Nuşirəvan Məhərrəmli telekanallardan şikayətləndi
Milli
Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi
- Bu il ərzində ölkə teleməkanında
hansı yeniliklər gözlənilir?
-
2013-cü il Azərbaycanda rəqəmsal
yayıma tam keçidin başa çatdırılması ili
kimi yadda qalacaq. Çünki Nazirlər
Kabinetinin qərarına əsasən, 2013-cü ilin sonuna qədər
ölkədə analoq yayım dayandırılacaq və tam
şəkildə rəqəmsal yayıma keçiriləcək.
Bundan başqa çalışacağıq ki,
Azərbaycanda telekanallarda milli istehsalın sayı artsın, yəni
ölkədəki verilişlərin böyük əksəriyyəti
öz verilişlərimiz olsun. İqtisadi
və hərbi sahədə asılılığın aradan
qaldırılması kimi, ideoloji sahədə də
asılılıq aradan qaldırılmalıdır. Xarici ölkələrin məhsullarını Azərbaycanda
göstərmək doğru deyil. Onsuz da
indiki dövrdə texnologiya o qədər inkişaf edib ki,
insan istədiyi ölkənin televiziya məhsullarını əldə
edə bilir. Amma
çalışmalıyıq ki, Azərbaycanın milli
yayımçıları milli istehsalla məşğul olub
onu tamaşaçılara təqdim etsinlər. Söhbət həm də verilişlərdən
gedir. Çalışmaq lazımdır
ki, xaricdə istehsal olunmuş verilişlərin sayı həddən
artıq çox olmasın.
- Bununla əlaqədar
telekanallara hansısa bir limit qoyulacaqmı?
- Artıq bu işi diqqətdə
saxlayırıq. Çalışacağıq
ki, yerli istehsal getdikcə artsın. Ola bilsin bununla əlaqədar
müzakirəyə də ehtiyac var. Müzakirələr
zamanı hansı tip verilişlərin həcminin nə qədər
olması müəyyənləşəcək. MTRŞ yaradıcılıq işlərinə
qarışmaq fikrində deyil. Qanun da bunu
bizə yasaq edir. Amma MTRŞ teleradio
yayımı sahəsində dövlət siyasətini tənzimləyən,
ictimaiyyətin maraqlarını qoruyan orqandır. Əgər ictimaiyyətin haqlı
narazılığına səbəb olan veriliş varsa,
MTRŞ bu verilişlə bağlı tədbir görməlidir.
Çalışacağıq bu məsələləri
həyata keçirək. İstərdim
ki, ictimaiyyət də bu prosesdə aktiv olsun.
- Cəmiyyət
üçün yararlı olan verilişlərin
stimullaşdırılması üçün də Şura
vəsait ayıra bilərmi?
-
Artıq sosial reklamlarla bağlı dövlət
qarşısında məsələ qaldırmağın
vaxtı çatıb. Sosial reklamlar özəl
kanallarda ödənişsiz yayımlanmalıdır, yoxsa yox?
Qanunla bu, özəl kanalların borcu deyil, onlar bu cür
reklamları yayımlamaya bilərlər və heç kim də onlara heç nə deyə bilməz.
Sosial reklamla bağlı məsələ
başqa ölkələrin təcrübəsindən bəhrələnməklə
həllini tapa bilər. Dövlət
imkansız insanlara yardım etdiyi kimi, sosial reklamla
bağlı da hər hansı yardım etməlidir. Büdcədən ayrı-ayrı nazirlik və komitələrə
bununla əlaqədar müəyyən vəsait ayrıla bilər.
Həmin nazirlik və komitələr sosial
reklamları yayımlamaq üçün televiziya
kanallarına, radiolara həmin vəsaiti ödəyə bilərlər.
Bu, bir variant ola bilər. Yaxud
da bu prosesi tənzimləyən qurum kimi həmin vəsaitin
bir hissəsi MTRŞ-ya köçürülə bilər.
MTRŞ həmin nazirlik və komitələrdən
gələn sosial reklamların həqiqətən sosial reklam
olub-olmadığını müəyyənləşdirə
və bu reklamlar telekanallara verilə bilər. Bu iki təklifdən biri ilə bağlı məsələni
qaldırmaq vaxtıdır.
Hazırda telekanallardan Şuraya sosial reklamlarla
bağlı çoxlu şikayətlər daxil olur. Onlar bildirirlər
ki, müxtəlif nazirliklər həddən artıq çox
sosial reklam göndərir və onları pulsuz
yayımlanmağı xahiş edirlər. Belə olan
halda telekanallar sosial reklamı yayımladıqda qanunun
müvafiq maddəsi (bir saatda 12 dəqiqədən artıq
reklam yayılmaması) üçün ayrılan vaxt dolur və
telekanal sosial reklamı yaymaqda maraqlı olmur. Buna
görə də telekanallar ödənişli reklam yaymağa
üstünlük verirlər.
- Ötən
il Azərbaycanda nə qədər serial
çəkilib?
- Söhbət
serialların sayından deyil, çəkilən seriyaların
sayından gedir. Elə serial var
ki, 30-a yaxın seriyası oldu, elə serial var, seriyası az oldu. Hazırda bu barədə arayış
hazırlayırıq. Bundan sonra mətbuata
ətraflı məlumat veriləcək. Amma ümumilikdə
ötən il 16-ya yaxın serial çəkilib. Bu il maliyyə yardımı olacaqsa, yeni serial
çəkilişlərindən danışmaq olar. Maliyyə yardımı olmadan bununla bağlı necə
danışa bilərik? Seriallarla
bağlı işi yarımçıq qoymaq olmaz. Seriallara yardım kampaniyasını bir dəfə də
davam etdirmək lazımdır.
- Bu il Azərbaycanda seçki ilidir. Seçkilərlə
əlaqədar ölkədə yeni regional kanalların
açılması gözlənilirmi?
- Yeni
regional kanalların açılması həmişə
gündəmdədir. 2012-ci ildə regional radio
açılması üçün müsabiqə elan etdik və
Gəncədə radio açılmasına icazə verdik.
Bu, bir test radiosu olacaq. Əgər
həmin ərazilərdə radio özünü doğrultsa,
digər regionlarda da radiolar açmağa
başlayacağıq. O ki, qaldı regional televiziyalara,
bu haqda dəfələrlə bildirmişik. Regional
televiziyaların açılmasında maraqlıyıq. Amma çox təəssüf ki, regionların
özündə televiziya kanallarının
açılması üçün yetərincə şərait
yoxdur. Bu, regionlarda reklam bazarının,
kadr potensialının azlığı, maddi-texniki bazanın
olmaması ilə bağlıdır. Kəmiyyət
xətrinə televiziya kanalı açmağın qəti əleyhinəyəm.
O yerlərdə ki, mədəni-maarif müəssisələri,
ali məktəblər fəaliyyət
göstərir, reklam bazarı var, həmin ərazilərdə
regional televiziya kanalları açılacaq.
- Bu proses
təxminən nə zaman baş tuta bilər?
-
Baxmayaraq ki, Gürcüstan ərazisinə görə Azərbaycandan
kiçikdir, əhalisinin sayı azdır, iqtisadi vəziyyəti
bizdən geridir, Azərbaycanda reklamla bağlı vəziyyət
Gürcüstandan çox aşağı səviyyədədir.
Onlarda reklam bazarı daha qabaqdadır. Biz ölkədə reklam bazarında bu vəziyyəti
bilə-bilə əlavə yeni kanalların
açılmasında tələskənliyə yol verə
bilmərik. Biz problemi yaradıb sonra onu həll
etmək istəmirik. Real vəziyyəti görürük. Ona görə də hesab edirik ki, istənilən qədər
televiziya kanalının açılması ideyası
doğru deyil. Hazırda Azərbaycanda
bütün ölkəyə yayımlanan 8 televiziya kanalı
var, bu kanallarda reklamla bağlı mövcud vəziyyəti
görürüksə, əlavə kanallar yaradaraq mövcud vəziyyəti
daha da kəskinləşdirəcəyimizi bilirik. Ona görə də belə addım atmırıq.
Amma Azərbaycanda yeni televiziya və radio ilə bağlı məsələlər
heç vaxt
dondurulmayıb. Zərurət
yarandıqda yeni kanallar həmişə açılacaq.
Xüsusən də bölgələrdə.
-
MTRŞ-nın ölkədəki reklam bazarı ilə
bağlı vəziyyəti düzəltmək
üçün hansısa təklifləri var?
- Maliyyə
məsələsi olduğundan, buna qarışmaq istəmirik.
Bu problemi telekanallar özləri öz
aralarında razılığa gəlməklə həll etməlidir. Telekanallarda
reklamların endirim kampaniyası həddən artıq
böyük şişirtmə ilə özünü göstərir.
Əgər 80 faiz, 90 faiz endirim varsa, deməli, hər
şey ürəkaçan deyil. Bəzən
mağazalarda da 80-90 faiz endirim elan edirlər, amma real vəziyyət
ayrı cürdür. Reklam bazarında da
eyni vəziyyətdir. Buna görə də
problemləri həll etmək üçün telekanallar
öz aralarında yığışıb müəyyən
bir qurum, assosiasiya yarada bilər. Bu məsələdə
dönüş yaratmaq vaxtı çatıb. Telekanallar birgə işləməlidirlər. Bir-birlərinə
düşmən kimi yox, normal rəqib kimi baxıb bu işin
öhdəsindən gəlməlidir. Əks
halda onların hər biri bundan ziyan çəkəcək.
- Yeni
radiostansiya nə zaman fəaliyyətə başlayacaq?
- Yeni radiostansiya
6 ay ərzində fəaliyyət göstərməlidir. Əgər
bu müddət ərzində radio fəaliyyətə
başlamasa, lisenziyası geri alınacaq.
- Regional
radiostansiya ideyası uğurlu alınsa, daha hansı bölgələrdə
açıla bilər?
- Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Televiziya və
radio ilə bağlı belə qurumlar daha çox müvafiq
kadrların, reklam bazarının olduğu yerlərdə
açılır. Gəncə bu
baxımdan əlverişlidir. Amma elə
regional televiziya kanalları var ki, orda ixtisaslı jurnalist demək
olar ki, yoxdur. Belə olan halda televiziya ixtisasından kənar
adamların televiziya və ya radio açması doğru deyil.
Ona görə də bu məsələdə tələskənliyə
yol verməyin tərəfdarı deyilik.
Azərbaycanda mövcud radioların hamısı
ümumrespublika yayımçılarıdır. Onlara
bütün ölkə ərazisində yayım həyata
keçirmək icazəsi verilib. Xarici ölkələrdə
bütün ölkəyə yayımlanan radiolar çox az olur. Amma bizdə ölkə üzrə
10-dan çox radio yayımlanır. Bu,
böyük göstəricidir. Amma məsələ
burasındadır ki, həmin radioların çoxu
bütün ölkə ərazisində ötürücülər
qurmayıblar. Müəyyən bölgələrdə
onların yayımı həyata keçmir. Dağlıq bölgələrdə, sərhəd ərazilərdə
fəaliyyət göstərən radioların sayı
azdır. Biz də
çalışacağıq ki, bu radiolar öz üzərlərinə
düşən işi görsünlər, yəni
bütün ölkə ərazisində yayımı həyata
keçirsinlər.
- Ötən
il Şuranın səlahiyyətlərinin
artırılması ilə bağlı ölkə prezidentinə
müraciət etmişdiniz. Bu müraciət
cavablandımı?
- Bu məsələ
qaldı. Səlahiyyət deyəndə, ictimaiyyəti
çox narahat edən verilişləri dayandırmaq
hüququnun MTRŞ-ya verilməsini istəyirdik. Bununla bağlı hələ bir cavab yoxdur. Çoxları hesab edir ki, bu səlahiyyətin
MTRŞ-ya verilməsi bir senzura rolunu oynaya bilər. Amma belə deyil. MTRŞ-nın əsas
vəzifələrindən biri də ictimaiyyətin
maraqlarını qorumaqdır. Əgər
ictimaiyyət hər hansı verilişdən böyük
narahatlıq keçirirsə, deməli, o verilişlə əlaqədar
MTRŞ-nın tədbir görmək imkanı
olmalıdır. Ona görə də yenə
də öz təklifimizdə qalırıq. İstəyirik ki, Azərbaycanın milli-mənəvi
dəyərlərinə uyğun gəlməyən
verilişlərin qısa müddət ərzində
dayandırılması səlahiyyəti MTRŞ-ya verilsin.
Əgər verdiyimiz qərar doğru olmazsa,
telekanallara bu qərardan məhkəməyə şikayət
etmək hüququ verilməlidir. Bu zaman qərarın
doğru olub-olmadığını məhkəmə müəyyənləşdirəcək.
Təzadlar.- 2013.-
10 yanvar.- S.16.