Seyid Yəhya Bakuvi sağlam kökümüz, tarixi irsimizdir

 

Zaur Şüküroğlu: “O, bizə əsl bizdən xəbər verir, pozulmamış, təhrif edilməmiş əsl bizdən”

 

Türkiyədə yaşayan tədqiqatçı, Ankara Universitetinin doktorantı Zaur Şüküroğlu (Şükürov) ilə XV əsrdə yaşayan Seyid Yəhya Bakuvi haqqında söhbət etdik. Onu da xatırladaq ki, tədqiqatçı “Seyid Yəhya Şirvani və təsəvvüf anlayışı” adlıdissertasiya üzərində çalışır. Müsahibəni maraqlı olduğunu nəzərə alıb oxuculara təqdim edirik:

 - Zaur bəy, Seyid Yəhya Bakuvi şəxsiyyəti haqqında nə deyə bilərsiniz?

- Seyid Yəhya Şirvani (Bakuvi) Xəlvətilik təsəvvüf məktəbini XV əsrdə yenidən sistemləşdirən və yayılmasına səbəb olan böyük sufi mütəfəkkirdir. O,Şirvanşahlar dövlətinin hakimiyyəti altında olan Azərbaycan ərazisində, Şirvanda yaşayıb, təxminən XIV əsrin sonlarında Şamaxıda, Şirvanşahlar dövlətininərazisində yaşayan seyidlərlə bağlı işlərə baxan “Nəqibüləşraflıq” adlı təşkilatın başçısı, yəni nəqibüləşraf olan Seyid Bəhaəddinin ailəsində dünyaya gəlib. Qaynaqların əksəriyyətində yaraşıqlı oğlan olduğu deyilir. Peyğəmbər nəslindən gələn biri olub. Seyid Yəhya Bakuvi nüfuzlu və zəngin ailədə doğulub.

Yeniyetmə çağlarında təsəvvüfə maraq salan Seyid Yəhya sufilərlə tanış olur. Daha sonra yuxuda Həzrəti Peyğəmbəri görür, Həzrəti Məhəmməd ona xəlvətişeyxi Sədrəddinin yanına getməyi tövsiyə edir. Şeyxlə görüşdən sonra var-dövlət, atasının onun üçün arzu etdiyi hər şey gözündən düşür. Atası oğlunu bu yoldan çəkindirməyə çalışır, hətta şeyx Sədrəddinə qarşı əvvəllər qərəzli münasibət bəsləyir. Ancaq şeyxi tanıyandan sonra özü də təriqət yolu tutur.

Qeyd etdiyim kimi, Seyid Yəhyanın mürşidi xəlvəti şeyxi Sədrəddin Xiyavi olub, seyrü sülukunu bu şeyxin irşadı ilə tamamlayıb. Şeyxinin vəfatından sonraŞirvanşah I Xəlilullahın da dəvəti ilə Seyid Yəhya Bakıya gəlib, yüksək hörmət görüb, burada qurduğu xanəgahında 40 ildən çox fəaliyyət göstərib. Onun təkyəsinin sarayın yanında qurulması da Xəlilullah xanın qayğısı nəticəsindəolmuşdu. Xəlilullah xanın böyük dəstəyi ilə Seyid Yəhyanın xanəgahı institut mahiyyəti daşıyıb. Anadoludan çox sayda insan Seyid Yəhyanın xanəgahına axın etmiş, bunların arasında alimlər də olmuşdur. Seyid Yəhyanın yolu İslam dünyasında ən geniş yayılmış təsəvvüf yollarından biri olub.

Ümumiyyətlə, İslam tarixində əskər hökmdarların sufilərə qayğı ilə yanaşmasının kökündə onların xalq nəzərində böyük dəyərinin olması durur. Bununla yanaşı, hökmdarların elmə, ədalətə, haqq sözə meyl etməsi də mühüm rol oynayırdı. Axıhökmdar da insandır. Yolunu aza bilər, var-dövlət, hakimiyyət onu çaşdırar. Ona görə adil hökmdarlar daim haqq sözü deyən, düz yol göstərən aqil insanları ziyarət edir, məsləhət alırdılar. Digər tərəfdən sufilərin, şeyxlərin cəmiyyətdə tarazlıq yaratmağı, insanları dünya malına tamahdan, pis işlərdən çəkindirməyi, qənaətcillik, səbr, itaət kimi müsbət xislətləri təbliğ etmələri, yəni bir mənada xalq tərbiyəçisi olmaları da hökmdarların təqdirini qazanıb.

Seyid Yəhya Şirvaninin Azərbaycan-Türk təsəvvüf tarixindəki yeri və təsirləri böyükdür. Onun təsəvvüf təsəvvürünü və  fikirlərini nəzərdən keçirmək, bunlar haqqında elmi izahlar vermək və  bununla yanaşı, onun həyatını, yaşadığı dövrü, sosial, elmi, tarixi yönlərdən tədqiq etmək çox vacibdir. Xüsusilə əsərlərininəlyazma nüsxələri əldə edilib incələnməli, dərindən tədqiq edilməlidir. Mən də bu mənada, müəyyən işlər görməyə çalışıram. Məqsədim Xəlvətiyyə təriqətinin ikinci piri qəbul edilən bu dəyərli elmirfan xadiminin təsəvvüfi görüşlərini araşdıraraq, bir əsər şəklində ortaya qoymaqdır. Elmi işimdə Seyid YəhyaŞirvaninin Azərbaycan-Turk təsəvvüf tarixində zirvədə olan şəxslərdən biri olması, eyni zamanda təsəvvüfi görüşləri və həyatının xüsusi məqamları, bununla yanaşı, günümüzdəki təsirləri qeyd ediləcək.

Seyid Yəhya Bakuvi sağlam kökümüz, doğru düşüncəmiz, zəngin mənəviyyatımız, tarixi irsimizdir. O, bizə əsl bizdən xəbər verir, pozulmamış, təhrif edilməmiş əsl bizdən. Bizim dilimizlə, ruhumuzla danışır. Yad fikirlər söyləmir. Zəhərli, acıfikirlər yox, təmiz, duru, safşirin fikirlər deyir. Onun sistemiyolu dövrümüzün insanına uzaq və köhnə gələ bilər. Əslində o, fikrən, qəlbən, mənəvi dünyası etibarilə ölümsüzlər arasındadır. O, insanı aldatmaq üçün məntiq oyunlarıqurmur, zahiri-batini bir olan, aldatmayan həqiqətdən bəhs edir. Fitrətimizdən, daxili aləmimizdən xəbər verir. Ruhumuzu, qəlbimizi və düşüncəmizi təmizləmə, saflaşdırma yollarını göstərir. Hərislikdən, kinlərdən, nəfsani həvəs və arzulardan, düşmənçiliklərdən xilas olma yollarını göstərir. Bəşəriyyət üçün faydalı, xeyirli, düzgün fərdlər olmağımızı istəyir. Halal yeməyi, doğru danışmağı, düzgün işgörməyi nəsihət edir. Məhəbbət, hörmət, şəfqət, yardımlaşma və səmimiyyət təlqin edir. Ruhumuzun mənəvi şifrələri onun sözlərində gizlidir. Onun fikir dünyasına səyahət etmək, arzu etdiyi məhəbbət dünyasını tanımaq üçün onun aləminə girmək lazımdır. O, bizə şərh etdiyi dünyagörüşü ilə bizi əslimizə dönməyimiz üçün səsləməklə yanaşı, bütün bəşəriyyətə qurtuluş müjdələri göndərir.

Seyid Yəhya şəxsiyyətinin tanınması və onun düşüncələrinin bilinməsi, qeyd etdiyim kimi, birinci növbədə onun əsərlərinin tədqiqindən keçir. Məlumat üçün deyim ki, Seyid Yəhyanın əsərlərinin əlyazma nüsxələri daha çox Türkiyə kitabxanalarında qorunmaqdadır. Bu kitabxanalar arasında İstanbuldakıSüleymaniyyə  Kitabxanası, Nuruosmaniyyə Kitabxanası, İstanbul Universiteti Kitabxanası və Millət Kitabxanası ilə Manisa Xalq Kitabxanası önə çıxan başlıca kitabxanalardır. Azərbaycanda isə Seyid Yəhyanın əsərlərinin əlyazmalarınıAMEA Əlyazmalar İnstitutunda görmək mümkündür. Seyid Yəhyanın əsərlərinin çoxu farscadır. Ərəb dilində də yazıb. Onun bilinən əsərləri arasında Azərbaycan türkçəsində yazılan bir əsər var. Bu, Şəfaul-Əsrar adlı əsəridir. Ancaq demək olmaz ki, bu əsər Seyid Yəhyanın Azərbaycan türkçəsində yazılan yeganə əsəridir. Bu, böyükyersiz bir iddia olar. Çünki elm inkişaf etdikcə və tədqiqatlar davam etdirildiyi müddətcə  kitabxanalarda, eləcə də şəxsi kitabxanalarda həbs edilmişçox əlyazmaları işıq üzü görəcək. Kim bilir, bəlkə də məhbus əlyazmalarının bəziləri də Seyid Yəhyaya aid bilinməyən əsərlərdir. Ona görə də düşünürəm ki, Seyid Yəhyanın Azərbaycan türkçəsində yazılmış əsərindən danışarkən onun, sadəcə, təsbit edilən (müəyyən edilən, tapılan, bilinən) əsərləri arasında ana dilimizdə yazılmış bir əsərinin olduğunu söyləmək daha doğru olacaq.

Məlumat üçün qeyd edim ki, Seyid Yəhya haqqında Osmanlı mənbələrindəAzərbaycan mənbələrindən daha çox məlumat verilir. Ancaq əlimizdə olan mənbələrdə verilən məlumatların yetərli olduğunu söyləmək mümkün deyil. Seyid Yəhyanın həyatının böyük bir qismi bizim üçün qaranlıq olaraq qalır. Ona görə dəmən tədqiqatlarımda bir tərəfdən Seyid Yəhyanın həyatı haqqında mövcud mənbələrdə verilən məlumatları dərindən incələməyə çalışır, digər tərəfdən, yeni mənbələr axtarıram. Ümid edirəm ki, Seyid Yəhyanın həyatının böyük bir qismini işıqlandıracaq yeni mənbələr əldə ediləcək. Hələlik biz məhdud da olsa, mövcud mənbələrdəki məlumatlardan düzgün istifadə etməyə  çalışmalıyıq. Yeni mənbələrə gəldikdə, bunu bizim ya da bizdən sonrakı tədqiqatcıların əldəetməsinin fərqi yoxdur. Mühüm olan Seyid Yəhya irsinin layiqli tədqiq edilməsidir. Bunun üçün də tələsik, başdansovdu araşdırmalardan, göstərişməqsədilə aparılan tədqiqatlardan çəkinmək lazımdır. Məqsədimiz Allahın rızasıvə Azərbaycan tarixinə və mədəniyyətinə xidmət olmalıdır. Bu məqsədə də ancaq sanballı araşdırmalarla çatmaq mümkündür. Anadolu türklərində bir söz var: “Gec olsun, güc olmasın.”

- Bakuvinin mürşidi kim idi? Ümumiyyətlə o, əsərlərində özündən əvvəl gələn hansı sufi və mütəfəkkirlərə müraciət edib? 

- Qeyd etdiyim kimi, Seyid Yəhya təsəvvüf tərbiyəsini Sədrəddin Xiyavidən alıb. Bu təriqətin mənsubları, eləcə də Seyid Yəhya təriqətin qurucusu Pir Ömər əl-Xəlvətinin müəyyənləşdirdiyi qaydalara bağlı idilər. Ömər əl-Xəlvətinin silsiləsiƏxi Mirəm, Hacı İzzəddin Türkmani vasitəsilə davam edərək Sədrəddin Xiyaviyə, bu şeyxin vasitəsilə də Seyid Yəhyaya çatmışdır.

Əslində Bakuvi xəlvətilikdən yeni bir təriqət çıxara, bu təriqətin öz adı ilə davam edəcək yeni bir qolunu qura bilərdi. Yəni piri-sani yox, öz yaratdığı təriqətin piri-əvvəli ola bilərdi. Ancaq bu addımı atmayıb, bunun özübir böyüklükdür. Lakin xəlvətiliyin piri-sanisi, piri-əvvəldən daha öndədir. Pir Ömər Xəlvətininəlimizdə heç bir kitabı yoxdur. Onun haqqında çox az məlumat var. Bilinən odur ki, Pir Ömər çox xəlvətə çəkilərək ibadət və zikirlə məşğul olarmış. Təriqətəqatqısı təriqətin adı, tacı və xəlvətdə ikən məşğul olduğu əsmai-səba zikridir. Təriqətin yerdə qalan bütün xüsusiyyətləri Seyid Yəhya ilə bağlıdır.

Onu da qeyd edim ki, Xəlvətiliyin bir sufi təriqət kimi təşəkkül tarixində XI əsrdən başlamış azərbaycanlı sufilər Əbdülqahir və Şihabüddin Sührəverdilərin qurduğu Sührəverdiyyə məktəbi mühüm rol oynayır. Xəlvətiliyin kökü məhz Sührəverdiyyəməktəbinə gedib çıxır. Sufilikdə təriqətlər zəncir kimi bir-birinə bağlanır. Əzəl kök Məhəmməd peyğəmbərdir. Peyğəmbər İslamın, onun səhabələri isə təsəvvüfün banisidir. Xəlvətiliyin kökü Həzrəti Əliyə dayanır.

Ümumiyyətlə, Seyid Yəhyanın əsərlərinə nəzər salanda onun Həkim ət-Tirmizi,Əbu Talib əl-Məkki, Əbdülkərim Qüşeyri, İmam Qəzali, Fəridüddin Əttar kimi məşhur sufi və təsəvvüf klassiklərinin əsərlərindən də istifadə etdiyi anlaşılır. Seyidin Mövlanə Cəlaləddin Rumiyə isə xüsusi bir məhəbbətinin olduğunu görmək mümkündür. Seyid Yəhya da Mövlanə Cəlaləddin Rumi kimi məktəb sahibi, üstün şəxsiyyətdir. Düşüncələrinin ifadə gücü, ədəbi şəxsiyyət olaraq Mövlanə, təbii ki, fərqlidir. Bu iki mütəfəkkirin mənəvi dünyası və düşüncəsistemləri eynidir. Amma yayılma və yetişdirdiyi mühüm şəxsiyyətlər baxımından Bakuvinin məktəbi Xəlvətilik Mövləvilikdən daha geniş yayılmışdır. Türk-İslam dünyasında ən çox yayılan sufi məktəbi Xəlvətilik olmuşdur. Dünyanın müxtəlif ölkələrində Xəlvətilik məktəbinin izləri mövcuddur.

- Ümumiyyətlə, Seyid Yəhya Bakuvinin yaydığı xəlvətiyyə cərəyanının ideoloji bazasında nə dururdu?

 

 

(Davamı var)

 

Elnur Eltürk

 

Təzadlar.- 2013.- 19 oktyabr.- S. 13.