Xudu Məmmədov böyüklüyü

 

(Əvvəli ötən sayda)

 

Fəlsəfə elmləri namizədi, Azərbaycan EA Fəlsəfə İnstitutunun baş elmi işçisi, vətənsevər alim Mirzağa Rüstəmov "Azərbaycan Sovet ziyalılarının formalaşması və inkişafı" adlı monoqrafiyasını əsasən Xudu Məmmədova həsr etmişdi. Mirzağa onu Moskvadan, aspirant çağlarından tanıyırdı, ona böyük hörməti vardı, bir dönəmdə aspirant olmuşdular. Hər dəfə görüşəndə mütləq onun haqqında söz açırdı, böyük ehtiramla danışırdı. Monoqrafiyada Xudu Məmmədov, onun elmi uğurları, elmi görüşləri, dünya miqyasında tutduğu mövqeyi geniş, əhatəli şərh olunmuşdu.

Söhbətlərində elmin, dilin, ədəbiyyatın, fəlsəfənin, tarixin, sənətin, mənəviyyatın, mədəniyyətin elə sahələrinə toxunurdu, bu sahələrə aid elə mühakimələr yürüdürdü, elə sözlər deyirdi, bu mühakimələrə, bu sözlərə inanmamaq mümkünsüz idi. Bununla yanaşı, dedikləri anlaşıqlı idi, deyənin özünün öz dediyinə inandığını ifadə edirdi. Çünki o, hər fikrində elmə söykənirdi, elmə, klassiklərimizə, bədii deyim tərzimizə, xalq yaradıcılığına, elmi təfəkkürümüzə, elmi düşüncəmizə istinad edirdi. Dediklərində səhv arayan, onun dediklərinə yanda da olsa, irad bildirən adamla heç yerdə rastlaşmamışam.

Yüksək musiqi duyumu vardı. Rəssamlıqdan, heykəltaraşlıqdan mütəxəssis qədər baş açırdı. Bu sənət sahələrinin problemlərini, onların aradan qaldırılması yollarını yaxşı mütəxəssis səviyyəsində bilirdi, inkişaf istiqamətlərini yüksək dərəcə səriştə ilə müəyyənləşdirə bilirdi, onların milli cəhətlərinə xüsusi diqqət yönəldirdi. Özü də rəsm çəkirdi, rəsm nümunələrini, musiqi əsərlərini incələməyə çalışırdı. Üzeyir bəy Hacıbəylinin musiqisini, publisistikasını, şəxsini elə incələyirdi, onun milli cəhətlərini elə incə yorumlarla vurğulayırdı, düşüncə qüdrəti adamda heyrət hissi yaradırdı. Rəssamlıq əsərlərində, memarlıqda, xalçaçılıqda, musiqidə milliliyi maddələrin kristal quruluşunun dili ilə çox asanca tapa bilirdi. Bu cəhətdən musiqidə, bədii əsərlərdə, xalçaçılıqda, rəsm əsərlərində, memarlıqda gördüklərini vəhdətdə götürürdü, bunlar arasında gördüyü milliliyi tutuşdurub elmi sonuclara gəlirdi. Milli təfəkkürlə ortaya gətirilmiş sənət əsərlərinin başlıca məziyyətlərini təbiət elmlərinin, ümdəsi, məşğul olduğu elm sahəsinin dili iə anladırdı.

Molekulların rəqs spektrləri vasitəsilə araşdırılması sahəsində çalışırdım. Musiqidə olan səslərin enib qalxmasını eşitdikcə həyəcanlaşdırılmış molekullar rəqslərinin verdiyi spektr zolaqlarının enib-qalxması gözlərim önünə gəlirdi. Bu hal elmdə məşğul olduğum sahəyə uyğun sonuc idi. Səslərin enib-qalxması ilə molekul rəqslərinin enib-qalxması arasında bir oxşarlıq duyğularımı məşğul edirdi. Uzun müddət bu olay diqqətimi çəkdi, fikrimdə dolaşdı, marağıma səbəb oldu, müşahidələrimin predmetinə çevrildi. Bir dəfə musiqi dinləyə-dinləyə müxtəlif musiqi ritmlərinə uyğun zolaqlar çəkib ayrı-ayrı maddə molekullarının rəqs spektrləri ilə tutuşdurdum. Çox maraqlı bir mənzərə alındı. Muğamat üçün aldığım mənzərə ilə çoxmolekullu (polimer) maddə molekullarının rəqs spektrləri arasında gözə çarpan oxşarlıq müşahidə olunurdu. Bununla, benzolun, başqa sadə (monomer) molekulların rəqsləri aşıq musiqisinin zolaqlarına yaxın mənzərə yaradırdı. Bu müşahidələrimi ona bildirdim, onun fikrini öyrənmək istədim. Tutuşdurma üçün seçdiyim mənzərəni ona göstərdim. Bu sonucla maraqlandı, o, ortaya çıxan məsələnin araşdırılmasının böyük bir elmi sonuca gətirəcəyinə inamını bildirdi, araşdırmaların müntəzəm davam etdirilməsini, incələmələrin aparılmasını vacib saydı. Bu, səksəninci illərdə baş verdi. Ancaq bir çox məsələlər, sonakı illərdə isə, ictimai-siyasi proseslərin qabarıq şəkil alması istədiyimiz işə daha ciddi girişməyimizin ön plana çəkilməsində əngələ çevrildi.

Spektroskopiya sahəsində müəyyən işlər görmüşdüm, bu sahənin maddə quruluşuna tətbiqi ilə bağlı bir sıra elmi, elmi-kütləvi məqalələr dərc etdirmişdim. Xudu müəllim bu işlərimlə daim maraqlanırdı, məşğul olduğum sahəni gələcəkdə onun laboratoriyasında yaratmaq, inkişaf elətdirmək fikrində idi. Mən Moskvada qabaqcıl laboratoriyalarda görkəmli alimlərin yanında üzvi maddələrin molekul quruluşu, onlarda hidrogen rabitəsi sahəsində təcrübə toplamışdım. Xudu müəllim isə, rəqsi spektroskopiyadan istifadə yolu ilə mineralların, kompleks birləşmələrin quruluşunu, kristalların fiziki, kimyəvi, bioloji xassələrini öyrənmək üçün həllini gözləyən çoxsaylı məsələlər, elmi istiqamətlər müəyyənləşdirmişdi. Mən həmişə mayelərlərin (məhlullar nəzərdə tutulur - B.S.) spektrlərini araşdırmaq istiqamətində işləmişdim. Kristal maddələrin molekulyar rəqslərini (spektrlərini) öyrənmək istəyirdi. Bunun üçün o, mənim bu sahədə ixtisaslaşan elm ocaqlarında təkmilləşməyimi lazım bilirdi.

Bu məqsədlə 1969-cu ildə Leninqrad şəhərinə SSRİ EA İ.V.Qrebeşnikov adına Silikatlar Kimyası İnstitutuna elmi yollanışımı lazım bildi. O çağlar Bakı Dövlət universitetində işləyirdim, 1968-ci ilin noyabr ayında Bakıda yağan güclü yağışın yaratdığı sel dissertasiyamı aparmışdı, bunu bərpa etmək üçün işdən sonra Leninqrad kitabxanalarında işləməyimə də şərait yaranacağını nəzərdə tutub Leninqrada getməyə həvəsləndim, çünki bu, çox yaxşı fürsət idi. Çətinliklə də olsa, bu məsələni Xudu müəllim universitetin Elmi İşlər prorektoru professor Yəhya Məmmədov vasitəsi ilə həll etdi.

Qısa müddətə işlərim yoluna düşdü, Leninqrad şəhərinə yuxarıda adı çəkilən instituta yollanışla getdim. Xudu müəllim xüsusi məktub verərək məni Moskvada Akademik Nikolay Vasilyeviç Belovun laboratoriyasında aspirant ikən aspirant yoldaşı olmuş Aleksandra İvanovna Baykovanın yanına göndərdi. Aleksandra İvanovna Silikatlar Kimyası institutunun Elmi Katibi idi, özü tanınmış kübar ulusdan idi, institutda böyük hörməti vardı. Xudu müəllimin məktubunu ona çatdırdım. O, məni çox sayqı bəslədiyi aspirant yoldaşının göndərdiyindən xoşlandı, ona zəng vurub mənim Silikatlar Kimyası İnstitutuna gələcəyimi bildirdiyini dedi, dərhal professor Yakov İsaakoviç Rıskinin rəhbərlik etdiyi rəqsi spektroskopiya laboratoriyasına apardı, Xudu Məmmədovun göndərdiyi adamın mən olduğumu dedi. Yakov İsaakoviç məni sayqı ilə qarşıladı, görüləcək işlərin planından, araşdırılacaq obyektlərdən məlumat verdi, səhəri gün işə başladıq. Mən baş elmi işçi fizika-riyaziyyat elmləri namizədi Qalina Pavlovna Stavitskaya ilə işləməli oldum. Qalina Pavlovna həm də Rıskinin həyat yoldaşı idi. Onlar hər ikisi Xudu Məmmədovu şəxsən tanımasalar da, elmi məqalələrinə görə ona qiyabi olaraq dərin rəğbət bəsləyirdilər.

Bir gün işə gələndə institutun elanlar lövhəsində 1969-cu il oktyabr ayının səhv etmirəmsə, 11-də, saat 1200-da Xudu Məmmədovun doktorluq dissertasiyasının müzakirəsi keçiriləcəyi barədə elan asıldığını gördüm. İnstitutda xüsusi bir canlanma yarandığı duyulmaqda idi. Burada hamı dissertasiya müdafiə edəcək şəxs, onun elmi nailiyyətləri barədə danışırdı, hamı oonun gələcəyi günü həyəcanla gözləyirdi. Heç vaxt belə hallarla rastlaşmamışdim, hansısa bir alimlə görüşə bu qədər maraqla hazırlaşma anını müşahidə etməmişdim. Onun qarşılanması, doktorluq dissertasiyasının müzakirəsi üçün institut səviyyəsində ciddi hazırlıq getdiyi gözlərim önündə baş verib, yaddaşımda həkk olunub. Bu hazırlıq işləri o, gələn anadək davam etdi. Leninqrad şəhərindəki aspirantlarımız bunu eşidəndə təbii olaraq özlərində qürur duyurdular, bu haqda aspirant olduqları institutda, yaşadıqları yataqxanada vüqarla danışırdılar.

Bir gün işdən qayıdanda yaşadğım aspirant yataqxanasında (Parxomenko küçəsi 45) Xudu müəllimdən teleqram aldım. Təyyarə ilə gələcəyini yazırdı, qarşılanmasını istəyirdi. Bunu o zaman Leninqrad Fizika-Texnika İnstitutunda aspirant olan dostum Tofiq Qasımova bildirdim. O, hələ tələbə ikən Xudu müəllimi tanıyırdı, onunla həmişə əlaqə saxlayırdı. Vaxtında onu qarşılamağa Leninqrad aeroportuna getdik. Biz aeroporta çatanda o, artıq, burada idi. Nədənsə o, teleqramda yazdığı vaxtdan tez gəlmişdi. Bunun səbəblərini özü dedi. Dostu Bəxtiyar Vahabzadəyə bir teleqram da göndərmişdi. Teleqramın məzmunu belə idi: "Gəldim çıxdım "İnqilab Beşiyi"ndəyəm, başım üstdə tavan yox, şeylərimin keşiyindəyəm"...

Mən "Sputnik" otelində onun üçün yer sifariş vermişdim. Aeroportdan gələndə dedi, o, Leninqradda olan müddətdə yataqxanadan çıxıb onunla birgə qalım, sonra yenə yataqxanaya qayıdaram. Təbii, onun bu səmimi istəyi gözlənilməz olsa da, buna tərəddüdsüz razı oldum. Bir neçə gün oteldə birgə qaldıq.

Oktyabrın 3-də saat 1900-da Xudu müəllim Aleksandra İvanovnanı M.Qorki adına Leninqrad Akademik Böyük Dram Teatrına Artur Millerin "Tsena" adlı iki hissəli dram əsərinin (Baş rejissor Lenin və Dövlət Mükafatları laueratı, SSRİ Xalq Artisti G.A.Tolstonoqov) tamaşasına baxmağa dəvət etdi. Aleksandra İvanovna da yaxın rəfiqəsi lyusya ilə gələcəyinə söz verdi. Məni də özü ilə teatra apardı. Tənəffüslərdə böyük alim ədəbiyyatdan, incəsənətdən elə söhbətlər eləyirdi, hər iki xanım çaşıb qalmışdılar. Dünya ədəbiyyatının inkişafından, XIX yüzil rus ədəbiyyatından danışırdı, onların suallarına cavablar verirdi. Azərbaycan ədəbiyyatının keçmişindən, bu günündən, Azərbaycanın teatr tarixindən elə faktlarla danışırdı, onlar bu ədəbiyyatın dünyada olan aparıcı ədəbiyyatlar sırasında gördüklərini deyirdilər, Bakıya gəlmək arzusuna düşdüklərini bildirirdilər.

Oktyabrın 11-də institutun əməkdaşları ilə birlikdə başqa elmi müəssisələrdən gələnlər də zalda bir saat öncə toplaşıb Xudu Məmmədovun gəlişini gözləyirdilər. Tofiq Qasımovla mən də zalda idik, Xudu müəllimə bəslənilən bu ehtiramı fərəhlə seyr edirdik, bundan sonsuz qürur duyurduq. Zalda elə sakitlik idi, "milçək uçsaydı, səsi eşidilərdi". O, içəri girdi, kürsüyə qalxdı, təqdim olundu. Ad-sanına, elm aləmində olan nüfuzuna görə ucaboy, enlikürək, cüssəli bir dissertantı gözləyənlər çaşıb qaldılar. Zalda öncə bir qədər səs-küy qalxdı, qarışıqlıq yarandı. İnstitutun direktoru onu təqdim etdi, elmi əsərlərinə istinad edərək onun barəsində böyük ehtiramla, sonsuz hörmətlə danışdı, Akademik Nikolay Belov məktəbinin ən layiqli yetirmələrindən olduğunu vurğuladı. Söz Xudu ona verildi. O, çıxışa başlayandan sonra zalda çox qəribə bir mənzərə yaranmışdı. Hər kəs əlində dəftər-qələm qeydlər aparırdı. Hamı - institutun direktoru, onun müavinləri, elmi katib, tanınmış alimlər Frank-Kamenetski, G.S.Jdanov, A.N.Lazaryev, N.M.Bajenov, Y.İ.Rıskin, N.A.Mitropolskiy və Leninqrad Dövlət universitetindən, Yüksək Molekullu Birləşmələr Kimyası institutundan, başqa elm ocaqlarından Belov məktəbinin yetirmələri, adlarını unutduğum bir çox tanınmış kristalloqraflar, kristallokimyaçılar çıxışdan qeydlər aparırdılar. Müdafiə bitirəndən sonra çıxışlar başladı. Çıxışçılar bu dissertasiya işini elmdə edilmiş adiliksiz (adi olmayan) dissertasiya müdafiəsi adlandırırdılar. Həm çıxış, həm də suallara verilən cavablar heyrət doğurmuşdu. Hərə əlində kağız-qələm sualların cavablarını yazırdılar. Tribunaya qalxıb Xudu müəllimi əhatəyə alanlar da, Tofiqlə məni onun barəsində sorğu-suala tutanlar da çox idi.

İnstitutun Elmi Katibi Aleksandra İvanovna Xudu Məmmədovun əhatəli biliyi, işgüzarlığı, çalışqanlığı, aspirantura illəri, Belov məktəbində tutduğu mövqe, elmi rəhbərinin ona münasibti, göstərdiyi qayğı barədə geniş, ətraflı çıxış etdi, aspirant Xududan kristalloqraf alimlərin elmi məsləhət alması barədə geniş söz açdı. Professor Frank-Kamenetski, professor İ.V.Qessen, professor G.S.Jdanov, fizika-riyaziyyat elmləri doktoru Y.İ.Rıskin, bir çox başqaları dissertasiya işini yüksək dəyərləndirdilər, onun elmi fəaliyyətini yetərincə incələdilər. Professor Frank-Kamenetski onu silikatların kristallokimyası sahəsinin klassiki adlandırdı. Sevimli müəllimimlə bağlı bu adi olmayan mənzərə indi də gözlərim önündən getmir.

 

(Davamı var)

 

 

Bəhmən Sultanlı

 

Təzadlar.- 2013.- 26 yanvar.- S.13.