“Sufilik ictimai bir sistemdir”

 

Zaur Şüküroğlu: “Sufilik cəmiyyətin hər təbəqəsinə nüfuz edib təlim verən, müəyyən mənada tərbiyələndirən pedaqoji bir məktəbdir”

 

Türkiyədə yaşayan tədqiqatçı, Ankara Universitetinin doktorantı Zaur Şüküroğlu (Şükürov) ilə XV əsrdə yaşayan Seyid Yəhya Bakuvi haqqında söhbət etdik. Onu da xatırladaq ki, tədqiqatçı “Seyid Yəhya Şirvani və təsəvvüf anlayışı” adlı dissertasiya üzərində çalışır. Müsahibəni maraqlı olduğunu nəzərə alıb oxuculara təqdim edirik:

 

(Əvvəli ötən sayda)

 

- Zaur bəy, ümumiyyətlə, Seyid Yəhya Bakuvinin yaydığı xəlvətiyyə cərəyanının ideoloji bazasında nə dururdu?

- Hər dinin bir mistik yönü olduğu kimi, İslam dininin də mistik yönü var. İslamın mistik yönünə təsəvvüf adı verilmişdir. İslamın daxilində  daşıdığı mistik-mənəvi yön, mütəsəvviflər tərəfindən daha da dərindən dərk edilmiş, onların həyat tərzində və dilində ən gözəl ifadəsini tapmışdır. Bu ifadə tərzi İslamiyyətlə yeni tanış olan bir çox insana İslamın digər ifadə tərzlərinə görə daha cazibədar görünmüşdür.

Dinini dəyişən bir cəmiyyətin və ya ihtida edən bir insanın öz kültüründən tamam qopa bilməməsi sosioloji həqiqətdir. Bir cəmiyyət nə qədər üstün mədəniyyət səviyyəsinə çatsa da, əsrlər boyu davam edən yaşayış tərzini, düşüncəsini və əqidəsini birdən-birə fəda edib onlardan uzaq qala bilməz. Türklərin İslam mədəniyyəti dairəsinə daxil olması da belə olmuşdur.

İslam dini və mədəniyyətinin cazibəsindən başqa əski türk dini əqidələrinin bu dinə yaxın ana qaydalara sahib olması və İslamiyyətin türk ruhuna hər hansı bir dindən daha çox uyğun gəlməsi İslamın türklər arasında yayılmasını asanlaşdıran səbəblərin başında gəlir.

Türklər İslam kültür mühitinə daxil olduqları dövrdən etibarən tamam rəsmi və ənənəvi İslam anlayışını mənimsəmələrinə baxmayaraq, əsas etibarilə Həzrəti Məhəmməd və Əhli Beyt sevgisini ön planda tutan sufilik cərəyanının güclü təsiri altında olublar.

Türklər İslamiyyəti təsəvvüf qəlibi içərisində tanıyıb, bəyənib və qəbul ediblər. Bunda İslamiyyəti yumşaq bir ruh və məna ilə öyrədən sufilərin rolu böyük olub. Beləcə, türklər qısa müddətdə İslamın təsəvvüfi yönünü həzm edərək öz aralarından təsəvvüf piri çıxara biliblər. Bəzi təriqətlər türklərin yaşadığı coğrafiyada ortaya çıxmış və onlar tərəfindən müsbət qəbul edilmişdir. Bunlardan biri də Xəlvətiyyə təriqətidir. Bu təriqət türklərin getdiyi, demək olar ki, hər yerə yayılmış və onların həm İslamiyyəti idrak tərzi olmuş, həm də İslamı ifadə tərzi kimi   həyatlarında mühüm rol oynamışdır.

Sufilikdə təriqətlər silsilə adlanan mənəvi zəncirlə bir-birinə bağlanır. Silsilənin ən başında Məhəmməd peyğəmbər durur. Peyğəmbərdən sonra onun yaxın yoldaşlarından, yəni səhabələrdən biri olmalıdır ki, bu da başlanğıc kimi qəbul edilir. Xəlvətiliyin başlanğıcında Həzrət Əli dayanır.

Burada “xəlvət” və “xəlvətilik” sözlərini də açıqlayaq. “Xəlvət” sözü Azərbaycan dilində ümumişlək bir sözdür. Amma buradakı mənası bir qədər fərqlidir. Leksik mənası “tənhalıq, yalqızlıq, təkbaşınalıq” olan bu kəlmə sufi dilində dərvişlərin təkyə, ya da məscid kimi məkanlarda şeyxin izni ilə balaca hücrələrə çəkilərək, daxili saflaşmaya nail olmaq üçün, ümumiyyətlə, qırx gün müddətində dünyəvi düşüncələrdən tamamən ayrılaraq ibadətlə məşğul olmasıdır. Dərvişlər burada çox az qida qəbul edər, az yatar və vaxtın çoxunu ibadət, zikir və təfəkkürlə keçirərlər. Çilə və ərbəin də adlandırılan bu prinsipin Xəlvətiyyə təriqətində ciddi tətbiqinə riayət edilirdi. Təriqətin qurucusu Pir Ömər xəlvət həyatını çox sevər, üzlətə çəkilib ibadət və zikirlə məşğul olmaqdan böyük zövq alardı. Buna görə də o, Xəlvəti nisbəsini aldı, qurduğu təriqətə də Xəlvətiyyə təriqəti deyildi.

Xəlvətiyyə təriqəti XIV əsrdə Azərbaycanın mənəvi mühitində doğulmuş xüsusi və böyük bir irfani məktəbdir.

Xəlvətiyyə ən çox qola və şöbəyə ayrılan təriqət kimi tanınır. Dediyim kimi, bu təriqətin qurucusu Pir Ömər əl-Xəlvətidir, Seyid Yəhya Şirvani isə təriqətin mücəddidi, ikinci piri kimi qəbul edilir. Seyidə qədər məhəlli xarakter daşıyan Xəlvətilik onun ətrafa çoxlu xəlifə göndərməsilə daha geniş coğrafiyaya yayılıb. Bu bölgə də intişar edən təriqətlərdən türklər arasında ən çox yayılanı da Xəlvətiyyə təriqətidir. Xüsusilə də Seyid Yəhyadan sonra bu təriqət, demək olar ki, tamamilə bir türk təriqəti hüviyyətinə bürünmüşdür. Görünür, türklər üçün Xəlvətiliyin cazibəsi digər təriqətlərdən daha çoxdur. Seyid Yəhyadan etibarən bu təriqətin, demək olar, bütün qollarının və şöbələrinin şeyxləri türk olub.

Xəlvətilikdə nəfsin pislikdən və günahlardan təmizlənməsi əsasdır. Bunun yolu da dillə, qəlblə və ruhla edilən zikirdir. Xəlvətiliyin kökündə insanların Allaha yaxınlaşması, insanlar arasında mənəviyyatın yüksəldilməsi, pisliyin aradan qaldırılması, əxlaqın cəmiyyətdə ön plana keçməsi dayanır. Salik davamlı olaraq nəfsinə müxalif olmalı, ona qarşı mübarizə aparmalı, hər cür bəla qarşısında səbr etməli, var olanla kifayətlənməli, şikayətdən uzaq durmalıdır. Bütövlükdə təsəvvüfdə  əhəmmiyyət verilən az yemək, az danışmaq, az yatmaq, inziva, zikir, fikir, şeyxə qəlbən bağlı olmaq prinsiblərinə Xəlxətilikdə həssaslıqla riayət olunur. Müşahidə mərtəbəsinə çatmaq üçün mücahidə şərtdir. Bu təlim tolerantlığa önəm verir, elmi təbliğ edir, milli-mənəvi dəyərləri qorumağa, ictimai dəyərləri inkişaf etdirməyə əhəmiyyət verir.

Əslində sufilik, xüsusilə də Xəlvətilik insanların bir çoxunun düşündüyü kimi gizli bir məktəb, özünə qapanma deyil, onun çox fərqli yönləri vardır. Sufilik eyni zamanda ictimai bir sistemdir. Cəmiyyətin hər təbəqəsinə nüfuz edib təlim verən, müəyyən mənada tərbiyələndirən pedaqoji bir məktəbdir. Sufilər bir çox hallarda intellektual təbəqəyə mənsubdurlar, sosial-ictimai həyatda aktiv şəkildə fəaliyyət göstərirlər. Onlar cəmiyyətdə yaşayan sülhsəvər, tolerant insanlardır. Onların fəaliyyətlərinin öyrənilməsi vacibdir. Tədqiqatlar göstərir ki, sufi cərəyanına mənsub olan insanlar cəmiyyətə yaxşı nümunə olublar. İctimai həyatda tolerantlığı, insanların bir-biri ilə yaxşı davranmasını, dinlərarası hörməti təbliğ ediblər. Seyid Yəhya Bakuvinin təlimi həm də bir fəlsəfi məktəbdir. Bu fəlsəfəyə dünyamızın çox ehtiyacı var.

Bu gün dünya dostluğa, sevgiyə, barışa, mənfəətdən uzaq münasibətlərə, yardımlaşmağa möhtacdır. Bu o demək deyil ki, sufilər o dönəmdə bütün bunların hər birinə nail ola bilmişdilər. Amma bu təlimi təbliğ edənlər ən azından yaşadıqları mühitdə müsbət ab-hava yarada bilirdilər.

Bu təriqətin bir çox qolu bu gün Türkiyədə, İraqda, Suriyada, Şimali Afrika ölkələrindən Misirdə, Liviyada, Əlcəzairdə, Tunisdə, Balkan ölkələrində, Hicazdan Hindistana qədər olan bölgələrdə fəaliyyətlərini davam etdirirlər. Avropa və Amerika ölkələrinin də bir çoxunda, o cümlədən İtaliyada, Kanadada, Argentinada, Braziliyada xəlvəti təkyələrinin olduğu bilinir. Azərbaycanda isə Xəlvətiyyənin bu gün davam etdiyini demək çətindir.

Sufilik bu gün Qərb insanına çox cəzbedici görünür. Həzrəti Mövlananın “Məsnəvi”si bir çox Qərb dillərinə tərcümə edilib.

- Bildiyimiz qədər onun Osmanlı imperiyasında gedən sufi hərəkatına böyük təsiri olub. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

- İslam tarixində sufi mütəfəkkir-övliyalar çox olub. Amma özündən sonra məktəb qoyub gədənlər azdır. Seyid Yəhya Şirvani “Qurani-Kərim”ə və hədislərə çox bağlı olub, təliminin bünövrəsini bu müqəddəs mənbələr əsasında formalaşdırıb. Onun təlimi çox yayılıb, çünki yolu doğru yol olub. Əsasən əhli-beytə mənsub olan mütəfəkkir İslamdan xaric bir istiqamət almayıb. Bunları əməlində, davranışlarında qoruyub saxlayıb. Yanına gələnlər sözü, niyyəti və əməli bir olan bu insandan elm öyrənərdi, irfan alardı. Minlərlə insan onun təlimi əsasında dərs alıb, onlardan 360-a qədəri xilafət alaraq getdikləri yerdə bu məktəbi tədris etməyə səlahiyyət qazanıblar.

Azərbaycanda son əsrlərdə sufizmin, eləcə də xəlvətiliyin ictimai dəyərləri unuduldu və ya yanlış izah edildi. Bir sistem kimi inkişaf edə bilmədi. Bu mərhələdən sonra xəlvətiliyin daha çox Osmanlı coğrafiyasında həyatını davam etdirdiyini görürük.

Seyid Yəhyanın “Vird-i Səttar” adı ilə tanınan övrad və əzkar (dua) kitabı əsrlər boyu Osmanlı hakimiyyəti altında olan Anadolu, Balkanlar, Yaxın Şərq və Şimali Afrika coğrafiyasında oxunan, tərcümə və şərh edilən bir əsərdir. Bu əsər, indi də qeyd etdiyim mühitlərdə oxunmaqdadır. Seyid Yəhyanın ən məşhur və ona əsas şöhrətini qazandıran əsəri də “Vird-i Səttar”ıdır. Seyidin Osmanlı coğrafiyasına təsiri onun əsərləri ilə yanaşı, ilk xəlifələrindən və məşhur tələbələrindən olan Məhəmməd Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani kimi davamçıları və bunların tələbələri vasitəsilə olmuşdur. Məhəmməd Bəhaəddin Ərzincani və Dədə Ömər Rövşəni, şeyxləri Seyid Yəhya kimi hökmdarlar arasında da mənəvi nüfuza sahib şəxsiyyətlər idi. Misal üçün, deyim ki, 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən ilə Osmanlı hökmdarı Sultan Mehmed Fateh arasında baş vermiş Otluqbeli savaşından sonra iki hökmdar arasında barış müqaviləsinin imzalanmasında Ərzincaninin böyük rolu olmuşdur.

Mənim Seyid Yəhya Şirvani yaradıcılığı ilə ilk tanışlığım da Ərzincani vasitəsilə olub. Belə ki, Seyid Yəhya haqqında ilk məlumatları Ərzincani haqqında hazırladığım magistr işi üzərində çalışarkən əldə etdim. Daha sonra Diyanət İslam Ensiklopediyasında Ərzincani haqqqında nəşr edilmiş yazını da yazmaq mənə qismət oldu. Ərzincani Anadoluda fəaliyyət göstərən ilk xəlvəti şeyxlərindən biri kimi tanınır. Xəlvətiyyənin Osmanlı paytaxtına qədər yayılmasında Ərzincaninin xidməti böyükdür. Çünki Xəlvətilik İstanbula ilk dəfə onun Çələbi Xəlifə kimi tanınan ən məşhur tələbəsi Camali Xəlvəti tərəfindən II Bayəzid dövründə gəlib. Bu hadisələr Seyid Yəhyanın Osmanlı dövlətindəki təsirini artıran proseslər olub.

Demək olar dünyada ən geniş yayılmış təsəvvüf məktəbi Seyid Yəhya Bakuviyə məxsusdur. Onun Bakıdakı bir institut mahiyyəti daşıyan xanəgahına Anadoludan 40-a yaxın alim gəlib, Bakuvinin məktəbini öyrənib öz vətənlərinə qayıdıb, orada bu məktəbi qurublar. Fateh Sultan Mehmetdən I Əbdülhəmidə qədər bir çox Osmanlı padşahı Bakuvi yolunun bağlıları olublar. Xəlvəti ədəbiyyatı da var. Seyid Yəhya Bakuvi nəsr və nəzmlə çoxlu əsər yazıb. Sufi ədəbiyyatının bir hissəsi xəlvəti dərvişlərinin qələmindən çıxıb.

Xəlvətilərin ədəbiyyatımıza qazandırdığı çox zənginliklər var. Məsələn, Niyazi Misri Osmanlı divan ədəbiyyatının sayılıb-seçilən şairlərindən biridir. Yaxud Seyid Yəhyanın adını çəkdiyim, məşhur xəlifələrindən Dədə Ömər Rövşəninin tələbəsi Bərdə əsilli İbrahim Gülşəni. Sultan Yaqubun müəllimi olub, Uzun Həsənin sarayında çalışıb, ancaq sufi olduqdan sonra dövlət işlərindən uzaqlaşıb. Qanuni Sultan Süleyman onu İstanbula gətirib, çox ehtiramla yanaşıb ona. Gülşəninin Mövlanaya nəzirə kimi yazdığı “Məsnəviyi-Mənəvi” adlı 40 min beytlik bir əsəri var. Belə misallar çoxdur. Bunlar ədəbiyyat tarixi üçün də zəngin qaynaqdır.

Seyid Yəhya haqqında Osmanlı mənbələrində Azərbaycan mənbələrindən daha çox məlumat verilməsi və onun əsərlərinin əlyazma nüsxələrinin daha çox Türkiyə kitabxanalarında olması da Seyidin Osmanlı coğrafiyasındakı təsirindən xəbər vərir.

- Biz Seyid Yəhya Bakuvini lazımi səviyyədə dünya səviyyəsində tanıtdıra bilmişikmi? Bakuvini tanıtmaq bizə nə verə bilər?

 

(Davamı var)

 

Təzadlar.- 2013.- 22 oktyabr.- S. 10.