Əzizə Cəfərzadənin tədqiqatlarında
Novruz adət-ənənələri
(Əvvəli ötən sayda)
Üçüncü çərşənbənin "Torpaq" çərşənbəsi olduğunu nəzərə çatdıran tədqiqatçı bu vaxt səməni üçün buğda arıdılıb islağa qoyulduğunu bildirir. Alimin fikrincə, bu çərşənbənin nəfəsi torpağı oyadırdı, ilin ruzisi bu çərşənbəyə, onun torpağa verdiyi nəfəslə bağlıydı. Torpaq çərşənbəsində təmiz yerdən bir çimdik torpaq gətirib xonçaya qoyurdular. Xonçaya həm də torpağın ən müqəddəs bitkisi olan buğda sünbüllərindən toxunma "daraq" adlanan nemət qoyurdular.
Bu torpaq, halal torpaq,
Görməsin zaval torpaq.
Çərşənbə gəldi çıxdı,
Geyin yaşıl, al torpaq!
Nəhayət, müəllif dördüncü
çərşənbənin yel çərşənbəsi
olduğunu qeyd edir və bildirir
ki, bu çərşənbə
havaya nəfəs verir, torpaq oyanır. Yel baba yavaş-yavaş tumurcuqlanan
ağacları, çiçəkləri,
otları yırğalayır.
Yel çərşənbəsi ilaxır
çərşənbə də adlanır. Yel təbiəti oyadırdı.
Artıq
istilik torpağa dəyir. Bayram axşamı kimi
çox əziz tutulur. İlaxır çərşənbədə
qızlar, gəlinlər,
elə qadınlar da fal açardılar.
Onlar axır çərşənbədə
güzgü, noxud, su-iynə, üzük, qulaq falına baxardılar. Bu falların müxtəlif bölgələrimizdə başqa
variantları da var.
Ələklər, ay ələklər,
Çırmanıb ağ
biləklər.
Gəlir
axır çərşənbə,
Hasil olur diləklər.
Xalq arasında
axır çərşənbə
zamanı müxtəlif
fal açmalar da həyata keçirilirdi. Bunlara ayrıca diqqət yetirən müəllif üzük falından xüsusi bəhs etmiş, hətta bu falla bağlı
bir nümunə də vermişdir: "Üzük falında mis qaba su
töküb, qızlar,
gəlinlər, hətta
qarılar da üzüklərini ora atardılar. Hərənin bir niyyəti
olardı. Tasın üstünə
içi sezilməyən
qalın parça örtərdilər. Yanında bir
uşaq otuzdurardılar.
Azərbaycan bayatılarının içində bir janr var, "Həsbi hal", yəni insanın əhvalını bildirən
bayatılardır. Belə bayatılar
folklorumuzda çoxdur.
"Həsbi hal" deyiləndə uşaq üzüyü çıxardardı. Üzüyə çıxan bayatını
ürəkdə tutulan
niyyətə yozurdular.
Yaxşıya yozulan bayatı
çıxsa idi, qızlar sevinərdi.
İnanırdılar ki, muradlarına
yetişəcəklər.
Belə bayatılardan birinə kimin üzüyü çıxardısa, onu təbrik edərdilər. Bəzən qəfil
deyilən nəhs bayatılar da olurdu. Belə nəhs bayatı dəryada gəmisi üzən bir Kəllə Səfəralı
adlı tacirin falına çıxır:
Əziziyəm, gülə naz,
Bülbül elər gülə naz.
Əzizim,
bax dünyaya,
Ağlayan çox, gülən
az.
Deyirlər ki, bu tacirin gəmisi dəryada qərq olur, kişi
müflisləşir, ağlını
itirir. Küçələrdə divanə kimi
dolaşır.
Axır çərşənbə zamanı
daha çox icra edilən fallardan biri də qulaq falıdır. Bu fal hamıya məlumdur: niyyət tutulub qapıya yaxınlaşılır
və eşidilən
ilk söz və ya cümlə yozulur. Müəllif bu inancı verdiyi nümunə əsasında belə izah edir: "Axır çərşənbədə
qızlar qulaq falına da çıxırdılar. Onlar niyyət
edib, qıfıl bağlayardılar, qıfılı
açar ilə qıfıllayıb, evdə
qoyurlar, açarı
götürüb qulaq
falına çıxırlar.
İlaxır çərşənbədə
pis söz danışmaq olmaz. Kimsə bunu eşidər, falı pis alınardı.
Pis söz danışan adamı danlayardılar.
Bütün il
uzunu nə narahatçılığı olsa, həmin sözə bağlardılar.
Apardığı araşdırmalar, topladığı
folklor materialları əsasında həm bədii, həm də elmi yaradıcılığında
Novruz bayramını bütün təfsilatı
ilə təsvir edən müəllif fal əyləncələrinin
bölgəmizdə müxtəlif
olduğunu bildirir və əlavə edir ki, bəzi
yerlərdə iynənin
başına pambıq
dolayıb suya salır, iki qəlbin qovuşmasını,
iki taleyin birləşəcəyini güdürlər.
Ayna ilə, güzgü ilə də taleh sınayanlar vardı. Bir maraqlısı budur
ki, gərək ilk çərşənbədə göl qırağına gedib, qurbağanın birinci qurultusunu eşitcək, ürəyində
niyyət tutub, ayaq dəyməyən yerdən bir çimdik torpaq götürüb yaylığın
ucuna düyünləyəsən.
İlaxır yel çərşənbəsində
düyüncəni açırsan.
İçindən al-qırmızı
sap çıxsa, niyyətinə
çatacaqsan, qara sap
çıxsa yox.
Bunlarla yanaşı,
müəllifin tədqiqatlarında
qədim tarixə malik olan bayramın
digər adət-ənənələri
də geniş şəkildə təsvir
edilir. Bunlara ayrı-ayrı bəndlər
şəklində nəzər
salaq:
"1. Axır çərşənbədə
əzizləri yada salar, xörək, xonça payı göndərərlər. Valideynlərdən başqa heç yerə qonaq getmək olmazdı. Bayram axşamında mütləq
hərə öz ocağının başında
əyləşib, öz
çırağını yandırmalıdır. Hərə öz
evində ailəsini başına toplayıb, əlvan xonça ətrafında, şamların
işığında, ləzzətli
xörəklərlə şam
edərdilər.
2. Bayrama, hələ ilaxır çərşənbəyə
1-2 gün qalmış
evlər-eşiklər tərtəmiz
təmizlənər, divarlar
ağardılar, ilin pasından arınar, pal-paltardan biri də çirkli qalmamalıdır. Bir gün
əvvəl hamı təzə paltar geyinər, əllər-ayağlar
xınalanar.
3. Bayram axşamı azandan xeyli əvvəl
qəbir üstünə
gedib, əziz valideyn və başqa qohumları yada salmaq, qəbir
üstünə şam
yandırıb, dillənçilərə
şirniyyat paylamaq, ölənlərin ruhuna yasin oxutdurmaq lazımdır. Amma ölənlər nə qədər yaxın olsa da bayram axşamı
oxşamaq, ağı
deyib ağlamaq olmaz. Təəssüflə, rəhmətlə yad etmək lazımdır.
4. Çərşənbələrin, bayram axşamının öz xörəkləri
var. İlaxır çərşənbə
bayram axşamında turşulu plov bişirmək olmaz. Yəni: nar qovurma, turşu qovurma, sirkə plov, zirinc plov
bişirilməz. Yalançı çərşənbədə - sirkə plov, xəbərçi çərşənbədə
lobyaçilov (balqabaq
ilə). Birinci su
çərşənbəsində - nar qovurma, ya
turşu qovurma. İkinci çərşənbədə - paxlaplov. Üçüncü çərşənbədə
- səbzi qovurma.
İlaxır çərşənbədə
- çığırtma və
ya şirinplov, kişmiş qaysı ilə, bayram axşamı toyuqplov.
Bayrama bir neçə gün qalmış şəkərbura, paxlava,
badambura, ballıbadı,
şəkərtıxma, badamlı,
püstəli halva, ədəvalı
halva və s. bişirilir.
Yalnız hüzürü düşüb "qara bayram" keçirməli
olan evlərdə şorqoğalı, külçə
və umac halvası hazırlanır.
Belə qəmli olmayan evlərdə şorqoğalı
bişirilməz. Bişirilənidə qəbir üstündə
halva külçə ilə
paylarlar. Şorqoğalı bayram süfrəsi üçün hesab olunmaz".
5. Bayram axşamı plovundan, müxtəlif şirniyyatdan xonça tutub əzizləri, xususilə nəslin yaşlı nümayəndələrini
təbrikə gedirlər.
İlaxır çərşənbədə,
eləcə də bütün başqa çərşənbələrdə "yaylıq atma", "qurşaq sallamaq" adəti var. Həmin qurşaqlara yaylıqlar hədiyyələr, şirniyyat,
bayram yemişi yığardılar. Bayram
yemişi əsasən
quru meyvələrdən
ibarət idi: alma qaxı, armud qaxı, ləbləbi, kişmiş,
gavalı, əncir, qaysı və zoğal qurusu.
6. İltəhvili olanda, əsl çində olan mis kasa
qoyardılar, içərisinə
zəfəranla adlar yazardılar. Sonra, bayram xonçasına
"S" hərf ilə
başlayan 7 şey düzərdilər. Səməni, su piyalədə, süd, sucuq, sünbül, sumax, sarıkök, səbzi və quru balıq.
Rəvayətə görə, iltəhvil
anında ağaclar bir anlığa başlarını yerə
əyir, balıqlar dəryada quyruğu üstə qalxır.
7. İltəhvil anında adamlar buğda, səməni, bir də xırda pulu bir əllərindən
o birinə tökə-tökə
deyərlər: Köhnə
ili, təzə
ilə döndərən
Allah, bizim də məhsulumuzu bol elə. Buğda bol, pul bol.
8. Novruzun özünün oyunları, əyləncələri
var. Bunlardan "Qodu-Qodu",
"Təkəm" və
s. "Kilim arası"
kimi hər bölgənin özünəməxsus
meydan tamaşaları
olub ki, bunların içərisində
Novruzla bağlı olanlar xüsusi yer tutub. Bundan başqa
bayramın gözəl
cəhətlərindən biri
də küsülülər
barışar, kiçiklər
böyüklərin qulluğuna
getməlidirlər, şər
işlərdən çəkinərdilər,
qeybət qırmazdılar.
İnsanlar xeyriyyə əməllərini
artırardılar.
9. Bayramdan sonra süfrə 10 gün yığılmazdı. Kişilər 3 gün müddətində,
onlardan sonra qadınlar və gənclər yaşlı
qohum və tanışları ilə
bayramlaşmağa gedirdilər.
Novruzdan
13 gün sonra səmənini ya dənizə, ya da çaya atardılar. Torpaqda təzə
göyərmiş otu
qırıb, üstünə
balaca bir kəsək qoyub deyirlər "Mənim qış sarılığım
sənin, sənin yaz təravətin mənim". Bütün bu
adət-ənənlərimizi daha dərindən öyrənməliyik ki, heç biri unudulmasın.
Milli bayramımız olan Novruz haqqında bu qədər geniş, ətraflı, dərin məlumata malik olan xalq
yazıçısı, ədəbiyyatşünas-alim
Əzizə Cəfərzadə
öz yaradıcılığı
ilə hər zaman diqqət mərkəzində olmuş,
onun irəli sürdüyü fikirlər
isə həmişəyaşar
fikirlər olaraq qalacaq.
Gülsümxanım Hasilova,
AMEA Folklor İnstitutunun "Folklor və
yazılı ədəbiyyat" şöbəsinin
elmi işçisi
Təzadlar.- 2013.- 7 mart.- S.15.