Əsrlərin yol yoldaşı

 

 

 

 Əsrlərin sərt sınağından keçə-keçə, qoruna-qoruna zəmanəmizə gəlib çatmış tarixi abidələr xalqımızın keçmiş həyat salnaməsini özündə ehtiva edən maddi mədəni irsi olmaqla yanaşı, həm də maddi mənəvi sənədləridir. Tariximizin cansız şahidləri olmuş bu cür sənədlərin qorunub saxlanması indiki zamanda olduqca vacibdir. Tarixi abidəsi olmayan xalq şəxsiyyət vəsiqəsi olmayan insana bənzər. Odur ki, onların qorunma və bərpa işləri daim diqqət mərkəzində olmalıdır.   

Hazırda mədəni irsin qorunması işləri həm mədəniyyət və turizm şöbələri, həm də abidələrin kompleks şəkildə yerləşdiyi ərazilərdə yaradılmış qoruqlar vasitəsilə aparılır. Lakin bu sahənin davamlı və etibarlı qorunma mexanizmi olmadığından onlarla necə rəftar olunmasına əsla məhəl qoyulmur. Məsələn, Qazax şəhərində yerləşən tunc dövrünə aid “Sarı təpə” adlı dövlət əhəmiyyətli arxeoloji abidənin ərazisi 1970-ci illərdə həyətyanı sahə kimi əhaliyə paylanıb. Rayonun İkinci Şıxlı kəndində Xram çayı üzərində yerləşən XII əsrə aid dünya əhəmiyyətli memarlıq abidəsi - “Sınıq körpünün üzərindən uzun illərdir ki, keçən ağır tonnajlı yük avtomobillərinin hərəkəti onun girəcək hissəsini çökdürüb. 2008-ci ildən qəza vəziyyətində olan bu memarlıq incisi indiyədək bərpaçıların yolunu gözləməkdədir. Belə amansızlıqlarla digər bölgələrdə də rastlaşmaq mümkündür.

Dünya təcrübəsi göstərir ki, mədəni irsin davamlı olaraq qorunub saxlanması, təbliği və onlardan səmərəli tərzdə istifadə edilməsinin ən etibarlı və effektli üsulu ərazidə turizmin inkişaf etdirilməsidir. Ən azı ona görə ki, məkana səfər edən qonağın təsəvvüründə yerli xalq haqqında müəyyən qədər fikrin formalaşması mədəni irsin payına düşür. Artıq bu üsulla dünyanın əksər dövlətləri sözügedən problemi çoxdan həll edib. Yəni abidələrin mövcud olduğu yerlərdə turizmin inkişaf etdirilməsi pirinsipcə bir güllə ilə iki dovşanın vurulması anlamına gəlir. Onlardan biri mədəni irsin qorunma mexanizmi, digəri isə ərazidə turizminayaq tutub yeriməsidir”. Bu zaman aydın olacaq ki, mədəni irsimizin qorunub saxlanılmasında turizmin, turizmin isə inkişaf etdirilməsində mədəni irsin rolu nə qədər böyükdür.

1989-cu ildən Qazax rayonunda fəaliyyətdə olanAvey” dövlət tarix-mədəniyyət qoruğunun “Damcılı” filialına məxsus 46 abidədən 24-ü Avey dağının cənub istiqamətində yerləşir. Onların hamısı ulu əcdadlarımız olan albanların mövcud olduğu ilk orta əsrlər və antik dövrə aiddir. Qafqaz Albaniyası irsinin təbliği və öyrənilməsində əyani vasitə kimi böyük əhəmiyyəti olan həmin dəyərlərin tədqiqat işlərinə ehtiyacı var. Lakin bu dağın özünəməxsus relyefi oraya asanlıqla gedib gəlməyə imkan vermir. Belə vəziyyət bizi bu məkanda xüsusi turizm marşurutunun yaradılması barədə düşünməyə sövq etməlidir. Çünki buradakı mədəni irsimiz olan Alban abidələrini bir varis kimi ziyarət etmək, təbliği və öyrənilməsi ilə məşğul olmaq hər birimizin müqəddəs borcudur. 

Deyilənlərin baş tutması üçün həmin məkanda təhlükəsiz turist cığırları infrastrukturunun yaradılması barədə düşünülməlidir. Belə cığırların gerçəkləşməsi ən azı məktəblilərin həmin abidələrə ekskursiya səfərlərinin təşkil edilməsinə və onların şüurunda ulu əcdadlarımız olan antik dövr insanlarının yaşayış tərzləri barədə daha dolğun təsəvvürlərin yaranmasına səbəb ola bilər.

Son zamanlar respublika ərazisində dövlət mühafizəsinə götürülmüş qədim yaşayış məskənlərində arxeoloji tədqiqat işlərinə başlanılıb. Qazıntılar zamanı tapılmış çoxlu sayda maddi mədəniyyət nümunələrinin tədqiqatı ölkəmizin qədim dövr tarixinin bəzi qaranlıq səhifələrinə aydınlıq gətirməklə həm də muzey eksponatlarının zənginləşdirilməsinə də səbəb olub. Lakin qazıntı aparılan sahənin sonrakı taleyi təbiətin amansız şıltaqlığının ümidinə buraxılıb. Halbuki sahədə aşkar edilmiş mədəni təbəqəyə məxsus tikili qalıqları, dulus kürəsi, ocaq yerləri, təsərrüfat quyuları və anbarlarının qalıqları və evlərin döşəmə qalıqlarının maraqlı görüntüləri arxeoturizm üçün dəyərli material ola bilərdi.

Dəyərlərimizin tanıdılması və təbliği işlərinə xüsusi qayğı ilə yanaşılmalıdır. Məsələn, Avey dağının cənub-şərq ətəyində yerləşən Damcılı bulağı turistlər bir mənalı olaraq Damcılı bulaq kimi tanıyırlar. Lakin onlar bilmirlər ki, təbiətin bu möcüzəli guşəsi 1953-cü ildə aşkarlanmış paleolit dövrünə aid dünya əhəmiyyətli arxeloji abidədir.  Onlar bu maraqlı məkanın daş dövrü insanlarının yaşadığı mağara düşərgəsi olmasından xəbərsizdilər. Olduqca vacib olan işlərdən biri də turistləri bu barədə məlumatlandırmaqdır. Onların nəzərinə çatdırılmalıdır ki, magara düşərgənin mədəni təbəqələrindən tapılmış çoxlu sayda maddi mədəniyyət nümunələri ərazidə ibtidai insanların yaşamasını və bu məkanın ən qədim sivilizasiya mərkəzlərindən biri olmasını subut etmişdir. Bu möhtəşəm abidənin tanıdılmasında təbliğat vasitəsi kimi mustye dövrünə xas olan Neandertal tipli ibtidai adamın müxtəlif pozalarda (məs: ocaq qalayan, ov edən, pusquda durans) yaradılmış fiqurlarından istifadə etmək yerinə düşərdi. Avey dağını təşkil edən və asanlıqla yonula bilən əhəng qayalıqları bu cür tətbiqi sənətin hazırlanması üçün əsl xammaldır. Həmin materialları elə yerindəcə yonub istənilən şəklə salmaq isə mümkün olan işdir. Daha sonra ərazi bu möhtəşəm abidənin xarakteristikasını bildirən löhvə ilə təchiz olunmalıdır. Burada müvafiq suvenir və bukletlərin satışının və digər işlərin görülməsi yəqin ki, uzaq daş dövrü abidəsinin qoynuna sığınmış Damcılı məkanının xarici turizm səviyyəsinə çatdırılması üçün bir səbəb ola bilər.

Artıq biz elektron əsrində yaşayırıq. Elektron imza, elektron hökumət, elektron poçts. inkişafımızın bu dövründə arxeoloji abidələrimizin xəritəsinin olmaması təəssüf doğurur. Belə xəritənin olması ən azı bu sahədə təsadüf olunan bəzi mübahisəli məsələlərin tezliklə həll olunmasına yardımçı ola bilər. Rayonlar üzrə arxeoloji abidələrin xəritəsində (əgər bu maraqlı və vacib olan reallaşarsa) qoruqlara məxsus ərazilər ştrixlərlə ayırd edilməli və onların sahələrinin ölçüləri tam dəqiqliklə göstərilməlidir. Hətta, bu xəritədə abidələrin əhəmiyyət dərəcələri ilə inventar nömrələri də qeyd olunmalıdır.

Haşiyə: İnventar - avadanlıq deməkdir. Mədəni irsimizin siyahıda tutduğu yerin inventar (avadanlıq) nömrəsi kimi yox, reyestr nömrəsi kimi yazılması daha uyğarlı olardı. Ona görə ki, reyestr əmlak siyahısı deməkdir. Əks halda, mədəni irsimizi ucuzlaşdırmış oluruq.

 

 

 

Nofəl Qurbanov.

Təzadlar.- 2013.- 5 sentyabr.- S.13.