Mirzə İsmayıl bəy və bu nəslin görkəmli övladları

 

Azərbaycanın qədim türk tayfalarından sayılan baharlılar dünyanın hər yerinə yayılmış, öz adları ilə ərazilər yaratmışlar. Müasir dövrdə Azərbaycandan başqa Türkiyədə, Türkmənistanda, İranda Baharlı adlanan ərazilər vardır. Bu gün baharlıların türbələri Hindistana gələn on minlərlə turistin ziyarət etdiyi məkanlar sırasındadır. Baharlıların Hindistanda tikdirdikləri məscidlər hər zaman dünya müsəlmanlarının ibadət yerləri sayılmışdır. Baharlılar müxtəlif tarixi dövrlərdə görkəmli şəxsiyyətlər yetirmişdir. Onlar Azərbaycan, ümumiyyətlə, Şərq tarixində dərin iz qoymuşlar. Baharlı tayfası elm, mədəniyyət və dövlət xadimləri ilə tanınır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları Baharlılardır.

XIX əsrdə Qarabağda yaşamış Baharlı tayfasının görkəmli nümayəndələrindən biri də Mirzə İsmayıl bəy Vəliyevdir (Baharlı). Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Əlişəkər bəy Baharlının nəslindən olan Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) ulu babası Bayram xan Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı (1725-1795) Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər.

Bayram xan Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın aparıcı insanlarından olmuşdur. Mirzə Vəli bəy Baharlı isə Pənahəli xanın və İbrahimxəlil xanın hakimiyyətləri illərində xanlığın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

Mirzə Vəli bəy Baharlı mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə, Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir.

Gənclik illərində Mirzə Vəli bəy Baharlı Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi. Bəzi tarixi faktlara əsasən, ehtimal etmək olar ki, Pənahəli xan Kərim xan Zəndin dəvəti ilə Şiraza gedərkən özü ilə apardığı yaxın adamlari sırasında Mirzə Vəli bəy Baharlı da var idi. Sonralar Mirzə Vəli bəy Baharlı Pənahəli xanın yerinə taxta çıxmış oğlu İbrahimxəlil xanın etibarını qazanmış saray əyanlarından biri olmuşdur. Mirzə Vəli bəy Baharlı İbrahimxəlil xanın inandığı, arxalandığı, təcrübəli dövlət adamlarından sayılırdı. Xanlığın bütün məsələlərinin həllində onun verdiyi ağıllı məsləhətlər də əsas rol oynayırdı. Məhz bu istedadına, etibarına görə Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdir. İbrahimxəlil xanın vəziri kimi o, bir sıra diplomatik danışıqlarda  Qarabağ xanlığını layiqincə təmsil etmişdir.

Mirzə Vəli bəy Baharlının siyasi çəkişmələr üzündən Ağa Məhəmməd şah Qacar tərəfindən Tehranda qətlə yetirilməsindən sonra onun nəvələri babalarının adını yaşatmaq üçün Vəlibəyov Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.

Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy, İbrahim bəy, İmamverdi bəy, Həsənəli bəy  adlı 4 oğlu olmuşdur. "Əhvalati-Qarabağ" (transliterasiya edəni Nazim Axundov) əsərindən məlum olur ki, Mirzə Vəli bəy Baharlının qətlindən sonra Mirzə Haşım bəy və İbrahim bəy Baharlı İbrahimxəlil xanın sarayında xidmət etmişlər. Mirzə Haşım bəyə qeyri-adi istedadına görə Zərrinqələm adını vermişlər.

Mirzə İsmayıl bəyin atası İbrahim bəy də dövrünün savadlı, oxumuş insanlarından idi. İlk təhsilini atası Mirzə Vəli bəydən alan İbrahim bəy sonralar mükəmməl mədrəsə təhsili almışdır. O, ana dilindən başqa farsrus dillərini bilirmiş.

Bəzi tarixi faktları müqayisə edərkən belə qənaətə gəlmək mümkündür ki, İbrahim bəy Baharlı təxminən 1836-cı ildə vəfat etmişdir.

İbrahim bəy Baharlı Çar Rusiyası dövründə də hörmətli şəxslərdən sayılırmış. 1823-cü ilə aid arxiv sənədlərində İbrahim bəyin, qardaşları Hacı Həsənəli bəyin, İmamverdi bəyin, əmisi Süleyman bəyin adına rast gəlinir, ictimai həyatdakı mövqelərindən söhbət açılır. İbrahim bəyin övladları sonrakı illərdə Şuşa qəzasının Baharlı (indiki Ağdamın I Baharlı kəndi) kəndində yaşamışlar.

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədlərində Mirzə Vəli bəy Baharlının övladlarının adları qeydə alınmış, ictimai həyatda tutduqları mövqeləri haqqında məlumat yazılmışdır.

Həmin sənədlərə görə, XIX əsrin 40-60-cı illərində Baharlı kəndinin Mirzə İsmayıl bəy, Rzaqulu bəy, Məmmədqulu bəy adlı üç adlı-sanlı bəyi olmuşdur. Qardaş olmuş bu üç bəy Mirzə Vəli bəy Baharlının nəvələri, İbrahim bəyin oğlanlarıdır.

İbrahim bəy Baharlının böyük oğlu Mirzə İsmayıl bəy 1798-ci ildə anadan olmuşdur. İlk təhsilini atasından almış, mədrəsə təhsili görmüşdür. Zəmanəsinin savadlı insanlarından idi. O, fars, rus dillərini bilirmiş. Babası Mirzə Vəli bəy Baharlı kimi dövrünün tanınmış şairi idi. Çar ordusunun zabiti olmuş Mirzə İsmayıl bəy Vəliyev (Baharlı) Qarabağın nüfuzlu, qoçaq, mərd insanlarından sayılırmış. Məhz bu nüfuzu sayəsində o bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmişdir. Mirzə İsmayıl bəy Qasım bəy Zakirin yaxın dostlarından sayılırmış. Mirzə İsmayıl bəy Vəliyev (Baharlı) XIX əsrin 60-cı illərin əvvəllərində vəfat etmişdir.

Onun Abbasqulu bəy, İbrahim bəy, Fərəc bəy, Mahmud bəy, Adıgözəl bəy, Balaca bəy adlı altı oğlu olmuşdur. Mirzə İsmayıl bəyin Abbasqulu bəy, İbrahim bəy, Fərəc bəy, Mahmud bəy, Adıgözəl bəy, Balaca bəy adlı altı oğlu olmuşdur. Mirzə İsmayıl bəyin bu övladları ilk təhsillərini atalarından almış, zəmanəsinin savadlı, hörmətli insanları olmuşlar.

Abbasqulu bəy 1833-cü ildə anadan olmuş, XIX əsrin 70-ci illərinin əvvəllərinə kimi yaşamışdır. Onun Rəhim bəy, Əziz bəy adlı iki oğlu olmuşdur.

İbrahim bəy 1837-ci ildə doğulmuşdur. XIX əsrə aid arxiv sənədlərində İbrahim bəyin adı çəkilir. 1886-cı ildə İbrahim bəyin Əmrah bəy adlı 10 yaşlı oğlu olmuşdur.

Fərəc bəy 1863-cü ildə anadan olmuş, gənc yaşlarında dünyasını dəyişmişdir.

Mahmud bəy 1843-cü ildə dünyaya gəlmişdir. O, təxminən XIX əsrin 70-ci illərinin sonlarında vəfat etmişdir. Mahmud bəyin İsgəndər bəy adlı oğlu olmuşdur.

Adıgözəl bəy 1847-ci ildə doğulmuşdur. Müxtəlif illərə aid arxiv sənədlərində Adıgözəl bəyin adı çəkilir. Adıgözəl bəyin Nəcəfqulu bəy, İsmayıl bəy, Salatın xanım, Səlbi xanım adlı dörd övladı var imiş.

XX əsrin əvvəllərində Qarabağın ictimai həyatında aparıcı rol oynamış insanlardan olan ata babam - Cabbar bəy Vəlibəyov İsmayıl bəyin oğlu, Adıgözəl bəyin nəvəsidir.

Mirzə İsmayıl bəyin nəticəsi Cabbar bəy ulu babası Mirzə Vəli bəy Baharlının adının şərəfinə Vəlibəyov soyadını daşımış şəxsiyyətlərdən biridir.

Cabbar bəy İsmayıl bəy oğlu 1893-cü ildə Şuşa qəzasının I Baharlı (indiki Ağdamın I Baharlı kəndi) kəndində anadan olmuşdur. Qarabağın hörmətli şəxslərindən olan atası İsmayıl bəy təxminən 1917-ci ildə vəfat etmişdir. Cabbar bəy Vəlibəyov (Baharlı) ilk təhsilini mollaxanada almış, sonralar dayısı Məşədi Məhəmməd Qasım oğlunun təklifi ilə dördillik Şuşa realnı məktəbini bitirmişdir. Təhsilini başa vurduqdan sonra doğulub boya-başa çatdığı Şuşa qəzasının I Baharlı kəndinə qayıtmiş, 1913-cü ildə öz evində məktəb açaraq, yeni tipli məktəbin əsasını qoymuşdur. Cabbar bəyin gözəl rəssamlıq qabiliyyəti də olmuşdur. Cabbar bəy Vəlibəyov faciəli bir həyat yaşamışdır. Bəy, ziyalı, dindar olduğu üçün 1937-ci il sovet repressiyasının qurbanı olmuş, Sibirə sürgün edilmişdir. O, 17 noyabr 1941-ci ildə Sibirdə dünyasını dəyişmişdir. Anadan olmasının 100, yaratdığı məktəbin 80 illiyi 1993-cü ildə qeyd edilmiş, bu münasibətilə I Baharlı kənd tam orta məktəbinə Cabbar bəy Vəlibəyovun (Baharlı) adı verilmişdir.

Atam - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) Cabbar bəy Vəlibəyovun oğludur. O, Azərbaycan, o cümlədən Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısıdır.

Körpə ikən atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov repressiyanın qurbanı olduğu üçün Zakir Məmmədov anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəylinin himayəsində böyümüşdür. Cabbar bəy Vəlibəyov Sibirə sürgün edilərkən evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun 16 avqust 1936-cı ildə doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir.

Zakir Məmmədov (Baharlı) siyasi təqib şəraitində böyüdüyü üçün orta məktəb vaxtı anasının soyadına keçirilmişdir.

Beləliklə, bəy və ziyalı nəslinə mənsub olan  Zakir Məmmədov öz babalarının layiqli davamçısı olmuşdur. Zakir Məmmədov yeniyetməlik və gənclik illərində bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, ərəbcədən tərcümələr etmiş, rəsmlər çəkmişdir. Onun şeirləri, tərcümələri, məqalələri mətbuat səhifələrində çap edilmişdir. Şeirləri yerli radioda səsləndirilmişdir. Zakir Məmmədov 1956-cı ildə Azərbaycan gənclərinin “Əmək və xoşbəxtlik uğrundabirinci respublika festivalının iştirakçısı olmuşdur.

Zakir Məmmədov orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin yeni açılan ərəb filologiyası şöbəsində təhsil almışdır. O, Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovun tələbəsidir. O, ərəb ölkələrində tərcüməçi işləmiş ilk iki ərəbşünasdan biridir. Qeyd etmək lazımdır ki, Zakir Məmmədov (Baharlı) 1962-1963 illərdə Misir Ərəb Respublikasının Asuan bəndində çalışmış ilk azərbaycanlı tərcüməçidir.

Zakir Məmmədovun (Baharlı) tədqiqatlarına qədər hesab edirdilər ki, “Bəhmənyar istisna olmaqla orta əsrlərdə Azərbaycanda “xalis”, peşəkar filosoflar yaşamamışlar”. Bu yanlış müddəanı Zakir Məmmədov elmi şəkildə, mənbələrə əsaslanaraq təkzib etdi. Başqa sözlə, zəngin fəlsəfi irsimizin varlığını üzə çıxarmış və araşdırmışdır. Zakir Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar apararaq, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində cap olunmuş, habelə, əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır.

Zakir Məmmədov (Baharlı) 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 300-ə yaxın elmi məqalənin müəllifidir.

Zakir Məmmədov (Baharlı)  2 mart 2003-cü ildə Bakıda vəfat etmişdir.

Mirzə İsmayıl bəyin altıncı oğlu Balaca bəy 1855-ci ildə anadan olmuş, gənc yaşlarında vəfat etmişdir. Balaca bəyin Rza bəy adlı oğlu olmuşdur. Rza bəy sonralar Qarabağın sayılıb-seçilən, qoçaq cəsarətli insanlarından idi. Lakin o da atası kimi qısa ömür yaşamış, öldürülmüşdür.

Bu il Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) anadan olmasının 215 ili tamam olur. Sələflərinin layiqli davamçıları olan Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) övladları tarixin müxtəlif dövrlərində Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında əhəmiyyətli rol oynamış nəsildir. Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) nəslinə mənsub insanlar bu gün də onun layiqli xələfləri kimi Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edirlər.

 

 

Orxan Zakiroğlu

 

(Baharlı)

 

Təzadlar.- 2013.- 29 yanvar.- S.15.