Kəlbəcərsiz 21 il...
Təəssüflər olsun ki, bu gün Kəlbəcərə ayağı dəyməyən “ziyalılar” ekranlardan ünvanımıza həqarətlər yağdırır, kəlbəcərlilərin torpağı “qoyub qaçdıqlarını” iddia edirlər
Yəqin Azərbaycanın Təbrizini, Dərbəndini, Borçalısını, İrəvanını, sonda da Qarabağını işğal edənlərin kimliyi bir qrup məddahlarımıza artıq aydın oldu. Yadımdadır. Kəlbəcərin işğalı zamanı mərhum Heydər Əliyev bir qrup kəlbəcərli “ağsaqqallar”la işğal barədə söhbət aparırdı. O işğalın canlı şahidlərindən biri kimi H.Əliyevin həmin kəlbəcərlilərə verdiyi suallara aldığı cavablar hamısı böhtan və yalanlar üzərində qurulduğundan və 4 iyun qiyamına hazırlığın başlanğıcı olduğuna görə özümə yer tapa bilmirdim. Yevlaxdakı evimdə olan 40-a yaxın köçkün doğmalarım öz dərdlərini unudub, məni sakitləşdirməyə çalışırdılar. Mən isə bu xəyanəti heç cür həzm edə bilmirdim. Axı Kəlbəcərin də işğalı həm düşmənin güclü olması, həm də daxili xainlərin hakimiyyət hərisliyi ucbatından baş vermişdi. Bu rayon da yuxarıda adını çəkdiyim ərazilər kimi güclü düşmən tərəfindən işğal ediləcəkdi. Bu, Rusiyanın qarşıya qoyduğu strategiya idi. Amma düşmənin bu həmləsindən istifadə edib üstümüzə qalxan hakimiyyət hərislərinin xəyanəti məni çox üzürdü. Ən dəhşətlisi o idi ki, həm də bizim kəlbəcərli “ağsaqqallar” ələ salınırdı.
Sitat: H.Əliyev nümayəndələrdən, kəlbəcərlilərin “bığlı Hüseyn dayı” adlandırdığı ağsaqqala xitabən dediyi “Əşi, maşallah, baxıram, hamınız Koroğlu kimi kişilərsiniz. Necə oldu ki, bir ovuc erməni Kəlbəcərə girə bildi?”
Əynində qəlifeyi şalvar və köynək, ayağında xurom çəkmə, Koroğlu bığlı Hüseyn dayı sualı belə cavablandırdı. Mən Cavabı olduğu ləhcəylə təqdim edirəm: “Heydər Əliyov, bizi bu saqqallılar çöllərə saldı (AXC-Müsavat nəzərdə tutulur - A.D.). Əgər onlar bizə “silah versəydilər”, o erməni gələn darı elə mən özüm təkcə kəsərdim. Kəlbəcərə gətirib bir mantyoru başçı qoydular. (1992-ci ildə Kəlbəcərin icra başçısı ali təhsilli energetik İ.Həsənov nəzərdə tutulur - A.D.). Ona görə də belə oldu...”
O zaman mən “Təzadlar” qəzetində Hüseyn dayıma bir cavab verdim. Amma heç kəs bu gün soruşmur ki, əşi, bu Kəlbəcəri deyək ki, “saqqallılar verdilər”, bəs bu 6 rayonu kim verdi?
Əlbəttə, mən onlardan fərqli olaraq deyirəm ki, həm düşmənin gücü, həm də hakimiyyət hərisliyi birləşib Qarabağı viran qoydu.
Kəlbəcərin işğalına 2-3 ay qalmış rayonda yerləşən 701 saylı briqadadakı təcrübəli döyüşçüləri Elçibəydən xəbərsiz müdafiə naziri R.Qazıyevin əmri ilə ordudan uzaqlaşdırdılar. Sonra isə Kəlbəcəri qoruyan təcrübəli, qorxmaz polkovnik-general Zaur Rzayevi Kəlbəcərdən uzaqlaşdırdılar. Hansı ki, biz o komandanın əmri ilə Stepanakertin (Xankəndinin) 5 km-liyinə qədər gedib çıxmışdıq...
Haşiyə: Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, 1992-ci ilin avqustunda qərargaha xəbər vermədən xüsusi əməliyyat planı hazırladım və tabeliyimdə olan kəşfiyyat tağımı vasitəsilə Narışlar kəndinin üstündəki ən uca “Aydoğan” yüksəkliyində mövqe tutan və Kəlbəcəri, Haterki, Dranbonu, Sərsəngi, Kərəmlini, Çərəkdarı, Ağdabanı, Çaparı, Bağlıpəyəni, Vaquası (Qozlu körpü) nəzarətdə saxlayan 19 erməni postunu qəfil həmlə ilə ələ keçirdik və ermənilər xeyli itki verərək, silah-sursatı qoyub geri çəkildilər. Mən bu barədə mərhum Z.Rzayevə raport verəndə, o, inanmadı və birbaşa Narışlara gəldi. Bu əməliyyata görə məni hərbi rütbə ilə mükafatlandırdı. Sonra biz ağır texnikanı və topları həmin yüksəklikdə yerləşdirilməklə, adı çəkilən əraziləri nəzarətə götürdük. Məhz bundan sonra həm Ağdərə (Mardakert), həm də Kəlbəcər istiqamətindən hücum başladı ki, nəticədə, Xankəndinin (Stepanakertin) 5 km-liyinə qədər getdik.
Kəlbəcəri saxlamaq olardımı?
Olardı. Necə? Milli hökuməti devirmək üçün bütün cəbhə boyu rus təhsilli zabit heyəti birmənalı olaraq könüllüləri və Elçibəyi qəbul etmirdilər. Onların arasında belə bir siyasət aparırdılar ki, guya könüllülər onlara “mane olur, nizam-intizamı pozur” və buna görə də döyüş xəttindən uzaqlaşdırılmalıdırlar. Ordu artıq döyüş tapşırığını yerinə yetirmək iqtidarında deyildi, çünki toruna düşdüyü təxribatın içində çabalayırdı. Bununla yanaşı, Kəlbəcərdəki könüllü özünümüdafiə batalyonu da tərksilah edilmişdi. Laçının ikinci dəfə işğal olunması və Ağdərə istiqamətindəki təxribatlar da Kəlbəcəri tam arxasız qoymuşdu. Qərbdən isə Zod istiqamətində ruslarla ermənilər əmr gözləyirdilər. Artıq mart ayının əvvəllərindən vəziyyət gərginləşmişdi. Kəlbəcər üç tərəfdən mühasirədə idi. Laçın istiqamətində döyüşən qüvvələr isə Surət Hüseynova məxsus təxribatçılarla əvəzlənmişdi. Bu qüvvələr martın 26-dan başlayaraq texnika ilə birlikdə döyüş bölgəsindən çıxırdılar. Onların bu hərəkəti əhalidə böyük təşviş yaradırdı. Hətta onlar çıxanda deyirdilər ki, ermənilər böyük qüvvə ilə gəlir, qabağını almaq mümkün deyil. Bu təxribat da əhalini və 701 saylı briqadanın döyüşçülərinin döyüş əzminə zərbə vururdu. Bir tərəfdən də N.Sadıqovun rəhbərliyi ilə gələn qüvvələr pozuculuqla məşğul olmaqla 701 saylı briqadanın döyüşçülərini çıxılmaz vəziyyətə salmışdılar. Kimin nəyi necə deməsindən asılı olmayaraq, ruslar qarşısına qoyduqlarına nail olacaqdılar. Ancaq hakimiyyətə can atan qüvvələr və bu qüvvələrin baş “qəhrəmanı” S.Hüseynovun fəaliyyəti Kəlbəcərin işğalını tezləşdirdi. Bütün itkilər və varidatın ermənilərə qalması məhz bununla bağlı idi. Sonradan isə məlum qərar vardı ki, işğalçı qoşun Kəlbəcərdən çıxsın. Hakimiyyətə gələn qüvvələr bilirdilər ki, bu, baş versə, milli hökumət oturuşacaq ki, bu, nə Rusiyanın, nə İranın, nə də hakimiyyətə can atan qüvvələrin xeyrinə deyildi. Kəlbəcər və digər rayonlar bu təxribatların qurbanı olmaqla yanaşı, düşmənin güclü olması nəticəsində işğal olundu.
21 ilin ağırlığını çiyinlərində daşıyan insanlarımızın böyük əksəriyyəti artıq bu ağırlığa dözə bilməyərək dünyasını dəyişiblər. Ölkənin 60-dan çox bölgəsinə səpələnən kəlbəcərlilərin qəbirləri də Azərbaycan boyu səpələnib. Bu qəbirlər nəinki 60 rayonda, demək olar ki, artıq xarici ölkələrin də bir çoxunu əhatə edib. Maddi sərvətləri milyardlarla ölçülən kəlbəcərlilərin Kəlbəcərsiz dünyasını dəyişməsini yəqin ki, heç bir meyarla qiymətləndirmək mümkün olmayacaq.
Deməli, o torpaqda doğulub, oranın şirinliyi varlıqlarına hopanların artıq böyük əksəriyyətini kəlbəcərsizlik çoxdan dünyadan köçürüb. Dünyaya Kəlbəcərsiz gələn 21 yaşlı nəslin isə Kəlbəcər haqda o qədər də təsəvvürləri yoxdur. Onların Kəlbəcəri yataqxanalar və indi də məskunlaşdırıldıqları şəhərciklərdir.
Orta nəslin çoxu mühacirətdə, bir qismi biznesdə, bir qismi də məskunlaşdığı yerlərə qaynayıb-qarışıb ki, onları da bəlkə artıq Kəlbəcər az maraqlandırır. Ola bilsin ki, bu ifadəmdən vətənpərvər insanlarımız hiddətlənsinlər. Amma etiraf etməliyik ki, böyük vətənpərvərlikdən hələ çoxumuzun o qədər də xəbəri yoxdur. Olsaydı, bu 21 ildə kəlbəcərlilərin kürəyinə yapışdırılan “qoyub qaçdılar”a bir tutarlı cavab verilərdi. Ən dəhşətlisi odur ki, işğal günlərinin “yadetmə kampaniyasında” bu işğalı həyata keçirən erməni, rus, fars cütlüklərinin deyil, biri-birimizin yaxasını cırırıq.
Yaxşı xatirimdədir, torpaqların işğala “hazırlanması” ərəfəsində birinci olaraq hakimiyyətə can atanlar vətənpərvər könüllüləri min bir bəhanə ilə döyüşdən uzaqlaşdırırdılar. O könüllüləri ki, onlar Kəlbəcərin mühasirədə olmasına baxmayaraq, 1988-ci ildən ta işğala qədər qanları bahasına yurdlarını qoruyurdular. Bunu görən hakimiyyət hərisləri 1992-ci ilin noyabrından bu qüvvələri tərksilah etməyə başladılar. Yəni Kəlbəcərin müdafiəsini kəlbəcərlilərin əlindən alaraq S.Hüseynovun bandasının ixtiyarına verdilər. O S.Hüseynovun ki, “ağsaqqallarının” tapşırığı ilə Kəlbəcərin işğalı ilə eyni vaxtda AXC-Müsavat hakimiyyətinə qarşı qiyama başlayaraq ölkəni vətəndaş müharibəsinin bir addımlığına gətirdi. Sağ olsun rəhmətlik Elçibəy ki, bunun baş tutmasına imkan vermədi. Hakimiyyət devrildi və xidmətinə görə S.Hüseynov da baş nazir postu ilə mükafatlandırıldı. Allah rəhmət eləsin mərhum prezident Heydər Əliyevə ki, əvvəl “mükafatlandırdı”, sonra da burnundan tökdü...
Bütün bunları indi hər bir kəlbəcərli xatırlayır. Sadəcə, onları rayonun işğal tarixlərində efirlərə çıxarıb yalan danışmağa vadar edirlər. Kimisə asdırıb-kəsdirirlər, kimisə təriflədirlər. Təəssüflər olsun ki, belə adamlara nəin ki kəlbəcərlilər arasında, işğal olunmuş rayonlarımızın hər birində rast gəlmək olur. Bu insanlar əsasən günahı o vaxtkı icra başçılarında görürlər. Ona görə də efirə çıxan kimi ağına-bozuna baxmadan ağızları köpüklənə-köpüklənə döşüyürlər onların ünvanına. Deyirəm, görəsən, hələ də torpaqların işğal olunması səbəbi kimlərəsə aydın deyil?! Allah, sən saxla, nə qəribə məxluquq biz...
Bu gün heç kim dilinə gətirmir ki, Laçının işğalından sonra Kəlbəcər düz bir il üç tərəfdən mühasirədə qaldı. Rayona gediş-gəliş Murovdağ aşırımından açılan dar bir cığırla tənzimləndi. Buna baxmayaraq, kəlbəcərlilər xəyanətə qədər torpaqlarına düşmən ayağının dəyməsinə imkan vermədilər. Paytaxtdan 450 km, ən yaxın rayonlarımızdan isə 150-160 km məsafədə yerləşən Kəlbəcərə hərbi kömək etmək digər regionlarımıza nisbətən çox çətin idi. Buna baxmayaraq, mərd oğullarımız qanları bahasına rayonu müdafiə edə bilirdilər. Ta o vaxta qədər ki, “Səhl Sumbatlar” bıçağı arxadan kəlbəcərlilərin kürəyinə sapladılar... Üç günün içərisində 60 min əhali ayaqyalın-başıaçıq qarlı Murov dağına tərəf qaçmağa məcbur oldu. Qədim insan məskənlərini və alban-türk tarixini özündə yaşadan diyar düşmən əlinə keçdi. Namus-qeyrəti ilə hər kəsə örnək ola biləcək qız-gəlinlərimiz pak adlarını mərdliklə qorudular. Düşmən mühasirəsində qalanları isə özlərini qayadan ataraq Tərtərin selinə qarışıb bir daha paklaşdılar. Təəssüflər olsun ki, bu gün Kəlbəcərə ayağı dəyməyən “ziyalılar” ekranlardan ünvanımıza həqarətlər yağdırır, kəlbəcərlilərin torpağı “qoyub qaçdıqlarını” iddia edirlər. Bir qədər də qabağa gedib Kəlbəcəri kiçik bir dəstə ilə qorumağın mümkünlüyündən danışırlar. Müharibədən başı çıxmayan belə zavallılar əslində, özlərini gülünc obyektinə çevirməklə, yaltaqlıqlarını sığortalamaq istəyirlər.
Həmin şəxslərə üzümü tutub deyirəm. Kəlbəcər coğrafi məkanına görə ermənilərin əhatəsində yerləşməklə yanaşı, həm də mərkəzdən 450 km aralıdadır. Külli Azərbaycan isə Şuşaya, Laçına, Xocalıya və digər işğal olunmuş ərazilərimizə Kəlbəcərə nisbətən həm yaxın idi, həm də birbaşa qapısı vardı. Bəs elə isə niyə bu rayonların düşmən əlinə keçməsinin qarşısı alınmadı? Deməli, həqiqət kiminsə torpağı qoyub qaçmasında yox, ordusu olmayan bir ölkəyə birləşmiş düşmən qüvvələrinin basqını və bu çətinlikdən istifadə edib hakimiyyəti devirən qüvvələrin milləti bu kökə salmasındadır. Sadəcə, bu müharibədə güc nisbətləri fərqli olduğundan müharibəni uduzduq. Əsas səbəb isə, əsrlərdən bəri sərvətimizdə və coğrafi məkanımızda gözü olan rus imperiyasının düşmənçiliyi, fars iştahası, erməni xislətidir ki, bundan da hamımızın az da olsa xəbəri var. O da məlumdur ki, 1988-ci ildən bu günümüzə qədərki faciələrin kökündə yuxarıdakı amillərlə yanaşı, xəyanət də var. Bu xəyanəti yəqin ki, zamanında tarix deyəcək...
Bu gün torpaqların işğalı ilə bağlı danışarkən gəlişigözəl nitqlər söyləməkdənsə, səfərbər olub ayağa qalxmaq lazımdır. Bu vaxtın gecikməsi heç də xeyrimizə deyil. Nə qədər ki, bunu başa düşməyəcəyik, beynəlxalq aləm də bizi başa düşməyəcək. Bu gün rayonların işğal tarixlərini televiziya ekranlarında 2-3 dəqiqəlik qısa süjetlərlə qeyd etməkdənsə, bu ərazilərin hər biri haqda ayrılıqda filmlər çəkilməlidir. Əks halda, Qarabağsız doğulanlarımızda ətraflı təsəvvürlər yaranmayacaq. Bu, olsa-olsa süni vətənpərvərlik olacaq ki, onun da ömrü sabun köpüyündən uzağa getməyəcək.
Bu gün rayonlara dəymiş maddi zərər hələ də o vaxtın təqribi hesablamaları ilə aparılır. Belə statistika ərazilərimizə dəymiş ziyanın miqyasını kiçildir. Təkcə bu 21 ildə Kəlbəcərdən daşınan qızıl, istisu, qiymətli ağac materialları itirdiklərimizdən qat-qat çoxdur. Deməli, Kəlbəcərə dəymiş maddi ziyan milyardlarla deyil, triliyonlarladı ki, bunu ermənilər özlərini satışa çıxarsalar da, verə bilməyəcəklər. Sərvətlərimizin tamamilə məhv olmaması üçün orduya hücum əmri verilməlidir. Bu əmrin vaxtı gecikdikcə nəin ki Kəlbəcərə, ümumiyyətlə, Qarabağa, Göyçəyə qayıtmaq istəyənlər tükənəcək. Bu da nəticədə, torpaqlarla birdəfəlik vidalaşmağa şərait yaradacaq. Nə qədər gec deyil, torpaqlarımızı azad etmək üçün döyüşə atılmalıyıq, nəin ki dəsmal əlimizdə göz yaşlarımızı silməliyik...
Allahverdi Dönməz,
Qarabağ döyüşçüsü
Təzadlar.-
2014.- 1 aprel.- S.13.