“Nə sayaq addasın könül bu səddi”

 

 

Şair Qiymətin “Hardasan göy adamı...” kitabını oxuyarkən...

 

 

 

...Poeziya bir şairin daxilindən süzülüb gələn ən saf duyğuların poetik ifadəsi olduğu üçün, o, eyni zamanda oxucunun əlində tutduğu güzgü kimi olmalıdır. Belə ki, oxucu şeirdə özünü tapmaqla bundan təsirlənməlidir. Oxucunun təfəkküründə şairin lirik düşüncəsinin yaratdığı obraz bir növ onunla dost, sirdaş, yol yoldaşı olmalı, onun kədəri və sevinciylə bölüşməlidir.

Elə bu nöqteyi-nəzərdən demək olar ki, söhbət zamanı hansısa bir şeirin misraları aforizmsayağı xatırlanırsa, həmin şeirin müəllifinin kimliyindən asılı olmayaraq şair olduğu düşünülməlidir. El məsəlləri və didaktik ifadələrdən bu yazımda yaradıcılığı barədə söhbət açacağım şair Qiymət Məhərrəmli də yetərincə istifadə edib. Onun şeirlərində bizə məlum olan aforizmlər, atalar sözləri gözəl və yerində işlədilir. Buna misal olaraq Qiymətin “su altda yeriyən samanlar varmış”, “gəlib doğanaqdan keçəcək örkən” kimi misralarını göstərmək olar.

Müəllifin “Hardasan göy adamı...” adlı şeirlər kitabını açanda ilk olaraq onun “Yaranmışam” rədifli qoşması marağıma səbəb oldu, bəlkə də, - mənu təəccübləndirdi, - desəm daha doğru olar. Gəlin, əvvəlcə Qiymət xanımın poeziya platsdarmının müşahidəçisinə çevrilərək onun həmin şeirindən bir bəndə baxaq:

 

 

 

Namərdin tənəsi əyməyib məni,

Əzəldən qaməti şax yaranmışam.

Nə mala, nə mülkə düşübdü gözüm,

Nəfsimə hakiməm - tox yaranmışam.

 

 

 

Bu şeiri oxuyarkən onun müəllifinin kişi olduğu düşünülür. Çünki qadın şairlərimiz çoxdur, lakin əksəriyyəti poeziyaya bu cür didaktik yöndən yox, əksinə ona qadın zərifliyi ilə yanaşırlar. Onların şeirlərində yumşaqlıq daha çox sezilir, sevgi hissləri, hicran duyğuları, nisgil, ümidsizlik daha çox qabardılır. Buna misal olaraq Qiymət Məhərrəmlinin “Doğum günündə” adlı şeirindən nümunə göstərə bilərik:

 

 

 

Bu kələf açılmır niyə, ay Allah?!

Üzümü tutmuşam göyə, ay Allah,

Qara sevdalıyam deyə, ay Allah,

Könlümü odlara

yaxdım da, yaxdım...

 

 

 

Zənnimcə, bu şeirə iki aspektdən yanaşmaq olar. Bunu birinci halda, zamanın gərdişlərindən şairin Allaha olan şikayəti kimi, ikinci halda isə, onun sentimental, kövrək qadın hisslərinin təzahürü kimi qiymətləndirmək olar. Bu kələfi açmaq üçün Qiymət xanımın “Məndən o yana” şeirindən sitat gətirək:

 

 

 

Məni məndən o yana

Bir kəs görmədi, neynim.

Göydə Allah görmədi,

Yerdə bəndəsi, neynim.

 

 

 

Qiymətin bu şeiri ümidsizlikdən daha çox onun təvazökarlığına, hardasa özünü bəyənməməsinə, özünə və ya öz yaradıcılığına özünün tənqidi yanaşmasına bənzəyir. Müşahidələrdən gəldiyimiz qənaətə görə özündə qüsur axtaran, özünü tənqid edən insanlar xudbin olmur, əksinə sadə olur, hər şeyi dəyərləndirməyi bacarır və onlar daha tez tərəqqi edirlər. Bu əlaməti (əgər ümidsizliyə söykənmirsə) Qiymət xanımı da bir şair kimi hələ çox uzaqlara apara bilər. Qiymət xanım “Qız gəzirəm mən” şeirində özünütənqidə bir az fərqli yanaşır, bəlkə də, - ən dəyərli sözü hələ də demədiyini düşünür, - desək daha doğru olar:

 

 

 

 Külək döyən qapı mənim olsa da,

Həsrətim eşqimə qənim olsa da,

Xəzinəm gövhərlə, ləllə dolsa da,

Ruhumu tərpədən söz gəzirəm mən.

 

 

 

Bax beləcə şair Qiymət həm də bir filoloq kimi daima axtarışdadır və güman edirəm ki, onun bir-birindən gözəl, dəyərli misralarına bundan sonra da rast gələcəyik. Lakin yuxarıda dediklərimizin davamı olaraq onu da deməliyik ki, müəllif öz xarizması çərçivəsində qələmə aldığı “Gördüm” şeirində qəlbsındıran, ovqatpozan insanlara etirazını bildirməklə yanaşı, həm də mənəmçilərə etiraz edir və buna öz yüksək sarkazmı ilə yanaşır:

 

 

 

Nə var gözdə yaş olmağa,

Qəlb sındıran daş olmağa.

Hər məclisdə baş olmağa,

Özün haqlı sayan gördüm.

 

 

 

Mövzumuzla bağlı olduğu üçün qeyd etmək istəyirəm ki, XX əsrin sonlarına doğru stereotip ifadələri bir-birinə qoşmaqla yazılan və beləliklə də bir-birinin imitasiyası olan şeirlərin sayı kütləvi hala çevrildi ki, onun yaratdığı sunami hələ də çalxanmaqdadır. Bunun nəticəsində də şair “şairə” qarışdı və şairlik iddiasında olanlar böyük bir alay yaratdı. Lakin gül, çiçək, bülbül, daş, qaya kimi ifadələrdən paraleksik olaraq çeynənmiş formada, necə gəldi istifadə etməklə yazılmış “şeir”lərin “ədəbiyyat gilyotini” tuşunda növbəyə qoyulduqlarını unutmaq olmaz. İndi düşüncələrin poetik ifadəsi konkret və lokonik şəkildə olmalıdır. Fikir oxucuya olduqca qısa ifadə tərziylə çatdırılmalıdır. Bununla yanaşı, çağdaş şeir bütünlüklə müəllifin fantaziyalarının qurbanına çevrilməməli, o, həm də insan yaşantılarının göstəricisi olmalıdır, eyni zamanda mədhiyyədən çıxıb reallığı ifadə etməyin vacib olduğu da vurğulanmalıdır. Eləcə də, şeirdə mahiyyət mütləq məntiqə söykənməlidir, müşahidələr və hadisələrin beyində gedən ədalətli mühakiməsi öz sözünü deməlidir, bununla yanaşı süjetin gövdəsi zədələnməməli, fikir digər mövzulara meyillənməməlidir. Bu halda şeirin füsünkar, mükəmməl modelini görmüş olarıq, böyük şairimiz Mikayıl Müşfiq demişkən, - Yaratdığın şeiri sevərək yarat, hamıdan yüksək ol, hamıdan baş ol!

Qəlboxşayan şeirlər Qiymət xanımın da yaradıcılığında az deyil. Buna misal olaraq müəllifin “Hardasan göy adamı...” kitabında yer almış pozitron nümünələrdən olan “Yağış yağan gün” adlı şeirini bütövlükdə diqqətinizə çatdırmaq istəyirəm:

 

 

 

Dünyanın qarnı yamanca ağrıdı...

 

Yağdı o gün.

Su kimi çalxandı,

Bulandı göylər...-

Yağış yağan gün...

yarım-yarım yarıldı

qapqara göylərin qabırğası,

Toqquşan davakar buludlardan

Qopub yerə düşdü

 

 

 

bir çəngə

ildırım qasırğası...

 

 

 

Bu, çox gözəl, müasir və obrazlı, eyni zamanda Qiymətin yeni yaradıcılıq mərhələsinin sinkretik şeir nümunəsidir. Lakin şeirin sonunda qopub yerə düşən zənnimcə, “bir çəngə ildırım qasırgası” yox, məhz ildırımın özü olmalıydı. Eyni zamanda əlavə etmək istəyirəm ki, söhbət burada ildırımdan gedirsə, onun qasırğası da bir çəngə ola bilməz.

Qiymətin bu tipli aydın, göz yaşı kimi dumduru, bəlağətdən uzaq şeirlərindən biri də “İndi” rədifli qoşmasıdır. Bu tipli şeirləri oxumaqdan heç kəsin doyacağına inanmıram. Həmin şeirin iki bəndinə fikir verək:

 

 

 

Bayırda qar yağır... bayır üşüyür,

Çəmən soyuqlayır, çayır üşüyür.

Qar altda sərçənin payı üşüyür,

Qar üstə iz salır ləpirlər indi.

 

 

 

Bacanın tüstüsü donur havada,

Lopa qar qar üstə qonur havada.

Dəni bir-birindən qapıb havada,

Qarğalar gözünə təpirlər indi.

 

Təkrarən vurğulayıram, gözəl şeirdir! Bu şeir qış fəslinin vəsfi deyil, onun poetik təsviridir. Müəllifin bu tipli şeirləri onun yaradıcılığının empireyidir, - desək, bəlkə də yanılmarıq. Yuxarıda göstərdiyimiz nümunələrdən aydın olduğu kimi, Qiymət kiçik həcmli şeirlər vasitəsiylə fikrini oxucuya çatdırmaqda ustadır. Lakin onun hətta bəndlərinin sayı 10-u keçmiş ritorik, ənənəvi xarakterli şeirləri də az deyil. Üçmisralı, birmisralı şeir vasitəsilə fikrin ifadə edildiyi bir dövrdə uzun şeirlərdən qaçmaq vaxtının çoxdan çatdığını bilməyimiz daha vacibdir. Buna baxmayaraq, Qiymətin sevgi şeirləri də maraqlı və özünəməxsusdur. Nümunə üçün müəllifin “Çətin unuda” adlı şeirinə baxmaq kifayət edər:

 

 

 

Səni dənizlər kimi

gözlərimə çəkərəm,

Uca dağa bənzədib önündə

diz çökərəm.

Son dəfə yollarına baxıb

yaşlar tökərəm,

 

 

Sonra...

 

Sonra yumub gözümü -

söyləyərəm: “Əlvida!”

Amma bil ki, ürəyim səni

çətin unuda!

 

 

 

Ümumiyyətlə, şeir müəllifin öz taleyi ilə duygularının sintezini təşkil edir, lakin bu başqa birinin həyatından bəhs edərkən, yenə də hadisələr müəllifin duyğuları ilə əl-ələ verib gözəl bir poetika yaradır və bu zaman müəllif özü əsərində görünmür.

Məncə istedadlı insanlar ikiqat həyat sürürlər. Onlar həm adi insan kimi ictimaiyyət arasındadırlar, həm də, əgər belə demək mümkünsə, bir qədər yuxarıdan cəmiyyətdə baş verənlərin müşahidəçisidirlər. Qiymət bu fikrimizə söykək olan “Arifsən” rədifli şeirində də bənzərsiz ifadələr işlədib:

 

 

 

Nə sayaq addasın könül bu səddi,

Arxada lay divar, öndə su səddi.

Seyiddən ötədi şairin cəddi, -

Ah çəksə, tutacaq yüz-yüzə indi.

 

 

 

ya müəllifin “Şair” rədifli şeirinə fikir verək:

 

 

Şairin haqq deyən dili olmasa,

Haqsızlıq başına alar dünyanı.

 

 

 

 

 

 

 

Burada ulu babamız, Şeyx Nizami Gəncəvi yada düşür. Ustad “Sirlər xəzinəsi”nin “Şairlik ləyaqəti” bölməsində yazır:

 

 

Şairliyin qurduğu sirli-sehirli pərdə.

Şübhəsiz, peyğəmbərlik kölgəsidir hər yerdə.

Ərənlər, ulu kəslər səf çəkərək düzəlib.

Qabaqca peyğəmbərlər, sonra şairlər gəlib.

 

 

 

 

 

 

 

Qiymət xanım isə “Şair” şeirində şairləri təsvir edərkən maraqlı bir bənd də yazıb:

 

 

 

 

 

 

 

Əridər ömrünü hey gilə-gilə,

Bir anı yaşamaz hədər, boşuna.

Dünyadan köç edər o, gülə-gülə,

Çevrilər tarixin söz yaddaşına.

 

 

 

Gözəl təfsirdir, bu bəndin üçüncü misrası Mövlana Cəlaləddin Ruminin “Şəbi-arus”unu, yəni özünün dünyadan köçməsini “düyün gecəsi” adlandırmasını xatırladır.

Xəyalında “göy adamı”nın obrazını qurmuş, özünü onun varlığına inandırmış və hər an ona müraciət edərək öz poeziyasını yaratmış şair Qiymət “Bu adamı mən hardasa görmüşəm” şeirində yazır:

 

 

 

 Pərdə-pərdə sazdan qopub yoxsa o?!

Söz uludu, saz qədimdi, yoxsa o?!

Tanıyaram qənşərimə çıxsa o,

Bu adamı mən hardasa görmüşəm.

 

 

 

Şair bu şeirində, - göy adamını tanıyaram, - deyə hayqırır, o, göy adamının burada Allaha yaxın, Allah eşqilə yaşayan, özünü maddiyata qurban verməmiş bakirə bir varlıq, bəlkə də onun Allahın mələklərindən biri olduğunu təsdiqləyir. Şair bu misraların fonunda həm də söz, musiqi və insanın vəhdətdə olduğunu qeyd etmiş olur. Zənnimcə, söz səsin vasitəsilə ruhdan doğuşdur, yəni Allahın ruh dilində insana nazil etdiyini, peyğəmbərlər, vəlilər, şairlər öz mənsub olduğu dildə ictimaiyyətə çatdırır. Musiqi isə ruha qayıdışdır. Hər şeyin çevrə üzrə hərəkətdə olması astronomiya və fəlsəfə elmindən bizlərə məlimdur. Hər gedişin qayıdışı da var, əbəs demirlər ki, hər şey təkrarlanır.

Bütün hallarda publisistik və bədii yaradıcılığına məsuliyyətlə yanaşan Qiymət xanım “Hardasan göy adamı” kitabında bir çox dostlarına da üz tutub, onlar barədə ürək sözünü deyib. Professor Qəzənfər Paşayev, şairlər Dərviş Osman, Barat Vüsal, Giya Paçxataşvili, Nurəddin Mirzəxanlı və eləcə də digər dostları onun qələmindən kənarda qalmayıb. Nümunə üçün Şairin Dərviş Osmana həsr etdiyi şeirə baxaq:

 

 

 Nə gözəl bir gün yaşadın,

Dünyanın halal adamı?!

Ürəyinə sevgi saldın, -

Dilləndirib lal adamı.

 

 

 

Və ya yenə həmin şeirdə:

Saf olanda arzu, dilək,Xoş niyyətlə vurar ürək.

Pirə dönsün insan gərək,

Aldatmasın yal adamı.

 

 

 

Şeirdən də məlum olduğu kimi hər bir poeziyasevər oxucuya yaxşı bələd olan şair Dərviş Osmanın saflığı, onun üstün mənəvi dəyərləri Qiymət xanımın da gözündən qaçmayıb.

Bütün bu sadaladıqlarımızın xaricində qüsursuz gözəli təsəvvür etməyin nə qədər çətin olduğunu hər kəs deyə bilər. Bu sıradan yazarların əksəriyyətində olduğu kimi, Qiymət Məhərrəmlinin də yaradıcılığı tənqidi məqamlardan kənarda qalmır. Onlardan birinə “Var bizim” şeirində rast gəlinir:

 

 

Nə qədər saf doğulsaq da binadan,

Qaçammırıq pis əməldən, zinadan.

İnsan olan çiy süd əmib anadan,

Ağıllımız, seyrəyimiz var bizim.

 

 

 

Deyim gözəldir, lakin burada qafiyə xatirinə işlədilmiş “seyrəyimiz” ifadəsi “ağıllımız” sözünə antonim olaraq verilib, lakin bu söz tamamilə yerində deyil. “Ağıllı” sözünün antonimi “dəli”, “ağılsız”, “səy” ola bilər və ya poeziya dili olduğu üçün bunu “ağlı seyrək” kimi də işlətmək olardı. Müəllifin “Övlad” şeirində də buna bənzər mənzərə ilə rastlaşırıq:

 

 

Atanın arxası, vuran sağ əli,

Ananın qəlbinin yağıdı övlad.

 

 

Bu beytdə isə “sağ” ifadəsi sanki misradakı heca çatışmazlığını tamamlamaq üçün işlədilib. Məntiqlə düşünsək isə, vuran əl sağ da ola bilər, sol da, çünki nə çoxdur solaxay sənətkarlar.

Yuxarıda yazılanların bəndənizin subyektiv mülahizələri və ya şəxsi fikirləri olduğunu unutmaq olmaz və eyni zamanda Qiymət xanımın artıq oturuşmuş bir şair olduğunu qeyd etməliyik. Bu fikrimizi isə müəllif özü “Can borcu” şeirində belə təsdiqləyir:

 

 

 

 Varsansa - sübuta nə ehtiyacın,

Yoxu isbatlamaq fayda gətirməz.

Başda gəzdirilən saxta bir tacın

Yoxluğu dünyadan heç nə itirməz.

 

Qələm dostum, dəyərli insan, gözəl xanım şair Qiymətin yeni, daha mükəmməl əsərlərini, dəyərli kitablarını oxumaq arzusuyla ona uğurlar diləyirəm və yubileyini cani-könüldən təbrik edir, özünə və övladlarına səadət arzulayıram!

 

 

 

Elbəyi CƏLALOĞLU

Təzadlar.- 2013.- 26 noyabr.- S.15.