Kremlin memarı - Əliş Kərəmli
Yaxud, həmyerlimizin Moskvada tikdiyi qalanın adı necə “Kreml” oldu?
XIV əsrdə yaşamış memar-inşaatçı Əliş Sübhan oğlu Kərəmli əslən şamaxılı olub. Dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşən Şamaxını məşhurlaşdıran onun yaradıcı insanları - böyük zəka sahibləri, dahi şair və nasirləri, səyyah və coğrafiyaşünasları, alimləri, mühəndis və arxitektorları, məşhur sənət adamları olub desəm, yanılmaram. Memar-inşaatçı Əliş Kərəmlinin də Şamaxının tanınmasında az rolu olmayıb. Bəs Moskvada Kremlin ilk daş divarlarının tikilməsinə rəhbərlik etmiş bu azərbaycanlı haqqında nə bilirik?
1367-ci il yanvarın 5-də şaxtalı bir qış səhəri Moskvanın böyük Knyazının elçiləri uzun yolu qət edərək, Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Ehtiramla qarşılanan elçilər sarayın baş darvazasından həyətə daxil olurlar. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra boyar Baratinski Moskva böyük Knyazının məktubunun məzmunu ilə Şirvanşah Şeyx İbrahimi bilgiləndirir. Təcrüməçilik işini isə şahlığın Moskva Knyazlığındakı səfiri Qafur bəy həyata keçirir. Məktubda dünyaca məşhur olan memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, D.İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəmir, amma Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır. 1367-ci il yanvarın 10-da rus elçiləri və memar Əliş Kərəmli Moskvaya yola düşürlər...
Dimitri İvanoviç qapı ağzında görünən ucaboylu, enli kürəkli, iri gözlü, üzü avropalılar kimi təmiz qırxılmış, qara bığlı, ağ çərkəzi geyimli, qafqazlı kişini görəndə onun onlarca məşhur tikilinin memarı olmasına inanmaq istəmir. Sonra Qafur bəyin tərcüməçiliyi ilə söhbət zamanı da hərdən ona diqqətlə baxır və belə cavan və yaraşıqlı kişinin necə memar ola biləcəyini anlamaq istəyir. O, daha çox şahzadəyə oxşayırdı.
Uzun söhbətdən sonra tərəflər öz mövqelərini bir-birlərinə açıq bildirirlər. Memar Kərəmlinin şərtləri daha dəqiq və sərt olur. Bu hal Dmitri İvanoviçin xoşuna gəlir. Onunla at belində Moskva çayı və onun qolu Yauza çayı boyuyca əraziləri gəzirlər. Kərəmli onun istəklərini daha düzgün ifadə edir, verdiyi təklifləri tam dəqiq anlayır. Onun təqdim etdiyi bir neçə təklif Dmitri İvanoviçi heyran qoyur. O, yeni qalanın döyüş keyfiyyətlərini elə dəqiq təsvir edir ki, sanki mahir hərbçi idi. Əliş bəy qalanı tikmək üçün gətirilməsi, kəsilməsi və yonulması çox çətinlik törədəcək sal daşların, qaya parçalarının təxminən yarıdan çoxunu ləğv edir. Bunun əvəzində, ərazinin torpağından bişmiş kərpic hazırlanacaqdı. Onun təklif etdiyi kərpic öz ölçüsünə görə digər kərpiclərdən böyük və çox möhkəm olması ilə fərqlənəcəkdi. O bu üsulla Təbrizdə mədrəsə binası tikmişdi. Əliş bəy atüstü öz dəftərçəsinə ərazi ilə bağlı bəzi qeydlər də edir. Ərazinin relyefini, torpaq suxurlarını və müxtəlif istiqamətlərdən görünüşünü sonrakı günlərdə də çox diqqətlə öyrənir. Bu zaman ona Moskvanın seçilmiş ən yaxşı ustaları kömək edirdi. Qafur bəy bu ustaların çoxsaylı suallarının qarşısında tək durmuşdu. Onu işindən yayındırmasın deyə hər sualı Əliş bəy üçün tərcümə etmirdi. Əliş bəyin çevikliyi əsgərləri də heyran qoyur. Yeddi seçmə döyüşçü onun mühafizəsinə verilir. O isə aralarından Yeqor Bulıç adlı cəmi bir əsgəri seçir. Əliş bəy yerli tikinti məmulatları ilə də yaxından tanış olur. Sonra o, 110 minə yaxın əhalisi olan Moskva şəhərini, daha çox da onun kasıb məhəllələrini gəzir.
1367-ci ilin 14 mart tarixində Moskvanın böyük knyazı Dmitri İvanoviçlə şərqli memar Əliş Sübhan oğlu Kərəmli arasında müqavilə bağlanır. Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir, yalnız ikinci tərəfin özü məqsədəmüvafiq hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi. Əliş bəyə öz işində tam sərbəstlik verilirdi. Heç bir kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri İvanoviç hətta ona boyar titulu, səlahiyyətini də verir. Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin dörd il müddətində tam başa çatdırılması idi. Əliş bəy nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürür və gözəllik yerinə çevriləcəyinə öz vicdanı üzərinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü Quran kitabının üzərinə qoyaraq and içir. O təkcə memarlıq işlərini deyil, işlər bir il tez başa çatsın deyə tikintiyə rəislik işini də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutuldu. Bu isə Şərq qaydasıyla, tikintiyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl pul əmək haqqı ayrılır. Onsuz da o, böyük knyazın bacısı evində yaşayacaq, onun hər cür qida və geyim təminatı orada ödəniləcəkdi. Knyazın bacısı əri, voyevoda Bobrokovun etirazına baxmayaraq, bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür.
Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir, onların şərtlərini qəbul edir və öz şərtlərini qoyur...
Tikinti işlərinə mart ayının 25-də, rusların “Blaqoveşeniye” bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy Kərəmli də kilsəyə gəlir və şam yandırır. Çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər. Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki Quranı çıxarır və bir kənarda durur, “Məryəm surəsi”ni avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışa bilməyəcəyi üçün hətta sifətindən çoxbilmişlik yağan mitropolit Aleksiy də mane olmaq iddiasında olmur. Beləcə, bir tərəfdə yepiskop yoğun səslə İncildən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla Quran surəsini oxuyur.
Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. Birinci iş günü bu işləri hamılıqla icra edirlər. Böyük knyazın özü də iş görənlərin arasında olur. Əvvəllər iç və çöl qala divarları ağac və gil məhluldan hazırlanmışdı. Əliş bəy onların hamısını sökdürür. Əvəzində tikintinin ətrafı taxta hasara alınır. Bunu tikintiyə toz-torpağın dolmaması və tamaşaya toplaşan adamların fəhlələrə mane olmaması məqsədilə edir. Rusiyada bu, ilk hadisə idi. Adətən, boş-bekar adamlar toplaşıb, tikinti işlərinə həvəslə tamaşa edərdilər. Eləcə də onun suvağa çiy yumurta ağı vurdurması indiyədək görünməmiş hadisə olur. Əvvəllər divarların qarşısında enli xəndəklər qazılır, oraya su buraxılırdı. Əliş bəy bu xəndəkləri də lazımsız hesab edib tikinti tullantıları ilə doldurtdurur. Tikintiyə min beş yüz nəfər işçi cəlb edilmişdi. Onlar ağır işlər zamanı iki növbə ilə çalışırdılar. Yaşamaları üçün bir kənarda çoxlu rahat və hər cür şəraiti olan köşklər, daxmalar qurulmuşdu. Fəhlələr gündə iki dəfə isti xörəklə təmin olunurlar. Aşpazlar gənc qızlar, qadınlar arasından seçilmişdi. Tikintidə nizam-intizam işləri və görülən işlərin keyfiyyətinə nəzarət çox ciddi qaydada qurulmuşdu. Fəhlələrə ayda 7 rubl qızıl pul, ustalara isə bir onluq qızıl zəhmət haqqı verilirdi. Bu çox böyük məbləğ idi. Maaşlar yubadılmırdı.
Üstəlik, Əliş bəy fərqlənənlərə mükafat da verdirir, onların hər cür sağlamlığının qayğısına da qalırdı. İnsanların əsas tələbatını dəqiq öyrənmişdi. Aylar ötdükcə o, rus dilini rəvan öyrənməyə başlayır. Hafizəsi yaxşı olduğu üçün bu iş onda asan alınır. Amma şirin türk ləhcəsi hiss olunur və hamının xoşuna gəlirdi. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi. Buna görə də hamı vicdanla çalışır. Hətta bəzən iş vaxtından kənar saatlarda da gəlib müəyyən işləri icra edir, Əliş bəyə olan rəğbətlərini nə iləsə ifadə etməyə çalışırlar.
(Davamı var)
Amil Ağalar,
Təzadlar.- 2013.- 19 sentyabr.- S.11.