Şəhidlər... şahidlər...
Gülarə Munis “Son dayanacaq” kitabını təqdim etdi
“Son
dayanacaq” şairə Gülarə Munisin on beşinci
kitabıdır. Müəllif şəhid və əlil
olanların ailə üzvləri ilə
görüşüb, onların xatirələrini ürək
ağrısı ilə dinləyib və qələmə
alıb. G.Munis yeni kitabına vətənin mərd
övladlarına həsr etdiyi qəzəl və heca vəznli
şeirlərini də daxil edib. Kitabın redaktoru xalq şairi
Nəriman Həsənzadə, məsləhətçilər
ehtiyatda olan polkovnik, şair, jurnalist Ramiz Duyğun və
Qarabağ döyüşləri iştirakçısı, mərhum
polkovnik Səməd Əliyevdir.
Sentyabrın
19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”
klubunda şairə Gülarə Munisin “Son dayanacaq”
kitabının təqdimat mərasimi oldu. Şəhid
ruhlarının, Qarabağ müharibəsi
iştirakçılarının, şəhid ailələrinin,
ziyalıların, yazıçıların, şairlərin,
mədəniyyət və incəsənət
adamlarının, media nümayəndələrinin bir araya gəldiyi
tədbirdə əvvəlcə şəhidlərimizin ruhu
bir dəqiqəlik sükutla yad edildi. Sonra şair, publisist
Ötərxan Eltac təqdimat mərasimini açaraq G.Munisin yaradıcılığı
haqqında qısa məlumat verdi, şairənin vətənə,
torpağa məhəbbət ruhunda qələmə
aldığı əsərlərinin, həmçinin “Son
dayanacaq” kitabında Qarabağ uğrunda döyüşlərdə
şəhid və əlil olan oğullarımız barədə
sənədli hekayə və miniatürlərin yer
aldığını bildirdi. G.Munisin qadın şairələr
arasında Azərbaycan türkcəsində ilk “Divan” müəllifi
olduğunu xüsusi vurğulayan aparıcı qeyd etdi ki,
G.Munis saflığın, paklığın, milli dəyərlərin,
birliyin, bütövlüyün və müstəqilliyimizin
qarantı olan ordumuzun gücünə güvənir,
torpaqlarımızın bütövlüyü uğrunda
canından keçən oğullarımızın rəşadəti,
qorxmazlığı şairənin qəlbini riqqətə gətirir:
“Müəllifin qəhrəmanlıq hekayələrinin hər
birində sanki bir çağırış var. O
çağırış ki, hər bir vətən
ovladını yurdumuzun azadlığına səsləyir. O
çağırış ki, ruhları inləyən,
qanı axıdılan igidlərin gömüldüyü vətən
torpağını düşməndən geri qaytarmağa səsləyir”.
Gularə
Munisin yaradıcılığına yaxından bələd
olduğunu deyən tanınmış diktor Eldost Bayramın
söylədiyi “Hanı ayağın, əsgər?!” miniatürü
hamını kövrəltdi.
Şairə, publisist Nəcibə İlkin, Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi Dilarə Nağıyeva, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova, rejissor Kəmalə Musazadə, şair Musa Ələkbərli, şair Fəxrəddin Meydanlı, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının baş müəllimi İlhamə Qəsəbova, yazıçı Gülzar İbrahimova, şairə, publisist Nəzakət Məmmədova, “Məhsəti” şairlər məclisinin üzvü, şairə Güləmayıl İsayeva, tədqiqatçı, yazıçı Paşa Yaqub, şairə Fərqanə Mehdiyeva, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova G.Munisin əsərlərinin bir sıra məziyyətləri barədə söz açdılar, ona yeni yaradıcılıq uğurları və cansağlığı arzuladılar. Çıxışlarda vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş insanların qəhrəmanlıqlarının, Qarabağın azadlığı, milli istiqlaliyyət yolunda canından keçən və şəhidlik zirvəsinə yüksələn vətən övladlarının adlarının həmişə tarixdə qalacağı vurğulandı.
“Son dayanacaq” kitabında haqqında bəhs olunan şəhid Hatəm İskəndərovun qardaşı Hüseyn İskəndərovun, anası Xanım ananın, Milli Qəhrəman Cavanşir Rəhimovun bacısı Aidə xanımın və qardaşı oğlu Cavanşirin, yazıçı, publisist mərhum Məhərrəm Zamanın bacısının, şəhid Elmar Mirzəyevin anası Natella xanımın, Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş İlham Məhərrəmovun və həyat yoldaşı Vüsalə xanımın müəllifə minnətdarlıq dolu çıxışları tədbir iştirakçılarına duyğulu anlar yaşatdı.
Sonda G.Munis çıxış edərək təqdimat mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirdi, vətənpərvərik ruhunda bundan sonra da əzmlə yazıb-yaradacağını söylədi.
E.ŞİRİNOV
Təzadlar.-
2013.- 24 sentyabr.- S.15.