Ölümündən sonra
yaşayan insan - Xudu Məmmədov
Xudu
Məmmədovun cəmiyyətdə dəyəri və
hörməti çox böyükdür. Xalqın ona sevgisi zəmanəsinin
insanlarını çox düşündürürdü.
Elm yolunda olduğu kimi, mərifət elmində də yüksək
qabiliyyətə malik idi. Onun ürəyi təbiət
eşqilə dolub-daşırdı. O, çox ölkələr
gəzmiş, çoxlu elm adamları görmüşdü.
Lakin heç birində axtardığını
tapmamışdı. Onda həm istedad, həm də
çalışqanlıq, zəhmətkeşlik var idi, həyatda
oxumaq üçün sənəd yox, oxumağın verdiyi
biliyi axtarırdı.
Bu sadaladıqlarım bir həqiqətdir,
çünki onu uşaq vaxtından fərasətli,
diribaş, "çoxbilmiş" kimi tanıyırdım.
Anası Şirin xanım Ağdam rayonunun Novruzlu kəndinin
adlı-sanlı keçmiş bəylərindən olan
Hacı bəyin qızı idi. Şirin xanım
“Qarabağın maralı” mahnısının (həmin
mahnı sonralar “Azərbaycan maralı” kimi təqdim olundu)
müəllifi Novruzlu İsgəndərin bacısı idi.
Şirin xanım əvvəlcə başqa şəxsə ərə
getmişdi və Şövkət adlı bir qızı
vardı. Şövkətin atası vəfat etdikdən sonra
Şirin xanım kəndə - atası evinə
qayıtmış və sonradan Mərzili kəndindən olan
Surxay kişi ilə ailə qurmuşdu. Surxay Məmmədov o
zamanın ali təhsilli ziyalısı idi. Peterburqda təhsil
almışdı. Sovet hökumətinin ilk illərində
Ağdamda bir çox vəzifələrdə işləmişdi
(Güllücədə Dairə İcraiyyə Komitəsinin
(İnqilabi Komitəsinin) sədri, Torpaq Şöbəsinin
müdiri, kolxoz sədri və s. vəzifələrdə
işləmişdi.
Surxay
kişinin Şirin xanımdan 4 övladı vardı (Xudu,
Oqtay, Qaryardı, Məhbub). Onu da qeyd edim ki, Şirin
xanımın əvvəlki ərindən olan Şövkət
məşhur Üzeyir Hacıbəyovun dayısı Sadıq
bəylə ailə qurduqdan sonra Bakıya
köçmüşdü. Surxay kişi çox
işgüzar, dünyagörüşlü insan idi. O, vaxtilə
köçəri həyat keçirən mərzililəri
(onlar əsasən tərəkəmə - heyvandarlıqla,
qoyunçuluqla məşğul olduqlarına görə
dağa, arana gedib-gəlirdllər, oturaq həyat
keçirmirdilər) kənddə yerləşdirməyə
çalışırdı. İbtidai məktəb
açdırmış, hamam, dəyirman, inzibati binalar (idarə
binası, poçt) tikdirmiş, Ədil bəyin batmış
- məhv olmuş kəhrizini bərpa etdirmişdir.
Xudu
- ana vətəni olan Novruzluya tez-tez gəlib-gedirdi. Məndən
2 yaş böyük idi. O, öz kəndlərində
dördüncü sinfi bitirdikdən sonra oxumaq
üçün Novruzlu 7 illik məktəbinə gəlmişdi.
O zamanlar Novruzlu 7 illik məktəbi - Yusifcanlı, Mərzili,
Pirzadlı, İsmayılbəyli, Bağbanlar, Saybalı kəndlərini
əhatə edirdi. Atasının iş yerinin dəyişməsi
ilə əlaqədar Xudu digər məktəblərdə də
oxumuşdu. Onu bizim məktəbdə 5-ci sinfində oxuyanda
tanıdım. Bəstə boylu, həddindən artıq
mehriban idi. Böyük Vətən müharibəsinin ilk illərində
(1941-1942-ci illər) o, 5-ci sinifdə oxuyarkən rus dilini
yaxşı bilirdi. O vavxt bizim məktəbin binasının
üstündə hərbi post vardı deyə, 5-6 rus əsgəri
burda xidmət edirdi. Xudu onlarla rus dilində
danışırdı, bizə də təəccüb gəlirdi
ki, o rus dilini harada öyrənib? Sən demə, atası ev
işlərində anasına - Şirin xanıma kömək
etmək üçün bir rus qadını tutmuşdu. Bizim
Klavdiya adlı rus dili müəllimimiz vardı. Xudu ondan
Puşkinin, Çexovun, Lermontovun, Qorkinin kitablarını
alıb oxuyur və məzmununu bizə
danışırdı. Xudunun kitab-dəftərləri
içərisində diqqətimizi çəkən rəsmxətt
dəftəri idi. Onun gözəl əl qabiliyyəti
vardı. Balaca rəssamın albomunda dağların, meşələrin,
çayların, güllərin, dənizlərin, bulaqların
və s. gözəl mənzərələrin şəkilləri
vardı. Bizim kəndimiz əsasən
üzümçülük idi. Ucaboylu bağlarda -
hündür qoz, ərik, palıd ağaclarının
üstündə olan cürbəcür üzüm növləri
göz oxşayırdı. Xudu rəsm əsərlərini elə
təbii çəkirdi ki, adam ona heyranlıqla baxırdı.
Tənəffüz vaxtlarında hamımız
yığışırdıq onun ətrafına, şəkillərə
baxırdıq. Uşaq dünyası gözü ilə ona
yüksək qiymət verirdik. Bəzən sinif divar qəzetlərində
onun satirik şeirlərini oxuyub, karikaturalarına - rəsmlərinə
həvəslə baxırdıq. Dərsə gecikən, dərsi
bilməyən, dərsdən qaçan uşaqların şəkillərini
özünə oxşadıb elə çəkirdi ki,
altından adını yazmasa da, bilirdik ki, bu filankəsdir.
Düzünü deyim ki, divar qəzetində öz əyri-üyrü
şəklini görən uşaqlar Xududan inciyirdilər, hətta
bəzən onu döymək istəyirdilər. Amma Xudu
heç kimdən qorxmurdu, onu hədələyənlərin
qarşısında dik dayanırdı. Bir gün uşaqlar
dedi ki, rus əsgərlərindən biri Xudunu axtarır. Biz
Xudunu sinifdə gizlətdik, qoymadıq çölə
çıxmağa. Biz təəccübləndik ki, ruslarla
onların dilində yeganə danışan Xudunu əsgərlər
niyə hədələyirlər? Demə, Xudu hiss edib ki, rus əsgərləri
cavan rus dili müəlliməmiz Klavdiya ilə tanış
olmaq istəyirmişlər. Bunu bilən Xudu əsgərlərin
karikaturasını elə çəkmişdir ki, sanki
“pişik puskuda durub siçanı tutmaq istəyir”. Rəsmdə
“siçan-pişik” oyunu təsvir olunsa da, müəllimə
və rus əsgərləri aydın görünürdü.
Balaca Xudu təbiəti çox sevirdi. O, sadəcə, təbiət
aşiqi, gözəllik
vurğunu deyildi, təbiətdə baş verən hər şeylə maraqlanırdı.
Xırda
bir tapıntı onu çox sevindirirdi. Bizim kəndin yaxınlığında
Qarqar çayı vardı. Sel gələndə axıb Araz çayına qədər
gedirdi. O, tez-tez Qarqar çayına gedib, nə isə axtarırdı. Bir gün məktəbə gələndə cibindən
qarğa, sağsağan
yumurtasına oxşayan
boz rəngli daşları çıxarıb
bizə göstərdi.
Dedi ki, bunun adına
“zəy” deyirlər, bu daş bulanıq
suyu duruldur. O, bankaya bulanıq su töküb gətirdi və əlindəki daşın
bir neçəsini bankaya saldı. 5-10 dəqiqədən sonra su dumduru,
göz yaşı kimi oldu. Biz çox təəccübləndik.
Bir gün o, bizi yenə təəccübləndirdi.
Günlərin birində yenə
cibindən boz rəngli yastı bir daş çıxartdı
ki, istəyirsiniz daşla ocaq qalayım. Biz onun danışığına,
elədiklərinə mat qalmışdıq.
Məktəbin yaşlı gözətçisi
vardı. Onu çağırdı
ki, baba, gəl, bura. Kişi papiros çəkən idi, Dedi, baba,
gətir papirosunu yandırım. Kişi cibindən
tütün torbasını
çıxartdı, bir
qəzet parçasının
arasına tütün
doldurub dayandı.
Dedi, bala, spiçkam
yoxdur. Xudu cibindən yastı bir daş çıxartdı,
kişidən də bıçaq alıb daşa sürtdü, daşdan qığılcım
çıxdı, kişi papirosunu yandırdı. Xudu dedi ki, buna
çaxmaq daşı
deyirlər. Kişi daşı Xududan alıb dedi:
- Ay çoxbilmiş, bunu haradan almısan?
Xudu dedi:
- Qarqar çayından.
Xududa çox
böyük musiqi duyumu vardı. Onun ata kəndi Mərzilidə aşıq Camal adlı bir musiqiçi
vardı. Xudu danışırdı
ki, aşıq Camalın bir bədii özfəaliyyət
ansamblı var, o da orada iştirak
edir. Məktəbdə tədris planında
musiqi, nəğmə
dərsi olsa da, ixtisaslı musiqi müəllimimiz yox idi. Sinif yoldaşlarımızdan musiqi
həv\əskarları
vardı. O zaman Xudunun aşağı tonda yaxşı oxumağı da vardı. O zaman dəbdə olan “Ay dəli Ceyran”, “Qara gilə”, “Aman nənə”, “Ay erməni” mahnılarını
yoldaşlarından fərqli
olaraq yaxşı oxuyurdu, arada da hamını güldürürdü. Onun
tez-tez oxuduğu iki mahnı indiki kimi yadımdadır:
Erməni,
ay erməni,
Faytona mindir məni,
Apar Şıxhəsən bağına
Doyunca gəzdir məni...
Yaxud:
Aman nənə, zalım nənə, qaynənə,
Qaynənəmi dağda ilan vuraydı,
Qılçı sınıb evdə
çolaq qalaydı...
***
Xudu müəllim
adlı-sanlı alim kimi tez-tez Ağdama
- Mərziliyə, Novruzluya
gələrdi. Onu tanıyanlar, dostları,
qohumları onu qonaq apapırdılar.
Amma o, hara getsə, əvvəlcə məktəbə
gələr, uşaqlarla
söhbət edərdi.
Bəzən deyirdi, bax filankəslə mən o partada otururdum. Onun yoldaşları da rayonda çox
hörmətlə tanınan
Zeynal Məmmədov, onunla Bakıdan gəzməyə gələn
Bəxtiyar Vahabzadə,
Nurəddin Rza, Şahmar Əkbərzadə,
o zamanlar rayonda maarif şöbəsinin müdiri Qara Hüseynov və başqaları idi. Mən məktəb direktoru olduğum müddətdə
müəllim və şagirdlərlə, adı
çəkilən şəxsiyyətlərlə
onların görüşünü
təşkil edirdim.
Xudu müəllim görüşdən
qabaq siniflərə girər, uşaqlarla görüşərdi. Uşaqlara
ilk sualı da bu olardı: “Usaqlar, günəş haradan doğur?” Uşaqlar coğrafi dildə cavab verəndə, o, razılaşmırdı. Deyirdi ki, “Uşaqlar, günəş bax, sizin aranızdan doğur. Sabahki Xudular, Zeynallar, Bəxtiyarlar, Şahmarlar sizin aranızdadır”.
Allah ona rəhmət eləsin! Onu vaxtsız Qarabağ
dərdi öldürdü,
sahibsizliyə, laqeydliyə,
səriştəsizliyə, özbaşınalığa ürəyi
dözmədi. Tatar şairi
Musa Cəlilin bir sözü var: “Xoşbəxt o adamdır ki, öləndən sonra yaşayır”. Bəli, Xudu müəllim ölməyib. O, onu sevənlərin qəlbində
həmişə yaşayır
və yaşayacaq.
Səlim Əzimov,
Respublikanın əməkdar müəllimi
Təzadlar.- 2013.- 17 yanvar.- S.10.