Rəssamlığımızın
"postsənət" mərhələsi
Və Ramal Kazımovun
yaradıcılığı
Əziz oxucu, yaddaşını təzələməyə
tələsmə. Çünki orada nə Ramal
Kazımovun adına, nə "postsənət" ifadəsinə
rast gəlməyəcəksən. Belə
ki, Ramal
respublikamızın çox gənc rəssamlarındandır.
Özünün mövcudluğu
dövründə "Yay"
qalereyası ikinci tədbirini ona həsr edib, 2012-ci ilin sonlarında rəssamın fərdi
yaradıcılığını ictimaiyyətə təqdim
edib. "Postsənət"
ifadəsi isə ilk dəfə bu sətirlərin müəllifi tərəfindən
işlədilən sənət
dəyərləndirilməsidir. Çox
da gizli görünməyən
mənası da onun
"sənətdən sonra baş verənləri" əhatə etməsidir.
Belə ki, kimlərəsə
subyektiv görünsə də Azərbaycan
təsviri sənətinin keçmiş
SSRİ məkanında və dünyada üzümüzü ağarda
biləcək özünəməxsus siması ötən əsrin
50-80-ci illərində müəyyənləşib və ondan sonra bu
sahədə hadisəyə çevriləcək demək
olar ki, heç nə yaradılmayıb. Müstəqilləşən
respublikamızın artıq heç bir ideologiyaya boyun əyməyən
rəssamları da davamlı
"axtarışlarında" o qədər
sərbəstləşiblər ki, əsər
adı ilə salonlara və küçələrə
çıxardıqları da
yalnız özlərinin, yəqin
ki, həm də
yaxın ətraflarının zövqünü
"oxşamalı" səviyyədədirlər. Belə
nümunələrin sənətimizin
çoxəsrlik inkişafına
töhfə olmaması adi gözlə
belə görünəndir. Qənaətimizcə
daha çox şou-sənət
tutumlu olan və zahiri əllaməçiliyi ilə fərqlənən bu "əsərləri" ancaq səhərdən
axşama qədər televiziya
ekranından düşməyən və səsləri
"qoltuqlarında" olan şou-biznes nümayəndələrinin
musiqimizə verə biləcəkləri ilə
müqayisə etmək olar...
Azərbaycan təsviri
sənətinin müstəqillik illərinə təsadüf
edən bu mərhələsində baş verən “yeniliklər” bizə məşhur
“Bəyin oğurlaması” filmindəki bir
dialoqu xatırladır. Filmdə kənd
qızları mağaza müdirindən dükana monqol
dublyonkalarının gəlib-gəlmədiyini soruşurlar.
Mağazaçı da onlara
dərhal “Gəlmişdi, monqol turistləri
alıb apardılar!” - cavabını verir.
Həmin qızlar təbii olaraq
eşitdikləri həm təbii, həm də qəribə
cavabın üzərində baş
sındırmalı olurlar. “Axı monqol turistləri dublyonkanı Monqolustandan
almaq əvəzinə, niyə gəlib Azərbaycandan alıb aparıblar?” Doğrudan da niyə? Kommunist rejimi dönəmi
SSRİ-nin ona dost olan sosialist
ölkələri ilə iqtisadi əlaqələrinə az-çox bələd
olanlar üçün
bunun səbəbi aydındır. Belə ki, o
vaxtlar demək
olar ki,
dünyadakı bütün sosialist düşərgəsinin bütün mənalarda hamisi
olan SSRİ onların nəzarəti olan ölkələrin ehtiyaclarını ödəyəcək
hər şeyi verir, əvəzində
də onlardan mümkün
olanları alırdı. Belə ölkələrdən biri sayılan və əhalisi əsasən
heyvandarlıqla məşğul olan Monqolustanun o vaxt SSRİ-yə əvəz olaraq
verə biləcəyi mallardan biri də təbii dəridən
hazırlanmış dublyonkalar idi. Başqa sözlə
desək, dövlət öz əhalisini ona həsrət qoymuşdu
və hazırladıqları dəri əşyaların çoxunu SSRİ-yə göndərməyə
məhkum idi. Odur ki, onların Sovet
İttifaqına gələn turistləri oradan
geriyə milli dublyonka
ilə qayıdırdılar. Bu dublyonka məsələsinin milli təsviri sənətimizə, daha dəqiq desək, “müasir
rəssamlığımıza” aidiyyatı da
Azərbaycandakı taleyini rənglərə
bağlayan adamların bədii
axtarışlarında milli mənəvi
dəyərlər əvəzinə, Avropaya
tapınmaları ilə bağlıdır. Özü
də bu bədii yanaşmalarda vaxtilə
Avropa bədii məkanında mövcud olan və
zamanın sərt sınaqlarına davam gətirmədiklərindən
tarixin yaddaşına gömülən ən
müxtəlif “izm”lərin çox keyfiyyətsiz
imitasiyası duyulduğundan təəssüf doğurucudur.
Mağaza müdiri ilə kənd
qızlarının dialoqunu çağdaş rəssamlıq məkanımıza
daşımalı olsaq, onda
istər-istəməz özümüzə “Məgər özümüzdə
götürməyə, tapınmağa və əxz eyməyə
heç nə yoxdur ki, bizimkilər də monqol
turistləri kimi
Avropaya üz tutublar?” sualını verməli oluruq. Bəlkə vaxtilə A.Matiss,
P.Qogen, P.Sezann, P.Mondrian, V.Vazarelli, Q.Klimt və digər dünyaşöhrətli
rəssamlar Şərqin bədii-mənəvi dəyərlərinə
üz tutmaları ilə səhv etmişlər?
Yoxsa onların yaradıcılıq
simalarının müəyyənləşdirilməsinə
yaxından kömək edən Şərq dəyərləri
artıq yoxdur və yaxud
da tükənib? Əlbəttə ki, yox. Sadəcə,
həmin dəyərlərə yaradıcı münasibət
göstərmək, onları iç
dünyasından keçirməklə təfsir etmək hər
bir yaradıcıdan yuxusuz
gecələr, davamlı axtarışlar tələb edir. İndiki texnika və sürət əsrində yəqin
ki, bu çoxları üçün bu
artıq, gərəksiz iş sayılır. Dünyanın
ən məşhur rəssamlarını, sayagəlməz
qalereyalarını və
kolleksiyalarını bir anın
içində gözünün
qarşısına gətirmək gücündə olan kompüter olduğu halda özünə
əziyyət vermək axı nəyə lazımdır?
Kim onların bir-neçə bədii
qaynağı birləşdirməsinə aydınlıq gətirəcək?
Doğrudan da hər
hansı sənətşünas əslində
çoxsaylı olan bu
qaynaqların hamısını necə nəzarətdə saxlaya bilər? Elə bunun mümkünsüzlüyündəndir ki, əslində təfəkkür və
bacarığı yalnız şəkil çəkməyə
imkan verən bir
çoxları rəssam kimi görünmək
iddiasına düşürlər. İnternetdəki müxtəlif
mənbələrdən götürdüklərini ya elə olduğu kimi, ya da eybəcər şəkildə sintez edib “müasir
əsər” kimi ictimaiyyətə təqdim
edirlər. Ancaq “Mən belə
görürəm!” hökmü ilə baş girləyənlər yəqin ki, balaca bir
ölkədə yaşadıqlarını unudurlar.
Axı burada hamı bir-birini
çox yaxşı tanıyır, ən
tanınmışların belə neçə faiz rəssam, neçə faiz
şəkil çəkən olduğunu
yaxşı bilirlər. Belələrinə yalnız görkəmli
şairimiz Məmməd
İsmayılın bir misrası ilə cavab vermək istəyirik: “Kimi
aldadırsan, a zalım oğlu?”
Bizcə bu gün baş
verənlərin kökündə hamının müasir görünmək istəyi durur. Amma bu
nə qədər yaxşı bir istək
olsa da, bizcə onu gerçəkləşdirmək hər bir yaradıcıdan ilk
növbədə istedad tələb edir. Köhnə evin
sökülmüş pəncərələrini
üst-üstə yığmaqla, xalçanın ecazkar bədii-estetik prinsiplərini “müasirlik” adı altında dağıtmaqla
“divani”ləşmək, heç bir estetik tutumu
olmayan xaotik cizgilər
məcmusunu “kompozisiya” kimi
təqdim etmək və digər bunlara bənzər
“əsərlər” yaratmağın müasirliklə heç bir əlaqəsi yoxdur. Nə məzmunca, hə də formaca... Çağdaş
dövrdə yaşayıb yaradıcılıqla məşğul
olmaq hələ müasir
əsər yaratmaq deyildir.
Müasirlik təqdim olunan təsvirin realizm bədii prinsipləri ilə təzad təşkil
etməsində yox, təqdim
olunanların tutumunun
zənginliyində, məna-məzmun yükünün
dolğunluğundadır. Əsər yaradıldıqdan sonra hansı
müddətdə tamaşaçını öz
sehrində saxlaya bilirsə, bir o qədər müasir qalır. Buna əmin
olmaq üçün
çoxəsrlik sənət tarixinə ani
nəzər salmaq, neçə-neçə
müəllifin bu günə qədər
müasir qalmalarının səbəbinə
varmaq lazımdır. Müasir
mücərrəd-konseptual sənət nümunəsi yaratmaq istəyənlər üçün
öz incəsənətimizdə xalça və miniatür
kimi əvəzsiz qaynaqlar
var. Müasir olmaq, irəliyə getmək üçün
mütləq və həmişə arxaya
baxmaq lazımdır. Məhz onda sənətə xidmət etmək istəyən
hər kəs hansı istiqamətdə irəlilədiyini
yaxşı görə bilər. Müasirliyin
bütün fəlsəfə də elə
bundan ibarətdir...
Təbii ki, hər birimiz incəsənətimizin,
eləcə də onun ayrılmaz hissəsi
olan təsviri sənətin müasirləşməsini
istəyir. Onun milli koloritli olması da çox arzu olunandır. Bunun üçün isə
özgəyə yox, özümüzə
baxmaq lazımdır. Avropa
indi Bakıda rəssamlıq sahəsində
müasirlik adı ilə təqdim
olunanların ən
yaxşılarını görüb, özü də lap çoxdan. Eşitdiyimizə görə Qərbin
nümayəndəsi Bakıda “müasir
sənət” əsərlərinin
toplaşdığı bir məkana baxandan sonra onu müşayiət edənlərə “Bu bizim incəsənətdir,
bəs sizinki hanı?” sualını vermişdir. Haqlı və çox
düşündürücü
sualdır! Ona
görə də indi Bakıda “istehsal” olunan “müasir” işlər Avropa
və dünya üçün heç də
maraqlı deyil. Digər tərəfdən
belə işlərin İngiltərə, Almaniya,
Fransa və başqa
dövlətlərdə göstərilməsi hələ
hansısa uğur demək deyildir.
Avropalı azərbaycanlıların ekspozisiyada
nə göstərdiyinin o qədər fərqində
deyil. Uzağı salonun
icarə haqqını alır, məmnunluq hissi
ilə təşkil olunan banketlərdə
iştirak edir, vəssalam.
Amma inanırıq ki,
rəssamlarımızın milli dəyərlərə
tapınmaqla yaratdıqları əsərlər başqa millətlər üçün
də yeni və maraqlı ola
bilər. Bunu Firəngiz Əlizadənin, Vaqif və Əzizə Mustafazadələrin
musiqiləri, Alim Qasımovun oxuları, Səttar
Bəhlulzadə, Toğrul Nərimanbəyov
və Mircavad Mircavadovun
tablolarının hər birimizə başucalığı gətirən
sənət uğurları təsdiqləyir...
Bu qədər giley
və öyüd-nəsihətdən sonra
fikirlərimi müsbət nota yönəltmək
istəyirik. Buna bizi gənc
rəssam Ramal Kazımovun bir
müddət əvvəl “Yay”
qalereyasında təşkil olunmuş fərdi
sərgisi məcbur edir. O da
müasirliyə can atan
gənclərdəndir. Sərginin ekspozisiyasına onun rəngkarlıq, heykəltəraşlıq
və qrafika nümunələri daxil edilib. Əsərlər
həm məzmununa, həm də bədii şərhinə
görə çox
maraqlıdırlar. Sərginin təşkilatçıları
bu cür təqdimatda
iki xarici rəssamın
“iz”ini görməyə
çalışsalar da, bizcə Ramal gəldiyi nəticələrdə kifayət
qədər özünəməxsusdur. Onun işlətdiyi bədii stilizə və çox sərt deformasiyalar,
tətbiq etdiyi kinematoqrafik
baxışlar, rəngarəng
və gözlənilməz rakurslar
bütünlükdə qarşıya qoyulan
bədii vəzifənin açımına yönəldiyindən
diqqətçəkən və uzun
müddət unudulmayandır. Ramalın
müasirliyə can atan
bəzilərdən fərqli olaraq əsərlərinə
adi və heç bir məsuliyyət
daşımayan “kompozisiya” yox, konkret ad
qoyması da onun həm
də gəldiyi bədii nəticənin özünü
və başqalarını qane edə biləcəyinə
inamının göstəricisidir. Bütünlükdə
gənc rəssamın kətan üzərində gerçəkləşdirdiklərini
“dərd-ağrı məcmusu” adlandırmaq olar.
Etiraf edək ki, çağdaş rəssamlığımızda
bizi bürüyən dərdlərimizə
ilk dəfə qeyri-adi,
biz deyərdik ki, cəsarətli
münasibət bildirilib. Bu
çatışmazlıqların çoxunu
biz də görmüşük
və görməkdə də davam edirik. Amma dilə gətirməyə
iradəmiz, çox vaxt
da hünərimiz
çatmayıb. Gənc bir
yaradıcının qılafa bürünmüş
kimi görünən problemlərin üzərindən
pərdəni götürüb, diqqətçəkən
və yaddaqalan bir
biçimdə onları bədiiləşdirməsi bu mənada təqdirəlayiqdir. Əslində
Ramalın bu addımı məşhur “Hər
bir sənətkar öz
dövrünün aynası
olmalıdır” deyiminin gerçəkləşdirilməsidir.
Yalnız bu baş verəndə
biz təzadlı tariximizi
həm də bədiiləşən sənədə
çevirə bilirik. Təəssüf
ki, bu cür
misallar sənət tariximizdə barmaqla sayılandır. Ötən müddətdə bunu öz yaradıcılığında Bəhruz
Kəngərli, bir də müstəqillik
dövründə Vaqif Ucatay,
Nazim Məmmədov və Xanlar
Əhmədov nümayiş etdirə
biliblər. Bu mənada ən
tanınmış rəssamlarımızın Qarabağ
dərdlərinə heç bir bədii münasibət bildirməmələri
yalnız təəssüf doğurandır. Bu gün
Ramalın adı T.Salahov və T.Nərimanbəyov
qədər dünyada məşhur olmasa da (inanırıq ki, bu nə vaxtsa baş verəcək)
çəkdiklərinin ölkə sərhədlərindən
kənarda göstərilməsi Azərbaycan həqiqətlərinin
başqalarına çatdıra biləcəyi yöndə yüz siyasətçinin apara
biləcəyi təbliğatdan səmərəli
olardı. Onun
Xocalı qətliamına həsr etdiyi kompozisiya, eləcə də “Silahlar,güllər”
və başqa lövhələri məzmun
tutumuna, duyulası ekspressiv
bədii təqdimatına görə ən tələbkar tamaşaçını
belə duyğulandırmaq gücündədir...
Onun digər əsərlərində də
cəmiyyətimizə mesaj ola biləcək
bizimlə qoşa addımlayan və
biganəlik hisslərinə bələnmiş problemlər bədiiləşib. Bu bədii təqdimatda məna-məzmun
daşıyıcıları olan obrazlar qeyri-adi bir biçimdə göstərilsələr də,
nə qədər satirik və ironik görkəm alsalar da bütünlükdə mövzunun-problemin
çox çılpaq təqdimatı olduğundan
duyulası dərəcədə inandırıcı və
təsirlidirlər. Bu motivlərə, bu problemlərə hər bir cəmiyyətdə
rast gəlmək mümkün
olduğundan, rəssamın təsvirə
aldığı məsələlərin dar
çərçivədən çıxaraq bəşəri
tutuma bələndiyini söyləsək,
yanılmarıq. Ona görə də
gerçəkliyə bu cür
yanaşmanın başqa millətlər üçün də maraqlı
olacağı birmənalıdır. Onlarda
bizim çox vaxt arzuladığımız incə milli bədii işarələr-məqamlar olmasa da...
Nizami yurdunda dünyaya
göz açan, Gəncədə
və Bakıda təhsil alan Ramal Kazımovun yuxarıda haqqında söz açdığımız
yaradıcılıq nümunələrində hər şey daha çox
axtarışlara köklənsə də, onun
rəssam üçün çox
önəmli olan
vətəndaş
mövqeyi çox
görünəndir. Bizcə yalnız həyat hadisələrinə
bu cür ürək
yanğısı ilə münasibət göstərməklə
“vətən daşı”na çevrilmək olar.
Bunu çox vaxt bacarmasaq da, bu bizim
bütün mənalarda borcumuzdur...
Ziyadxan Əliyev,
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi,
Azərbaycan Rəssamlar
İttifaqının
“Tənqid və sənətşünaslıq"
bölməsinin sədri
Təzadlar.- 2013.- 12 yanvar.-
S.15.