver. O, sovet tarixini bilməsə də, Azərbaycan tarixini yaxşı bilir..." - dedi. Müqəddəs ruhunuz şad, əbədi-əzəli ünvanınız behiştlik olsun, şəxsən mənim üçün həmişəyaşar şəxsiyyət, canlı klassik Bəxtiyar müəllim.
Kitabda ürəkaçan, olduqca dəyərli qəbul etdiyim belə bir cümləyə rast gəldim: "onun özü bir universitet idi". Bu, həqiqətən də belə idi. Dərs dediyi tələbələrə təkcə milli ədəbiyyatımızın olaylarını - dünənini, bu gününü, sabahını tədris etmirdi, həm də doğma xalqının hünərindən, qeyrətindən, azadlıqsevərliyindən qədərsiz məhəbbətlə danışardı. Ondan eşitdiyim, bir zaman bəlkə də etinasız qəbul etdiyim bu misralar yenidən xatirəmdə canlanır, yaddaşımda oyanır:
Vətəni
sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa?
Vətən
də bizimtək ölər, yox olar,
Vətənin
yolunda ölən olmasa!
Uzun illər
Bəxtiyar müəllimlə dostluq etmiş, bir süfrə
arxasında çörək yemiş, əməkdar mədəniyyət
işçisi, tanınan yazıçı-publisist Nahid
Hacızadənin topludakı xatirələrində oxuyuruq:
"...O, elə bil ayrıca universitet idi. Biz Bəxtiyar
sözünün sehrinə düşmüşdük, ondan
aralanmırdıq. Deyərdi: "Sənət heyrətdən,
yanğıdan yaranır..." Bəxtiyar Vahabzadə
geniş qəlbli, təmiz ürəkli, işıqlı, təfəkkürlü,
yaradıcı pedaqoq, böyük şəxsiyyət idi.
Onun hər misrasını ismin altı halında da duymaq,
anlamaq mümkündü..."
Nahid müəllim unudulmaz şairimizi varlığı
qədər sevər, onun yaradıcılığını o
zamankı Dövlət Televiziyasında daim canlandırar,
müxtəlif səpkili verilişlər
hazırlanmasını məsləhət bilərdi.
B.Vahabzadə qüdrətli, bənzərsiz şair idi. Yaradıcılığa
başladığı ilk gündən, ilk şeirindən
ilahi vergili şəxsiyyət kimi tanınmış,
sevilmiş, qarşılanmışdı. Onu milli poeziyamızın dayağı, sütunu
sayırdılar. çünki qənaəti
belə idi:
Mən həm
bakılıyam, həm lənkəranlı,
Gəncəli,
qubalı, həm naxçıvanlı,
Şəkili,
Şirvanlı, Qarabağlıyam,
Bütöv
Vətənimə bütöv bağlıyam...
Bu sevgi, istək, məhəbbət nəticəsində
onun 1958-ci ildə "Gülüstan" poeması
işıq üzü gördü. Ev-ev, ailə-ailə gəzdi.
Hər misrası dillər əzbəri oldu.
Amma tərif, təbrik əvəzinə
özü mövcud quruluş tərəfindən əzablar
çəkdi, dövrün hakimiyyəti onu mövqeyindən
daşındırmaq, uzaqlaşdırmaq niyyətinə
düşdü. Lakin o, xilaskar, sözə-sənətə
layiqincə qiymət verən insanların qayğısı,
diqqəti sayəsində dərddən, bəladan, zülmdən
xilas oldu. Elə burda ümummilli lider Heydər Əliyevin
taleyüklü bu deyimini xatırlayırıq: "Mən hələ
Dövlət Təhlükəsizlik Komitəsində işləyən
zaman məsələsi meydana çıxmışdı. O
vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Onunla dəfələrlə
söhbətlər apardım, məsləhətlərimi
verdim... O, həmin vaxtlar böyük təhlükə
qarşısında idi. Nəyə görə?..
Ona görə ki, doğma millətini sevirdi,
xalqının qayğıları haqqını
yazmışdı. Ondan ötrü o zaman
onu həbs etmək məsələsini qoymuşdular".
Ulu
babalarımızdan bizlərə - bu günümüzə
yadigar qalmış belə bir deyim var: "Haqq nazilər, amma
üzülməz". O zamanlar Bəxtiyar müəllim
çətin, iztirablı günlər yaşayırdı. Onun özgə marağı, istəyi, niyyəti yox
idi. Yeni işıq üzü görən
topludakı xatirələrdən bəlli olduğu kimi, o,
doğma xalqını qolları zəncirli, ayaqları buxovlu
görmək istəmirdi. Bunun
üçün də hakimiyyətin hökmünü,
amansızlığını qəbul etmirdi. Əksinə,
üsyan səsini qaldırır, arzusunu, ürəyindən
keçənləri poetik, düşüncəli tərzdə
həmvətənlərinə, oxuculara çatdırardı:
"Arazın o tayı vətənim, bu tayı vətənim.
Amma o tayı görməyə yox ümidim mənim".
Onun inamını, ümidini də öldürən
qüvvələr vardı. çox
şükürlər ki, haqq nazildi, ancaq üzülmədi. Qüdrətdən vergili şairimiz qismən də
olsa muradına çatırdı. Mühit,
zaman, hakimiyyət dəyişdikcə daha fəal, aktiv olurdu.
Unudulmaz şairin bəxtinə, taleyinə ötən əsrin
60-70-ci illəri uğurla çıxdı, ömür tarixinə
qızıl hərflərlə yazıldı. Pedaqoji fəaliyyəti
ilə yanaşı, yaradıcılıqla da çox ciddi
şəkildə məşğul olurdu. Əsərləri
dünyanın neçə-neçə ölkəsində tərcümə
edilir, işıq üzü görərdi. Onun bədii-publisistik, analitik təhlilli məqalələri,
şeir və poemaları dövrü mətbuatda dərc edilərdi.
"Ləyaqət", "Dağlıq Qarabağ: iddialar, həqiqətlər",
"Gəlin biz də düşünək", "Həqiqətin
dili" və onlarca başqa qələm məhsulları
mövzu aktuallığına görə bu gün də
çox böyük maraqla, həvəslə
qarşılanır, istəklə oxunur. O, eyni zamanda sevilən,
əsərləri böyük maraqla baxılan bənzərsiz
dramaturq idi. İstər şeir və
poemalarında, istərsə də mənzum pyeslərində
çağdaş dövrün, tarixin problemləri lirik-fəlsəfi
planda, rəngarəng, əlvan boyalarla təsvir, tərənnüm
olunardı. "İkinci səs", "Vicdan",
"Yağışdan sonra", "Yollara iz
düşür", "Fəryad" və başqa pyesləri
Akademik Milli Dram Teatrında uğurla
oynanılmışdı. Sözügedən kitabda
""özümüzü kəsən qılınc"
Türkiyədə şok yaratdı" məqaləsində
xalq artisti Nurəddin Mehdixanlı ürək sözlərini
oxuculara belə çatdırır:
- Bu
gün də fəxr edirəm, iftixar hissi keçirirəm ki,
unudulmaz ziyalımızın, Tanrıdan vergili qələm
sahibinin müxtəlif dram, səhnə əsərlərində
min bir həvəslə oynamışam. Yaratdığım
obrazlar sanki boyuma biçilib... Türkün
tarixi həmişə qapalı saxlanılıb, yazmağa
imkan, icazə verməyiblər. Lakin
xalqımızın böyük oğlu, bənzərsiz
şairi Bəxtiyar Vahabzadə "özümüzü kəsən
qılınc" əsəri ilə dəmir qapıları
aça bildi. 1998-ci ildən bu tamaşa
Akademik Milli Dram Teatrında oynanılır. Amma hər dəfə də elə bil birinci
tamaşanı oynayırlar kimi, hər kəs
bacarığını əsirgəməyib. "özümüzü kəsən
qılınc"ı Türkiyədə də
oynamışıq. 800-900 nəfərlik zalda
tamaşaçılar bizi - yaradıcı heyəti ayaq
üstə, alqışlarla qarşılayıblar. Biz bu əlamətdar hadisəni müəllifin
uğuru bilmişik.
***
Topludakı müxtəlif müəlliflərin məqalələrindən,
xatirələrində aşkar duyulur ki, əbədiyaşarlıq
qazanmış şair sözün həqiqi mənasında vətənsevər,
yurdsevər, qeyrət, namus simvolu kimi tanınmış və
adını türk dünyasının tarixinə
qızıl hərflərlə yazmışdı. Onu yarım əsrə
yaxın müddət ərzində tanıyırdım.
Bütöv xarakter sahibi idi. Təkcə özünü, doğmalarını
yox, bütövlükdə xalqımızın taleyini -
dünənini, bu gününü, sabahını
düşünərdi. Bu cəhəti tələbələrinə
də vərdiş etmişdi. Naxələflərə,
nadanlara qarşı isə haqq səsini ucaldardı:
...Ey
öz doğma dilində danışmağı ar bilən,
fasonlu ədabazlar!
Qəlbinizi
oxşamır qoşmalar, telli sazlar,
Bunlar qoy
mənim olsun,
Ancaq vətən
çörəyi sizlərə haram olsun!
Bəxtiyar müəllim həddən artıq zərif,
həssas duyumlu insan idi. Gördüyü, eşitdiyi problemlərin,
milli dəyərlərə xələl gətirən dərdi
ürəyində çəkərdi. Eyni
açılmaz, üzü gülməzdi. Xalqımız da onu sevirdi, ehtiram bəsləyərdi,
ona arxalanar, güvənərdi. 1990-cı il
20 Yanvar hadisələrindən, qırğınından sonra
unudulmaz şair elə bil iflic olmuşdu, haldan, heydən
düşmüşdü. Tökülən
günahsız qanlar onun varlığına qənim kəsilmişdi.
Yaşının ixtiyar çağında
uşaq kimi hönkür-hönkür ağlayardı.
Yeri gəlmişkən, bir xatirəni də yad etmək
istəyirəm. İyirmi il əvvəl, yanvarın
22-si səhər saat 11 radələri idi. Paytaxtımız
büsbütün blokada şəraitində idi. Sovet
ordusunun hərbçiləri tərəfindən şirkətin
enerji bloku partladılmış köhnə iş yerim,
Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin
həyətində həmkarlarımla dayanmışdıq.
Bir az aralıda sözügedən ordunun
bir generalı, onun iki silahlı cangüdəni özlərindən
razı halda var-gəl edirdilər. Bu zaman lap
nağıllarda təsvir olunduğu kimi, gözlənilməz
halda, əli ürəyinin üstündə, sifəti bomboz
bozarmış Bəxtiyar göründü. Hamımız diqqətlə, inamla onun gəldiyi səmtə
baxırdıq. Bizimlə elə belə, soyuq,
könülsüz hal-əhval tutub, general səmtə
döndü: "Tüpürüm sizin üzünüzə.
Əliniz neçə-neçə
günahsız insanların qanına batıb. Nə idi onların qəbahətləri? Siz cəlladsınız!
İllər boyu millətimizi əsarətdə
saxlamısınız. Daha bəsdir, yetər! Xalqımın yarısı qırılsa da, qalanlar
"qırmızı imperiyadan" canını qurtaracaq.
Bu, sizin Azərbaycana son gəlişiniz
olacaq!" - dedi.
Bir işarə, göstərişlə onlarla həmyerlilərimizi,
soydaşlarımızı qanlarına qəltan edənlər
cəsarət rəmzi, qeyrət simvolu kimi
tanıdığımız Bəxtiyar müəllimin də
sinəsinə odlu silah tuşlaya bilərdilər. Amma onlar bunu
edə bilmədilər. Lal-kar kimi mat-mat
baxdılar. çünki haqq
sözün, ədalətin qarşısında təslim
olmuşdular. Bu dəfə şairin sözü, qətiyyəti
atəşdən daha güclü eşidildi:
Qatil
gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
"Bəxtiyar Vahabzadə ədəbiyyat yolunda, yaxud
şairsiz ötən bir ilimiz" kitabını həyəcansız
oxumaq mümkün deyil. Əvvəla, toplu olduqca səliqəli,
zövqoxşayandır. Bunun üçün tərtibçi
Ramazan Qafarlıya, rəyçilər Himalay Qasımova, Tərlan
Novruzova, Elman Quliyevə, Təyyar Cavadova oxucular adından dərin
təşəkkürümüzü bildiririk. İkinci
ömrünü xatirələrdə yaşayan şairin
sözlə portretini yaradan qələm sahiblərinin ürək
sözləri alqışa, tərifə layiqdir. Akademik
Bəkir Nəbiyevin, M.Yasəmənin, Dəyanət Səlimxanlının,
Asif Mərzilinin, Bahəddin Həziyevin, Adil Cəmilin, Ələsgər
Behbudlunun, Müsəllim Həsənovun və
başqalarının xoş düşüncələri, ehtiramları,
tarixi şəxsiyyətə sevgi-məhəbbətləri
onun doğrudan da ikinci ömrünü yaddaşlarda
yaşadığının sübutudur. Xalq şairi Nəriman
Həsənzadənin "Səfərbər yatır"
şeiri isə birbaşa oxucu qanına, canına hopur:
Məndən soruşurlar - necədir şair?
Oyaqdır - qəlbində şeirlər yatır.
"Gülüstan"
sülhünü pozub yenidən,
Bəxtiyar
hökmünü yazan ər yatır...
Əlində
qələm var, gözündə eynək,
Qələmi qılıncdır, eynəyi şimşək.
Otağı
- səngərdi, çölü - qar, külək,
O, oyaq
qalanda bir şəhər yatır.
Döyüşür,
vuruşur insan haqq üçün,
Bir kibrit bəs eylər bir ocaq üçün.
Yerə də
yatmışıq - biz qalmaq üçün,
Dözmür,
zəlzələdən bəzən yer yatır...
***
İlahi!
Aylar, günlər necə də tez ötüb keçir!?
Düz bir il əvvəl, fevral
ayının 5-də, saat 12-də zəng edib əhvalını,
ovqatını soruşduğum, Türk dünyasının
sönməz ulduzu, səmasında bərq vuran Ayı Bəxtiyar
Vahabzadə indi ikinci ömrünü xatirələrdə
yaşayır. Bəşər boyu bu dünya kimə qalıb
ki, ona da qalaydı?.. Vəfasız
dünyanın nəyindən küsək? özündən eşitdiyim bu misraları isə
dincliyimə qənim kəsilir, yuxumu ərşə çəkir,
bəzən hətta başıma hava gəlir. Yaşadığım
mənzildən çıxıb yenə onun ünvanına
doğru gedirəm. Az keçmiş
niyyətimdən daşınıram. Ona görə
ki, həmin ünvan cənnətdi, behiştlikdə, əzəli-əbədidir.
Hərə öz taleyini yaşayır. Gah qanad açıb uçmaq istəyir, gah da ruhu
varlığını yaşadır. Şairin
özü demiş:
Saralır
get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs
qulağıma hey pıçıldayır: -
Bəxtiyar,
göylərdən en yavaş-yavaş...
Endi. Doğma xalqın, vətənin, elin-obasını,
dilini, dirçəlişini canı qədər,
varlığından artıq sevən Bəxtiyar Vahabzadə
dünyaya gələndə ovucları sıxılı halda
idi. İşıqlı dünyayla vidalaşanda əlləri
açıq qaldı... Tək bircə
yaşadığı illərdə qazandığı
sevgini, məhəbbəti özüylə apardı ki, axirət
dünyasında yeri behiştlik olsun. Amin! İndi isə
son ümidimiz, pənahımız dahi şəxsiyyət,
unudulmaz mütəfəkkir, hər sözü bir ulduz, almaz
olan insandan qalan yadigarlar, bir də əzəli-əbədi
ünvanda görüşməkdir... ömrünü başa
vurmağınızın bir ili tamam olur, Bəxtiyar
müəllim. Bu bir il xalqımız
üçün bir əsrə bərabərdir. İnanırıq ki, haqq dünyasında da qədir-qiymətiniz
uca tutulur. Əbədi yuxunuz şirin olsun.
Siz ikinci ömrünüzü xatirələrdə
yaşayırsınız. İldönümünüz
ərəfəsində işıq üzü görən
monumental, sanballı, olduqca dəyərli kitab fikrimin
sübutudur. Əlvida, müdrik, zərif qəlbli insan,
qismət payım sona çatanda görüşünüzə
gələcəm...
Telman MEHDİXANLI
Təzadlar.- 2013.- 14 fevral.- S.5.