Həyatı bahasına xalqına xidmət
edən alim
Xəbər verdiyimiz kimi, oktyabrın 14-dü dünya şöhrətli alim Xudu Məmmədovun doğum günüdür. Tanınmış neftçi-alim Yusif Səmədov Xudu Məmmədovla uşaqlıq dostu olub, həm də qohumdurlar. Aşağıda Y.Səmədovun Xudu Məmmədovla bağlı xatirələrini təqdim edirik:
...Xudu Məmmədovla sirdaşlığa çevrilmiş tanışlığım ağlım kəsən 7-8 yaşlarından ta onun vəfatına qədər ötən 50 ildən artıq dövrü əhatə edir. Bu göstərilən illərdə Xudu müəllmin həyatı ilə bağlı istər fərəhli və istərsə də ağır, hətta faciəli hadisələrin əsasən iştirakçısına çevrilmişəm. Qabaqcadan onu da qeyd etməliyəm ki, Xudu müəllimin həyatı çətin, mürəkkəb, təzadlı olub. Onun özü isə qətiyyətli, iradəli, prinsipial şəxsiyyət kimi formalaşıb.
Xudu müəllimlə 1937-40-cı illərdə Qarabağ bölgəsinin Ağdam rayonunun Mərzili kənd 7 illik məktəbində bir yerdə oxumuşun. O vaxt məktəbdə o qədər də çox şagird yox idi. Uşaqları örüşdən, yəni mal-qoyun otardıqları yerdən tutub məcburi qaydada məktəbə gətirirdilər. Xudunu, onun bacı-qardaşını məktəbdə demək olar ki, şagirdlərin hamısı tanıyırdı. Onlar kolxoz sədri, çox sayılıb-seçilən Surxay Məmmədovun övladları olduğuna görə həmyaşıdlarından seçilirdilər.
Xudu o vaxtdan şeir yazmağı, karikatura çəkməyi bacarırdı. Bununla yanaşı, Azərbaycanın hər yerində olduğu kimi, Moskvanın Sovet hakimiyyətinin qurulması yolunda bütün tapşırıqları bizim məktəbdə də həyata keçirilirdi. Xudu bu hazırlıq tədbirləri ilə bağlı kəndimizdə hamının tanıdığı Aşıq Camalın rəhbərliyi altında yaradılmış məktəbin xor dərnəyində iştirak edirdi. Məktəbdə günlərlə xor kollektivinin məşqi keçirilirdi, biz uşaqlar da çox maraqla məşğələyə tamaşa edirdik, xorda iştirak edən uşaqların hamısını tanıyırdıq.
Bundan əlavə, Xudunun qardaşı Oqtay və bacısı Məhbubə ilə mən bir sinifdə oxuyurdum. O, tez-tez onları yoxlamağa gəlirdi. O günlər, o illər Xudunun ən xoşbəxt, qayğısız günləri idi. Bütün yaşıdları kimi, Xudunun da bu xoşbəxt, qayğısız günləri uzun sürmədi. 2-ci Dünya müharibəsi başladı. Qayğısız günlər qayğılı günlərə çevrildi. Xuduya isə daha böyük zərbələr dəydi, faciə üz verdi. Xudunun atası Surxay əmi böhtan ittihamları ilə həbs edildi. Təsəvvür edin, Surxay əminin “günahların”dan başlıcası o idi ki, o, qohumu, “xalq düşməni” Ədil Yüzbaşının vaxtı ilə öz hesabına xalq üçün vurdurmuş olduğu su kəhrizinin bərpa edilməsinə nail olmuşdu. İttihamda deyilirdi ki, ?Surxay Məmmədov “Xalq düşməni” Ədil Mustafa oğlunun xarabalıqlarını bərpa etdirir”.
Mən o dövrdə yaşamış, hadisələri canlı izləmiş bir insan kimi təsəvvür edə bilmirəm ki, əgər Surxay əmi məşhur Ədil kəhrizini- Mərzili kəhrizini bərpa etdirməsəydi, yarım köçəri həyat sürən, yayda yaylamağa gedən Mərzili camaatı, kolxoz qurluşu hesabına əzəli yaylaqlarından məhrum olan 4-5 mindən artıq əhali kənddə necə yaşayacaqdı? Mərzili əhalisinin müharibə illərində qızmar yay günlərində yeganə nicat-ümid yeri mənbəyini Kiçik Qafqaz dağlarının ətəyindən alan həmin kəhriz oldu. Bədxahlar bizi belə həyat mənbəyindən məhrum etmək istəyirdilər.
Yeri gəlmişkən, Surxay əmi kəndlilərin ən çox əziyyət çəkdiyi bir iş də var idi ki, o da min bir əziyyətlə yığılan taxılın üyüdülməsi üçün kənddə dəyirmanın olmaması idi. Dəyirman məsələsini də Surxay əmi az vaxtda böyük çətinliklər hesabına həll etdi. Dəyirman tikilib istifadəyə verildi.
Kənddə o vaxt əlçatmaz olan, möcüzə hesab edilən hamam məsələsi idi və Surxay əmi onu da tikdirdi, camaatın istifadəsinə verdi. 30-cu və 40-cı illərdə bu möcüzə kimi görünürdü.
Məlumdur ki, Mərzili kəndində suvarma suyu qıt olduğundan məhsudarlıq həmişə çox aşağı olurdu. Surxay əmi ?Xatın arxı” deyilən yerdən kəndə kanal çəkdirməklə su gətirilməsinə nail oldu.
Bu qeyd etdiklərim onun qısa vaxtda gördüyü xeyirxah işlərin cüzü bir hissəsidir. Belə bir kişini bədxahlar böhtanlar əsasında günahlandırıb həbsinə nail olmuşdular.
Əlbəttə, çox sonralar bütün bu böhtanlar ifşa olundu. Surxay əmidən üzr də istədilər... Və Surxay əminin bədxahlar tərəfindən həbsinə nail olduqdan sonra Xudu daha dəhşətli faciə ilə üzləşdi, anası Şirin xanım rəhmətə getdi. Xudu 14-15 yaşında ailənin başında durası oldu. Belə vəziyyətdə, əlbəttə, tədrisini davam etdirməsindən söhbət gedə bilməzdi. Ona görə də o, həmyaşıdları kimi kolxozda işləməyə başladı...
***
...Artıq Böyük Vətən Müharibəsinin dəhşətləri addım-addım evlərə gəlib çıxırdı, ayağı yer tutan müharibəyə çağrılırdı, ailələr uşaqların və qadınların ümidinə qalmışdı. Xudu həmin vaxtlar kolxoz fermasında hesabdar kimi işləyirdi. Mən isə fermada kolxozun quzu sürüsünü otarırdım. Xudugilin düşərgə yeri Şorluca adlanan yatağındakı binalarda idi. Bizim fermamız da Şorluca yatağında olduğu üçün biz Xudu ilə istər-istəməz görüşməli olurduq.
Bizim Şorluca yatağı ona görə düşərgə yeri idi ki, bu yatağın sahəsində su kəhrizi var idi. Onu da deməliyəm ki, yuxarıda qeyd etdiyim kimi, Xudu hələ uşaqlıqdan fitri istedadına görə burada da bütün hadisələrin mərkəzində olurdu. Hamı onun duzlu-məzəli söhbətlərindən, qeyri-adi hərəkətlərindən danışırdı. O, bütün iş yoldaşlarının sevimlisinə çevrilmişdi. Onun bütün yoldaşlarını heyrətləndirən xüsusiyyətlərindən hamı heyranlıqla söhbət açardı. O vaxtlar Xudu ilə birlikdə işləmiş İbiş kişi, dünyasını iki il əvvəl dəyişmiş Xanlar və başqaları son günlərədək o illərin xatirələrini yada salıb fərəhlə danışardılar.
Xudu fermada işlədiyi dövrdə hər yay elat Dəlidağ yaylasına getdiyindən, o da təsərrüfatla birlikdə yaylağa gedərdi. Diqqəti çəkən bir də bu idi ki, Xudu Dəlidağ yaylasında qayalıqlardan müxtəlif növ rəngli daşlar yığardı. Biz o vaxtlar ona uşaq marağı kimi baxırdıq. Xudunun sonralar elmi kəşfləri göstərdi ki, bunlar uşaqlıq marağı deyilmiş, o, elə o vaxtdan heç kəsə məlum olmayan elmlə maraqlanırmış.
Dəqiq yadımda deyil, 1943-cü ilin sonu, ya da 1944-cü ilin əvvəlləri idi. Anası erkən dünyasını dəyişdiyindən Xudugilin ailəsinə ögey ana gəldi. Ögey ananın gəlməsi ilə, kimin nə deməsindən asılı olmayaraq, həqiqət naminə deməliyəm ki, ailədə maddi vəziyyət yaxşılaşmağa başladı, ev işlərində təzələnmə oldu. Bu isə Xuduya imkan verdi ki, çox çətinliklər olmasına baxmayaraq təhsilini davam etdirsin.
Yaxşı yadımdadır ki, Xudu Ağdama gəlib əvvəlcə pedaqoji texnikuma daxil oldu. Yarım il orada oxuduqdan sonra texnikum təhsili onu qane etmədiyindən Ağdam 1 saylı orta məktəbinə keçdi, orta təhsili davam etdirdi. 1 saylı Ağdam orta məktəbini bitirdikdən sonra isə Xudu Bakıya gəlib Bakı Dövlət Universitetinin geoloji kəşfiyyat fakültəsinə daxil oldu. Mən o vaxtlar onu bir mayak kimi sevir və fəxr edir, onun kimi Ağdam 1 saylı orta məktəbi oxuyub ali məktəbə daxil olmaq istəyirdim. Bir dəfə isə bu istəyimi gizlədə bilmədim və Xuduya məktubla müraciət edib, ondan məsləhət aldım. Lakin o ağır müharibəli illərdə çətinliklərimə baxmayaraq, mən də orta məktəbi bitirib Bakıya gəlib Azərbaycan Sənaye İnstitutuna daxil oldum. O vaxtlar Xudu Universitetin axırıncı kursunda oxuyurdu. Biz yenə də Bakıda bir-birimizi axtarıb tapdıq və görüşməyə başladıq. Xudu o vaxt Heydər Əfəndiyev kimi çox məşhur bir müəllimin ən sevimli tələbəsi olduğu üçün onu özünün rəhbəri olduğu elmi tədqiqat institutunun laborant vəzifəsinə işə götürmüşdü. Mən Xudu ilə həmin institutda vaxtım olduqca görüşürdüm. İnstitut o vaxt Bakının L.Tolstoy küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi.
Yaxşı yadımdadır, mən I kursu bitirib kəndə getmək üçün yola hazırlaşırdım. Bu ərəfədə yenə də Xudunun yanına getdim. Onu çox pərişan halda gördüm. Mən heç nə soruşmadım... O isə həyəcanlı halda mənə dedi ki, “Bəs, kənddə məni səndən xəbər alacaqlar, onda mənimlə görüşdüyünü demə... De ki, onu görməmişəm, mənim onunla heç bir əlaqəm də yoxdur”.
Mən çox narahat qalmışdım... Bunun səbəbini isə kəndə gələndən sonra başa düşdüm. Demə, ailədə anlaşılmazlıq, xoş olmayan hadisələr baş veribmiş... Bu xoş olmayan hadisə Xudunun ömrünün axırına qədər də davam etdi...
(Ardı var)
Yusif Səmədov,
neftçi-alim
Təzadlar.-
2013.- 8 oktybar.- S.6.