"Həyatımın hər anı şeir anıdır"

 

Nuranə Nur: "Bir çox sərbəst yazanların şeirləri "facebook" statuslarına bənzəyir"

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nuranə Nurla müsahibə

 

- Nuranə xanım, bu günlərdə kitabınızın təqdimat mərasimi keçirildi. Kitabınız nədən bəhs olunur?

- Bəli, fevralın 15-də Yazıçılar Birliyinin "Natavan" klubunda yeni - bu il nəşr olunmuş "Yoxluğuna və sağlığına" adlı kitabımın təqdimatı və imza günü keçirildi. Mərasim olduqca maraqlı və çoxsaylı dostlarımın əhatəsində oldu. Saytdakı elanlardan xəbər tutub gələn oxucularım da kifayət qədər idi, onlar ayaq üstə tədbiri izlədilər, fürsətdən istifadə edib, buradan onlara xüsusi təşəkkürümü bildirirəm. Tədbirə qoşulan fəxri qonaqlarım - xalq şairi Vaqif Səmədoğluya, xalq yazıçısı Çingiz Abdullayevə, dostlarım bəstəkar Xanım İsmayılqızına, şair Qəşəm Nəcəfzadəyə, şair-tərcüməçi Səlim Babullaoğluna, şair-tənqidçi Balayar Sadiqə, çox istedadlı müğənni Cavid Hüseynə və tədbirin aparıcısı tanınmış tənqidçi Əsəd Cahangirə və digər qələm dostlarıma təşəkkürümü bildirirəm.

Bu kitabın mənə uğur gətirəcəyini ilk gündən çox isti münasibətlərdən hiss elədim. Kitabda müxtəlif illərdə yazdığım şeirlərimin içindən ələdiyim şeirlər yer alır. Kitabdakı şeirlərin əsas mövzusu sevgidir, amma bu sevgi qadin duygularının iztirabları, nigarançılıqları ilə vəhdət formasındadır. Sevən qadının hisslərini bütün insanların dilinə tərcümə eləmək istəmişəm. Şeirlərimlə bəşəri insana müraciət edib deyirəm: insanların ən dərdlisi və ən xoşbəxti həyatı duyaraq yaşayanlardı. Hər halda, kitab haqqinda söz demək ən çox oxucularımın haqqıdır.

- Şeir və söz sizin üçün nə deməkdir? Əslində, eyni məna daşıyan bu iki sözün qüdrəti haqqında çox sözlər deyilib. Bu sualın cavabını Nuranə Nurun baxışında necə görmək olar?

- Deməzdim ki, "söz" və "şeir" eyni məna daşıyan sözlərdir. Hətta ən maraqlı söz belə, tək anlamda adi sözdü, hər kəsin işlədə biləcəyi kəlmədi. Sözün qüdrəti isə onun hansı məqamda və hansı sözlərlə birlikdə işlənməsindədi. Məqamın burda çox böyük əhəmiyyəti var. Şeir də söz sənətidir bəli, amma şeir məhs sözlərin təfəkkür üçün cilalanmış formasıdır. Amma bu cilalama xüsusi ustalıqla, təbii hala daha çox uyğun olarsa, daha poetik olar.

Şeir mənim üçün sözdən başqa həm də əsrarəngiz bir musiqidir. Mənə elə gəlir musiqinin bu janri hələ heç kimə məlum deyil. Şeir yazmaq isə mənim üçün yerin cazibəsinə tabe olmayan sərbəst uçuş anıdır. Şeirlərim əsasən sərbəst vəzndədir, amma bütün vəznlərdə, yerində deyilə bilən sözə hörmətim böyükdü. Şeirin forması nə olur olsun, əsas fikir sərbəst olsun. Şairlər bəzən şeiri həyatda olduğu kimi görüb yaza bilmirlər, həyatı şeirə güclə calayırlar. Sözü sözə məcbur qoşub, saatlarla qafiyə axtarıb, sonra da heca sayırlar. Ədəbiyyata bu qədər dəqiq elm kimi yanaşsaq, o, inkişaf eləyə bilməz. Elə həmişə isbat olunmuş teorem kimi öyrənilər. Amma həmişə bu fikirdəyəm ki, hecada sözünü məharətlə deyə bilən şairlərə eşq olsun! Əlbəttə, bu söz təkcə heca vəznində yazanlara aid deyil. Bir çox sərbəst yazanların şeirləri "facebook" statuslarına bənzəyir. Bax, şeirlə sözün fərqini daha çox belə anlamaq olar. Yazılanlar hamısı sözdür, özü də gözəl, kamil sözlər. Amma sözlə işləmək bacarığı, bu artıq şairin məharətidir.

- Bəzən eşidirik ki, xalqımız şeirə meylli xalqıdır. Bizi praqmatik inkişafdan və s. sahələrdən geri salır. Bu fikri ortaya atanlar bununla nə demək istəyirlər?

- Bu fikirdə olanlarda günah görmürəm. Amma gəlin belə düşünək, şeirə meylli olmasalar, nəyə meylli olacaqlar? Bu halda heç olmasa kitab oxuyurlar, beləcə dil formalaşar, insani hisslər daha öndə olar. Şeirə meylli olmaq təhlükəli deyil əsla, kütləvi şeir yazmağa meylli olmaq bizi digər sahələrdən geri qoyur. Təkcə şeirə meylli olmaqla və ya ancaq şeir yazmaqla yaşamaq olmaz. Eləcə də yalnız ciddi və ya hər hansi ciddi olmayan işlərlə də məşqul olub, şeir və ya digər ədəbiyyat nümunəsi oxumamaq da düzgün həyat tərzi deyil axı. Ədəbiyyat qədər insanın insanlığını formada saxlayan sahə yoxdur.

- Son zamanlar bəzi gənc yazarlarımız özlərindən əvvəlki şairləri inkar edirlər. Buna müxtəlif səbəblər də gətirirlər. Xüsusilə, onların yazdıqlarını heç bir məna kəsb etmədiyini bildirirlər. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

- Hər bir gənc dünyanın öz oxu ətrafında hansı sürətlə fırlandığını unutmamalıdır. Neyləmək olar ki, bu təzad insan ömrünün müxtəlif anlarında müxtəlif cür təzahür edir. Görünür, bu da təbiətin təbii qanuna uyğunluqlarındandır. İndi inkar olunan yaşlı nəsil də özündən əvvəlkiləri inkar edə-edə yaşlanıblar. Atalar sözü var, "Yeni ay çıxanda, göy üzü köhnəni doğrayıb ulduz eləyir ". Mənim münasibətimdən asılı olmayan bir şeydi bu, amma münasibətim kafidir. Ədəb çərçivəsində inkar ola bilər. Amma inkar edən gənc sözün əsl mənasında inkar etdiyi yaşlı nəsildən daha dəyərli əsərlər qoymalıdı ortaya. Gənclikdə bu cəsarətin şahidi olsam da, hələ ki bu haqqı onlarda görmürəm.

- Qarşıda yeni kitablarınız gözlənilirmi?

- İnşaallah, sağlıq olsun, əvvəlkindən daha çox yazmaq ruhundayam. Oxucularımın sevgisi mənə, onlarla yeni-yeni kitablar paylaşmaq ilhamı verir. Getdikcə, hiss edirəm ki, həyatımın hər anı şeir anıdır. Bütün poeziya sevərlərə bu anın sovqatından pay hazırlayıram...

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2013.- 23 fevral.- S.11.