“Azərbaycanda Seyid Yəhyanın
adı unudulsa da, əməlləri
yaşadılıb”
Zaur
Şüküroğlu: “Seyid Yəhya Bakuvi dərsliklərə
salınmalı, həyatı və
yaradıcılığı öyrənilməlidir.”
Türkiyədə yaşayan tədqiqatçı,
Ankara Universitetinin doktorantı Zaur Şüküroğlu (Şükürov)
ilə XV əsrdə yaşayan Seyid Yəhya Bakuvi haqqında
söhbət etdik. Onu da xatırladaq ki, tədqiqatçı
“Seyid Yəhya Şirvani və təsəvvüf
anlayışı” adlı dissertasiya üzərində
çalışır. Müsahibəni maraqlı olduğunu
nəzərə alıb oxuculara təqdim edirik:
(Əvvəli
ötən saylarda)
-
Zaur bəy, biz Seyid Yəhya Bakuvini lazımi səviyyədə
dünya səviyyəsində tanıtdıra bilmişikmi?
Bakuvini tanıtmaq bizə nə verə bilər?
- Bu sahədə irimiqyaslı tədqiqatlar təəssüf
ki, ancaq son dövrlərdə
aparılmağa başlanılıb. Bu mənada, Qafqaz
Universitetinin müəllimi hörmətli Mehmet
Rıhtımın əməyini qeyd etmək istərdim. O,
Seyid Yəhya və Xəlvətilik haqqında Azərbaycanda
dissertasiya işi üzərində işləyərək
2005-ci ildə Bakıda nəşr etdirib. Mənim bu kitab
haqqında yazdığım bir məqalə 2008-ci ildə
İstanbulun Mərmərə Universitetinin ilahiyyat fakültəsinin
dərgisində çap edildi. Məqsədim Mehmet
Rıhtımın bu əsərini Türkiyənin elmi
ictimaiyyətinə tanıtmaq idi. Məqaləmdə də
qeyd etdiyim kimi, bu çalışma o günə qədər
aparılmış ən geniş tədqiqatdır. Buna
baxmayaraq, əsərdə gözdən qaçan nöqsanlara
da rast gəlmək mümkündür. Mən də məqaləmdə
bu cür nöqsanların bir neçəsini elmi üslub
çərçivəsində qeyd etdim. Mehmet bəylə
indiyə qədər heç vaxt
qarşılaşmamışıq. Məqaləm dərc
edildikdən sonra ortaq bir tanışımız vasitəsilə
yazımı oxuduğunu, tənqidlərimin yerində
olduğunu söylədiyini eşitdim və
anlayışlı baxışına görə çox
sevindim.
Azərbaycanda, Qafqaz Universitetində Seyid Yəhyanın
bir az əvvəl də qeyd etdiyim “Şəfaul-Əsrar”
adlı əsəri üzərində Mirrəşidə Kazımi
tərəfindən hazırlanmış magistr işini də
qeyd etmək istərdim. Daha sonra Mehmet Rıhtım adı
çəkilən əsəri sadələşdirərək
Bakıda və İstanbulda çap etdirdi. Bu
çalışmalar əsərin tanıdılması isitqamətində
böyük xidmətlərdir. Ancaq təəssüf ki,
adı çəkilən əsərin bu gün əlimizdə,
sadəcə, bir əlyazma nüsxəsinin olması elmi tənqidi
nəşrinin gerçəkləşdirilməsini
imkansızlaşdırır. Ümid edirəm ki, əsərin
gələcəkdə bir və ya bir neçə yeni
nüsxələri tapılacaq və elmi tənqidi nəşri
də hazırlanacaq. Mehmet Rıhtımın Seyid Yəhya
haqqında nəşr etdirdiyi məqalələri də var.
Ondan əvvəl Azərbaycanda Seyid Yəhya haqqında alimlər
tərəfindən müəyyən işlərin
görüldüyünü söyləmək
mümkündür; ancaq bunlar demək olar ki, kiçik
miqyaslı tədqiqatlardır. Belə tədqiqatların
müəllifləri kimi Abbasqulu Ağa Bakıxanovun, Firidun Bəy
Köçərlinin, Əliəjdər Seyidzadənin, Məşədixanım
Nemətin və Azadə Musayevanın adlarını çəkmək
olar.
Türkiyədə isə Seyid Yəhya
Şirvani araşdırmalarına cığır açan tədqiqatçı
Mehmet Əli Aynidir. O, İstanbul Darülfünunun professoru ikən
1921-ci ildə Bakıya da gəlmişdir. Bakıda olduğu
müddətdə burada mədəniyyət sahəsində
görülən işləri İstanbula qayıtdıqdan
sonra qələmə aldığı bir məqaləsində
yüksək qiymətləndirən Ayni Seyid Yəhyanın
layiqincə
tanınmadığına da şahid olmuş, bu səbəblə
Seyid Yəhyanın tanıdılması işinə
girişmiş, onun haqqında oxuduğu bir mühazirənin
xülasəsi daha sonra 1923-cü ildə Bakıda
çıxarılan “Maarif və Mədəniyyət” dərgisinin
6-cı sayında da nəşr edilmişdir. Mehmet Əli Ayni
türklərin ən böyük mütəfəkkir və
alimlərindən biri kimi qəbul etdiyi Seyid Yəhya
Şirvaninin həyatını tezliklə yazmağa
başlayacağının müjdəsini də vermişdir.
Ancaq onun 1923-cü ildə İstanbulda nəşr etdirdiyi
“Şəyh-i Əkbəri Niçin Səvərim” adlı əsərində
söz açdığı bu monoqrafiyanı yazıb-yazmadığı
təəssüf ki, məlum deyil. Mənim fikrimcə, Ayni
Bakıda gördüyü işləri İstanbula
qayıtdıqdan sonra da davam etdirmək məqsədilə əlindəki
yazıları daha da genişləndirərək belə bir əsər
yazmaq istəyib. Mehmet Rıhtım Ayninin bu əsəri
yazmasına ömrünün vəfa etmədiyini söyləsə
də, bu məlumatı hansı mənbədən
aldığını qeyd etmir. Ancaq Ayninin 1945-ci ildə vəfat
etdiyini nəzərə alsaq, Rıhtımın
görüşünün zəif bir ehtimal olduğunu görərik.
1923-cü illə 1945-ci il arasında 22 il var. Bu da bir şəxsiyyətin
həyatının yaxşı-pis yazılması
üçün yetərli bir ömürdür. O zaman Ayni ya
müəyyən səbəblərə görə başqa
tədqiqatlara yönəldiyi üçün bir daha bu
mövzuya qayıtmaq imkanı tapa bilməmiş, ya da
yazmış, ancaq əlyazma şəklində qalan əsər
ya yox olmuş, ya da hardasa işıq üzü görməyi
gözləyir. Ümid edirəm ki, sonuncu ehtimalımız
doğru olar və gələcək tədqiqatlar nəticəsində
əsər tapılar. Çünki Ayni kimi görkəmli bir
elm xadiminin qələmindən çıxan bir əsərin
Seyid Yəhya irsinin tədqiqinə böyük fayda verəcəyi
şübhəsizdir.
Türkiyədə Seyid Yəhyanın əsərlərinin
tanıdılması istiqamətində əvəzsiz xidməti
olan digər bir görkəmli alim də Əhməd Atəşdir.
O, İstanbulun Universitet və Nuruosmaniyyə kitabxanalarında
qorunan farsca mənzum əsərlər haqqında mükəmməl
bir kataloq çalışması hazırlayıb. Bu işində Seyid Yəhyanın adı çəkilən
kitabxanalardakı əsərlərinə də kifayət qədər
yer ayırıb. 1966-cı ildə vəfat edən Əhməd
Atəşin bu çalışması ölümündən
sonra 1968-ci ildə İstanbulda nəşr edilib. Azərbaycanda
Azadə Musayeva 1985-86-cı illərdə Seyid Yəhyanın əsərləri
haqqında dərc etdirdiyi məqalələrində daha
çox Əhməd Atəşin bu
çalışmasında verdiyi məlumatlardan istifadə
edib.
Bundan başqa, Türkiyədə Seyid Yəhya
haqqında araşdırmalarıyla tanınan və eyni zamanda
Seyidin bir çox farsca əsərlərini də Türkiyə
türkcəsinə çevirən mərhum Hasan Almazı rəhmətlə
yad etməliyik. Bu tərcümədə hər nə qədər müəyyən
səhvlərə yol verilsə də, Hasan Almazın xidmətləri
hər zaman qeyd edilməlidir. Çünki Seyid Yəhyanı
unudulmuşlar arasından çıxarma işində onun da
haqqı var.
Bu arada maraqlı bir şeyi də qeyd etmək
istəyirəm ki, Seyid Yəhya irsinin tədqiqatı, eləcə
də Azərbaycan mədəniyyəti tarixində Anadoludan Azərbaycana
gələn iki Mehmetin öz yerləri var. Bunlardan biri XX əsrin
əvvəllərində Seyid Yəhyanı Azərbaycanda
unudulmaqdan qurtarmağa çalışan Mehmet Əli Ayni, digəri
də XXI əsrin əvvəllərində Azərbaycanda eyni
amal üçün çalışan Mehmet Rıhtım. Bu
mənada, ikisinin də xidmətləri
təqdirəlayiqdir. Sevinirəm ki, Seyid Yəhya Şirvani
yolunun əmanətdarı olan Anadoluda Seyid Yəhya irsinə
xidmət etmək əsrimizdə bir azərbaycanlı kimi mənə
də qismət olub. Ancaq hörmətli Mehmət
Rıhtımın, bu mənada, məndən daha şanslı
olduğunu söyləyə bilərəm. Çünki o, Azərbaycanda
Seyid Yəhyanın həmvətənlərindən, nəvələrindən
gördüyü dəstək sayəsində xeyli iş
görə bilib; bu da onu göstərir ki, Azərbaycanda Seyid
Yəhyanın adı unudulsa da, əməlləri
yaşadılıb. Seyid Yəhyanın Anadoludan elm və irfan
üçün ona pənah gətirən insanlara necə
sahib çıxdığını mənbələr xəbər
vərir. Sevindirici haldır ki, Seyid Yəhyanın bu yolunu onun
həmvətənləri bu gün də davam etdirirlər. Mən
isə Seyid Yəhyaya mənəvi cəhətdən borclu
olan Anadoluda onun bir nəvəsi, həmvətəni kimi
heç bir dəstək görmürəm; vaxtilə
Türkiyənin bir dövlət qürumundan göstərilən
dəstək də bu qurumdakı bəzi qüvvələrin
Azərbaycana qarşı qərəzli münasibətləri
səbəbilə heç bir səbəb göstərilmədən
yarımçıq kəsildi. Hətta Azərbaycanın
İstanbuldakı Başkonsulluğunun rəsmi etirazı belə
dəstəyin bərpasını təmin edə bilmədi.
Bu, qardaş Türkiyədə Azərbaycana qarşı mənfi
münasibətdə olan bəzi şər qüvvələrin
mövcudluğunun bariz nümunəsidir. Çünki onlara
Azərbaycana sadiq olan azərbaycanlılar yox, onların
çirkin məqsədlərinə xidmət edəcək “azərbaycanlılar”
lazımdır. Belə münasibət bir zamanlar
yetişdirdiyi Anadolulu tələbələri ilə bu
diyarı işıqlandıran Seyid Yəhyaya qarşı
Türkiyədəki bəzi dairələrin vəfasızlığının
göstərgəsidir və eyni zamanda onun vətəninə,
yetişdiyi torpaqlara qarşı hörmətsizlikdir.
Bütün çətinliklərə baxmayaraq, dissertasiya
işimi davam etdirirəm, başa çatdırmaq qismət
olar, inşallah.
Əsas mövzumuza qayıtmaq istəyirəm;
Azərbaycan-Türk-İslam mədəniyyətinin
yetişdirdiyi ən mühüm şəxsiyyətlərdən
biri olan Seyid Yəhya Şirvani həyatı boyu və
ölümündən sonra bir çox insana və cəmiyyətə
təsir etmiş böyük bir mütəfəkkir və
mütəsəvvifdir. İslam coğrafiyasında Seyid Yəhya
qədər hörmət və məhəbbət qazanan
çox az insan var. Onun mənəvi irsinin dərindən tədqiq
edilməsi ona qeyri-islam coğrafiyalarında da eyni məhəbbəti
qazandıracağını düşünürəm.
Çünki Seyid Yəhya fəlsəfəsinin mərkəzində
insan dayanır.
Seyid Yəhya Şirvani mədəniyyət
tariximizin ən böyük simalarından biridir. Yalnız
böyük bir mütəfəkkir, bir təriqət lideri, dərin
bir sufi, ətraflı bir alim deyil, eyni zamanda mədəniyyətimizin
yaxınlaşdırıcı və
birləşdiricisi, dərin ruh və könül
adamıdır. Azərbaycanda böyük məktəb
açmış, onu bütün dünyaya yaymış
insana laqeyd qalmaq ciddi nöqsandır. Seyid Yəhya Bakuvi dərsliklərə
salınmalı, həyatı və
yaradıcılığı öyrənilməlidir.
Seyid Yəhyanın mədəniyyətimizə
təsiri o qədər böyükdür ki, onu yaxşıca
tanımadan mədəniyyət tariximizin önəmli bir
bölümünü anlamaq mümkün olmayacaq. Bu, elmi həqiqətdir.
Bu mənada, YUNESKO-nun 2013-cü ili Seyid Yəhya Bakuvi
(Şirvani) ili elan etməsi təqdirəlayiqdir.
Çünki bu, sadəcə, Seyid Yəhyanın yox, eləcə
də Azərbaycanın və Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması üçün böyük
fürsətdir. Bu çərçivədə yetərli
olmasa da, müəyyən işlər görülüb və
davam edir. 2-4.07.2013 tarixləri arasında Bakıda Beynəlxalq
Simpozium/-Konfrans keçirildi. Ancaq daha sonra öyrəndiyimə
görə, bu konfransda əvvəlcədən
hazırlanmış bəzi elmi məruzələrə ya yer
verilməyib, ya da çox qısa olması şərtilə
yer verilib. Əvəzində, rəsmi
çıxışlara istənilən qədər vaxt
ayrılıb. Görünür, bunun səbəbi bu
simpoziumun əsas təşkilatçısının Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
olması olub. Ancaq maraqlıdır, adı simpozium-/konfrans olan
bir tədbirdə elmi müzakirələrə biganə
yanaşılırsa, belə bir simpoziumun-/konfransın nəticəsi
nə ola bilər? Noyabr ayında da Eskişehirdə və
yenidən Bakıda Seyid Yəhya Bakuvi və Xəlvətilik
simpoziumu hazırlanır. “Kafkasyadan Anadoluya kültür
Köprülerimiz, Uluslararası Seyyid Yahya Şirvani ve
Halvetilik Sempozyumu” adlı konfrans Ardahan Universiteti və Azərbaycan
Qafqaz Universiteti tərəfindən keçiriləcək. Bu
simpoziumların əsas məqsədi Seyid Yəhya Şirvanini
tanımaq, onun həyatı, düşüncələri, tələbələri
və əsərləri çərçivəsində
Türk Dünyası, Balkanlar, Afrika və digər bölgələrdəki
izlərini və təsirlərini araşdırmaq, dünyada
təsis etdiyi fikri və sosial irtibatları öyrənmək
və anlamaq olduğuna gorə ümid edək ki,
Bakıdakı birinci simpoziumda çox vaxt verilməyən
elmi müzakirələrə bu iki simpoziumda daha çox vaxt
ayrılsın. Əks təqdirdə, cətin ki simpozium məqsədinə
çata bilsin. İnanıram ki, bu dəfəki
simpoziumların təşkilatçıları universitetlər
olduğuna gorə bu simpoziumlarda elmi müzakirələrə
laqeyd yanaşma olmayacaq.
Elnur
Eltürk
Təzadlar.-
2013.- 24 oktyabr.- S.11.