Həyatı bahasına xalqına xidmət edən alim

 

(Əvvəli ötən sayda) 

 

...Artıq Böyük Vətən Müharibəsinin dəhşətləri addım-addım evlərə gəlib çıxırdı, ayağı yer tutan müharibəyə çağrılırdı, ailələr uşaqların və qadınların ümidinə qalmışdı. Xudu həmin vaxtlar kolxoz fermasında hesabdar kimi işləyirdi. Mən isə fermada kolxozun quzu sürüsünü otarırdım. Xudugilin düşərgə yeri Şorluca yatağındakı binalarda idi. Bizim fermamız da Şorluca yatağında olduğu üçün biz Xudu ilə istər-istəməz görüşməli olurduq.

Bizim Şorluca yatağı ona görə düşərgə yeri idi ki, bu yatağın sahəsində su kəhrizi var idi. Onu da deməliyəm ki, yuxarıda qeyd etdiyim kimi, Xudu  hələ uşaqlıqdan fitri istedadına görə burada da bütün hadisələrin mərkəzində olurdu. Hamı onun duzlu-məzəli söhbətlərindən, qeyri-adi  hərəkətlərindən danışırdı. O, bütün iş yoldaşlarının sevimlisinə çevrilmişdi. Onun bütün yoldaşlarını heyrətləndirən xüsusiyətlərindən hamı heyranlıqla söhbət açardı. O vaxtlar Xudu ilə  birlikdə işləmiş İbiş kişi, dünyasını bu yaxınlarda dəyişmiş Xanlar və başqaları son günlərdə o illərin xatirələri yada düşəndə  fərəhlə danışardılar.

Xudu fermada işlədiyi dövrdə hər yay elat Dəlidağ yaylasına getdiyindən, o da təsərrüfatla birlikdə yaylağa gedərdi. Diqqəti çəkən bir də bu idi ki, Xudu Dəlidağ yaylasında qayalıqlardan müxtəlif növ rəngli daşlar yığardı. Biz o vaxtlar ona uşaq marağı kimi baxırdıq. Xudunun sonralar elmi kəşfləri göstərdi ki, bunlar uşaqlıq marağı deyilmiş, o,  elə o vaxtdan heç kəsə məlum olmayan elmlə maraqlanırmış.

Dəqiq yadımda deyil, 1943-cü ilin sonu, ya da 1944-cü ilin əvvəlləri idi. Anası erkən dünyasını dəyişdiyindən Xudugilin ailəsinə ögey ana gəldi. Ögey ananın gəlməsi ilə, kimin nə deməsindən asılı olmayaraq, həqiqət naminə deməliyəm ki, ailədə maddi vəziyyət yaxşılaşmağa başladı, ev işlərində. Bu isə Xuduya imkan verdi ki, çox çətinliklər olmasına baxmayaraq təhsilini davam etdirsin.

Yaxşı yadımdarı ki, Xudu Ağdama gəlib əvvəlcə pedaqoji texnikuma daxil oldu. Yarım il orada oxuduqdan sonra texnikum təhsili onu qane etmədiyindən Ağdam 1 saylı orta məktəbinə keçdi, orta təhsili davam etdirdi. 1 saylı Ağdam orta məktəbini bitirdikdən sonra isə Xudu Bakıya gəlib Bakı Dövlət Universitetinin geoloji kəşfiyyat fakültəsinə daxil oldu. Mən o vaxtlar onu bir mayak kimi sevir və fəxr edir, onun kimi Ağdam 1 saylı orta məktəbi oxuyub ali məktəbə daxil olmaq istəyirdim. Bir dəfə isə bu istəyimi gizlədə bilmədim və Xuduya məktubla müraciət edib, ondan məsləhət aldım. Lakin mənim o ağır müharibəli illərdə çətinliklərimə baxmayaraq, mən də orta məktəbi bitirib Bakıya gəlib Azərbaycan Sənaye İnstituna daxil oldum. O vaxtlar Xudu Universitetin axırıncı kursunda oxuyurdu. Biz yenə də Bakıda bir-birimizi axtarıb tapdıq və görüşməyə başladıq. Xudu o vaxt Heydər Əfəndiyev kimi çox məşhur bir müəllimin ən sevimli tələbəsi olduğu üçün onu özünün rəhbəri olduğu elmi tədqiqat institunun laborant vəzifəsinə işə götürmüşdü. Mən Xudu ilə həmin institutda vaxtım olduqca görüşürdüm. İnstitut o vaxt Bakının L.Tolstoy küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi.

Yaxşı yadımdadır, mən I kursu bitirib kəndə getmək üçün yola hazırlaşırdım. Bu ərəfədə yenə də Xudunun yanına getdim. Onu çox pərişan halda gördüm. Mən heç nə soruşmadım... O isə həyəcanlı halda mənə  dedi ki, “Bəs, kənddə məni səndən xəbər alacaqlar, onda mənimlə görüşdüyünü demə... De ki,  onu görməmişəm, mənim onunla heç bir əlaqəm də yoxdur".

Mən çox narahat qalmışdım... Mən bunun səbəbini kəndə gələndən sonra başa düşdüm. Demə, ailədə anlaşılmazlıq, xoş olmayan hadisələr baş veribmiş... Bu xoş olmayan hadisə Xudunun ömrünün axırına qədər də davam etdi. Mən təhsil tətilindən qayıdandan sonra onunla yenidən yataqxanada yoldaşlarının əhatəsində görüşdüm... Ona təsəlli verdim, bir qohum və eloğlu kimi dəstək olmağa çalışdım. Həqiqətən də o, məlum problemləri sakitcə, təmkinlə yola verdi... Bir müddət sonra isə Xudu institutun elmi şurasının qərarı ilə Moskvaya aspiranturaya getmək üçün hazırlaşırdı. Moskvada aspiranturada onun elmi işləri rəvan getmədi. Çətinliklərlə üzləşdi, ona görə də  aspiranturanın vaxtı uzadılmalı oldu. Amma gecə-gündüz çalışan Xudu bəhrəsini gördü, nəticə isə çox parlaq oldu. Bu da səbəbsiz deyildi. Bu bir təbii qanunauyğunluq idi. Çünki Xudunun möhtəşəm elmi nailiyyəti və elmi işi yüksək qiymətini almalı idi. Ona görə də  Allah-Təala Con Bernar kimi dahi şəxsiyyəti gətirib Xudunun işi ilə tanış etdi. Con Bernarın vasitəsilə Xudu dünya kristallorafları arasında öz layiq olduğu yerini tapmış oldu, bütün Azərbaycan elm ictimaiyyətinin qürur yerinə çevrildi... O dövrlərdə Azərbaycanda nəşr olunan  qəzetlər bu möhtəşəm elmi nailiyyəti öz səhifələrində mütəmadi olaraq işıqlandırırdılar. Azərbaycanın hər yerindən yüzlərlə məktublar gəlirdi, Xudu Məmmədovu təbrik edirdilər.  Hamı Xudunu dünyanın ən xoşbəxti sayırdı. Ancaq onların heç biri təsəvvürlərinə gətirə bilməzdilər ki, onların dünyanın xoşbəxti saydıqları bu nəcib, sakit təbiətli insanın nə yaşamağa evi, nə də yüksək maaşlı bir əsas iş yeri yox idi.

Mən o zamanlar Bakı Neft Emalı Zavodunda mühəndis işləyirdim. Tez-tez Xudu ilə görüşməyə gəlirdim. O, “5 mərtəbə" adlanan ərazidə yarımzirzəmi, darısqal və rütubətli bir evdə kirayədə yaşayırdı. Artıq ailəli idi. Növbəti dəfə onlara gələndə dedi ki, mənə iş təklif ediblər, evə dəvət ediblər, gəl birlikdə gedək... Mən onunla böyük ümidlə indiki Bakı Univermağı yaxınlığında olan bir ünvana getdik. Amma evin həyət darvazasını bağlı  gördük. Ümidlərimiz yerə çırpıldı... Qapını nə qədər döydüksə, də açan olmadı. Kim onu dəvət etmişdi, nə qədər soruşsam da əvvəl demədi. Sonra təkidlə soruşdum ki, axı, bu ev kimindir? Yenə də heç nə danışmadı. Kor-peşiman geri qayıtdıq. Lakin Xudu yol boyu Mirəli Qaşqay haqqında çox gileyli söhbətlər etdi. Sonralar başa düşdüm ki, sən demə, həmin ev M.Qaşqayın evi imiş... Elmi təfəkkürü ilə dünya elminin qapılarını taybatay açan Xudunun üzünə ona iş vəd etmiş bir evin sahibinin darvazası bağlı oldu...

 

***

 

Onu da deməliyəm  ki, Xuduya xarici ölkələrdən dəvətlər gəlirdi. ona işlə yanaşı mənzillə də təmin edəcəklərini yazırdılar. Belə bir məktubu o, Özbəkistandan almışdı. Özüm oxumuşdum. Ancaq o, Azərbaycandan hansı bir yerə getməyi heç yaxınına da buraxmırdı. Hətta Azərbaycanda yaşayışı çətin olsa da.

Xudu müəllim Azərbaycanı çox sevirdi. Onun təbiətinin vurğunu idi. Mən çox müddət onunla təmasda olan bir yaxını kimi deyə bilərəm, Azərbaycanın hüdudlarından kənarda sanatoriyalarda müalicəyə getdiyini görmədim. Onun sanatoriyası Murovdağ, Kəpəz dağı, Dəlidağ, Şuşanın dağları, bir də Mərzili kəndi idi. O, özünü nə vaxt yorğun hiss edirdisə,  deyirdi ki, kömək elə, Mərziliyə getməliyəm, mən orada özümü yaxşı, sağlam hiss edirəm. Ona görə o, Mərzilidə kəndin giriş hissəsində özünün xüsusi zövqü əsasında ev tikdirmişdi. Özü də bu evi özünün layihəsi ilə 1941-45 illərdə II Dünya müharibəsində həlak olmuş Mərzililərin abidəsi ilə yanaşı tikdirmişdi.  Mən sonralar Sovet hökumətinin tapşırığı ilə bir müddət Kuba Respublikasında neft sənayevində işləməyə göndərildim. O, mənə yazdığı məktubların birində Mərzilini, Dəlidağ yaylasına səyahətini belə təsvir edirdi: Dəlidağ yaylağının dünyada tayı-bərabəri yoxdur, bu yerlər ölüb qalmalı yerlərdi...

Dəlidağ yaylasinı çox sevdiyinə görə orada bulaq da tapıb üstünü düzəltdirmişdi. Mərzililər ona Xudu bulağı adı vermişdilər. Dəlidağda möhtəşəm 8 guşəli Çoban evi də Xudunun təşəbbüsü və layihəsi, Ağdamın o vaxtkı 1 katibi Sadıq Murtuzayevin köməkliyi ilə tikdirilmişdi. Binaya xüsusi gözəllik verən zövqlə işlənilmiş ornamentlər tətbiq edilmişdi. Çox böyük uzaqgörənliklə gələcək nəsillərə tarixi həqiqəti çatdıran bu binanın özülünə isə Xudu şüşə butulkada məktub da yazıb qoymuşdu. Nə yazmışdı, hələ də mənə sirr olaraq qalır.

Xudu müəllim bizə tez-tez gələrdi, deyirdi ki, buna mənim ehtiyacım var. Ünsiyyəti çox sevirdi. Təbii ki, ürəyi istəyən adamlara meyl salardı, dərdini həmişə mənimlə bölüşürdü. O vaxtlar mənim də başım qalmaqallı idi. Rəhbər vəzifədə işlədiyim neftayırma zavodunda əsas vəzifələri tutan ermənilərin yerli kadrlarla əvəzlənməsi təşəbbüsüm mənə baha başa gəlmişdi, Sovet hökumətinin məlum siyasətinə qarşı çıxmaq demək idi...

 

***

 

Xudu əsasən akademiyada, institutda baş verən bütün maraqlı hadisələri mənə danışardı. Onu da qeyd etməliyəm ki, Xudu ömrünün son 14-15 ilində işindən çox narazı idi. Akademiyadakı institutda mühit onu sıxırdı. Sevimli işinə getmək onun üçün əziyyətə və əzaba çevrilmişdi. Onun özünün dediyinə görə, heç bir elmi şuranın üzvü deyildi. Qısqanclıq edirdilər və buna imkan vermirdilər. Elmi kəşfi dünyanı gəzən alimin Azərbaycanda-öz ölkəsində belə qarşılanması faciə idi... Müxtəlif bəhanələrlə nə işlədiyi institutda və nə də geologiya institutunda onu elmi şurada yaxına buraxmırdılar.

Çoxları Xudu müəllimi yumuşaq, həlim təbiətli kimi tanıyırdı, amma o, çox qətiyyətli, prinsipial, cəsarətli şəxsiyyət idi, onu müəyyən məsələlərdə fikrindən döndərmək çox çətin idi. Bununla əlaqədar iştirakçısı olduğum bir hadisəni nəzərə çatdırmaq istəyirəm. Sevimli müəllimi olan Heydər müəllimin rəhbərliyi altında elmi Şura keçirilir. Mənim çox yaxşı tanıdığım bir nəfər elmlər doktoru alimlik dərəcəsi almaq üçün məruzə ilə çıxış edirdi... Məruzə qurtardıqdan sonra Xudu müəllim ona bir sualla müraciət etdi. Müsbət cavab almadığı üçün növbəti 10-a qədər sual verdi ki, bəlkə vəziyyətdən çıxarda. Amma onların heç birinə bu elmlər doktoru cavab verə bilmədi. Buna baxmayaraq məsələ elmi şuranın səs verməsinə çıxarıldı. Yeganə Xudu müəllim onun əleyhinə səs verdi. Şuranın qalan 18 nəfəri lehinə səs vermişdi. Buna baxmayaraq şura sədri elan etdi ki, çoxluğun səs verməsinə baxmayaraq Xudu müəllim rəyini dəyişməsə dissertasiya böyük elmi şuraya təqdim edilməyəcək. Çoxlu insanlar Xudu müəllimdən fikrini dəyişməsini xahiş etmələrinə baxmayaraq o, fikrindən dönmədi. Dedi ki, elm güzəşt etməyi sevmir, onda saxtakarlıq başlayır... Amma mənim Xudu müəllimlə münasibətimin yüksək dərəcədə olduğunu bilən həmin "başıbəlalı" elmlər doktoru gecə-gündüz mənə rahatlıq vermədi. Mənim Xudu müəllimdən uzun müddətli xahişlərimdən sonra o, razılıq verdi. Amma əlavə etdi ki, Yusif, müdafiə vaxtı mən gərək Bakıdan gedəm o, müdafiə edib qurtarana qədər Bakıya gəlməyəcəyəm. Rəhmətlik Xudu müəllim öz iradəsinin əksinə olsa da, həqiqətən də müdafiə başlayanda Bakını tərk etdi, müdafiə başa çatandan sonra Bakıya qayıtdı.

Xudu müəllim elmdə prinsipiallığı sevirdi, o, saxtakarlığı qəbul etmirdi. Təsəvvür edin, o, yeganə oğlu Toğrul instituta imtahan verəndə də Bakıdan çıxıb getmişdi. Deyirdi, əgər biliyi varsa, daxil olacaq, yoxdursa, daxil olmasa yaxşıdır.

Xudu heç kəsi onun haqqında narahatlıq keçirməsini istəməzdi. Xəstələnəndə də çalışardı ki, ən əzizlərinə də hiss etdirməsin.

1968-ci il idi. Bizə gəlmişdi. Söhbət əsnasında dedi ki, vətəni yaman könlüm istəyir, sabahdan Mərziliyə gedəcəyəm... Dedim, yaxşı yol, amma qayıdanda xəbər elə.

Bu söhbətdən 4-5 gün sonra mərhum Bəxtiyar Vahabzadə (Bəxtiyar Vahabzadəni mənimlə Xudu müəllim tanış etmişdi) mənə telefon zəngi etdi. Sual edici formada dedi ki, Yusif, sən bilirsənmi qardışımız Xudu hardadır? Mən Xudunun Mərzilidə olduğunu dedim. Bəxtiyar müəllim isə təəssüf hissi ilə onun Semaşko xəstəxanasında olduğunu dedi. Sonra dedi ki, tez gəl, gedib ona dəyək...

Bəxtiyar müəllimlə birlikdə xəstəxanaya gəldik, Xudunu 10-12 xəstə yatan bir palatada tapdıq. Bəxtiyar müəllimin buraya gəlişi ilə bağlı bütün xəstəxana heyəti başımıza yığıldı. Bəxtiyar müəllim isə onu o ki var danladı ki, ¸Ay sənə Allah kömək eləsin, belə səliqəsiz yerdə nə edirsən, burda nə vaxt sağalacaqsan?". Bu vaxt Xudu heç bir şey olmamış kimi özünəməxsus formada dedi:

-Bəxtiyar, heç bilirsən mən burada nəyi kəşf etmişəm?

Xəstəxananın rəhbərliyi də təəccüb qalmışdı ki, görəsən Xudu Məmmədov bu səliqəsiz palatada nəyi kəşf edib?

Xudu dedi:

-Bəxtiyar, mən burada kəşf etdim ki, sən demə, sağlamlığın, sağalmağın təmizliklə heç bir əlaqəsi yox imiş... Bax bu palatanı görürsən, çirkin-çirkabın içindədir, amma buna baxmayaraq buradan hər gün 1-2 xəstə sağalıb evlərinə gedir...

Xudu müəllim Qarabağın ilk şəhidlərindəndir. O, ermənilər Xankəndidə Azərbaycandan ayrılmaq iddiası ilə mitinq keçirəndə mən Xuduya zəng edib, əhvalatı ona xəbər verdim. O, məndən təcili Ağdama getməyi xahiş etdi. Mən xidməti işimlə əlaqədar onunla gedə bilmədim və ondan üzr istəyib bir neçə gündən sonra gələcəyimə söz verdim. Bir neçə gündən sonra mən Ağdama getdim. Səhər çox tez olmasına baxmayaraq saat 08:00  radələrində onu bir neçə tanınmış ziyalılarla- tarixçi Süleyman Əlyarov, Kamal Abdullayev, Famil Mehdi və s. Ağdam rayon partiya komitəsinin katibinin yanında, təlaş içində tapdım. Xudu müəllimlə belə məsləhətləşdim ki, onlar ilk şəhidlərimizin Baxtiyar və Əlinin məzarlarını ziyarət edib Mərziliyə getsinlər, biz Mərzili məktəbində görüşək. Elə də etdik. Mərzili məktəbində görüşüb məsləhət üçün mənim Mərzili kəndindəki evimdə gələcək tədbirlərimizi müzakirə etdik. Belə qərara gəldik ki, hadisələrin gedişatından daima xəbərdar olmaq üçün mütəmadi Ağdamda olaq. Beləliklə, biz vaxtaşırı Ağdamda görüşürdük. Növbəti dəfə mən onunla Ağdamda görüşəndə onu təmamilə üzülmüş vəziyyətdə gördüm. Xudu müəllim özü çox istirab içində: "Məni sarsıdan özünü vətənpərvər adlandıran bəzi adamların xalqın faciəsindən faydalanmaq istəkləridir..." dedi və əlavə etdi ki, mənə ermənilərin hərəkətlərindən daha ağır təsir edən budur... Xudu belə xəyanətlərə tab gətirmədi və onun millət üçün yanan ürəyi dayandı. Həyatını təqiblərlə yaşayan həqiqət carçısı böyük alimin son mənzilə yola salınması da problemsiz ötüşmədi... Allah butun şəhidlərimizə rəhmət eləsin!

 

 

Yusif Səmədov,

neftçi-alim

 

Təzadlar.- 2013.- 15 yanvar.- S.4.