Xudu Məmmədov böyüklüyü

 

(Əvvəli ötən saylarda)

 

Dinə olan münasibəti də mənim üçün maraqlı idi. Doğrudur, özü dindar deyildi, ancaq dinimizə rəğbət bəsləyirdi, inanırdı, onu inkar etmirdi. Ateizm söhbətinə həmişə iztehza edərdi, deyərdi, onlar Allahı inkar etməklə, başda Leninin olmaqla, özlərinin “Allah olduqlarını” təqdim etmək istəyirlər. Professor bu ideyaya acıyardı, bunu iztehza hədəfinə çevirib acı-acı gülümsəyərdi. Mənim sualıma cavabı isə, qısa oldu: “Elm durmadan inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir. Ancaq bir müddətdən sonra bu nəzəriyyələrin nələri isə izah edə bilmədiyi ortaya çıxır. Alimlər nəzəriyyədə nəyin isə çatmadığını müəyyənləşdirirlər, buna düzəliş edirlər, nəzəriyyə güclənir, ortaya çıxan mövcud müşkülləri həll etmək imkanı qazanır. Yenidən anlaşılmazlıq yaranır, yenidən bu anlaşılmazlığa cavab tələb olunur, yenidən düzəlişlər edilir. Bu hal periodik olaraq davam edir. Dində də belədir. İnsanlar dinlə bağlı hər şeyi araşdırıb tapmaq gücündə deyillər. Ona görə dinlə bağlı hər şeyi mükəmməl öyrənə bilməmişlər. Odur, müxtəlif sorğular ortaya çıxmışdır. Zaman gələcək, bir çox məsələlər öz həllini tapacaq, bilgilər genişlənəcək, elmi faktlar çoxalacaq, ateistlərin uydurmaları ifşa olunacaq”. Din fanatizmindən uzaq olan mükəmməl dini dünyagörüşü vardı...

Akademik N.V.Belov Xudunun elmi rəhbəri olmuşdu, professor Con Bernal isə ona sementin uzun illərdən bəri heç kimin, o sıradan da özünün aça bilmədiyi kristal quruluşunu ilkin olaraq açdığına görə ona böyük rəğbət, tükənməz ümid, sevgi bəsləyən böyük alim idi. Kristallokimya sahəsində etdiyi yeniliklər dünya kristalloqraflarının diqqətindən yanda qalmırdı. Aparıcı kristalloqraflar, görkəmli fiziklər, kimyaçılar, bioloqlar... onun elmi işlərini həmişə yüksək dəyərləndirmiş, bu işlərə yeri gəldikcə, öz araşdırmalarında istinad etmişlər. Alimin aldığı sonucların etibarlı sayılması, bu işlərə istinad edilməsi onun elmdə qazandığı xoşbəxtlik sayılır. O, bu cəhətdən xoşbəxt alimlərdən idi. Onun kəşfindən sonra sementin tətbiq sahələri qat-qat artıq genişləndi, sement, sement məhsulları tibbdə, sənayenin, tikintinin bir çox istiqamətlərində geniş tətbiq sahəsi tapdı.

Hər şeyi elmin gözü ilə görürdü, dəyərləndirirdi, heç nəyə seyrçi münasibət bəsləmirdi, hər şeyə açıq gözlə baxırdı, hər şeydə anlam axtarırdı. Barəsində hansısa xarici alimin sözünün deyilməsindən xoşlanmazdı, verdiyi dəyərin təsirinə düşməzdi. Çox zaman barəsində Akademik N.V.Belovun, elm aləmində yaxşı tanınan professor Con Bernalın, başqa əcnəbi alimlərin dediyi dəyərli sözlərdən qürrələnməzdi, deyərdi: “İgilislərin, rusların, almanların... öz alimləri haqqında türk alimlərinin, müsəlman araşdırıcıların dediyi sözlərdən fəxr duymasını eşitsəm, bundan qürur hissi keçirərəm. Bizlər də onların alimləri haqda fikir bildiririk, həmişə öz alimlərimizə deyil, onların alimlərinə istinad edirik, onları öyürük, onlarla fəxr edirik. Ancaq onlar bunu təbii sayırlar, düşünürlər, onlar “əlçatmaz”dırlar, bizlər isə bu “əlçatmaz”lığa həsəd aparırıq, həsəd aparmağa məhkumuq, bu fikirlərdən özlərində heç də qürur duymurlar”. Con Bernal ona bağışladığı kitaba avtoqraf yazmışdı; “O kəsə ki, ilkin olaraq canlı aləmlə cansız aləm arasında körpü yaratmışdır”. Bu, onun vətəndaşlıq mövqeyi, insanın qüsurlu düşüncəsinin dəyərləndirilməsidir. Bu avtoqrafdan onun qürur duyduğunu heç zaman görmədim...

Doğma Vətəni çox sevirdi. Azərbaycanı rayon-rayon, kənd-kənd gəzirdi, gəzdikcə gəzmək istəyirdi. Elə zaman olurdu, gedib kənddə yaşamaq barədə düşünürdü. Həmişə deyirdi: “Azərbaycanın bütün rayonlarında, kəndlərində olmuşam, təkcə Yardımlıda olmamışam”. Ona görə də həmişə Yardımlıya getməyin marağında idi, ancaq münasib zaman tapa bilmirdi. Deyirdi, bir gün imkan tapıb Yardımlıya da gedərik, oranın təbiətini, adamlarını çox tərifləyirlər. Mənim onunla olan münasibətlərimi Yardımlıda da bilirdilər, həmişə onu oraya aparmağımı istəyirdilər.

1972-ci il aprel günlərinin birində onunla Elmlər Akademiyası binasının qarşısında rastlaşdım. O, dedi, belə getsə, Yardımlıya getməyə heç zaman imkan tapa bilməyəcəyik. Bəlkə elə, günü sabah məni aparasan? Dedim, getsəniz, mən də sizə qoşulub gedərəm. Orada görəcəksiniz, hamı sizi yaxşı tanıyır, çox istəyir. Yardımlıda özünüzü ev yiyəsi kimi duyacaqsınız. Dedi, danışdıq, gedib Sabiri də Yardımlıya dəvət edək, günü sabah yola düşək. Gedib Sabiri iş yerində - “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında tapdıq. Doğrudan da Sabiri Yardımlıya dəvət etdi.

Sabir ailəsi ilə birlikdə axşam Bakı-Astara qatarı ilə yola düşdü, biz isə səhər Yardımlı avtobusu ilə. O dönəmdə Biləsuvar yaxınlığında buraxılış-keçid məntəqəsi var idi. Məntəqədə gedib-gələnlərin sənədlərini başlıca olaraq rus millətindən olan əsgərlər yerinə yetirirdi. Buradan nə o tərəfə, nə də bu tərəfə buraxılış vərəqəsi, bir də rayondan razılıq arayışı olmadan buraxmırdılar. Məntəqəyə çatanda avtobusumuzu saxladılar, sənədləri yoxlamağa başladılar. Biz ön oturacaqda əyləşmişdik. Əsgərlər sənəd istəyəndə o da əsgərlərdən sənədlərini istədi, öz dillərində onlara dedi: “Baxın, görün burada sizə oxşayan adam var? Adlarını, soyadlarını soruşdu, dedi: “Görün, sizin adınıza, soyadınıza oxşar ada, soyada rast gəlirsiniz? Bura bizim vətənimizdir, siz burada nə gəzirsiniz, nə axtarırsınız, sizə kim icazə verib buraya gəlmişsiniz...? Əsgərlər çaşdılar, bilmədilər nə eləsinlər, nə cavab venrsinlər!? Avtobusda gedənlərin sənədlərini yoxlamadan maşını buraxdılar. Geri dönəndə ayrı əsgərlər yoxlama aparırdılar. Yenə də həmin hal təkrar olundu.

Yardımlıya çatandan sonra dağlara qalxdıq, atamın ulu babasının adını daşıyan məhşur Alı Bulağına, səhərisi Deman kəndinin yaxınlığında başqa adda olan bulaq başına getdik. Yaxınlıqda sərhəd məntəqəsi yerləşirdi, bir az aralıda da 53-cü ildə zorla köçürülmüş Deman kəndinin uçuq evləri görünürdü. Sabir kənd haqqında məlumat verərək həmin kəndin evlərinin bir tavanı olduğunu dedi. Kəndin köçürülməsi Xudu müəllimi xeyli təsirləndirdi. Üzünü bizə tutub “zaman gələcək, burada rus sərhədçiləri dayanıb bizi öz kəndlərimizə buraxmırdı deyəcəksiniz” deyib köks ötürdü. Kiçik fasilədən sonra dedi: “bir işə bax, insanları zorla öz ata-baba ev-eşiklərindən çıxardıb qovurlar, sərhəd çəkib onları öz qardaş-bacıları ilə görüşməyə qoymurlar. Bundan da artıq quldurluq, fironluq olar?”. Zaman yetişdi, böyük alimin rus sərhədçiləri barədə dedikləri 1991-ci ildə öz təsdiqini tapdı. Sözləri yadıma düşəndə qəlbimdə onun dahiliyi də bir daha öz təsdiqini tapmış olur. O cür dahiliklə dediyi sözlər sayagəlməz idi. İndi kəndlərimizə gedən zaman onu tanıyanlarla, söhbətlərini dinləyənlərlə görüşəndə onun dahiliklə dediyi sözləri yada salırlar.

Onun sözlərinə görə, millətin millətliyini bildirən nə varsa, ona hər hansı bir yasaq qoyulmamalıdır. Milli soyad sonluğunu da insanın millətini müəyyənləşdirən amillərdən sayırdı. 1971-ci ilin payızında oğlu dünyaya gəlmişdi. Onun soyad sonluğunu doğum şəhadətnaməsində necə yazdırdığını soruşdum. O, sonluqsuz “Məmməd” yazdırdığını dedi: Toğrul Məmməd. Toğrulla bir zamanda mənim qızım dünyaya gəlmişdi. Qızımın soyadını milli soyad sonluğu ilə yazdırmaq istəyirdim.

Pasport idarəsinə müraciət etdim, orada ehtiyatlanaraq buna razı olmadılar. Mən isə israrlı idim, yol axtarırdım. O çağlar belə hala yol verilmirdi. Milli nə var idisə, hamısını yasaqlamışdılar. Fikrimi Xudu müəllimlə məsləhətləşdim. O, kötükdə özümünkü kimi, özümlükdə (doğum şəhadətnaməsində) isə milli soyad sonluğu ilə yazdırmağı məsləhət bildi, dedi, bu yolla düzəliş edə bilərlər. Öz oğlunun da soyadını bu yolla milliləşdirmişdi. Bunun üçün də yazanla münasibət qurmaq lazım gələcəkdi. Bu yolla həm ilk uşağın, həm də sonrakı uşaqların soyad sonluqlarını milliləşdirə bildim. Hansı milli soyad sonluğunun doğrudan da bizim millətə aid olduğunu soruşanda “li”, “lı”, “lü”, “lu”, “oğlu” soyad sonluqları ilə yanaşı, qoşa adları da münasib sayırdı, buna aid misal da deyirdi: Süleyman Rüstəm, Rəsul Rza, Əhməd Cavad... O, özü oğluna “Məmmədov” əvəzinə “Məmməd” soyadını götürdüyünü dedi. belə soyadlar isə, mövcud olmuşdur: Məhəmmədhüseyin Şəhriyar, Səməd Vurğun, Mikayıl Müşfiq, Məmməd Arif... Dediyi fikirlər həmişə məntiqə, elmə, milli məfkurəyə əsaslanardı.

Ona görə də onun dediklərində heç zaman yanlışlığa rast gəlinməyib.

Xudu müəllimlə ən çox kitabxanalarda, kitab dükanlarında, öz iş yerlərində rastlaşmaq mümkün olardı. Onun özünün də evində minlərlə kitabı olan şəxsi kitabxanası vardı. Bu kitabxana ikiotaqlı mənzilinin bir otağını tutmuşdu. Kitabxanada fizikaya, riyaziyyata, kibernetikaya, kimyaya, biologiyaya, kristallokimyaya, geologiyaya, mineralogiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata bə bir sıra başqa sahələrə aid seçmə ədəbiyyatlar toplanmışdı. Laboratoriyanın elmi istiqamətlərinə aid olan kitabları kitabxanasından gətirərdi, işçilər bu kitablardan yararlanardılar, anlamaqda kimin çətinliyi olardısa, onu başa salardı. Həftədə bir kərə seminar təşkil edərdi, laboratoriyada alınan sonuclar, ədəbiiyyatda olan ən yeni elmi fikirlər burada müzakirəyə çıxarılardı.

O, elm, mədəniyyat, mənəviyyat, insanlıq fenomenlərindən biri idi.

Xudu müəllim tanıdığı, etibar etdiyi adamlardan heç vaxt köməyini, yönəldici məsləhətlərini əsirgəməzdi. Bu sırada mən də var idim. Böyük bir çətinliklə üzləşmişdim. Yuxusuz, dincliksiz, maddi çətinliklərlə üz-üzə qala-qala başa çatdırdığım elmi məqalələrimi, bunlar özülündə ortaya çıxartdığım dissertasiyamı 1968-ci ilin noyabrında yağan güclü yağışın yaratdığı sel aparmışdı. Sonsuz çətinliyə tab gətirərək az müddətə dissertasiya işimi bərpa edə bilmişdim. Müdafiə üçün yer lazım idi. Bunu Xudu müəllim bilirdi, mənə xüsusi münasibət bəsləyən Akademik Əli Quliyevə də bildirdim. Əli Quliyev Aşqarlar Kimyası institutunun direktoru idi, SSRİ məkanında yaxşı tanınırdı. Onlar hər ikisi dissertasiya işimin müdafiəsi üçün məni Tiflisə Gürcüstan Elmlər Akademiyasının Akademiki, institut direktoru Tsitişvilinin yanına göndərdilər, onun mənə yardımçı olmaq üçün öncədən razılığını da aldılar. Akademik Tsitişvili məni çox yaxşı qarşıladı, mənə yardımçı olmaq üçün imkanlarını işə saldı. Orada müdafiə etməyimə müəyyən əngəllər törədildiyindən, müdafiəm baş tutmamışdı. Sonradan dissertasiyanı Xudu müəllimlə Anatoli Şnulinin rəhbərliyi altında Azərbaycan Dövlət Universitetində müdafiə etdim.

Xudu müəllim millətinə, vətəninə son dərəcə böyük məhəbbət bəsləyirdi, ona inamı tükənməz idi, sədaqətli, səmimi idi. Onun bu sevgisi, bu səmimiliyi üzdə deyildi, ürəkdə kök salmışdı, işində, əməlində görünürdü, o, özünü həmişə xalqına borclu sayırdı. İnfarkt keçirən zaman dostumuz, mətnşünas alim, vətənsevər şair Əbülfəz Hüseyni ilə onun yanına getdik. İçəri girəndə Xudu müəllim əski əlifbada sıx yerləşmə (rusaca: “plotnaya upakovka”) üsulu ilə “Təbriz” sözünün üzərində işlədiyini gördük. Ə.Hüseyini özü əslən Təbrizli idi, 1946-cı ildə Məşrutə Hərəkatı süquta uğrayanda vətənin bu tayaına keçib gəlmişdi. Böyük vətənsevər alim yenicə infarkt keçirmiş olduğu, müalicə aldığı durumda ayağa qalxıb “Təbriz” sözünün sıx yerləşdirilməsi işi ilə məşğul idi. Bunu görən Təbriz həsrətli Əbülfəzin sevincini, necə də heyrətləndiyini, kövrəldiyini təsəvvür etmək çətin deyil.

Yanında olduğumuz müddətdə Xudu müəllim Vətənin problemləri haqda düşündürücü, birləşdirici, azadlıqçı mühakimələri ilə bizi heyrətə salmışdı. O, eyni zamanda müsəlman aləmində, o sıradan da Fələstində baş verən olayları ürək ağrısı ilə incələyirdi, sonuc çıxardırdı, təkliflər ortaya atırdı. Söhbətlərində elmdən də yan keçmirdi, xalqımızın elmi təfəkkürünü, elmi qabiliyyətini yüksək dəyərləndirirdi, inkişafımız üçün boyunduruqdan qurtulmağımızı vacib sayırdı. “Arxalı” ermənilərin iddiaları onu dəhşətə gətirirdi, deyirdi, onlar dünyanı qarışdırmaq məqsədi daşıyırlar, istəyirlər, dünyanın başı özünə qarışsın, torpaq əldə etsinlər.

Ə.Hüseyni ilə birgə Xudu müəllimlə müntəzəm olaraq görüşlərimiz olurdu. Xudunun sözləri, mühakimələri Əbülfəzdə gələcəyə ümid yaradırdı, onun ruhunu canlandırırdı.

Xudu müəllim təkcə öz xalqı haqda düşünmürdü, onu ümumilikdə insan, onun gələcəyi, gələcək taleyi düşündürürdü. Fələstin faciəsini faşizmin törətdiyi faciə ilə müqayisə edirdi, onu Leninqradda Yakov İsaakoviç Rıskinlə söhbətində dediyi kimi insanlığın faciəsi sayırdı, gələcək faciələrin başlanğıcı adlandırırdı. Xudu müəllimə görə, faşizmin insana qarşı törətdiyi faciə kimi Fələsdin faciəsi də elə bil, insan üzərində sınaq üçün törədilmiş ikinci faciədir. Onun fikrincə, bu faciələr elə bil, insanı kütləvi şəkildə qırmaq sınağı anlamını verir.

Xudu Məmmədov aspirant illərindən başlayaraq həmişə Azərbaycan mətbuatının, Azərbaycanın millət təəssübçülərinin, bütövlükdə xalqımızın diqqətində olmuşdur. Onu sevən, təbliğ edən insanlar az deyildi. Xudu müəllimlə fəxr edən, onu söhbətlərinin mayasına çevirən insanlardan biri də fəlsəfə elmləri namizədi Mirzağa Rüstəmov idi. O, hələ 60-cı illərdə buraxdığı “Azərbaycan Sovet Ziyalılarının Formalaşması və İnkişafı” adlı monoqrafiyasında Xudu Məmmədov şəxsi, Xudu Məmmədov elmi yaradıcılığı, elmi tapıntıları, elmi dünyagörüşü, Xudu Məmmədov milli düşüncəsi, Xudu Məmmədov vətənsevərliyi əhatəli araşdırmış, geniş işıqlandırılmışdı. Mirzağa Rüstəmov dünyanın nəhəng kristalloqraflarının Xudu barədə dediklərinə də diqqət yönəltmişdir. O çağlar Xudunun yaşı 40 ətrafında idi. Ömrünün sonrakı 20-25 ilində daha böyük elmi uğurlar qazandı, öz əzəmətli məktəbini yaratdı, onu istər elm aləmində, istərsə də ictimai mühitdə daha geniş tanındı, daha böyük nüfuz, şan-şöhrət sahibinə çevrildi.

"Bahar" adlı təşkilat 1972-ci il fevralın 17-də yaradıldı. Məramı milli oyanışa xidmət etmək olan bu təşkilatın yaradılmasına Xudu müəllim xeyir-dua verdi, onun ideoloji rəhbəri də özü oldu. "Bahar" az zaman içində respublikamızda yaxşı tanındı, rəğbət qazandı. Sonralar "Çənlibel" təşkilatı "Bahar"ın özülündə yarandı, onun aparıcı şəxsləri də "Bahar"da aktiv olanlar idi. "Bahar" müstəqillik ideyasını ortaya atdı, Milli Azadlıq hərəkatına aparan yolda çox mühüm, lazımlı xidmətlər göstərdi.

1987-ci il oktyabr ayının 15-də Elmlər Akademiyasının həyətində onunla rastlaşdım. O, saat 1900-da Azərbaycan Politexnik institutunun yataqxanasına "Cəngi" cəmiyyətinin tədbirinə çağırıldığını dedi, mənim də çağırılıb-çağırılmadığımı soruşdu. Çağırıldığımı bildirdim. Saat 1800-da görüşüb birlikdə getmək üçün Politexnik institutunun qarşısında görüş təyin etdik. Vaxtından da 15-20 dəqiqə tez gəlib bir saatadək onu gözləşdim, Xudu müəllim gəlib çıxmadı. Düşündüm, yəqin işi oldu, gələ bilmədi. Gec idi. Ona görə də evə getməli oldum. Oktyabrın 16-da səhər saat 800-da dostumuz İsmayıl Təriqpeyma zəng vurub Xudu müəllimin dünyasını dəyişdiyini bildirdi. Bu xəbər mənim üçün ağır xəbər idi, dəhşətli xəbər idi. Evinə yollandım. Yaşadığı binanın yörəsində yüzlərlə insan toplaşmışdı, hamı yasa batmışdı, hamı böyük bir dostunu, böyük alimini, böyük soydaşını itirmişdi.

Bu böyük alimin, böyük insanın cənazəsi yüzlərlə insanın müşaiyəti ilə ikinci Fəxri Xiyabana aparıldı. Onun torpağa tapşırılmasının şahidi olmaq ağır, üzücü idi.

Şöhrət ardınca qaçan, amalı şöhrət, var-dövlət olan adam deyildi. Böyük alim olduğu qədər də böyük insan, böyük vətəndaş idi, millətinin inkişafını istəyən, buna əlindən gələn köməkliyi göstərən əvəzolunmaz şəxs idi. Özü buna cəhd etmədi, səlahiyyətlilər onun 50-illiyini keçirtməyin lazım olduğunu yada salmadı, buna maraq göstərmədi. Dostları da bu cür təklif verərkən o, deyirdi: "xalqımın mənə etimadı, inamı bəsdir, bundan artıq heç nə ola bilməz". Onu tanıyan, onunla ünsiyyətdə olan, ünsiyyətdə olmayan, onunla qürur duyan insanlar buna təəssüfləndi də, təəccübləndi də.

Xudu müəllimin 50 yaşı tamam olarkən şair Sabir Rüstəmxanlı ilə birgə evinə gedib onu təbrik etmək istədik. Hədiyyə barədə çox götür-qoy etdik, kiçik bir xalça toxudub hədiyyə etmək qərarına gəldik. Əlbəttə, xalçanın üzərində Xudu müəllimlə bağlı bir əlamət olmalı idi. Şəkilinin həkk olunması fikrini də müzakirə etdik. Mən başqa bir təklif irəli sürdüm, dedim, onu tanıdan sementin kristal quruluşu ilə bağlı işləridir. Ona görə də həmin quruluşlardan bir fraqmenti xalçaya toxudsaq, orijinal bir hədiyyə olar. Bu təklif qəbul olundu. O çağlar Əzim Əzimzadə adına Rəssamlıq məktəbində təhsil almış Şahsuvar adlı bir yaxın tanışımız Yardımlı Xalçaçılıq fabrikində işləyirdi. Şahsuvarla əlaqə saxladıq, fikrimizi ona bildirdik, razılığını aldıq. Adı çəkilən fraqmenti ortaya çıxartmaq mənə tapşırıldı. Silikatlara aid lentyoxsun quruluş fraqmentləri seçdim. Bu fraqmentləria üçlükdə müzakirə edib münasibini g[twrdwk. Şahsuvar öz çəkdiyi eskiz özülündə xalçanı Yardımlı Xalçaçılıq Fabrikində toxutdurdu, birlikdə gedib 50 yaşlı Xudu müəllimi evində təbrik etdik.

Yazıdan göründüyü kimi, burada böyük alimin elmi işləri ilə bağlı geniş söz açılmamışdır. Bunun səbəbi sevimli alimimizin əziz tələbəsi geologiya-mineralogiya elmləri doktoru, prof. Məmməd Çıraq müəlliminə "Zirvə" adlı kitab həsr etmişdir (Çaşıoğlu, Bakı-2001). Bu kitabda geolgiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, böyük ziyalı Xudu Məmmədovun elmi çalışmaları, elmi fəaliyyəti, elmi əlaqələri geniş, əhatəli şəkildə, bəzən detallarına qədər öz əksini tapmışdır. Mənə belə gəlir, Xudu Məmmədovla bağlı olan həmin məsələləri prof. M.Çıraqın yazdığı səviyyədə yazmaq heç kimə müəssər olmayacaq. Çünki Xudu Məmmədovla elm yolunda M.Çıraq qədər birgə addımlayan, ola bilsin, onu bu yolda M.Çıraq qədər müşaiyət eləyən az adam tapmaq çətindir. Ona görə də hazırkı yazıda böyük alimimizin, öz xalqına, onun mənəvi dünyasına, dilinə ürəkdən bağlı olan qüdrətli insanın elmi yaradıcılığını geniş işıqlandırmağı yersiz saydım. tutduğum uzun yola, iradəmə, düşüncələrimə, Xudu müəllimə sevgimə, səmimiliyimə sadiq qalaraq bu yazını yazarkən də yalnız faktlara söykəndim, olmuşların yadımda qalanlarına istinad etdim.

 

 

Bəhmən Sultanlı

 

Təzadlar.- 2013.- 31 yanvar.- S.13.