“Azərbaycan xalqı türk
əsgərinin qəhrəmanlığını heç vaxt
unutmadı"
Baba Tağyev: "Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi"
“İrəli Azərbaycan” İctimai Birliyinin sədri, sabiq millət vəkili Baba Tağyevin “Təzadlar”a müsahibəsi
- Baba müəllim, Azərbaycanın müstəqillik yolunu necə qiymətləndirirsiniz?
- Milli dövlətə sahib olmaq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Azərbaycanı müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz dövlət müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, əsrin əvvəlində başlanmış, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi isə, ilk növbədə Bakı şəhərinin menşevik-eser və daşnak birləşmələrinin yaratdıqları qondarma “Sentrokaspi diktaturası”ndan azad olunması nəticəsində qorunub saxlanılmışdır.
- Bu günlərdə Bakının azad olunmasının 95 illiyini qeyd etdik. Ümumiyyətlə, Qafqaz İslam Ordusunun rolunu necə dəyərləndirirsiniz?
- Yəni 95 il əvvəl - 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Korpusu ilə birgə Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından təmizləmiş, Azərbaycanın müstəqilliyinə böyük töhfə vermişdir.
Azərbaycan ərazilərinin daşnak-bolşevik birləşmələrindən təmizlənməsi prosesində Osmanlı dövlətinin iştirakı isə 1918-ci il iyunun 4-də imzalanmış hərbi müqavilə nəticəsində mümkün olmuş, qardaş ölkə çətin tarixi şəraitdə Azərbaycana kömək göstərmişdir. Həmin müqavilənin Azərbaycan üçün ən əhəmiyyəti olan dördüncü maddəsində göstərilirdi ki, Osmanlı hökuməti əgər zəruri olarsa, sülh və əmin-amanlığın möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərməyi öz üzərinə götürmüşdü.
Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Sentyabrın 15-də döyüşlər səhər başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara aldı. “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn “Sentrokaspi” rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi: şəhərin qeyd-şərtsiz təslim edilməsi; şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi. Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə çağıran, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq “Sentrokaspi” nümayəndə heyətinə verildi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi.
- O zaman məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev Bakını azad edənə şəhərin mərkəzində yerləşən evini bağışlayacağı ilə bağlı vədi haqqında yazırlar. Bu barədə nə deyə bilərsiniz?
- Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.
- Bundan sonra proseslər
necə oldu?
- Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı... 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı.
Bu möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürülmüş, Azərbaycanda dövlət quruculuğuna start verilmiş, bir neçə ay sonra isə parlamentə demokratik qaydada seçkilər keçirilmişdir. Bütün bunlar təsdiqləyir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi, bilavasitə iştirakı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu hadisə yanlış kontekstdə izah olunsa da, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində yaşatmışdır. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi daim ehtiramla xatırlanır.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yaranmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. “Biz bir millət, iki dövlətik” devizindən çıxış edən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Türkiyə dövləti ilə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi cənab İlham Əliyevin prezidentliyi dövründə də prioritet istiqamət olaraq qalmışdır.
Elnur Eltürk
Təzadlar.-
2013.- 26 sentyabr.- S.15