Osmanlı imperiyası niyə süqut etdi?

 

 

Adıgözəl Məmmədov: “Osmanlı dövlətinin dini baxımdan dağılmasında islamın özünəməxsus şaxəsi olan vəhhabiliyin də rolu xüsusi oldu”

Psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı, Osmanlı tarixinin araşdırmaçısı Adıgözəl Məmmədovun “Təzadlar”a müsahibəsi

- Adıgözəl bəy, bir tədqiqatçı olaraq Osmanlı imperiyasının süqutunun əsas səbəblərini nə ilə bağlayırsınız?

- Bir çox tədqiqatçılar Osmanlı imperiyasının dağılmasında ən əhəmiyyətli rolu Böyük Britaniyaya aid edirlər. Əslində Osmanlı dövlətinin içəridən dağılması Rusiya, Britaniya imperiyalarının və dünyanın digər güclü dövlətlərinin qarşıya qoyduqları əsas məqsəd idi. Osmanlı imperiyasının son dövrlərini Avropada hətta “xəstə dövlət” adlandırırdılar. Vaxtaşırı Çar Rusiyasının maraqları Böyük Britaniyanın siyasəti ilə təzad təşkil etdikdə, ruslar osmanlılarla yaxınlaşmaq istəklərini izhar edirdilər. Həmçinin də Osmanlı imperiyasının Böyük Britaniya ilə və ya vassalı olan Misirlə və özünün digər şərq qonşuları ilə münaqişə vəziyyətində olduğu dövrlərdə türklər ruslarla ümumi dil tapırdılar. Və əksinə, Rusiya Balkanlarda döyüşdüyü zaman ruslar və türklər düşmən mövqelərdə olurdular. Bu zaman Osmanlı imperiyasını “xəstə dövlət “ adlandıranlar özləri onların müttəfiqinə çevrilirdi. Bütün bunlar daha çox qonşu torpaqları ələ keçirməyə can atan ölkələrin real siyasətinin, regional imperializminin nəticəsi idi. Qeyd etmək lazımdır ki, Osmanlının o zamankı liderləri strateji səhvlərə yol verərək öz ölkələrinə bunların üz verməsinə yol açırdılar. İqtisadiyyatının modernləşdirilməsi, ölkəyə müasir Avropa texnologiyalarının cəlb edilməsi, təhsilin və sənayenin inkişaf etdirilməsi əvəzinə, sultanlar imperiyanı diplomatik manevrlərlə qoruyub saxlamağa cəhd göstərirdilər. Ölkə içəridən zəif, amma xarici siyasəti baxımından güclü idi, lakin bu, osmanlıların imperiyasını dağılmaqdan xilas edə bilmədi. Osmanlı dövlətinin dini baxımdan dağılmasında isə islamın özünəməxsus şaxəsi olan vəhhabiliyin də rolu xüsusi oldu. Əslində Osmanlı dağılmağa məhkum idi.

- Tənzimat hərəkatı Osmanlının daxilindən gələn idi, yoxsa kənardan ixrac olunan ideoloji hərəkat idi?

- Tənzimat dönəmi (1839-1871) Osmanlı dövləti tarixində Əbdülməcidin imzasını daşıyan Gülhanə xəttı Hümayununun Mustafa Rəşit Paşa (xarici işlər naziri) tərəfindən oxunmasıyla başlayan və birinci Məşrutiyyətə qədər sürən islahat və avropalaşma dönəmidir. Əslində, bu hərəkat İngiltərənin, rus yayılma təhlükəsinə qarşı Osmanlını öz təsir dairəsinə soxması planı idi. İngilislərin bu addımı atmağa ciddi səbəblər vadar etmişdi. Belə ki, Osmanlı sarayının Səudların yenidən qüdrətlənməsinə dolayı yolla yardım etmələri Misir paşası Məhəmməd Əlini sultana qarşı üsyana qaldırdı və onun üzərinə müharibə ilə getdi. Bir vaxtlar Məhəmməd Əli fransız işğalçıları ilə müharibə etmək üçün Misirə gəlmiş və çox tezliklə bu ölkənin faktiki hökmdarına çevrilmişdi. O, sultan III Səlimdən paşa (canişin) titulunu almağa nail olmuş, özündən əvvəlki hakim təbəqəni, çərkəs məmlüklərini ləğv etmişdi. Məhəmməd Əli Misirdə Avropa təhsil və hərbi sistemini tətbiq etməyə səy göstərirdi. Ölkənin təhsil müəssisələrində avropalı müəllimlər tədris edirdi. Vergi sistemini dəyişdirən Məhəmməd Əli bunu əhalinin gəlirlərinin artması ilə izah etdi. O, güclü nizami orduya malik idi, işğalçılıq müharibələri aparırdı və faktiki olaraq Misiri Türkiyədən ayırmışdı. Sultan ordusundan daha yaxşı təlim görmüş və daha yaxşı silahlanmış Misir qoşunları Suriyanı ələ keçirdikdən sonra şimala doğru hərəkət edərək, 1832-ci il dekabrın 21-də Məhəmməd Əlinin oğlu İbrahim Konya yaxınlığında Osmanlı imperiyasının nizami ordusunu demək olar ki, darmadağın etdi. Sultan II Mahmud çıxılmaz vəziyyətə düşmüşdü: onun tezliklə yeni ordu toplamaq üçün nə vaxtı, nə də vəsaiti var idi. II Mahmud kömək üçün Avropadakı güclərə müraciət etdi. Lakin çoxdan Misir və Ərəbistana mehr salmış və gələcəkdə buranı özünün nəzarəti altında görmək istəyən fransız diplomatiyası ona kömək göstərməkdən imtina etdi.

İngiltərə xarici işlər naziri Palmerston isə ümid edirdi ki, onun ölkəsinə lazım olan iş Avstriyanın əli ilə yerinə yetiriləcək. Lakin hər şey fərqli cərəyan etdi. Birincisi, Avstriya ordusu Kiçik Asiya səhralarında qalib Misir ordusuna müqavimət göstərmək üçün qətiyyən hazır deyildi. İkincisi, Metternix Şərqdə Rusiya təhlükəsinin mövcudluğu ilə barışmağa məcbur idi ki, Avropada inqilab ehtimalına qarşı bu qüdrətli müttəfiqini qoruyub saxlaya bilsin. Elə bu səbəbdən o, Nikolayla açıq mübahisəyə getməyi heç istəmirdi. Amma Nikolay hələ Konya döyüşündən əvvəl İbrahimə qarşı sultana öz köməyini təklif etmişdi; bundan az öncə isə rus genaralı Muravyov öz eskadrası ilə qəfildən Bosforda lövbər salmışdı.

Həyəcan içində olan sultan hər şeyə razı idi və 3 fevral 1833-cü ildə İstanbuldakı rus nümayəndəsi Butenev, nəhayət ki, çoxdan gözlədikləri diplomatik sənədi aldı: Həmin sənəddə II Mahmud formal olaraq çar Nikolaydan qiyamçı vassala qarşı kömək istəyirdi. Dənizə çıxmağa çoxdan hazır olan və Sevastopolda lövbər salmış rus donanması, dərhal İstanbula tərəf üzdü. 1833-cü il fevralın 20-də donanma artıq Bosforda idi. İşi belə görən fransız səfiri Russen sultanın yanına qaçaraq, qəti şəkildə ondan rus donanmasını buradan uzaqlaşdırmağı xahiş etdi. İngiltərə səfiri də Russeni müdafiə etdi. Onların hər ikisi bəyan edirdi ki, rus qoşunları şəhərə girsələr, İstanbulu tərk edəcək. Bu isə o demək idi ki, sultan onlara qulaq asmasa, İngiltərə və Fransa Məhəmməd Əlini müdafiə edəcəklər. Sultan Russenden Məhəmməd Əliyə qarşı mübarizədə ona dəstək veriləcəyinə dair öhdəlik götürülməsini tələb etdi və Russen də tələm-tələsik rəis əfəndi ilə belə bir razılaşma imzaladı. Ancaq Məhəmməd Əli də gözəl diplomat idi, o, yaxşı başa düşürdü ki, fransızlar yalnız rus donanmasını geri qaytarmaq niyyəti güdürlər və bu baş verdikdən sonra İbrahimin yolunu kəsmək üçün heç bir tədbir görməyəcəklər. Sultan II Mahmud sonradan başa düşdü ki, Russen və ingilislər onu aldadıblar. Digər tərəfdən, yeni qorxulu xəbərlər gəlirdi: İbrahimin Smərnəyə soxulan casusları orada sultana qarşı qiyam qaldırmışdılar. Sultan birbaşa tapşırıq verdi ki, Butenevə müraciət edilsin və türk nazirləri Butenevə sultanın rus donanmasının Bosforu tərk etməməsinə razı olduğunu bildirdilər. Bu xəbərə cavabında o, lütfkarlıqla bildirmişdi ki, aldıqları təklif yalnız şifahi olduğundan, onların buradan harasa getmək fikirləri olmayıb. Aprelin 2-də Qara dəniz sahilinin Bosfora çıxışında yeni rus eskadrası peyda oldu, bundan bir neçə gün sonra isə üçüncü eskadra da onlara qoşuldu. 14 mindən bir qədər az rus əsgəri sahilə çıxarıldı.

Fransız diplomatiyası və Palmerston həyəcan içində idilər. Artıq aydın idi ki, təkcə vədlə can qurtarmaq olmayacaq. Ya qəti addımlar atıb sultan II Mahmudu Misir paşasından xilas etmək, ya da İstanbulu elə sultanın öz razılığı ilə rus qoşunlarına vermək lazım gəlirdi. Nəhayət, Russen və İngiltərə səfiri Ponsonbi öz eskadralarını Misir sahillərinə göndərərək, Məhəmməd Əli ilə sultan arasında sülh bağlanmasına nail oldular. Sülh Misir paşası üçün əlverişli şərtlərlə imzalanmışdı və onun təsir dairəsini xeyli genişləndirmişdi. Lakin bunula da İstanbul da xilas edilmişdi.

8 iyul 1833-cü ildə Unikiar-İskelessi yaxınlığında ruslar və türk nümayəndəsi arasında diplomatiya tarixinə düşən məşhur müqavilə bağlandı. Unikar-İskelessidə Nikolay Adrianopoldakından daha əlverişli diplomatik qələbə əldə etdi, çünki bu qələbə döyüşsüz, çevik diplomatik səylərlə qazanılmışdı. Bu razılaşmaya əsasən, Rusiya və Osmanlı imperiyası bundan sonra üçüncü bir ölkə tərəfindən müharibəyə məruz qalarsa, bir-birilərinə həm donanma, həm də qoşunla kömək edəcəklərinə dair öhdəlik götürmüşdülər. Onlar həmçinin, ölkə daxilində də hər hansı iğtişaşlar baş verərsə, bir-birilərinə kömək edəcəklərinə söz vermişdilər. Osmanlı imperiyası üçüncü tərəf Rusiya ilə müharibə etməyə qalxardısa, heç bir ölkənin hərbi gəmilərini Dardanel boğazına buraxmamağa dair öhdəlik də götürmüşdü. Bosfor isə bütün hallarda rus gəmilərinin daxil olması üçün həmişə açıq qalacaqdı. Ona görə də ingilislər II Mahmudu zəhərləyib öldürdükdən sonra Əbladülməcidi hakimiyyətə gətirdilər və bu razılaşmaları ləğv etdirdilər.

- Ümumiyyətlə, bu imperiyanın çöküşündə ərəblərin rolu nə qədər olub?

 

 

(Davamı var)

Elnur Eltürk

Təzadlar.- 2013.- 15 iyun.- S.15.