Vətənin köksündə güllə

 

(Elegiya) 

 

Bakıya qanlı Yanvar şənbəsindən üç gün sonra daxil ola bildim. Şəhər oğlu ölmüş ana kimi matəm libasında idi. Uğrunda bu qədər şəhidlər qanı axıdılan ulu yurdumuz Qarabağdan ta Bakıya qədər ürəyim sinəmdə yetim uşaq kimi hönkürürdü. Donmuş, taqətdən düşmüş canımı metronun pis üzlərdən sərt və soyuq olan mərmər sütununa söykəyib uzun-uzadı lal kimi dayandım. Gözlərimə dünya qan gölü kimi görünürdü. Mavi gözləri neçə-neçə qan-qada görmüş, dərindən-dərin olan Xəzər başını qanlı daşların üstünə qoyub elə ağlayırdı ki, adamın ciyəri pörşələnirdi. Həmişə xoşsifətli, gülər üzlü adamların sir-sifətindən tökülən nifrət, qəzəb, kin şıdırğı leysanı xatırladırdı. Aman allah, doğma sifətlər, üzlər ölüm yolu kimi göm-göy göyərmişdi. Divarlar ürəyimiz kimi namərd düşmən gülləsindən deşik-deşik olmuşdu. Qeyri-ixtiyari böyük şairimiz Səməd Vurğunun "Soyuq divarlarda güllə nişanı" misrasına, "Allah da götürməz bu nahaq qanı"-sözlərini əlavə edirəm. 

... Hamı bir-birinin qoynuna sığınmışdı. Bütün həyat buz kimi donmuşdu. Bütün şəhər sanki ölüm yuxusuna getmişdi.

Bu qanlı qırğından beş-on gün əvvəl ürəyimdə aşağıdakı misralar közərmişdi:

 

Qeyrət qanda yuva salar,

Qılınc qisas üçün qalar.

Son döyüşüm elə olar

Kəfənim qandan biçilər!

 

Neynim... Xalqımın bu dözülməz müsibəti bəlkə ürəyimə dammışdı. Oğuz igidlərinin al qana bələnməsi heç tanrının da yuxusuna girməzdi. Günahı idi mənim məğrur, igid, əməksevər, qeyrətli, namuslu, allahı, haqqı-ədaləti sevən xalqımın?! Heç , heç , vallah heç ! Bu xalq müqəddəs ata-baba yurdu üstündə ulayan bayquşa daş atmaq istəmişdi. Dahi Üzeyirin, Bülbülün, Qaryağdı oğlunun, Natəvanın neçə-neçə igid, cəsur oğul qızlarımızın, ulularımızın ruhu murdarlıqdan qorunmuşdu. Xalq ayağa qalxıb əllərini göyə tutub Göy tanrını səsləmişdi. "Mən haqqam",-demişdi. Xalq Vətən torpağını qanlı köynək kimi əyninə geymək istəmişdi. Heç kəsdən bir tikə çörək, bir çimdik duz, bir udum hava, bir baxış səma, bir ovuc torpaq təmənnası olmayan xalqım haqsız qana düşmüşdü.

Həmişə səsli-küylü Bakı əli qoynunda elə hüzünlü, elə dərdli, ələmli dayanmışdı ki, adamın yazığı gəlirdi. Şəhərin üzünə baxmaq olmurdu. Az qalırdı bu uludan ulu yurdun soyuq, qana bələnmiş daşları da anam kimi ağı desin. Vahimə içində uzanan yollar kürəyindən yara almış şəhid oğullar kimi üzü-üstə yıxılıb ağlayırdı. O gün mavi buludları insaflı gördüm. Tökülən günahsız qanları yumamaq üçün təkcə buludlar ağlamırdı. Dənizdə həyəcan işarəsi verib dünyanı köməyə çağıran gəmilər şəhidlərin anasından-bacısından ümumən kövrək ürəkli, nəcib, sadə torpaqcanlı xalqımızdan çox fəryad qoparırdı. Yeriməkdən qorxurdum. Qorxurdum ki, ayaqlarım əzizlərimizin al qanına toxunar. Ruhum od tutub, qiyamət gününə qədər alışıb yanar. Ürəyimi ağrı yeyirdi. Ağır yerişlərlə dərd yüklü pilləkanları güclə çıxırdım. Gözlərimdə yaş donur, damarlarımda qanım. Götürmə, allah-deyirəm. Bu süd qoxulu körpənin, bu toyu tutulu oğulun, qızın qanını yerdə qoymaq olarmı?! Az qaldı saçlı, nurani, oğlu, qızı ölmüş ananın ağısı içində əriyib külə dönüm. Cavan bir gəlin saçlarını yolub yelə verirdi. Qorqud simalı bir ata elə ağlayırdı ki, adamın ayağının altından yer qaçırdı. Qoca dünya bu yaşadək belə ədalətsiz faciə zülmlə üz-üzə göz-gözə dayanmamışdı. Dəsmal çıxarıb ağı demək istəyirdim. Günahsızlarıma, canıma, ruhuma, qanıma Azərbaycanıma!..

Dırnağı ilə üzünü şırım-şırım etmiş ananın başını köksümə sıxıb misra-misra közərirəm:

 

Elə açma qollarını,

Bu zülümün yollarını,

Açan namərd hanı, hanı?!

Göz yaşımız olmur aram,

Anam, dayan, mən ağlaram!

 

Saç yolaraq vermə yelə,

Dərd üz verib bütün elə,

Belə getməz, vallah belə,

Sızlar canım, sızlar yaram,

Bacım sən dur, mən ağlaram!

 

O güllərin rəngi qandı,

Başıma yer-göy dolandı,

Dilimdə yurd, vətən andı.

Toyu yasa dönən balam,

Sən ağlama, mən ağlaram!

 

Dağın-düzün geyib qara,

Oğuz elin düşüb dara,

Arzu bütöv, vətən para,

Qövr elədi köhnə yaram,

Vətən, sən dur, mən ağlaram!

 

... Qərənfillər başını şəhidlərin qəbri üstünə qoyub kövrək-kövrək, həzin-həzin nalə çəkir. Yara kimi göynəyir, qan kimi qəbirlərin üstündən şırımlanır. İnsanlar, axın-axın, ağlar-ağlar gəlib keçir. Yumruqlar düyünlü, gözlər yaşlı, ürəklər qəzəbli. Vətən dözümlü! İstər-istəməz deyirəm: bu ağrına, bu acına, bu yarana qurban olum, Vətən! Məğrur ol, əyilmə, sızlama, təklənmisən. Ancaq dizin bükülməz, qəddin əyilməz, başın tarix yanında ucadır. Gör sənin qədər qüdrətli, vətəncanlı övladların var. Ruhu şad olsun şah babamız Xətainin. Yox, hələ onun Vətən sərhədləri uzunluğunda olan qılıncı pas atmayıb. Vətən, sənin igid övladların indi candan keçər, qandan keçər, bircə qarış torpağından keçməzlər. Qılıncla yarası sarınan Vətən keçilməzdir. Biz belə qanları çox görmüşük. Hələ ölüm-dirim döyüşləri qabaqdadır. Hələ şair oğlunun ovxarlı misraları indi-indi ətə-qana dolur beləcə poetikləşir, Vətən:

 

Bu fəryad, bu  nalə, bu dərddir, döndüm buza,

Odmu yağır, daşmı yağır, qanmı yağır yurdumuza?!

Ölüm çökür torpağıma, üfüqlərin rənginə bax,

Azadlıqla fəlakətin döyüşünə, cənginə bax.

Neçə gündür üfüqlər gözlərindən qan çiləyir.

Fəlakətin soyuq əli varlığımı silkələyir.

Elə bil ki, bütün gözlər ağlamaqdan kor olmuşdur,

Əsmir külək, yağmır yağış, aləm tamam kar olmüşdür.

 

Hönkürürəm bu Matəmin yuxusunu yoza-yoza,

Odmu yağır, daşmı yağır, qanmı yağır yurdumuza?!

Əyilirəm koğa kimi körpə qəbrin önündə mən,

Gürşad çaxır, tufan qopur igidlərin gözlərindən...

Dözmür dərdə yanan canım, ürəyimi ağrı yeyir...

Kimsə tutub sağ qolumdan təskinliklə belə deyir:

Əyilmə sən, ey əyilməz bir millətin kur şairi,

Həqiqətin, ədalətin, bu zillətin nur şairi.

Bu gün adlı tarixini vəhşi tanklar yazıb keçdi,

 

Qana dönmüş tarix özü göz yaşında azıb keçdi.

İndi bizim beşiyimiz od içində, qan üstədir,

Haqq yolunda üsyan edən taleyimiz can üstədir!

Ehey-ehey... Hönkürmə sən, səngər-səngər ölən qardaş,

Yozulmayan bir yuxudur, başımıza düşən bu daş.

Döyüş gedir yurdumuzda, döyüş gedir, bu dərd çətin,

Oğlu, qızı susa bilməz tapdalanan bir millətin!

 

 

(Davamı növbəti sayımızda)

 

 

Ənvər Əhməd

 

Təzadlar.- 2013.- 17 yanvar.- S.15.