Ölməz qəhrəman - Famil Məmmədli

 

Öz həyatı bahasına bir kəndi xilas edir

 

Həyatda elə insanlar olur ki, dünyasını dəyişdikdən sonra da ürəklərdə yaşayırlar. Həmyerlimiz Famil Məmmədli də bu cür insanlardandır.

Famil Elman oğlu Məmmədli 15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə Abasxanlı kənd orta məktəbinin I sinfinə gedib. 8 il bu məktəbdə oxumuş, qalan iki ili isə Ağsu səhər internat orta məktəbində başa vurmuşdur. Hər iki məktəbi əla qiymətlərlə bitirmişdir. Damarında qəhrəman qanı dövr edən bu insan hələ uşaq ikən hərbçi olacağı haqda xəyallar qurardı. "Mən başqa heç bir məktəbə sənəd verməyəcəyəm, hərbi məktəbə gedəcəyəm, özümgeneral olacağam. Vətəni qoruyacağam! Hamı hərbdən yayınsa, bəs vətəni kim qoruyacaq?!" deyərdi bu qəhrəmanımız. Onun arzularının bir qismi reallaşdı. 1992-ci ildə Famil Məmmədli sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verdi. Elə həmin ildə Famil Məmmədli İstanbul şəhərindəki "Hərbi Hava Okulu"nda təhsil almağa göndərildi.

O, 1996-cı ildə məktəbi yüksək qiymətlərlə bitirərək doğma vətəninə qayıtdı və Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başladı. Onun mütəxəssis kimi fəaliyyəti dövlətimiz tərəfindən çoxsaylı təltif və mükafatlara dəyərləndirildi.

Qısa müddətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Famil Məmmədli qərargah rəisi vəzifəsində çalışırdı. Ana dilimizi mükəmməl öyrənməklə yanaşı, ingilis, rus, türk dillərində də sərbəst danışa bilirdi. O, hər zaman yeniliklər axtarışında olmuş və çalışmışdır ki, bildiyindən daha çox öyrənsin, vətəninə, xalqına və insanlara faydası dəysin. Famil Məmmədli 1998-ci il sentyabrın 26-da ailə həyatı qurmuşdur. 3 övladı var.

3 mart 2010-ci il tarixində hərbi döyüş təlimi zamanı Famil Məmmədlinin idarə etdiyi təyyarədə nasazlıq baş verir. Təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən igid pilot onu bir qədər kənara yönəltməyi bacarır. Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bir kəndi xilas edir. Bu ölüm, sadəcə, ölüm deyil, hər kəsin can atdığı elə bir zirvədir ki, o zirvəyə seçilmişlər, öz taleyini yazan qəhramanlar ucalır.

Biz, hər bir Azərbaycan vətəndaşı şəhidlərimizlə fəxr edib, ibrət götürməliyik. Düşmənimizi unutmayaq, bu günümüzü layiqincə yaşayaq, sabahımızı düşünək.

Ulu Tanrıdan bütün şəhidlərimizə, o cümlədən həmyerlimiz, fəxrimiz Famil Məmmədliyə rəhmət diləyirik. Bir şeyi də unutmayaq ki, şəhidlər ölmürlər, əbədiyyətə qovuşurlar.

 

 

Səma Şahini

 

Hərbi arzusuna, əhdinə çatdı,

Hünərilə yüksək rütbələr aldı.

Şəhidlik zirvəsinədək ucaldı,

Tanrıya qovuşdu Famil Məmmədli.

 

Vətən üçün ölümə hazır idi,

O, Atatürk məktəbini keçmisdi.

Əbədiyyətə qovuşdu, ölmədi,

Ruhumuza hopdu Famil Məmmədli.

 

Həyat yolu hamımıza örnəkdi,

Bircə Qarabağ dərdi idi dərdi.

Qəlbimizdə yaşayaraq əbədi,

Xalqı ilə sevildi Famil Məmmədli.

 

Özünü ölümdən xilas etmədi,

Düşündü məhv olar yüzlərlə kəndli.

Canın millətinə qurban elədi,

Cənnətə qovuşdu Famil Məmmədli.

 

Gecə-gündüz qoruyurdu vətəni,

İgid səma şahinlərindən idi.

Azərbaycan bayrağının əksini

Səmaya göy rəngi ilə çəkirdi.

 

Yaşayıb, yaşayır Famil Məmmədli!

Əbədiyaşardı Famil Məmmədli!

 

 

Cahangir Təkləli,

Ağsu rayonunun Təklə kəndi,

şair-publisist

 

Təzadlar.- 2013.- 28 fevral.- S.10.