Şuşa qəza məktəbinin müəllimi
-Mirzə Məhəmmədəli
bəy Qayıbov
Mirzə Məhəmmədəli bəy
Qayıbov - 210
Azərbaycanın dilbər guşələrindən sayılan Qarabağ müxtəlif dövrlərdə tarixi şəxsiyyətləri, qabaqcıl maarifpərvər ziyalıları ilə tanınmışdır. Dini və dünyəvi təhsil görmüş bu tarixi şəxsiyyətlər xalqımızın maariflənməsində, düşüncə tərzinin düzgün formalaşmasında əhəmiyyətli rol oynamışlar. Qarabağ bölgəsinin nüfuzlu, maarifpərvər insanlarından sayılmış, Şuşa qəza məktəbinin müəllimi Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbov da belə tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın bu dəyərli şəxsiyyətinin həyatı və fəaliyyəti haqqında təəssüflər olsun ki, əlimizdə kifayət qədər məlumat yoxdur.
Azərbaycanın dilbər guşələrindən sayılan Qarabağ müxtəlif dövrlərdə tarixi şəxsiyyətləri, qabaqcıl maarifpərvər ziyalıları ilə tanınmışdır. Dini və dünyəvi təhsil görmüş bu tarixi şəxsiyyətlər xalqımızın maariflənməsində, düşüncə tərzinin düzgün formalaşmasında əhəmiyyətli rol oynamışlar. Qarabağ bölgəsinin nüfuzlu, maarifpərvər insanlarından sayılmış, Şuşa qəza məktəbinin müəllimi Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbov da belə tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın bu dəyərli şəxsiyyətinin həyatı və fəaliyyəti haqqında təəssüflər olsun ki, əlimizdə kifayət qədər məlumat yoxdur.
Mirzə Məhəmmədəli bəy Qayıbov və onun ailəsi haqqında yazdığım bəzi məlumatlar uşaq ikən söhbətlərindən eşitdiyim ana babam Məmməd Murtuza bəy oğlu Məmmədovun xatirələri əsasında qələmə alınmışdır. Ağdamın qabaqcıl maarif xadimi, müdrik ağsaqqallı sayılmış mərhum babam Məmməd Məmmədov Mirzə Məhəmmədəli bəy Qayıbovun qızı Pəri xanımın oğul nəvəsidir.
Mirzə Məhəmmədəli bəyin atasının adı Molla Həsən bəy, anasının adı Telli xanımdır. Mirzə Məhəmmədəli bəyin daşıdığı Qayıbov soyadı öz adını ata babası Molla Qayıb bəyin adından almışdır. Molla Qayıb bəy Veysəlli oymağında dünyaya gəlmiş, mükəmməl dini təhsil almış, Qarabağda nüfuzlu din xadimi kimi tanınmışdır. O, Cavanşir nəslinə mənsub xanımla ailə həyatı quraraq ömrünün sonuna kimi Şuşada yaşamışdır. Qarabağ xanı İbrahimxəlil xanın sarayında qulluq etmiş, xanlığın hörmətli bəylərindən olmuşdur.
Mirzə Məhəmmədəli bəy Qayıbovun babası Molla Qayıb bəyin nəsli kök etibarilə Qarabağdan olub, Otuziki tayfasının Veysəlli oymağındandır. Professor Nazim Axundovun qənaətinə görə, Otuziki tayfasının adının yaranması XVI əsrə aiddir. Otuziki tayfası Qarabağda yerli tayfaların birləşməsi nəticəsində yaranmışdır. 2000-ci ildə Bakıda nəşr edilmiş “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı)) adlı kitabda Otuziki tayfasının oymaqları haqqında yazılmış, Veysəlli oymağının adı bu oymaqlardan biri kimi qeyd olunmuşdur. Otuziki tayfası Səfəvilərin hakimiyyətləri dövründə Qarabağ-Gəncə bəylərbəylərinə tabe olan türk tayfalarından idi. Qarabağ-Gəncə əyalətinin bəylərbəyləri Ziyadoğlular idi. Ziyadoğlular irsən burada iki yüz ilə yaxın bəylərbəylik etmişlər. Mirzə Adıgözəl bəyin, Mirzə Camal bəy Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal bəy oğlu Vəzirovun, Həsənəli Qaradağinin, Həsən İxfa Əlizadənin və başqa Qarabağa aid salnamə müəlliflərinin verdikləri məlumata görə, taxt-tacı ələ keçirən Nadir şah onun hakimiyyətini tanımaq istəməyən Ziyadoğluları zəiflətmək, gəlirlərini azaltmaq məqsədilə cəzalara əl atmış, Qazax və Borçalı mahallarını onlardan alıb Gürcüstan valisinə tabe etmişdir. Qarabağ-Gəncə bəylərbəyliklərinin əsas dayaqlarından olan Cavanşir, Otuziki, Kəbirli tayfalarının Xorasanın Sərəxs torpağına köçürülməsi haqqında fərman vermişdir. Nəticədə Otuziki tayfası digər türk tayfaları kimi Nadir şahın ölümünə qədər sürgün həyatı yaşamalı olmuşdur. “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nə görə, XVII əsrin sonlarında bu tayfanın başında Mirzə Məhəmmədəli bəy Qayıbovun ulu babası Məhəmmədxan ağa durmuşdur. Məhəmmədxan ağanın İmamverdi ağa, Məhəmmədəli ağa, Məhəmmədqulu ağa adlı üç oğlu olmuşdur. Mirzə Məhəmmədəli bəy Qayıbov Molla Qayıb bəyin nəvəsi, Məhəmmədəli ağanın nəticəsi, Məhəmmədxan ağanın kötücəsidir.
Məhəmmədxan ağanın ortancıl oğlu Məhəmmədəli ağa haqqında Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin” (Əsəri əski əlifbadan transliterasiya edən, çapa hazırlayan və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov, Bakı, 1995) əsərində məlumat verilmişdir. Həmin əsərə görə, adını daşıdığı Mirzə Məhəmmədəli bəyin ulu babası Məhəmmədəli ağa Nadir şahın hakimiyyəti dövründə onun münşilərindən (nazir) biri olmuşdur. Həmin illər Veysəlli oymağı Xorasanın Sərəxs torpağına sürgün edildiyi üçün Məhəmmədəli ağa da Qarabağdan kənarda yaşamağa məcbur idi. Nadir şahın qətlə yetirilməsindən sonra Otuziki tayfası sürgün edilmiş, başqa türk tayfaları ilə öz yurdlarına dönə bilmişdilər. Qarabağa aid yazılmış salnamələrə görə, Otuziki tayfası Qarabağ xanlığının qurucusu Pənahəli xanın arxalandığı, etibar etdiyi türk tayfaları sırasında olmuşdur. Qarabağa qayıdan Məhəmmədəli ağa Məhəmmədağa Müctəhidzadənin yazdığı məlumata istinadən Veysəlli oymağında məskunlaşmışdır. Lakin o, Məhəmmədəli ağanı yerli kimi deyil, yanlış olaraq gəlmə kimi göstərmişdir. Bəylər Məmmədovun tədqiqatına istinadən Pənahəli xan hələ İrandan tanıdığı Məhəmmədəli ağanı özünə münşı (nazir) təyin etmişdir.
Məhəmmədəli bəy Qayıbovun atası Molla Həsən bəyin adını Məhəmmədağa Müctəhidzadə Molla Hüseyn bəy kimi göstərmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan müxtəlif illərdə aparılmış bəylərin siyahıya alınması sənədlərində o, Molla Hüseyn bəy adı ilə deyil, Molla Həsən bəy kimi qeyd olunmuşdur. Molla Həsən bəy Qarabağın savadlı din xadimlərindən sayılmışdır. Məhəmmədəli bəyin Rəhim bəy, Mirzə Məhəmmədqulu bəy, Dadaş bəy adlı üç qardaşı olmuşdur.
Mirzə Məhəmmədəli bəy Qayıbov təxminən 1803-cü ildə Şuşada anadan olmuşdur. Hələ uşaq yaşlarında ikən qeyri-adi istedadı ilə seçilmiş Mirzə Məhəmmədəli bəy ilk təhsilini Şuşada atasından almışdır. Sonralar xüsusi mədrəsə təhsili alaraq ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Onun gözəl əl qabiliyyəti olduğu üçün Qarabağda xəttat kimi tanınmışdır. Mirzə Məhəmmədəli bəy Şuşa qəza məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, həyatının sonuna kimi şəriətdən dərs demişdir.
Zəmanəsinin hörmətli insanlarından sayılan Mirzə Məhəmmədəli bəyin xidmətləri müxtəlif illərdə Çar hökuməti tərəfindən mükafatlandırılmışdır. O, təxminən XIX əsrin 70-ci illərinin sonlarında Şuşada vəfat etmişdir.
Onun Mirzə Məhəmməd bəy, Mirzə Əli bəy, Cəfər bəy, Həşim bəy, Mirzə Hüseyn bəy, Pəri xanım adlı övladları olmuşdur. Mirzə Məhəmmədəli bəyin oğlanları mükəmməl təhsil aldıqları üçün hörmətli insanlardan sayılmışlar. Onun Mirzə Məhəmməd bəy, Mirzə Əli bəy, Cəfər bəy adlı oğlanları tanınmış din xadimləri idilər. Mirzə Əli bəy, Cəfər bəy İraqda mükəmməl mədrəsə təhsili almışdılar. Hər iki qardaş müxtəlif illərdə Şuşa məscidinin axundu olmuş, sonralar Zaqafqaziya dini idarəsi tərəfindən Mirzə Əli bəy Zəngəzur qəzasının qazisi, Cəfər bəy Cəbrayıl qəzasının qazisi təyin edilmişdilər.
Mirzə Məhəmmədəli bəyin kiçik oğlu Mirzə Hüseyn bəy Qayıbov (1852-1930) beş il Peterburq Tibb-Cərrahlıq Akademiyasında təhsil almış, Qarabağda cərrah, xalq təbabətinin gözəl bilicisi kimi tanınmışdır.
Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun anası Hüsnü xanım Mirzə Məhəmmədəli bəyin nəticəsi, Pəri xanım nəvəsidir.
Bu il Qayıbovlar nəslinin tanınmış övladı Mirzə Məhəmmədəli bəyin anadan olmasının 210 yaşı tamam olur. Mirzə Məhəmmədəli bəy Qayıbovun nəsli sələflərinin layiqli davamçısı olaraq bu gün də Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edir, tanınmış ziyalıları, alimləri, həkimləri, müəllimləri ilə tanınırlar.
Orxan Zakiroğlu
(Baharlı),
tədqiqatçı-jurnalist
Təzadlar.-
2013.- 21 noyabr.- S.13.