Alim Qasımov etiraf etdi
“Bu sənətə gələndə
istədiyim ancaq o idi ki, bir-iki manat çörəkpulu
qazanım”
Ağlayıb-sıtqamaq kimi
çıxmasaydı, deyərdim: Alim Qasımovla müsahibə
əməllicə əzablı oldu. İyulun qorabişirən
istisində fotoqraf Fəxri ilə Binəqədinin o uzaq qəsəbəsindəki
restorana gedib çıxmaq sizə zarafat gəlməsin.
Üstəlik, görüş yerinə çatar-çatmaz
qonaq nə desə, yaxşıdır: “Üzrlü say, məşqimiz
bir az çəkəcək. Siz buralarda bir yerdə oturun,
sonra istəsəniz, ta səhərəcən söhbət edərik!”
“Ta səhərəcən” deməyinə
bənd olmuram, uzaqdan ərkyana əl eləyib “gəlin” deyəndə,
zənnim doğru çıxır: “Danışmağa
halım yoxdur, acından da ölürəm” - deyib
gülür. Fərqanə də yanındadır, istəyir
suallara cavab verməyinə yardımçı olsun. “Əlbəttə,
lap yaxşı olar” deməyə nə verirlər, bəri
başdan payımı götürürəm: bu müsahibədən
ağlım heç nə kəsmir, sənətkar
yorğundur, üstəlik də ac! Ac demişkən, yerimizi
tutar-tutmaz ofisiantı çağırıb kabab sifariş
verir və başıbəlalı müsahibəmiz diktofonun
yaddaşına bu sözlərlə köçməzmi: “Denən,
soğanı yaxşı öldürsünlər”. İşə
düşmədik… Nə isə, di başlayaq, Allah kərimdir…
- Alim
müəllim, məşqiniz yaman uzun - iki saata yaxın
çəkdi. İyulun bu isti günündə də iş
başındasınız…
- Hə, bizim bu uşaqlar – Fərqanə
ilə Elnur sözləşib bura yığışıblar.
Elnur Fərqanənin yoldaşıdır. Mən də bunlara hirsi-hirsli baxıram. Çünki hövsələm yoxdur, tənbəlliyim
tutub. Gördüm uşaqlar ürəklə
girişiblər, mən də başladım hərdən
qoşulmağa. Yaxşı bir “Rast”
hazırladıq, təsnifləri məşq elədik. İnşallah, konsert demək olar ki, hazırdır.
-
Konserti nə vaxta planlaşdırırsınız?
- Qoy, camaat Bakıya
yığışsın, inşallah, sentyabrda yaxşı
bir konsert verəcəyik. Bu konsert tamam fərqli
olacaq. Biz vaxtilə tar-kamança ilə
Heydər Əliyev Sarayını doldurmuşuq. Hətta bayırda adamlar da qalıb. Sonradan
nağaraçı, klarnet ifaçısı cəlb elədik,
Təbrizdən ney, dəf gətizdirdik. İndi maşallah, on iki nəfərik.
-
Musiqiçi kasadlığının səbəbi pulsuzluq
idi?
- Xaricə gedəndə onları
aparmağa gücümüz çatmırdı. Bizi
çağıran adam da bunu boynuna götürmürdü.
Onlar üçün də hoteldə yer
sifariş verməli, təyyarə bileti almalıydı.
Xaricə gedəndə məcbur olub əlimizi
sıxırdıq, necə deyərlər, aza qane olurduq.
Həm də biz əvvəl başlayanda elə trio idik də!
Sentyabrdakı konsertimizdə istəyirəm Təbrizdən
dümbək gətizdirəm. Yaman
xoşuma gəlir bu alət.
- Fərqanə
xanım, atanız Alim Qasımov olmasaydı, öz
hesabınıza sənətdə ayaq üstə dayana bilərdinizmi?
- Kişilərin gördüyü işləri
qadınlar görə bilməzlər. Bizim qəhrəmanlarımızın
çoxu da kişilərdir. Qadınlar
aciz, zərifdirlər. Ona görə də,
məncə, bu tək qadın işi deyil ki, muğamı gətirib
bu zirvəyə çatdırsın. Bəzən
atam aylarla səfərlərdə, gecə-gündüz toy
şənliklərində olub. Buna güc,
hünər lazımdır. Bu baxımdan sənətdə
olmağımın səbəbkarı atamdır. Ana körpə uşağını qoruya-qoruya
böyüdən kimi, atam da sənətdə mənim belə
qayğımı çəkib.
Alim
Qasımov:
- Bir sözlə, Fərqanəyə təkcə
ov ovlamağı öyrətməmişəm (gülür). Mən olmasaydım, yəqin ki, Fərqanədəki
bu səs və istedad batıb gedəcəkdi. Çünki bu qızda olan həya-abır, tərbiyə
ona imkan verməyəcəkdi ki, ortalığa
çıxsın. Bəlkə oturub
öz-özünə ağlaya-ağlaya oxuyacaqdı.
- Səhnəyə
yol tapmaq çox çətindir?
- Sənətin olsa, yox! Allah
sənə istedad, ilham veribsə, səhnədə
özünə yer tapa bilərsən. Başqa
cür çətindir. Mən Fərqanənin
əlindən tutub səhnəyə
çıxarmışam. Bunu hər adama
edə bilməzdim axı. Səhnə qohum, dost,
qardaş tanımır. Dünyada səhnə
kimi əzazil olan ikinci bir şey yoxdur. Otuz-otuz beş ildir oxuyuram, o gün Şəkidə
konsert verəndə yenə imtahan verdim. Bu,
çox rəhmsiz sənətdir. Adama deyirlər, nə
olsun oxumusan, gözlərim aydın səhnəyə
çıxmısan, o vaxt necə oxuyurdun, canın
çıxsın, indi də elə oxu! Elə
bilirsən adama bunu demirlər? Tamaşaçı
çox qəddardır. Şəkidə az
qaldı deyəm ki, ay bala, oxumuşam, indi mənə niyə
baxırsınız? Özünüz üçün feyziyab
olun, mən də nə qırıldadıram,
qırıldadım da! Allah haqqı, az
qaldı belə deyəm.
Fərqanə:
- Tamaşaçı da o havaya düşmək
istəyir, o anı yaşamaq istəyir. Bizdə
muğamı bilən çoxdur. Yəni
yolunu-izini, qaydasını, şöbələri və s.
Ancaq mən ki, Alim Qasımovun ifasına, tərbiyəsinə
xəstələnmişəm, başqa cür çətin
olur. Mən də adi oxumaq istəyərəm.
Atam deyir ki, yox, hələ böyüməmisən, hələ
bir az da öyrən. Nə qədər
böyümək olar? Düzünü
deyim ki, mən indi dünyada olmayan muğam ustalarına qulaq
asıram, onlardan öyrənirəm. Deyə
bilmərəm ki, kimsə indi pis oxuyur, bu mənim həddim
deyil. Amma istərdim ki, indiki muğamı
bəsitləşdirməsinlər. Muğamı
olduğu səviyyədə saxlasınlar. Hərdən atama deyirəm ki, sən muğamı
niyə bu yerə gətirib çıxardın ki, bizi də
çətinliyə saldın?
- Alim
müəllim, siz Azərbaycan muğamında yenilik edəndə
çoxları sizi qınamışdı, bəyənməmişdi,
tənqid etmişdi…
- Bunlar hamısı olan şeylərdir. Onların adlarını unutmuşam (gülür).
Bilirsən, o vaxt qərəzli sözlər
danışanlar vardı. Amma haqqına tənqid edənlər
də az deyildi. Mən də
onların yerində olsaydım, belə deyərdim. Məsələn, Əlibaba Məmmədov mənə
vaxtilə haqqına irad tutub, fikrini deyib. Sonra konsertlərə
dəvət elədi, lap yaxından dost olduq. Bu yaxınlarda
haqqımda veriliş çəkdilər, Əlibaba müəllim
gözəl sözlər dedi.
- Bəzən
deyirlər, Fərqanə sizdən daha istedadlıdır, amma
qadınlığı ona mane olur…
- Onu deyənlərdən biri elə mən
özüməm. Biri yox e, lap birincisi. İstedadı, biliyi mənimkindən həddindən
artıq çoxdur, amma oxumaq tərzinə görə hələ
gəlib çatmayıb (gülür).
- Toya
gedən muğam ustalarına necə baxırsınız?
- Lap əla! Mən bu sənətə
gələndə fikirləşmirdim ki, böyük səhnəyə
çıxacam. İstədiyim ancaq o idi
ki, bir-iki manat çörəkpulu qazanım. Mənim səsimdən başqa heç nəyim yox
idi. Cibimdə də bir manat əlli qəpikdən
artıq pul olmazdı. İstəsəydim,
birinci-ikinci kursda da toya gedə bilərdim. Amma gözlədim
ki, muğamı tam öyrənib adam
içinə çıxım.
-
Dolanışıq çıxırdı?
- Şükür! Heç vaxt görmədiyim
dolanışığım olurdu, Allah min bərəkət
versin. Özümə bir “Jiquli” də
almışdım. O maşının dadı indiyə
qədər damağımdan getməyib. İndi
maşın mənim üçün ayağımı yerdən
götürmək üçündür.
- Asəf
Zeynallı adına
musiqi kollecinə qəbul olunmağınızda Səyavuş
Aslanın kömək etməsi doğrudurmu?
- Səyavuş Aslan mənim
yoldaşımın dayısı oğludur.
Rəhmətlik qaynanam gördü mən
tüfeyli adamam, əlimdən heç nə gəlmir, öz
qızının xətrinə xahiş elədi ki, kömək
elə, bu uşağı məktəbə
götürsünlər. O vaxt qəbul üçün
2500 manat pul istəyirdilər. Səyavuşun da maşallah, o
vaxt qılıncının dalı da kəsirdi,
qabağı da! Allah rəhmət eləsin, Vasif Adıgözəlov
məni qəbul elədi, oxuyandan sonra Əlibaba müəllim,
Bəhram Mənsurov mənə beş
yazdılar. Beşi alandan sonra dedim hə, tapşırıq
öz yerində, amma bu qiyməti özüm aldım. O beş düşərli oldu.
- Səyavuş
Aslanı itirdik…
- Allah ona rəhmət eləsin, o
dünyasını versin. Səyavuş
dünyasını dəyişəndə biz xaricdə idik.
Oğluma dedim, getdi ailəsinə başsağlığı
verdi. Mən də bu günlərdə
qəbri üstə gedib “Fatihə” oxuyacam. Xəstə olanda görüşürdüm.
Sağ olsun, hökumətimiz də onun qayğısına
yaxşı qalırdı.
- Bir
dostumuz eşidəndə ki, sizinlə restoranda söhbət
edəcəyik, dərhal reaksiyası belə oldu: görəsən,
özünündür?
- Biznesim yoxdur. Allaha şükür,
hökumət bizə yaxşı maaş
verir. Dostlarımın məclisi olur, gedib oxuyuram,
hədiyyə verirlər. Dostlarım vasitəsilə
məni hansısa tədbirə çağırırlar.
Baxır çağırışa da, əgər
toy yiyəsi doğrudan da mənim oxumağımı arzu edirsə,
sözünü yerə salmıram. Ayın 6-da bir dost
xahiş edib, rayona toya gedəcəyəm. Bəlkə
ikisinə getdim. Toy yiyəsi yox, ola
bilər, dost özü nə isə hədiyyə etsin. Eləsə
də sağ olsun, eləməsə də! Bu sənətə
hörmət edən adamlar çoxdur. Dostlarımın
çoxunu mən özüm axtarıb tapmamışam.
Onlar özü məni arayıb-axtarıblar.
Məni sevən, hörmət edən məmurların
sayı çox olsa da, oturub-durmuram. Bir
sözüm-xahişim olanda, məmnuniyyətlə edirlər.
Bir də görürsən, yolda fikirli oluram, oxuya-oxuya gedirəm,
polis saxlayır, görür mənəm, deyir sağ-salamat,
get!
- Qaydaları
tez-tez pozursunuz?
- Mən intizamlı sürücüyəm,
qaydaları sevən adamam. Amma görəndə
ki, kimsə məni nahaqdan gəldi keçdi, yolu
bağladı, mən də onun dalınca
şığıyıram. Hərdən səbirsizlik
olur, sonra deyirəm, Allah şeytana lənət eləsin!
- Fərqanə
xanım, efirdə niyə az
görünürsünüz?
- Vallah, çalışıram ki, dəvətlərə
yox deməyim. Bəzən yorğun olanda, ya səfərə
hazırlaşanda getmirəm. Amma
ümumiyyətlə, çalışıram
çağırışlardan qalmayım. Məsələn, şou ilə bağlı məni
çağırmırlar. Bilirlər ki,
iştirak etməyəcəyəm.
Alim
Qasımov:
- Yaxşı ki, elə
çağırmırlar. Yəqin bizə
yazıqları gəlir.
Fərqanə:
- Mən, onsuz da, televizora baxmıram.
Alim
Qasımov:
- Mən baxıram. Hansı
kanalda davalı, karate kinolar olsa, oturub baxıram. Bir də hind filmlərini yaman çox istəyirəm.
Köhnə türk filmlərinə də rast gələndə,
qaçırmıram.
Təzadlar.-
2013.- 13 iyul.- S.9.