Xudu Məmmədov böyüklüyü

 

(Əvvəli ötən saylarda)

 

 Müzakirədən sonra tanınmış alimlərdən onu evlərinə qonaq çağıranlar oldu. Vaxtı olmadığından, o, bunlardan yalnız birinin - mənim işlədiyim laboratoriyanın rəhbəri Yakov İsaakoviç Rıskinin evinə getməyə razılıq verdi. Rıskin məni də bu qonaqlığa çağırdı, oraya Xudu müəllimlə birlikdə getdik. Qonağlıq təmtaraqlı deyildi, çox sadə təşkil olunmuşdu. Ancaq elmə aid aparılan söhbətlər, siyasətə aid mühakimələr bu qonaqlığın məzmununu dəyişmişdi. Həm Yakov İsaakoviç, həm də Qalina Pavlovna Xudu müəllimə onun özünün aldığı elmi sonuclara aid, eləcə də kristallokimya sahəsinə aid qarşılarına çıxan sualları veirirdilər, cavabları dəftərə qeyd edirdilər. Onlar çoxlu suallarına cavab aldıqlarını bildirdilər, ona səmimi təşəkkür etdilər. Sonra dünyada baş verən olayları birgə incələdilər, onlara aid öncəgörümlər irəli sürdülər. İsrail-Fələstin müharibəsi başlıca mövzulardan idi. Yakov İsakoviç özü yəhudi olduğundan, bu müharibənin nə ilə başa çata biləcəyi onu düşündürürdü. O, İsrailin qələbəsinin müvəqqəti səciyyə daşıdığını, sonda İsrail üçün ciddi problemlər yaradacağını vurğulayırdı, bundan ciddi təşviş, böyük nigarançılıq duyumu keçirirdi. Xudu müəllim özü də İsrail-Fələstin müharibəsinin sonunun İsrailin ziyanına olacağunu elmi dəlillərlə, tarixi faktlarla əsaslandırırdı. Hər ikisi İsrailin fələstin ərəblərini kütləvi şəkildə qırdığından, sağ qalanlarını ev-eşiklərindən didərgin salıb səhralara tökdüyündən dəhşətə gəlirdi, bunun yerdə qalmayacağını deyirdi. Hər ikisi İsrailin ortaya atılmış olduğunu, fələstin müsəlmanlarına qarşı soyqırım törətdiklərini, Yaxın Şərqdə marağı olan dövlətlərin bu məsələni qızışdırdığını təəssüflə vurğulayırdı. Onlara görə, vaxt gələcək, İsrail özü Yaxın Şərqdən köçüb getməli olacaq. Bu da yəhudilərin bir millət olaraq sıradan çıxacağına səbəb olacaq.

Səhəri gün aspirant yataqxanalarında yaşayan azərbaycanlı aspirantlarla "Sputnik" restoranında görüş keçirtdi. Burada aspirantlar Azərbaycan elmi, onun gələcəyi, Azərbaycanın gələcək taleyi, eləcə də maraqlandıqları başqa məsələlərə aid suallar verirdilər. Xalqımızın, ölkəmizin gələcək taleyi ilə bağlı onun fikirlərini bilmək hamının marağında idi. Əslində, ilk suallar elmə aid oldu. Verilən cavablar milli məsələyə aidsuallar doğururdu. bu cavablar buradakı aspirantlarda böyük maraq, böyük ümidlər doğurmuşdu. Aspirantlar da öz fikirlərini deyirdilər, cürbəcür təkliflər irəli sürürdülər. Tofiq Qasımov isə, sanki proqram hazırlamışdı. O, Azərbaycanın Sovet sistemindəki yerini göstərməklə fərqli yolla getməyin vacibliyi fikrini irəli sürürdü, Sovetlər ittifaqı tərkibində deyil, onunla konfederasiyada olmağı təklif edirdi. Bu fikir çox düşündürücü fikir olmaqla yanaşı, həm də cəsarətli, risqli idi.

Fizikaya, kimyaya, riaziyyata, biologiyaya, ədəbiyyat, incəsənət, mədəniyyət sahələrinə, fəlsəfəyə, tarixə, dilçiliyə, mənəviyyata aid elə fikirlər söyləyərdi o, həmin sahələrin aspirantları belə, heyrət hissi keçirərdilər.

70-ci illərin başlanğıcı idi. Bir gün onun laboratoriyasına gedəndə onun tələsik Elmlər Akademiyası tərəfə getdiyini gördüm, çox tələsirdi, dedi, Ədəbiyyat institutuna gedirəm, bayatılarımıza aid çıxışım olacaq, vaxtın varsa, gedək. Onunla Hizami Gəncəvi adına Ədəbiyyat institutuna getdim. Ədəbiyyat İnstitutunun işçiləri zala toplaşmışdılar, kristalloqraf Xudu Məmmədovun gəlişini böyük maraqla gözləyirdilər. O zaman institutun direktoru işləyən professor Mirzağa Quluzadə yığıncağı acdı, onun barəsində yığcam, həm də əhatəli arayış verəndən sonra sözü ona verdi. O, "Bayatılarımızda elmi fikirlər" (bu ad təqribidir - B.S.) mövzusunda iki saata yaxın çıxış elədi. Bir bayatımızda deyilən "Su gələr, lilləndirər, bağçanı gülləndirər" deyimini ağrotexnika baxımından incələdi, lillənmiş suyun tərkibi haqda mülahizələrini irəli sürdü, suyun yuyub gətirdiyi maddələrin tərkibinin zəngin olduğunu, "bağçanı", sahələri gülləndirdiyini iştirakçıları inandıra, həm də heyrətləndirə biləcək elmi fikirlərlə əsaslandırdı. Bu, yadımda qalan bayatılardan biridir. Onun bayatılarımızla bağlı olan çoxsaylı elmi incələmələri zalda həyəcan yaratmışdı. Çıxışçılar oçağadək elə bir mövzuda çıxış, mülahizə belə, eşitmədiklərini bildirdilər, bu mövzuda dissertasiya işi yerinə yetirməyin vacibliyini nəzərə çatdırdılar, ona bu cür dissertasiyalara elmi rəhbərlik təklif etdilər. Eyni zamanda, folklorumuzun digər sahələrinə aid uyğun mövzuları işləmək üçün onun məsləhətlərinə böyük ehtiyac olduğuna diqqət çəkdilər.

Siyasətlə məşğul olmurdu, ancaq cəmiyyətdə baş verən ictimai olaylara da biganə qalmırdı. O, rayonlarımıza, kəndlərimizə tez-tez gedərdi, buralarda olarkən adamlar onun ətrafına toplaşıb söhbətlərinə böyük maraqla qulaq asardılar, o da sovet ictimai quruluşu haqqında yumorla yoğrulmuş istehzalı, etirazedici fikirlər irəli sürürdü, fikrini bu yolla yığcam şəkildə, elmi əsaslarla, xalq deyim tərzində deyərdi. Xalq şairi Bəxtiyar Vahabzadəyə göndərdiyi teleqramda da "İnqilab Beşiyi" deyimi ilə bu o çağlar çox işlənən "İnqilab Beşiyi" deyiminə iztehza ilə yanaşırdı. O, nə Oktyabr İnqilabına, nə də onun sonuclarına rəğbət bəsləmirdi, həmişə onu öz kəskin yumorunun hədəfinə çevirirdi. Oktyabr İnqilabı ideyasının yalana, çürük iddialara söykəndiyini, çox da uzun sürmədən dağılacağını elmi dəlillərlə əsaslandırırdı. Xalqların istibdad altında yaşadığını, şovinizmin, millətlərə, xalqlara qarşı ədalətsizliklərin, milli ayrıseçkiliyin, milli istismarın hökm sürdüyünü, başqa dinlərə qarşı amansız rəftarın mövcudluğunu, insan azadlıqlarının tam şəkildə məhdudlaşdırıldığını, insanların yaltağa, məddaha, qula, köləyə çevrildiyini qəbul edə bilmirdi. Xudu müəllimə görə, səhvi demək hüququ olmayan, səhvə, zülmə, istismara boyun əyməyə məhkum edilən cəmiyyət aşınar, çürüyər, dağılar, onun yaşamaq qabiliyyətli ola bilməz. O, sovet cəmiyyətində müəyyən müsbət cəhətlər də görürdü. Pulsuz icbari təhsili, pulsuz səhiyyə xidmətini, elmin inkişafına fikir verməyi, lazımınca vəsait ayırmağı... bu kimi cəhətləri mütərəqqi sayırdı. Ancaq bu cəhətlərin cəmiyyətin uzunömürlü olması üçün cüziliyini, yetərli olmadığını da dönə-dönə önə çəkirdi.

O, sovet quruluşunun zülm özülündə yarandığını, öz fəaliffətini də zülm özülündə qurduğunu, insanı kölələşdirmək prinsiplərinə əsaslandığını vurğulamaqdan yan keçmirdi. O, deyirdi hər rayonda bir-iki kolxozu irəli çıxardırlar, başqa kolxozlara nümunə göstərirlər, çalışırdılar başqa rayonlar, təsərrüfatlar da onlara baxsın, daha çox "fədakar" olsun, daha çox işləsin, daha çox məhsul toplayıb dövlətə təhvil versin, "mərkəzə" göndərsin. Onun dediyinə görə, bu, istismarın, insanları qula, köləyə döndərməyin ən əzazil yollarından biridir. Çox işləyən, çox xeyir verən təsərrüfatlara, ayrı-ayrı şəxslərə orden-medal paylamaqla insanları şirnikləndirir, bir daha onların imkanlarını səfərbər edib işləməyə təhrik edir. Leninin bütləşdirildiyinin həmin kölələşdirmək məqsədinə xidmət etdiyini vurğulayırdı, deyirdi, bir insana nə qədər heykəllər, büstlər qoymaq olar, bir adamın adına nə qədər küçə, təsərrüfat sahəsi, təhsil müəssisəsi, fabrik-zavod vermək, onun portretlərini nə qədər belə müəssisələrdə, yol qıraqlarında, az qala həyət-bacalarda asmaq olar, nə qədər məntiqsiz, anlamsız şüarlar yazıb onun adına çıxmaq olar!..

Onunla oteldə bir otaqda qaldığımız vaxt müxtəlif mövzuda maraqlı söhbətlər edirdi. Əlbəttə, insanı zənginləşdirən bu söhbətləri dinləmək mənim üçün olduqca xoş, olduqca maraqlı idi, olduqca gərəkli idi. Bunları dinləməkdə özümü çox bəxtiyar sayırdım. Suallar da verirdim. Suallarımın biri xalq şairi Rəsul Rza, onun yaradıcılığı barədə oldu. O zamanlar Rəsul Rza barədə ara-sıra ədalətsiz, qərəzli fikirlər söyləyənlər olurdu. Böyük şair barədə haqsız tənqidlər, yersiz ittihamlar irəli sürürdülər. Onun bu barədə fikirlərini bilmək istədim. Rəsul Rza barədə olan hücumları, onun yaradıcılığı barədə mübahisələri şairin yeni, cəsarətli fikirləri ilə bağladı. O, deyirdi, anlamsız yaradıcılıq bu qədər səs-küy yarada bilməz. Bu mühakimələri sonralar öz təsdiqini tapdı.

Bir kərə ermənilərin bizlərə, xüsusilə, ev sahibi olan türklərə qarşı amansız olduqları, gələcəkdə baş verə biləcək hadisələr barədə sual verdim. Tarixi faktlar gətirərək onların bizlərə qarşı həmişə o cür mövqedə olduqlarını, ancaq sonda özlərinin ziyan çəkdiklərini dedi, həm də, özlərinin bizə lazım olduqları fikriniöz dediklərinə əlavə etdi. Qəribəsi o idi, böyük alim erməni xalqının yazıqlığını, onun alətə çevrilmiş olduğunu, heç vaxt heç nəyə nail olmadığını bildirirdi, gələcəkdə də nail ola bilməyəcəklərini öncədən söylədi. O, maraqlı bir misalla fikrinə aydınlıq gətirdi. O, dedi: "vaxtilə dənizdən, çaydan balıq tutub arabaya yığarmışlar, diri aparmaq üçün onların üstünə pişik atarmışlar, balıqlar atılıb-düşdükcə pişik onları cırmaqlayarmış, balıqlar diri qalarmış, onları istədikləri yerə diri-diri aparıb çatdırarmışlar. İndi erməniləri də Allah bizə qonşu verib, bizi cırmaqlasın, ölməyək, tarixdə mənzil başına diri-diri gedib çata bilək". Ermənilərin bizim milli "türk" adımızı saxladıqlarını da misal çəkdi, dedi, biz türkdən azərbaycanlıya dəyişdirilmiş saxta "azərbaycanlı" adımızı deyirik, ermənilər isə, həmişə bizə "türk" deyirlər, milli adımızı yaddan çıxmağa qoymurlar. Bu böyük məntiq qarşısında nə demək olardı!?...

 

 

(Davamı var)

 

 

Bəhmən Sultanlı

 

Təzadlar.- 2013.- 29 yanvar.- S.13.