Əzizə Cəfərzadənin tədqiqatlarında Novruz adət-ənənələri

 

Görkəmli yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığı xalq ədəbiyyatına bağlılığı ilə seçilir. Tariximizin müxtəlif mərhələlərinə müraciət edərək, bədii cəhətdən zəngin əsərlər - roman, povest, hekayələr yaradan müəllif, xalqımıza məxsus adət-ənənələrin qorunub gələcək nəsillərə çatdırılmasında da böyük rol oynamışdır.

Ə.Cəfərzadənin folklorşünaslıq fəaliyyətində mərasim və mövsüm nəğmələrinin, xalq bayramlarının tədqiqi mühüm yer tutur. Professorun Çillə, Xızır Nəbi, Novruzla bağlı məqalələri mərasim folklorunun sistemli şəkildə öyrənilməsinə istiqamət və təkan vermişdir. Müəllifin qənaətinə görə, erkən düşüncədə mövsüm ilə əlaqədar mərasim nəğmələri geniş yayılmışdır. Əslində onlar ilin son qış aylarından başlayıb, Novruza qədərki dövrü əhatə edərdi. Bu baxımdan, "Şum mərasimi", "Saya mərasimi" və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir. Xalq arasında "Novruzqabağı nəğmələr" adı ilə tanınan nəğmələr üç yerə ayrılırdı - "Çillə nəğmələri", "Çərşənbələr" və "Xıdır Nəbi" nəğmələri.

Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqındakı məqaləsində bayramın ritual əsasları və mərasim formasından bəhs edərək yazır: "Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, kiçik çillənin qurtardığı son gündə. Yəni 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub".

Folklora vurğun olan Əzizə xanım "Xızır Nəbi", "Novruz" və başqa yazılarında Azərbaycanın adət-ənənələri, etnoqrafiyası ilə bağlı məlumatlar verir. Tədqiqatçı Xızır-Əlləz bayramını xalqımızın ən ulu, ən qədim bayramlarından biri kimi qeyd edir. Bildirir ki, bu bayram xalqın qışdan, qar-çovğundan, borandan, çillədən çıxıb yaza qovuşmaq eşqilə bağlıdır. Novruz bayramının ekiz qardaşı, onun başlanğıcıdır. Xızır-İlyasdan sonra dərhal çərşənbələr gəlir. Novruza hazırlıq başlanır.

Bildiyimiz kimi, "Xıdır Nəbi" bayramı qədim tarixə malikdir və Azərbaycanın ayrı-ayrı bölgələrində xüsusi təntənə ilə qeyd edilir. Onun keçirilmə vaxtı haqqında müxtəlif versiyalar var. Tədqiqatçı-alim "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi olaraq araşdırmış, onun xarakterik xüsusiyyətləri, mahiyyəti, mənası haqqında ətraflı məlumat vermişdir. Müəllif qeyd edir ki, Xızır Nəbi bayramı Novruz bayramından əvvəl keçirilir. Əslində isə, bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə birlikdə Xızır peyğəmbərin adı ilə bağlıdır. Xızırın yazın gəlişi, dörd ünsür - su, od, torpaq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdirmişdir ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri məhz onun adı ilə bağlayır.

 

Bahar gəlir, görgünən,

Xıdır Nəbi, gəlginən,

 

Bişiririk səməni,

Halallığın verginən.

 

Ə.Cəfərzadə yuxarıda adını çəkdiyimiz məqalədə Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı, çillələrin vaxt ardıcıllığı ilə bağlı bu fikirlərini yazır: "Çillə çıxarma bayramı təbiətlə bağlıdır. Ən uzun gecə şəbi-yelda gecəsində qaranlıqla bağlı tapmacalar, yanıltmaclar, rəvayətlər söylənər, əylənər, şeirlər oxuyardılar. 40 günlük böyük çillə dekabrın 21-də girir, yanvarın 31-də qutarır və 20 günlük kiçik çillə başlanır".

Çillə çıxarmaq kiçik çillənin çıxması, qışın soyuğundan, acılığından xilas olmaq münasibətilə keçirilən bayramdır. Bu haqda araşdırma aparan alim el arasında çillə çıxarmaq, çilləyə düşmək, çillə kəsmək kimi ifadələrinin mövcudluğunu qeyd edir və Çillə çıxarmaq bayramının ağrılı-acılı kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu bildirir. Araşdırmasını davam etdirərək, bu bayramın daha çox qız, gəlin, qadınlar arasında keçirildiyi və Çillə çıxarmaq gecəsinin daha çox filan işim düzəlsin çillə çıxardaram kimi əhd ilə olmasını təsvir edir. Müəllif Çillə çıxarmaq adətini belə qələmə alır: "Əhd edən evin sahibəsi gecəyə qonaqlar dəvət edir, evdə kişilərdən biri də qalmır. Bir qoyun kəsilir, həmin qoyunun ətindən gecə səhərə qədər müxtəlif yeməklər bişirilir. Hamı oynayıb, şənlənər, mahnılar oxuyub, lətifələr söyləyər, tapmaca, yanıltmac deyib, üzük falına baxıb, noxud falı açırdılar. Yuxuya getmək olmazdı. Çillə çıxarmaq bayramı üçün qarpız saxlayarmışlar, həmin günü böyük süfrə açar, qarpızı kəsərmişlər:

 

Qovub qışı, ayazı,

Kəsdik çillə qarpızı…"

 

Müəllifin çillələrlə də bağlı fikirləri maraqlıdır. Ə.Cəfərzadə qeyd edir ki, insan dörd ünsürdən yaranıb (ab, atəş, xak, bad). Bu cərgə su, od, torpaq, yel deməkdir. Bizi yaradan ulu Tanrı insanı su qatılmış torpaqdan - palçıqdan xəlq elədi. Ona isti nəfəs verdi - od verdi; yerlərə əmr verdi, həmin adamı silkələyib ayıltdı. Odur ki, bu dörd ünsür müqəddəsdir. Hərəsinə bir çərşənbə axşamı həsr olunub. Əslində 4 çərşənbə var. Amma analar bu çərşənbələrin sayına ikisini də əlavə edirdilər. "Yalançı çərşənbə", "Xəbərçi çərşənbə". Bu çərşənbələr baharın gəlişindən xəbər verir.

Ayrı-ayrı vaxtlarda çərşənbələrin sıralanması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu sıralanma alimlər arasında mübahisələr doğurmuşdur. Hər bir tədqiqatçı Novruz bayramından əvvəl qeyd edilən çərşənbələri özlərinin araşdırmalarında xalq inancları, müxtəlif miflər əsasında tədqiqata cəlb etmişlər. Çərşənbələrin araşdırıcılarından biri də məhz Əzizə Cəfərzadədir. Onun dörd çərşənbənin hamısı haqqında ayrı-ayrı məlumat verməsi, onları xarakterizə etməsi məqalədə geniş şəkildə öz əksini tapmışdır. O, qeyd edir ki, birinci əsl çərşənbə "Su" çərşənbəsidir. Dağlarda qarlar yavaş-yavaş yumşalmağa başlayır. Bulaqlardan, çaylardan saf, təmiz su gətirib su çərşənbəsi xonçasının ortasına qoyulur. Bu çərşənbədən başlayaraq şam yandırırdılar, plov bişirirdilər, yumurta boyayırdılar, tonqal qalayırdılar. Su dolu camın üstünü örtüb, "Üzük fal"ına baxardılar.

 

 Dəyirman arxına bax!

Su gəlir, çarxına bax!

Ay çərşənbə, xoş gəldin!

 

Qızlarda axına bax!

Ağbirçək xəstəni pak su kənarına aparıb, üzünə su çilər, boğazına azca, xəfif ovar və deyərdi:

 

Səlam-əleykum sucığaz,

Dərmanındı bucığaz.

 

Burada çərşəbələr vaxtı riayət edilən qədim xalq inanclarına da xüsusi yer ayrılır. Deyilir ki, ilk çərşənbədən başlayaraq qonşuya axşamçağı ələk, maya, od verilməzdi, zərurət olanda istəyə gələnin başından örpəyi götürüb sonra verərdilər. Çərşənbələrdə ev süpürməzlər, yas yerinə, qəm yerinə, hamama, xəstəyə dəyməyə getməzlər.

Müəllif ikinci çərşənbə kimi od çərşənbəsinin adını çəkir. Bu vaxt "şamlar hərənin öz adına yandırılır, tonqallar qalanırdı. Od nəfəsi havanı isidir, insanı günahlardan təmizləyirdi. Bütün çərşənbələrdə yumurta döyüşdürmə adəti vardır. Uşaqlar od-günəş rəmzi xına yaxardılar. Oğlanlar, qızlar ürəklərində niyyət tutub, tonqalın üstündən atılırlar:

Ağırlığım, uğurluğum tökülsün"

 

 

Pilən bəri,

Baxdı bəri,

Bəxtim açılsın

 

Atıl-batıl çərşənbə,

Şəkərə qatıl çərşənbə!

Ağırlığım tökülsün,

Oddan atıl çərşənbə.

 

 

(Davamı var)

 

Gülsümxanım Hasilova,

AMEA Folklor İnstitutunun "Folklor

və yazılı ədəbiyyat" şöbəsinin elmi işçisi

 

Təzadlar.- 2013.- 5 mart.- S.11.