CAVİDNAMƏ
yaxud HAQQA GEDƏN YOL...
Bu
yaxınlarda görkəmli türkçülərimizdən
olan tədqiqatçı-alim Azər Turanın "Cavidnamə"
adlı sanballı tədqiqat əsəri ilə tanış
oldum. Kitab, adından da göründüyü kimi, unudulmaz
millət fədaisi, Böyük Turan sevdalısı Hüseyn
Cavidin qaşqabaqlı taleyinə, həyat və
yaradıcılıq yollarına ayna tutan ən dəyərli
mənbələrdəndir, desək, heç də
yanılmarıq. Ədəbi mühitdə şeirə, sənətə
marağım olduğundan bu müstəvidə olan ədiblər
haqqında çox eşitmişdim. Lakin dövrünə
görə məhrumiyyətlərə məruz qalan bir
şairin həyat və yaradıcılığı məni
həmişə düşündürüb. Bu əvəzsiz
şəxsiyyət yaşadığı dövrdə
burulğanlar içərisində çabalayan və öz yenilməzliyilə fərqlənən,
təxəyyülü ilə seçilən, Nəsimi kimi
cahana sığmayan Hüseyn Cavid idi. Dövrünün qadağalarına
məhəl qoymadan, daim əqidəsinə sadiq qalaraq,
"ürək sifarişlə işləmir" deyə,
öz gözəllik tanrısına tapınan səma
şairinin haqqında əlimə harda nə yazı
düşübsə, acgözlüklə oxuyaraq, daim onun
haqqında bildiklərimi zənginləşdirmək həvəsində
olmuşam.
Cavidşünas
tədqiqatçı-alim Azər Turanın min bir əziyyətlə
ərsəyə gətirdiyi bu kitabın mənim də
kitabxanamda özünə yer tutmasını böyük
xoşbəxtlik hesab edirəm. Kitabı oxuyub, fikirlərimi
sizlərlə bölüşməyi özümə borc bildim. Vərəqləri
çevirdikcə, illər uzunu acılar içində
keçən bir şair həyatı göz önündə
canlanır. Gecədən xeyli keçməsinə baxmayaraq,
"Cavidnamə" əlimdədir. Oxuyuram. Hadisələrə
səyahət etdikcə, sanki, mən də özümü
Cavid yolunun yolçusu sanıram. Gözümün
önündə həmin gecə canlanır: "Cavid evə
bir az tez gəlmişdi. Çox sevincək
görünürdü. O, məmnun halda Mişkinaza bildirdi ki,
"Koroğlu"nun ssenarisi üçün müqavilə
bağlayıb. Ayın beşində 5000 manat qonorar verəcəklər.
Qalan hissəsini də filmin çəkilişindən sonra
alacaqmış". Sanki bu ailənin sevincək gecəsinə zalım fələk qara yellər əsdirdi.
Kaş həmin gün Cavid ailəsinin taleyinə
yazılmayaydı. KAŞ Kİ! Azər Turanın təqdimatında həmin gecə
baş verən hadisələri oxuduqca, Cavid ailəsinin
yaşadıqlarını, sanki, mən də yaşadım.
Oxuduqlarım məni özü
ilə çəkib çox uzaqlara apardı və məndə
bu yollara yolçu oldum. Başa
düşdüm ki, BÖYüK TURANA yön alan yol
BÖYüK CAVİDİN məfkurəsindən
başlayır. Mən sanki yuxudaymışam kimi qəfildən ayıldım və
daxilimdə bir hıçqırıq qopdu. Özümə
hesab verirmiş kimi
pıçıldadım: "Axı, Cavid hansı
günahın sahibidir ki, onu gecənin bir aləmində ailəsindən
qoparıb gedər-gəlməzə apardılar? Cavidin
günahı onun türk olmağıydımı? O, yaradıcılığında Osmanlı türkcəsindən
istifadə etdiyinə görəmi yeni qurulan bolşevik rejimi
onu "PANTüRKİST" adlandırırdı? Cavid
axı öz keçmişini, zatını necə inkar edəydi?.."
Haşiyə:
Doğrudan da, mən özümə verdiyim suallar
qarşısnda çox aciz göründüm və insanlara,
insanlıq deyilən məhfuma nifrət etdim. Həmin dövr
üçün çoxları bu burulğandan sivrilib çıxmağı bacardılar. Lakin Cavid bolşevik
ideologiyasına uyğun ədəbi mühitində yenidən
qurula bilmədi. Cavidin idrakına hakim kəsilən
"türkçülük" böyük bir Turanın
yaranışından xəbər verirdi... Elə bu səbəbdən
də, onun romantik-fəlsəfi düşüncələri
XIX əsrin sonları, XX əsrin əvvəlləri
yaranmış olan ədəbi mühitdən seçilirdi.
H.Cavidin istəyi turançılığı önə
çəkərək dilinin, dininin saflığını
qorumaq idi. "Cavidnamə"ni oxuduqca gözlərimiz
önündə çox hadisələr cərəyan edir və
bu cərəyanın axınına düşənlərdən
biri də H.Cavid oldu. O cərəyan ki, Cavidi öz doğma vətənindən
ayırıb soyuq Sibirin çöllərinə atdı.
Oğlu Ərtoğrol öz xatirələrində həmin o, uğursuz gecəni, 1937-ci il 4 iyunu belə təsvir edirdi: "Uf!.. nə uğursuz gecə, nə pərişan mənzərə. Odanı məzar soyuqluğu, ölüm sükutu bürümüş. Kitablar, dəftərlər yerdə; şkafın qapıları açıq, hər şey tərpədilmiş, döşəklər yarıya qədər qatlanmış. ümumən bir qırıqlıq". Onun gənc qəlbi həmin gecə bir sözü təkrar-təkrar deyirdi. "Neyçün? Neyçün?" Çünki həmin gecə Cavid ailəsinin işığı söndürüldü. Elə bir işıq ki, heç vaxt dan yerinin günəşi tək nur saça bilmədi. Həmin gecə Cavidin dünyası qaralsa da, ürəyi ona görə rahat idi ki, sönən işıq artıq onun yaratdığı əsərlərində öz əksini tapmışdı. H. Cavid görmək istədiyi turançılığı öz şerlərində və dramaturgiyasında əks etdirirdi. Əslində, tarixən Topal Teymur öz dövrünə görə qəddar, amansız, hətta öz oğlu Miranşaha belə güzəştə getməyən istilaçı fateh olub. Lakin Cavid dramaturgiyasının Teymuru turançı və islamçıdır. Müsəlman aləmini bürüyən AVROPALAŞMA, İslam dininə qarşı həqarət, o dövrdə cərəyan edən rüsvayçılıqlar türk oğlu kimi TEYMURU bir fatehə çevirir. ƏMİR TEYMUR, əslində, türk düşüncəsinin fəlsəfəsini tətbiq edən bir fatehdir. Onun türk mədəniyyəti tarixindəki yerini VAMBERİ dəqiq ifadə etmişdir. Teymur türkçülük dövrünün hökmranı olmuşdur. O, məmləkətdə türk dilinin rəsmi dil olaraq yayılmasını hökm etmişdir. ƏMİR TEYMUR Yıldrım Bəyazidi türk olaraq bəyənmirdi. Ona göndərdiyi məktubda ittiham edərək bildirir: "Sən Bəyazid öz dindaşlarına qarşı müharibə etdiyindən yaxşı adam deyilsən!" Əslində " Topal TEYMUR" dramında Bəyazid məğrur bir şəxsiyyətdir. Dramda hər ikisinin görüş səhnəsi bu ifadələrlə yadda qalır. Teymur Bəyazidə: "Heç maraq etmə, xaqanim! Sən kor bir abdal, mən isə dəli bir topal!" Sonra əlavə edir: "Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara ucsuz-bucaqsız məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı". Cavid yaradıcılığına görünən və görünməyən tərəflərdən çox baxılıb. Əksər hallarda fikirlər birmənalı olmayıb. Bu Ədəbi mühitdə fikirlər haçalandığından Cavidin yaradıcılığı kölgədə qalmışdır. Lakin Cavidin əsərləri tədqiq olunanda Məmməd Əmin Rəsulzadə Cavid məfkurəsini daha uca zirvələrə qaldıraraq bildirirdi. Cavid yaradıcılığı TURAN idealarına ithaf olunmuş mənəvi sərvətlər toplusu təsiri bağışlayır. Elə bu baxımdan da H.Cavid özünün siyasi məfkurəsinə sədaqət göstərdiyindən Əli bəy Hüseynzadə, Ziya Gökalp yaradıcılığının eyni müstəvinin bir baxış bucağı kimi görünür. Nəhayət, zaman keçdikcə Cavidin baxış bucağında işıqlar görünməyə başladı. Stalin repressiyasının çox qurbanları kimi günahsız olduğu uzun müddət keçəndən sonra sübuta yetirildiyindən səma şairinə bəraət verildi. Doğrudan da haqq nazildi, amma üzülmədi. Artıq Cavidin balalarının üzünə xalq düşməni kimi qapılar bağlanmayacaqdı. Ərtoğrulun xəyalındakı günəşin üzünü artıq buludlar örtməyəcəkdi. Cavid bəraət aldıqdan sonra dövlət Cavidin yaradıcılığını ədəbi mühitdə yenidən yayılması üçün əlindən gələni etdi. Cavidin "NƏNƏSİM" deyə oxşadığı Turan Cavid ömrünün sonuna kimi atasından miras qalmış külliyatı xalqa çatdırmaqla məşğul oldu. Onun təhrif olunmuş əsərlərini yenidən bərpa edərək əvvəlki vəziyyətinə qaytardı. İtmiş "XƏYYAM"ı tapdı. Nəhayət, Turan Cavidin daha çox arzuladığı istəyi həyata keçdi. Uzaq ellərdə dünyasını dəyişən H.Cavidin cənazəsi 1982-ci ildə H.ƏLİYEVİN təşəbbüsü ilə öz doğma vətəninə gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Bu gün H.Cavid öz doğmaları ilə birgə Naxçıvan torpağında əbədiyyət yuxusundadır.
Cavidsevərlərin qəlbinə bir sərinlik gətirən bu əsərin müəllifi tədqiqatçı alim, fəlsəfə doktoru Azər Turandır. Azər müəllim, bu kitabı oxuduqca sizə ürəyimdə dəfələrlə təşəkkür etmişəm. Bir çox dəyərli mənbələrə istinad edilərək yazılıb, oxuculara təqdim edilən bu əsər çox bulanan suları durultdu. Çünki Cavid bir bulaq idi, qaynadı. Və qaynayıb daşan bulaq sizin də könlünüzə yön aldı. Həmin bulaq kükrəyib sizin qəlbinizi ehtizaza gətirən Turan çeşməsi oldu. Bu kitabı oxuduqca sizin Cavid ruhuilə döyunən qəlbinizə heyran olmamaq mümkün deyil. Siz həqiqi övlad kimi Turan Cavidin həmişə yanında olmusunuz. Onu heç tək qoymadınız. Onun son nəfəsində divardan asılmış əzizlərinin şəkillərini bir daha görməyəcəkmiş kimi axıtdığı göz yaşlarını qəlbiniz yana-yana siz sildiniz. Səmimiyyətimlə yazıram, kitabın son səhifələrini oxuduqca ağlamaya bilmədim. Mən indi sizi başa düşdüm ki, Cavid ruhunu duymaq və bu sevda ilə yaşamaq nə deməkdir. Mən isə türk olduğumu bir daha dərk etdim. Kim olduğumu bildim. Turan yolunun izini tapdım, düşünə-düşünə Cavidin gözlərilə bir anlığa bugünkü ədəbi mühitə, cəmiyyətimizə baxdım və öz-özümə dedim: "Kaş TOPAL TEYMUR sağ olaydı!" KAŞKİ! İnanıram ki, bu kitabı ərsəyə gətirmək üçün çox əziyyət çəkmisiniz, amma Cavid ruhunu şad etməyə dəyər. Zənnimcə bu, bir şəhid ruhudur. Məncə, haqqı tapdalanmış, məhrumiyyətlərə düçar olub dünyasını dəyişən də ŞƏHİD sayılır. Cavidin ruhu sizə duaçı olsun AZƏR TURAN!
P.S. Doğrudan da, insan taleyi müxtəlifdir. Azər İmamverdi oğlu
Əbilov dünyaya göz açanda qarşısına çıxıb
kükrəyən Turan
çeşməsindən su
içəcəyini heç
ağlına belə gətirməzdi. Lakin taleyin
qisməti onu bu yola yolçu
etdi. H.Cavid də heç duşünməzdi ki, o,
"AZƏR" poemasını yazacaq və zaman keçəcək, Azər adlı bir insan onun
yaradıcılığını araşdıracaq və
"CAVİDNAMƏ"ni
yazanda kitabın ön sözünü Cavidin qəhrəmanı olan Azərin dilindən özünə
şamil edəcək.
Bütün bu yazdıqlarım Cavid ocağının varisi kimi Azər Turanın Cavid yaradıcı irsinə olan
münasibətinin məntiqi
nəticəsidir. Əlbəttə, bu gün Azər
Turanı Cavid ruhu düşündürür,
lakin Cavidi isə öz fəlsəfəsində yaratdığı
qəhrəman, "AZƏR" düşündürüb. Bu düşüncələr isə bir müstəvidə
kəsişmə bucağında
birləşir və bu gün ədəbi
mühitdə Azər
Turanın Cavid yaradıcılığına münasibətində
öz əksini tapır.
Azər
düşünür... Bəlkə
otuz yıldır o hər an
Düşkün bəşərin eşqini,
fəryadını inlər.
Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz.
Təranə Şəms
Təzadlar.- 2013.- 30 mart.-
S.13.