Səsin qüdrəti
Xalq
artisti Arif Babayevlə ilk tanışlığımız
hardan başladı?
(Əvvəl ötən sayda)
Elə bil ki, muğamdam aralanmışdım, nəyisə yaddan çıxarmışdım, yuxudan ayılan kimi oldum. Xüsusən, Famil Mehdinin sözləri də mənim üçün təsirli və təzə idi. Əlbəttə, şeirin müəllifi Famil Mehdini də tanımırdım. Şeir bütöv bir tarix idi mənim üçün.
Min hava
çalınır könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər
görüşür duyğularımda,
İlin həm qışıyam, həm yazıyam mən.
Sözlər təzə-təravətli idi,
könlümə yatmışdı. Yadımda qalan o idi ki, həmin
dövrə qədər mən bir çoxları kimi
muğamın sözlərinin Füzulidən, Vahiddən,
Seyid Əzimdən və bir çox hallarda fars
sözləri ilə zəngin qəzəllərdən
oxunduğuna adət etmişdim. Famil Mehdinin
şeiri, Arif Babayevin ifasında muğam yenidən məni
ovsunladı.
Anam
Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına
döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.
Bu fikirlər də çox dəyərli idi,
bütün Qarabağı gözümün önünə
gətirmişdim. Elə bil ki, göydə uçurdum və
Azərbaycanı seyr edirəm, Kür də, Araz da
gözüm önündə öz işindədir, axır,
hey axır, heç kimə də fikir vermir.
Elə
ki, Arif başladı:
Dinlə
"Çahargahı", eşit "Qatarı",
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin
sazı, Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam mən.
Yenidən xəyalım Qarabağa qayıtdı,
Göyçəyə, Təbrizə, Tiflisə getdim,
damarlarımda qanımın istiliyi qalxmışdı, hiss
edirdim ki, sifətdən pörtmüşəm. Səsimi
çıxarmırdım, çalışırdım ki,
hissləri heç kim duymasın, hardasa
bir az da pərt olmuşdum. Fikirləşirdim
ki, "nə olub sənə?" sualı versələr mən
nə cavab verəcəyəm.
Arif
dayanmırdı:
Öz
tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da.
Qədim
Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.
Arif özü də bilmədən o qədər ürəkdən
oxuyurdu ki, mən artıq özümə yer tapa bilmirdim. Elə bilirdim
ki, tərpənsəm, ətraf mənə
"havalanıb" deyəcək. Bu hisslər
də mənə başqa bir növ əziyyət verirdi,
cınqırımı çıxarmağa özümdə
güc duymurdum.
Arif "Familəm" sözünü dilinə gətirəndə
başa düşdüm ki, o, artıq axırıncı
misraları ifadə edəcək. Özümü qaçış
yoluna çıxaran təngnəfəs olmuş bir
idmançı kimi hiss edirdim. Elə bil nəfəsim
çatmırdı, yorulmuşam, təngnəfəs
olmuşam.
Familəm,
həmişə yanmaqdır peşəm,
"Can"
deyən gözələ "canan" demişəm.
Bu yolda
sevinc də, qəm də yemişəm,
Bir daha demərəm tamarzıyam mən.
Otağın işığını yandırdılar. Mənsə
ayağa durub getmək istədiyimi bildirdim. Eldar buraxmaq istəmirdi, süfrələri hazır
idi. O, bildirdi ki, Borçalıdan təzə gəlib,
yaxşı gürcü çaxırı gətirib, indi
süfrə başına yığışacaqlar, getmək
olmaz, qəti qadağandır. Lakin xeyri
olmadı. Eldara bildirdim ki, gedib bu
oxuyanı - Arif Babayevi tapacam. O, isə fikrimi zarafat kimi qəbul
etdi. Xudahafizləşib çıxdım,
telestudiyaya getdim, fikrimi açıqladım, gülən də
oldu, yol göstərən də. İki dəfə
Filarmoniyaya getdim. Axır ki, Arif Babayevi
tapdım. Oxumağı haqqında fikirlərimi
bildirdim. "Doğrudan yaxşı
oxumuşam, day kimin xoşuna gəlib və s." suallar oldu.
Axır inandıra bildim ki, həqiqətən onun oxuması
çox xoşuma gəldiyi üçün gəlmişəm
onunla görüşüm, tanış
olum. Daha sonra ondan Famil Mehdini soruşdum. Onu tanımadığımı bildirdim.
"Sağdı, yoxsa ölübmü, kimdi, nəçidi?"
suallarını məndən eşitcək - bir az geri çəkilib - "bıy, ə nə
ölüb, Famildi də, bizim Famil, odey universitetdə,
şairdi də" - deyib təəccübünü gizlətmədi.
"Gedib onunla da görüşəcəm"
fikri isə Arifə ləzzət elədi, eyni
açıldı, dodağı qaçdı. "Hə,
nə olar, yaxşı oğlandı, pis olmaz, yaxşı
olar", - dedi.
Beləliklə, üz tutdum universitetə və Famil
müəllimi tapdım, başıma gələnləri
söylədim, çox xoşhal oldu. Həmin gündən
Famil müəllim dünyasını dəyişənə
kimi bizim xoş məramlı görüşlərimiz
çox oldu. Hətta mən Nazirlər Kabinetində
işləyərkən bir neçə məlum adamların xahişini
etdi. Mən isə onların hamısını
qaşqabaqsız qəbul edib, istədiklərini yerinə
yetirdim. Arif Babayevə gəldikdə isə,
həmin illərdən günümüzə kimi muğam
oxuyanların sırasında o, mənim üçün
sıranın öncülüdür. 1970-1980-ci
illər arasında onun haqqında böyük bir məqalə
də yazmışdım.
Bir dəfə də onun tələbələrindən
birini dəvət olunduğum toyda oxuyan gördüm. Onun öz yolunu hiss etmədim,
Arifin yolunu gedirdi. Düzü, xoşuma gəldi,
özünü də ağır aparırdı, oxuduğu
sözlər də Arifinki idi. Boylu-buxunlu
oğlan idi, hazırda operaya dəvət alıb, əlbəttə,
onun Arifə çatmasına hələ illər
lazımdır. Lakin istənilən halda,
boy etibarı ilə də Arifin gəncliyini xatırladır.
Mən cavanları təbrik edərkən ona və
toy əhlinə Arif Babayevə, onun muğam oxumağına,
oturub-durmağına xeyli şərh verdim və onun tələbəsinə
ayrıca, musiqiçilərə isə ayrıca pul verib,
Arifi unutmamağı məsləhət bildim.
Düzü, səsi olan çoxdu, boy-buxunlu olanlar da var,
ayrı-ayrı məqamlarda yaxşı
"boğazları" olanlar da. Amma Arif elə Arifdi,
ona çatanı hələ ki, görmürəm.
Sovetlər dönəmində Azərbaycan SSR Elmlər
Akademiyasında işləyən dövrlərdə Arifə
görə bir qrup insanlarla mübahisə etmək dərəcəsində
sözləşmişəm. Amma onlar çox
olsalar da, mən fikrimi sübuta yetirə bilmişəm.
Hazırda həmin insanlardan sağ olanları da
var. Hər dəfə bu insanlardan kiminləsə üzləşsəm
də, həmin günləri xatırlayırlar və özləri
dilə gətirirlər. Cabir Novruz
demiş, bəzən biz insanlara sağlığında qiymət
verməyi unuduruq. Nə yaxşı ki,
Arif Babayev belələrindən deyil, bircə məqam istisna
olmaq şərti ilə. Ona xalq artisti adı
çox gec verildi. Düzü, onun niyəsini
bilmirəm. Əməkdar artist adını alandan 17 il
sonra Arif Babayev
xalq artisti adını ala bilmişdir. Arif elə
Ağdamda ikən böyük rolları ilə həm xanəndə,
həm də artist olduğunu sübut etmişdi. Bir də məsələ illərin sayında deyil,
ortaya qoyduğu işi, sənəti əsas
götürülməlidir. Arif
istər Filarmoniyada, istər Operada, istərsə də
el şənliklərində həmişə, hamıdan
yüksək sənət, muğamın tələb etdiyi sənəti
ortaya qoya bilmiş və öz işinə Allahin
verdiyi vergi ilə bərabər məsuliyyətini də ortaya
qoya bilmiş, onların vəhdətini unutmamışdır.
Arif həm də sadə, təvazökar,
yanımcıl olub, əvəzsiz səs sahibi, azərbaycanlıya,
onun bəy oğluna yaraşan davranış
daşıyıcısıdır. Arifin
üstündə çoxları ilə mübahisə
aparmışam. Sovetlərin hələ də
güclü bir dönəmində onun oturuşunun,
duruşunun bəylikdən xəbər verməsi fikrində
olmuşam. Mənə - "a kişi, əl
çək bu bəydən, xandan, bunlar zülmkar bir təbəqə
olublar, istər sənin babaların olsun, istərsə də
Arifinki - başını cəncələ salma" - deyiblər.
Amma mən fikrimdən dönməmişəm və
biləndə ki, Arif Babayevin anası bəy qızıdır
- daxilimdə bir rahatlıq tapmışam və özümə
"bəraət" qazandırmışam.
Bir də Arif Babayev nə oxumayıb ki, gərək
haqqı-nahaqqa verməyəsən. "Segah" ("Segah"ın
bütün növlərini - əgər belə demək
mümkünsə, "Çahargah", "Humayun",
"Mənsuriyyə", "Mahur-Hindi", "Zabul
Segah", "Qarabağ şikəstəsi",
"Bayatı Qacar", "Mirzə Hüseyn Segahı",
"Şur", "Rast", "Zəminxarə",
"Bayatı-Şiraz", "Dilkəş",
"Arazbarı", "Orta Mahur", "Şahnaz" və
s.
Opera sahəsində də Arif Babayev əvəzolunmaz sənətkardır. "Leyli və Məcnun",
"Şah İsmayıl", "Əsli və Kərəm",
"Aşıq Qərib", "Gəlin qayası" və
s. böyük həcmli əsərlərdə baş rollarda,
yadda qalan rollarda çıxış etmişdir, dahi sənətkarlarla
oturub-durmuşdur.
Hesab edirəm ki, Arifdən hər hansı bir məqalə
deyil, çox böyük həcmli bir kitab da yazmaq
mümkündür. Amma onun haqqında ən deyilməli fikirlərdən
biri də onun həqiqətən çox vətənpərvər
olmasıdır. Bu fikrin də başqa sahələrdə
olduğu kimi, Arifdə heç bir bayalığı yoxdur.
O, hər bir görüşündə yeganə şikayəti
vətən həsrəti, Qarabağ həsrəti, vətənimizin
sərhədlərinin bütövlüyü məsələsidir.
Mənim kimi onun da əsas nisgili, ürəyindəki
narahatçılıq torpaq məsələsidir.
Arif
müəllim, nə siz, nə də əziz oxucu, məni
qınamayın! Özüm həm də
Qarabağ müharibəsi veteranıyam. Gücüm
ona çatır ki, iki qurban deyim. Onun
birincisi Qarabağın azadlığınadır, ikincisi isə,
rus imperiyasının ikinci dəfə parçalanmasına.
Azərbaycanın xilası ondan başlayır.
Bəlkə Allah-Təala qismət etdi, bu
qurbanları verə bildim. Onda mütləq
siz də bu işdən hali olacaqsız. Orada
bir ağız "Qarabağ şikəstəsi"
oxuyarsınız. İlahi bu arzumuzu yerinə
yetirsin. Amin!..
Ziyadxan Nəbibəyli,
Azərbaycan Yazıçılar və
Azərbaycan
Jurnalistlər birliklərinin
üzvü,
yazıçı-publisist, tarix e.d. professor
Təzadlar.- 2013.-
23 fevral.- S.7.