Zəngulən susmasaydı kaş...
Bu
günlərdə Azərbaycan Musiqi Mədəniyyəti
Muzeyində Azərbaycanın xalq artisti mərhum Baba
Mahmudoğlunun həyat və yaradıcılığına həsr
olunmuş Əhsən Rəhmanlının "Səhnəmizin
Məcnunu Baba Mahmudoğlu" adlı kitabının təqdimat
mərasimi oldu. Bu, Baba Mirzəyev haqqında yazılan sayca
3-cü kitabdır.
Bundan
öncə filoloq, fəlsəfə elmləri doktoru Fəridə
Ləmanın "Səlcuqdan gələn səs" (2011-ci
il), pedaqoji elmlər namizədi Allahverdi Eminovun "Baba Mirzəyevin
musiqi fəlsəfəsi" (2007) adlı kitabları
işıq üzü görüb. Əhsən Rəhmanlının
bu kitabı çox gözəl tərtibatla hazırlanıb,
559 səhifədən ibarətdir. "Araz" nəşriyyatında
çap olunan bu kitabda müəllif bədii öz fəaliyyətindən
xalq artisti zirvəsinə yüksələn Mirzəyevin sənətə
gəlməzdən öncə boya-başa
çatdığı mühiti, tələbəlik və gənclik
illərini, səhnəyə kövrək
addımlarını, keçdiyi çətin yolları,
acılı-şirinli həyat, yaşam tərzini verib. Eyni
zamanda xalq artistinin sənətinin fanatlarının,
tanınmış şəxsiyyətlərin ürək
sözləri, ona həsr olunan şeirlər, təbriklər
də kitabda yer alıb. Bu kitab Baba Mahmudoğlunun canından
çox sevdiyi şeirlərində, mahnılarında vəsf
etdiyi, həyatdakı Leylisi, Qarabağ gözəli, alim Amalya
Cəfərzadənin təşəbbüsü və maddi dəstəyi
ilə işıq üzü görüb. Bənzərsiz səs
sahibi Baba Mahmudoğlu dünyanın bir çox ölkələrində
qastrol-konsert səfərlərində olmuş, mükafatlar, hədiyyələr,
diplomlar almışdır. Kitabda Babanın 100-dən çox
şeirlərinə özünün və tanınmış
bəstəkarların musiqi bəstələdiyi
mahnıları da verilib. O, 100 ildən bir
dünyaya gələn,
fitri istedadı olan kamil insanlardan
biridir. Gözəl şeirlər yazmaq,
bəstələmək və
özü də məlahətli, bənzərsiz
səslə oxumaq hər kəsə nəsib olmur. Baba məhz belə
şəxsiyyətlərdən biri idi. Tamaşaçılar Baba Mirzeyevin zil
səsinə, səhnə
davranışına, aktyorluq
qabiliyyətinə hər
zaman böyük dəyər vermiş, alqışlamışlar. Öncə dediyimiz kimi, kitabın təqdimat mərasimində
Babanın xanımı
Amalya, qızı Aygün, oğlu Aydın, nəvələri,
dostları, xalq artistləri, yazarlar, elm və sənət adamları, telekanallar iştirak edirdilər. Məclisi muzeyin işçisi Təranə
xanım açaraq sözü aparıcı Əlirza Xələfliyə
verdi. Muzeyin "Qədim
alətlər" ansamblının
müşayiətilə əməkdar
artist Nuriyyə Hüseynova
və Teyyub Aslanov bir neçə
xalq mahnısı oxudular. Əhsən Rəhmanlının bədii
rəhbəri olduğu
"Baba Mahmudoğlu" adına xalq çalğı alətləri
ansamblının müşayətilə
Opera və Balet Teatrının solisti Rafiq Əliyev mahnı oxudu. Ardınca Babanın nəvəsi, Musiqi Akademiyasının məzunu, gənc pianoçu, xaricdə keçirilən bir neçə müsabiqənin
laureatı Fəridə
xanım Zeynallı bir neçə əsər ifa etdi. Qazaxdan məxsusi bu
məclis üçün
gələn (Babanın
qohumu) aşıq Ruslan Əmiraslanov sazı sinəsinə basdı, saz dilə gəldi. Məclis əhli olan Çingiz Fərəcov, Canəli Əkbərov, Süleyman Abdullayev, Nahid Hacızadə, Elxan Məmmədli, Fəridə
Ləman, Nazim Kazımov, Abbasqulu Nəcəfzadə və digərləri maraqlı xatirələr söylədilər.
Sonda Babanın xanımı Amalya Cəfərzadə çıxış etdi və məclis əhlinə təşəkkürünü
bildirdi.
Zeynəb Bəhmənli,
şairə-publisist, Azərbaycan
Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü
Təzadlar.- 2013.- 23 fevral.- S.11.