"Azərbaycanın birləşməsi bizim haqqımızdır"

 

"Hansı dövlətlə necə münasibət qurmaq rəsmi Bakının öz seçimidir"

 

Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasovun “Təzadlar”a müsahibəsi

 

- Vüqar bəy, Rusiyanın “Hərbi icmal” adlı jurnalında “Azərbaycan kiminlə savaşa hazırlaşır?” başlığı altında məqalə çap edilib. Bu yazı nədən qaynaqlanır?

- Artıq xeyli vaxtdır ki, Azərbaycanın torpaqları işğal altındadır. Doğrudur, indi müvəqqəti atəşkəsdir. Ancaq qeyd etdiyim kimi, müvəqqəti. Bu bizim məğlubiyyətlə razılaşmağımız anlamında deyil. Sülh danışıqları nəticə verməyəcəyi halda, müharibə qaçılmazdır. Belə olan halda, Azərbaycanın hərbi xərclərə yüksək məbləğ ayırması başa düşüləndir. Üstəlik, ölkəmizin coğrafi yerləşməsi də buna ehtiyac yaradır. Azərbaycan üç tərəfdən, yumşaq desək, heçona dost olmayan ölkələrlə sərhəddir. Bu da əsas verir ki, biz ordumuzu daha da gücləndirək. 

- Yazıda müəllif Azərbaycanın yalnız Ermənistanla müharibəyə hazırlaşmır fikrini irəli sürür. Sizcə, bu nə qədər reallığı əks etdirir?

- İnanmıram ki, Azərbaycan hansısa başqa bir dövlətlə müharibəyə hazırlaşsın. Ermənistan istisna olunmaqla, ölkəmizin başqa bir dövlətlə müharibə etmək fikri yoxdur. Əgər Ermənistanla danışıqlar nəticə verərsə, onlar torpaqlarımızdan çəkilərlərsə, müharibəyə də ehtiyac olmayacaq. Rusiyaİrana gəlincə, kimsəyə sirr deyil ki, Qarabağ probleminin açarı Rusiyadadır. Problemi onlar yaradıblar, həllini də bilirlər. Azərbaycanın böyük bir hissəsinin İranın hazırkı ərazisində olduğu da məlumdur. Qeyd etdiyim kimi, bu və digər səbəblərdən, adı çəkilən ölkələr bizə dost deyil. Azərbaycanın birləşməsi bizim haqqımızdır və bu, bir gün reallaşacaq.

- Xüsusilə, yazıda Tükiyənin adının vurğulanmasını necə izah edirsiniz?

- Türkiyə və İsrailin Azərbaycanın müttəfiqləri olması da təbiidir. Türkiyə-Azərbaycan qardaş ölkələrdir. Biz eyni millətik. Buna nə demək olar, bilmirəm. Ancaq bizim münasibətlərimiz müttəfiqlikdən də irəlidir. İsraillə isə bizi, təbii ki, regiondakı ümumi maraqlar birləşdirir. Hesab edirəm ki, bu da normaldır. Hər bir dövlət kimi, Azərbaycan da öz xarici siyasətini müstəqil olaraq müəyyən etməlidir. Hansı dövlətlə necə münasibət qurmaq rəsmi Bakının öz seçimidir. Necə ki, İran Ermənistanla münasibətləri bizdən soruşmadan qurub.

Ordumuzun güclənməsi bizə aqressiv danışmaq üçün yox, özümüzə inam üçün lazımdır. Bunu kimin necə qəbul etməsindın aslı olmayaraq, Azərbaycan öz ordusunu daha da gücləndirməlidir. Bir daha qeyd edirəm ki, indiki durumumuz və qonşularımızın bizə olan münasibəti bunu tələb edir.

 

 

Elnur Eltürk 

 

Təzadlar.- 2013.- 29 yanvar.- S.10.