Əliş bəy Vəliyev kimdir?

 

Əliş bəy Vəliyev. Bu adı ilk dəfə uşaq ikən atamdan - AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri, doktoru, professor Zakir Məmmədovdan eşitmişəm. Əliş bəydən hər dəfə söz düşəndə atam onu ehtiramla xatırlardı. Atam Əliş bəyi ilk dəfə 1955-ci ilin yayında Seyidli kəndində görmüşdür. Əliş bəylə ilk tanışlıq atamda xoş təəssürat oyatmışdı. Atama daha çox xoş gələn Əliş bəyin Baharlı tayfasına bağlılığı, tayfası ilə fəxr etməyi, qohumcanlılığı idi. Əliş bəy Vəliyev siyasi düşüncəsinə, silahlı mübarizəsinə görə uzun illər vətəndən uzaqlarda sürgün həyatı yaşamalı olmuşdur. O, sürgündən qayıtdıqdan sonra məlum səbəblər üzündən bir-birlərindən ayrı düşən qohumlarını axtarır. Məhz əmizadəsi Cabbar bəy Vəlibəyovun ailəsini görmək üçün atamın yaşadığı Seyidli kəndinə qonaq gəlmişdi.

Babam Cabbar bəy Vəlibəyovun ulu babası çar ordusunun zabiti olmuş Mirzə İsmayıl bəy Vəliyevlə (Baharlı), Əliş bəy Vəliyevin babası Rzaqulu bəylə doğma qardaşdırlar. Hər iki baba İbrahim bəy Baharlının oğlanlarıdır. İbrahim bəy  Baharlı isə Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Bayram xan oğlu Baharlının övladıdır.

İbrahimxəlil xanın vəziri kimi Mirzə Vəli bəy Baharlının Molla Pənah Vaqifin saraya gəlməsində rolu, Ağa Məhəmməd şah Qacarla apardığı diplomatik danışıqları, Tehranda qəddarlıqla qətlə yetirilməsi Qarabağa aid yazılan salnamələrdə xüsusi qeyd olunmuşdur. Onun faciəli ölümündən sonra nəslinin davamçıları öz soylarını babalarının adı ilə - Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili adlandırmışlar.

Əliş bəyin, Cabbar bəyin mənsub olduğu Baharlı tayfasının nümayəndələri, Mirzə Vəli bəyin övladları hər zaman nəslin adını, şərəfini uca tutan insanlar olmuşlar. Sovetlər dövründə isə məhz bu cür insanlar repressiyaya məruz qalmışlar. Belə insanların həbsinə, qətlinə səbəb isə onların haqsızlığa, ədalətsizliyə qarşı barışmazlığı idi. Bunun nəticəsi kimi Əliş bəy Vəliyev uzun illər vətəndən uzaqlarda sürgün həyatı yaşadı. Cabbar bəy Vəlibəyov isə prinsipiallığına, qətiyyətinə görə soyuqlu-saxtalı Sibir çöllərində faciəli şəkildə həlak oldu. Siyasi fəaliyyətinə, düşüncəsinə görə görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Vəlili (Baharlı) Nargin adasında güllələndi. Baharlı tayfasının başqa layiqli övladlarının həyatları da bu cür sonluqla tamamlandı.

Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev 1876-cı ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Əliş bəy Vəliyev təhsilini molla yanında almışdır. O, yaşlı nəslin yaddaşında qeyrətli, qoçaq, mərd, cəsarətli, alicənab, nəcib keyfiyyətlərə malik şəxs kimi xatırlanır. Əliş bəyin Bakıda neft mədənləri olmuşdur.

Əliş bəy uzun illər Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı vuruşmuşdur. Azərbaycan Sovet hakimiyyətinin işğalı altına keçdikdən sonra da Əliş bəy silahını yerə qoymamış, sona qədər silahdaşları ilə yeni hökumətə qarşı döyüşmüşdür.

Tale elə gətirir ki, döyüşlərin birində Əliş bəy ailəsinin, yaxınlarının xilası naminə  Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə təslim olmağa məcbur olmuşdur. Bu hadisə 1932-ci il martın 12-də baş vermişdir. Əliş bəy Vəliyev 1932-ci il sentyabrın 28-də Azərbaycan SSR CM-nin 72-ci və 79-cu maddələri ilə günahkar hesab edilərək Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Məhkəmə Kollegiyasının qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə on il müddətinə azadlıqdan məhrum edilmişdir. 1933-cü il noyabr ayının 14-də Əliş bəy Vəliyev Məhkəmə Kollegiyasının qərarı ilə Qazaxıstana sürgünə göndərilmişdir. Əliş bəy Vəliyev 13 il sürgün həyatı yaşamışdır. 1946-cı ildə yaşlı vaxtında sürgündən Azərbaycana qayıtmış, ömrünün sonuna kimi Goranboyda oğlu Talış bəyin ailəsi ilə yaşamışdır.

Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev 1964-cü ildə Goranboyda vəfat etmişdir.   

Oxuculara təqdim edilən bu əhvalatlar Əliş bəy Vəliyevin həyatından bəzi məqamlardır. Bu əhvalatlar Əliş bəy Vəliyevin nəvəsi Teymur bəy Baharlının dilindən yazıya alınmışdır.

 

***

 

Qarabağda yaşlı bir kişinin cavan xanımını qaçırırlar. Gəlini qaçıran şəxs köçərilərdən idi. Bu xəbər Əliş bəyi bərk qəzəbləndirir. Əliş bəy qadını qaçıranın kim olduğunu öyrənir. Həmin şəxsi cəzalandırmaq üçün köçərilərin düşərgəsinə gəlir. Əliş bəyin bibisi oğlu Məşədi Şirinonun yanında imiş. Lakin orada olan bir qadın qohumunu xilas etmək üçün başındakı yaylığını çıxarıb Əliş bəyin ayağının altına atır. Məşədi Şirin Əliş bəyin ayağının altına düşən yaylığı görüb deyir: "Bəy biz qadın yaylığını tapdalayıb üstündən keçə bilmərik. Bu bizə yaraşmaz. Gedək. Cəzasını sonra verərik". Əliş bəy yaylığı yerdən qaldırıb cavab verir: "Yaylıq bizim namusumuzdur. Hər bir qadının namusu da bizim namusumuzdur. Lakin bu şərəfsizin bu dünyada bir dəqiqə belə yaşaması haramdır". Əliş bəy başqalarına dərs olsun deyə həmin adamı camaatın gözü qarşısında cəzalandırır.

Əliş bəyin yaxın dostu, silahdaşlarından biri də Şuşalı Həzi bəydir. O, Həzi bəylə birlikdə uzun illər çarizmin himayəsi ilə Şuşada qətllər, qarətlər törətmiş ermənilərə qarşı vuruşmuşdur.

 

***

 

Bir yaşlı kasıb qadının inəyini oğurlayırlar. Hər yerdən əli üzülən qadın kömək üçün Əliş bəyə müraciət edir. Əliş bəy qadına kömək etməyə söz verir. O, çox çətinliklə də olsa oğurlanmış inəyi İrandan tapıb sahibinə qaytarır.

Qarabağın kəndlərindən birində bir qadın vəba xəstəliyindən dünyasını dəyişir. Heç kəs qorxusundan vəba xəstəliyindən ölən qadına yaxınlaşa bilmir. Lakin Əliş bəy vəba xəstəliyinə tutula biləcəyindən qorxmayıb qadını müsəlman adəti ilə yaxın adamı, əzizi, bacısı kimi dəfn edir.

Bir dəfə Əliş bəy yolla  gedirmiş. Namaz vaxtı olduğu üçün bəy atını ağaca bağlayıb namaza başlayır. Əliş bəyin namaz qılmağından istifadə edən oğru atı ağacdan açmaq istəyir. Namazını dayandırmaq istəməyən Əliş bəy oğrunun bu hərəkətinə əhəmiyyət vermir. Əliş bəy səbirlə namazını qılıb qurtarır. Sonra o, atını tapmaq üçün oğrunun dalınca düşür. Oğrunu tapıb cəzalandırır. Çünki at hər zaman kişinin qeyrəti sayılmışdır.

İşğalçı Sovet hökumətinin hakimiyyətini tanımaq istəməyən Əliş bəy bir neçə dəfə Arazın o tayına keçməyə məcbur olmuşdur. Lakin elinə, obasına bağlı olduğu üçün Əliş bəy İranda uzun müddət qala bilməmişdir. İranda yaşadığı vaxtlar Əliş bəy xəstələnir. Əliş bəyin xəstələndiyini eşidən məşhur xalq qəhrəmanı Sultan bəy onu ziyarət etmişdir. Həmin illər Sultan bəy İranda mühacirət həyatı yaşayırdı.

Əliş bəyi uzun illər Azərbaycan SSR Dövlət Siyasi İdarəsi həbs etməyə çalışırdı. Məhz qoçaqlığı, cəsarəti sayəsində Əliş bəy təhlükələrdən xilas ola bilirdi. Bir dəfə Əliş bəyin Bəybabalı kəndinə tək gəlişindən xəbər tutan siyasi idarənin əsgərləri onun olduğu evi mühasirəyə alırlar. Təslim olmaq istəməyən Əliş bəy sona qədər təkbaşına döyüşmək istəyir. Lakin ona bildirilir ki, silahı yerə qoyub təslim olmasa, ailəsi, yaxınları incidiləcək. Sevdiklərinin xilası naminə Əliş bəy təslim olmağa məcbur olur.

Siyasi idarənin əsgərləri Əliş bəyi qolu bağlı vəziyyətdə Xındırıstan yolu ilə aparırmışlar. Yol ilə gedən bir qadın Əliş bəyin bu vəziyyətini görüb hündürdən qışqırır: "Əliş bəy, kafirlərə niyə təslim oldun?! Kafirlərə əsir düşmək Əliş bəyə yaraşarmı". Əliş bəy qadının ona dediyi bu sözləri həyatının sonuna kimi unutmamışdır.

Qazaxıstanda sürgündə yaşadığı ilk illərdə Əliş bəyin həyatında bir neçə qəribə hadisə baş vermişdir. Dustaqlar arasında insanları qorxu içərisində saxlayan, onlara məxsus nə varsa əllərindən alan bir neçə qatil vardı. Əliş bəyin yaşlı olmasından istifadə edən həmin şəxslər onu da başqa dustaqlar kimi qorxu altında saxlamaq istəyirlər. Əliş bəy qoçaqlığı, cəsarəti sayəsində onları cəzalandırmaqla böyük hörmət qazanmışdır.

 

 

Orxan Zakiroğlu

(Baharlı)

 

Təzadlar.- 2013.- 24 yanvar.- S.15.